Azərbaycanın
regionlarında infrastrukturun yenilənməsi istiqamətində
işlər uğurla davam etdirilir
Bölgələrdə genişmiqyaslı
abadlıq-quruculuq işləri həyata keçirilir
Cənubi Qafqaz regionunun lider
dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan
ötən müddət ərzində möhtəşəm
nailiyyətlər qazanıb, ölkəmizin
qarşısında yeni perspektivlər açılıb. Son
15 il ərzində ölkəmizdə bütün sahələri
əhatə edən sistemli və kompleks islahatlar
aparılıb, Azərbaycan iqtisadiyyatının
dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən iqtisadi islahatlara paralel
olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sektorunun və regionların
inkişafı sürətlənib, sahibkarlığa dövlət
dəstəyi gücləndirilib, özəl bölmənin
inkişafı üçün azad rəqabət və
münbit investisiya mühiti yaradılıb, əhalinin
sosial rifahı daha da yaxşılaşıb. Təsadüfi
deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də
ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə
etdiyi uğurları, eləcə də həyata keçirilən
kompleks islahatların səmərəli nəticələrini
olduqca yüksək qiymətləndirir, müsbət proqnozlar
ifadə edirlər.
O da qeyd edilməlidir ki, ölkəmizdə
ötən müddət ərzində infrastruktur quruculuğu
da geniş vüsət alıb, bu istiqamətdə
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilib, səmərəli nəicələr əldə
olunub. Xüsusilə də, Azərbaycanın
bütün bölgələrində infrastrukturun yenilənməsi,
o cümlədən abadlıq-quruculuq işləri
reallaşdırılıb və bu gün də uğurla
davam etdirilir. “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
ölkə miqyasında bəhs olunan istiqamətlərdə
qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə
icra edilir. Ümumiyyətlə, ölkəmizdə
regionların sosial-iqtisadi inkişafına xidmət edən
sistemli və məqsədyönlü addımlar
ardıcıl xarakterə malikdir. Ona görə
də respublikamızda bölgələrin tərəqqisi
dinamik xarakter daşıyır, əldə edilən
inkişaf göstəriciləri yüksək qiymətləndirilir.
Şübhəsiz ki, regionlarda yeni səhiyyə, təhsil
müəssisələrinin istifadəyə verilməsi,
genişmiqyaslı quruculuq işlərinin həyata
keçirilməsi insanlarda böyük məmnunluq hissi
yaradır. Qeyd edək ki, bu günə qədər regionlarda
müxtəlif yaşayış binaları tikilib və ya əsaslı
yenidənqurmadan sonra istifadəyə verilib.
Vurğulamaq lazımdır ki, Prezident İlham
Əliyevin müvafiq sərəncamları və göstərişlərinə
əsasən bütün ölkə miqyasında, o cümlədən
regionlarda abadlıq-quruculuq işləri uğurla davam
etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev
oktyabrın 22-də “İmişli şəhərində əhalinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair tədbirlər
haqqında” Sərəncam imzalayıb. Sərəncama
əsasən İmişli şəhərində istismar
müddəti başa çatmış çoxmənzilli
binaların sakinlərinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq məqsədilə 48 mənzilli
yaşayış binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan
İmişli rayon İcra Hakimiyyətinə 3 milyon manat
ayrılıb. Dövlətimizin başçısı
oktyabrın 29-da isə “Qax şəhərində əhalinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair tədbirlər
haqqında” Sərəncam imzalayıb. Qax şəhərində
istismar müddəti başa çatmış 3 ikimərtəbəli
binanın sakinlərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 48 mənzilli
yaşayış binasının tikintisi üçün Qax
rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon
manat ayrılıb. Bununla yanaşı, Prezident
İlham Əliyev oktyabrın 29-da “Şəki şəhərində
əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair tədbirlər
haqqında” Sərəncam imzalayıb. Şəki şəhərində
istismar müddəti başa çatmış 5 ikimərtəbəli
binanın sakinlərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
48 mənzilli yaşayış binasının tikintisi
üçün Şəki şəhər İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon
manat ayrılıb.
Qeyd etdiyimiz kimi, ölkəmizdə həyata
keçirilən abadlıq-quruculuq işləri bütün
bölgələri əhatə edir. Naxçıvan Muxtar
Respublikasında da tikinti, təmir-bərpa, yenidənqurma,
abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Yeri gəlmişkən,
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz
sırasına daxil olub. Belə ki, noyabrın
30-da Qazançı kənd tam orta məktəbinin yeni
binasının açılışı olub. 216 şagird
yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron
lövhəli olmaqla 14 sinif otağı, kimya, biologiya və
fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi,
kompüter otağı, müəllimlər otağı,
kitabxana və idman zalı var. Muxtar respublikanın məktəblərində
yaradılan kitabxanalar şagirdlər üçün hərtərəfli
mütaliə imkanları açır. Qazançı kənd
tam orta məktəbinin kitabxana fondunda da 970-i dərslik və
1190-ı bədii ədəbiyyat olmaqla 2160 kitab mövcuddur.
Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə
yaradılıb. Şagirdlərin nəzəri biliklərini
möhkəmləndirmək üçün kimya, biologiya və
fizika laboratoriyalarında müasir avadanlıqlar
quraşdırılıb. Təhsil
ocağının idman zalında yeniyetmələrin fiziki
sağlamlığının qorunması üçün
lazımi şərait yaradılıb. Şagirdlərin hərbi
hazırlığının və vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə
hərbi kabinə də fəaliyyət göstərir.
Bundan başqa, gənclərin kompüter biliklərinin
möhkəmləndirilməsi müasir tədris prosesində
qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin
kompüter otağında internetə
çıxışı olan 19 kompüter
quraşdırılıb ki, bu da informatika dərslərinin tədris
proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.
Noyabrın 30-da həmçinin Qazançı kənd mərkəzinin
də açılışı olub. Kənd mərkəzində
inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə,
rabitə evi, polis sahə və baytarlıq məntəqələri,
kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan
Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik
zal yerləşir. Kitabxanada 7813 ədəbiyyat
oxucuların istifadəsinə verilib. Kənd mərkəzində
yaradılan mədəniyyət evi və zal müxtəlif mədəni-kütləvi
tədbirlərin keçirilməsinə və kənd sakinlərinin
asudə vaxtlarının səmərəli təşkilinə
imkan verəcək. Kənd yaşayış məntəqələrində
baytar həkimlərin fəaliyyəti üçün hərtərəfli
şərait yaradılır, baytarlıq məntəqələri
lazımi avadanlıqlarla təmin edilir. Qazançı kəndində
də baytarlıq xidmətinin təşkili bu istiqamətdə
tədbirlərin vaxtında və mütəşəkkil
aparılmasına, keyfiyyətli kənd təsərrüfatı
məhsullarının istehsalına imkan yaradacaq. Rabitə
evində quraşdırılan 384 yerlik ATS Qazançı kəndində
128 abonentə və 48 internet istifadəçisinə xidmət
edir. Həmin gün Qazançı kəndində həkim
ambulatoriyası da istifadəyə verilib. Lazımi tibbi
avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan - baş
həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi,
palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama,
tibb bacısı və feldşer otaqlarından ibarətdir. Həkim
ambulatoriyasında stomatoloji qurğu, doğuş masası,
quruducu şkaf, peyvənd və təcili tibbi yardım
çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi,
boyölçən, soyuducu və digər tibbi avadanlıqlar
qoyulub. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə
müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla
müalicə aparatı, parafinəritmə qazanı və
solyuks lampası ilə təmin edilib. Binada fərdi istilik
sistemi quraşdırılıb. Noyabrın 30-da
Qazançı kəndində xidmət mərkəzinin də
açılışı olub. Mərkəzdə bərbərxana,
qadın gözəllik salonu, ət satışı yeri, ərzaq
və təsərrüfat malları mağazaları və
anbar var. Burada xidmət sahələrinin fəaliyyəti
üçün hərtərəfli şərait
yaradılıb, 5 sakin işlə təmin olunub. Ərzaq
mağazasında əsasən yerli məhsullar satışa
çıxarılır. Həmçinin burada kənddəki
ailə təsərrüfatlarında istehsal olunan məhsullara
da üstünlük verilir. Həmin gün Qazançı
körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra
istifadəyə verilib. Körpünün yükdaşıyan
dağ hissəsinin aşınmış daşları dəyişdirilib,
daşlar arası təmizlənərək əhəng məhlulu
ilə bərkidilib. Körpünün şimal
tərəfdən yol ilə birləşmə hissəsi
orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə
körpünün uzunluğu 50 metrə çatıb.
Ətrafda 120 metr sahilbərkitmə işləri
görülüb, 50 metr dəmir-betondan istinad divarı
salınaraq üzəri dağ daşları ilə üzlənib.
Muxtar respublikanın Kəngərli rayonunda da
cari ilin ötən dövründə tikinti-quruculuq,
abadlıq işləri davam etdirilib. Hazırda rayon mərkəzi
olan Qıvraq qəsəbəsində yeni quruculuq tədbirləri
həyata keçirilir. Qəsəbədəki böyük
bir ərazidə inşa olunan yeddimərtəbəli 48 mənzilli
ictimai yaşayış binası gənc ailələrin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
töhfə verəcək. Mənzillərin 22-si iki, 26-sı
isə üçotaqlıdır. Zirzəmidə fərdi
qazanxana, anbar, gözəllik salonu yerləşəcək.
Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları
üçün 8 iş otağı ayrılacaq. Binanın ətrafında
abadlıq-təmir işləri aparılır,
yaşıllıq zolağı salınması
üçün hazırlıq işləri
görülür. Digər bir quruculuq tədbiri hərbçi
ailələri üçün qəsəbədə inşa
olunan yaşayış binasıdır. Biri 4, biri 3, 42-si isə
2 otaqlı olan bina 3 giriş və 5 mərtəbədən
ibarətdir. Hər iki obyektin tikintisini
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin
inşaatçıları həyata keçirirlər.
İnşaat işlərində keyfiyyət amilinə ciddi
önəm verilir, əsasən yerli materiallardan istifadə
olunur, texniki təhlükəsizlik diqqət mərkəzində
saxlanılır.
Beləliklə, Azərbaycanın
regionlarında infrastrukturun yenilənməsi istiqamətində
işlər, o cümlədən genişmiqyaslı abadlıq-quruculuq
işləri müvəffəqiyyətlə davam etdirilir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2018.- 6 dekabr.- S.7.