Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir

 

Aparılan islahatlar regionlarda yenidən bu sahəyə diqqəti artırıb

Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.

Ümumiyyətlə, aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. Eyni zamanda, 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tütünçülük sahəsində atılan addımların artıq müsbət nəticə verdiyini vurğulayaraq deyib: “Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük”.

Tütünçülükdə mövcud vəziyyətə toxunan dövlətimizin başçısı sonra deyib: “Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.

Bu məqamda qeyd etmək yerinə düşər ki, respublikamızın regionlarında, xüsusilə də şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial var. İxrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.

Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC (əvvəlki adı “İnter-Tobacco” MMC) şimal-qərb bölgəsində 2007-ci ildən fəaliyyət göstərir. Verilən məlumatlara əsasən, həmin ildən etibarən cəmiyyət tərəfindən bölgənin rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-cu ildə isə Zaqatala rayonunda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu istifadəyə verilib. Hazırda cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında Bolqarıstandan alınmış və hər birinin tutumu 10 ton yaş tütün olan 232 tütünqurutma kamerasından ibarət 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə qurudulan tütün emal olunmaq üçün tütün emalı zavoduna göndərilir.

Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. Müəssisənin direktoru Qabil Qazıyev KİV-ə açıqlamasında bildirib ki, noyabrın əvvəlindən zavodda quru tütünün emalına başlanılıb. İndiyədək qəbul məntəqələrindən zavoda 450 tona yaxın quru tütün daxil olub. Emal prosesindən əvvəl quru tütün növlər üzrə çeşidlənir. Sonra tütünün yarpaqları burada quraşdırılmış texnoloji avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır. Zavodda istehsal olunan xammal satış üçün əsasən Rusiya və Gürcüstan bazarlarına göndərilir. Direktorun sözlərinə görə, zavod hazırkı xammal ehtiyatı ilə gələn ilin yayınadək fəaliyyət göstərəcək. Hazırda zavodda 60 nəfər işçi çalışır.

Bu il Balakən rayonunun təsərrüfatlarında isə 535 hektar tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektarda “Virciniya” növlü ətirli, 60 hektarda “Berley” və yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Fermerlər bu günədək rayonun Hənifə kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 2 min 756 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 353 ton quru tütün istehsal olunub. Bu barədə emal məntəqəsinin müdiri Şadnus Məmmədov məlumat verib. Müəssisə rəhbərinin sözlərinə görə, hazırda hər gün məntəqəyə 10-12 ton yaşıl tütün kütləsi daxil olur. Mövsümün qızğın çağında isə bu göstərici 45-50 ton təşkil edirdi. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.

Püştətala kəndindən olan fermer Şamsu Bayramova indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 245,5 ton yaşıl tütün təhvil verib. Talalar kəndindən olan fermer İmran Cumayev bu günədək emal məntəqəsinə 130,3 ton, Kortala kəndindən Elman Mərdanov isə 90 ton yaşıl tütün kütləsi gətirib. Yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir.

Qeyd edək ki, Balakən rayonunda 60 ədəd tütünqurutma kamerasından ibarət tütün istehsalı və emalı məntəqəsi bu il iyulun 27-dən fəaliyyət göstərir. Rayonda tütünqurutma kameralarının quraşdırılması balakənli fermerlərin işini xeyli asanlaşdırıb. Artıq onlar yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmırlar. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur.

Qax rayonunun təsərrüfatlarında da tütün yığımı başa çatmaq üzrədir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi bu günədək fermerlərdən 6156 ton yaşıl tütün kütləsi qəbul edib. Bu, ötən il məntəqənin mövsüm ərzində qəbul etdiyi yaşıl tütünün həcmindən 728 ton çoxdur. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 780 ton quru tütün istehsal olunub. Quru tütün istehsalında da əvvəlki illə müqayisədə 90 ton artım qeydə alınıb. Bu barədə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.

Məntəqə müdirinin sözlərinə görə, hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının 41-də tütünün qurudulması prosesi davam edir. Proses başa çatdıqdan sonra məntəqə üzrə istehsal olunan quru tütünün həcmi bir az da artacaq. Bundan əlavə, yaxın günlərdə məntəqəyə qurudulmaq üçün daha 40-50 ton yaşıl tütün kütləsinin daxil olacağı gözlənilir.

Polad Mirzəxanov bildirib ki, Qorağan kəndindən olan fermer Telman Şahmalıyev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 413 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. O, bu il 75 hektar sahədə tütün yetişdirib. Qaxingiloy kənd sakini Elşən İbrahimov mövsüm ərzində məntəqəyə 191 ton, fermer Namik Fərhadov isə 182,6 ton yaşıl tütün gətirib.

Bu proses Qəbələ rayonunda da uğurla davam edir. Belə ki, bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün yetişdirilib. Əkin sahələrinin 15 hektarına “Virciniya” növlü ətirli, 24 hektarına “Berley”, 36 hektarına isə yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütün dərimi yekunlaşmaq üzrədir. Fermerlər indiyədək əkin sahələrindən 853 ton tütün tədarük ediblər. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov bildirib ki, yığılan yaşıl kütlədən bu günədək 94 tona yaxın quru tütün istehsal olunub. Qurudulmuş tütünün 85,7 tonunu “Virciniya” növlü ətirli tütün təşkil edir. Bu növdən olan tütün qurudulmaq üçün Şəkinin emal məntəqəsinə göndərilir. Mövsüm ərzində tütünün əkilib becərilməsi və yığımına 120-dək yerli sakin cəlb edilib.

Qeyd edək ki, uzun fasilədən sonra Qəbələ rayonunda artıq üçüncü ildir ki, tütün yetişdirilir. Ötən il qəbələli fermerlər 70 hektar sahədən 100 tondan çox quru tütün əldə ediblər.

İsmayıllı rayonunda isə tütün dərimi başa çatıb və sahələrdən 384,8 ton yaş tütün istehsal edilib. 2018-ci ildə rayonun 9 inzibati ərazi dairəsi üzrə 22 hektar sahədə tütün yetişdirilib. Əksər ərazilərdə, xüsusən Diyallı, Təzəkənd, Talıstan inzibati ərazi dairələrinin əkin sahələrində bu il yüksək məhsul əldə olunub. İstehsal olunan məhsulun 20995 kiloqramı yaş, 36,8 tonu isə qurudulmuş şəkildə tədarük məntəqələrinə təhvil verilib.

Xatırladaq ki, tütünçülük İsmayıllıda vaxtilə təsərrüfatın ənənəvi sahələrindən olub. Aqrar sektorda aparılan islahatlar uzun fasilədən sonra yenidən bu sahəyə diqqəti artırıb. 2016-cı ildən rayonda tütünçülüklə məşğul olunmağa başlanılıb. Həmin il 5 hektarda, 2017-ci ildə 15 hektarda, cari ildə isə 22 hektarda tütün əkilib. Gələn il sahələrin xeyli artırılacağı gözlənilir. Ötən ildən rayonda tütün qurutmaxanası da fəaliyyətə başlayıb. Bu da əl əməyini xeyli yüngülləşdirib ki, nəticədə fermerlərin bu sahəyə marağı daha da artıb.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 7 dekabr.- S.7.