Bölgələrdə kənd
təsərrüfatının inkişafı ilə
bağlı intensiv tədbirlər həyata keçirilir
Bir sıra rayonlarda gələn
ilin yazlıq məhsulu üçün əkin işlərinə
başlanılıb
Son illərdə ölkəmizdə aqrar
sektorun inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan kənd təsərrüfatının
potensialından səmərəli istifadə etməklə bir
tərəfdən ərzaq məhsullarına olan daxili tələbatı
sırf yerli istehsal hesabına ödəməyi, digər tərəfdən
isə aqrar sektordan ixrac həcmlərini artırmaqla
respublikaya əlavə valyuta axınını təmin
etməyi hədəfləyib. Aqrar sektorun inkişafı, eyni
zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və
fəal məşğul əhalinin əmək bazarına
çıxış imkanlarının genişlənməsinə
müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə
malikdir.
Regionlarda aqrar sektorun inkişafı, bu sahədə
istehsal və ixrac imkanlarının genişləndirilməsi
məqsədilə həyata keçirilən tədbirlər
öz müsbət nəticəsini verir. Cari ilin 9 ayında
respublikamızda kənd təsərrüfatı 4,3 faiz
artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Perspektiv inkişafla bağlı proqnozlar isə daha nikbindir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində kənd təsərrüfatında
aparılan islahatların gələcəkdə daha
yaxşı nəticələr əldə olunmasına imkan
verəcəyinə əminliyini bildirərək
vurğulayıb: “Kənd Təsərrüfatı Nazirliyi indi
çox ciddi islahatlar aparır. Mənə məruzə
edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd
təsərrüfatının uzunmüddətli,
dayanıqlı inkişafı təmin ediləcək,
düşünülmüş, sistemli qaydada, torpaqların
münbitliyini nəzərə alaraq, əkin sahələrinin
səmərəliliyini təmin edərək və ilk növbədə,
məhsuldarlığı artıraraq biz mövcud olan torpaq
fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə
artıra bilərik”.
Yeri gəlmişkən, bölgələrimizdə
kənd təsərrüfatının inkişafı ilə
bağlı işlər davamlı xarakter alıb. Məsələn,
İsmayıllı rayonunda gələn ilin yazlıq kartof əkini
üçün hazırlıq işlərinə
başlanılıb. Artıq bütün ərazilərdə
dondurma şumu çıxarılır, yüksək
reproduksiyalı toxum tədarük edilir. Rayonda kartof toxumuna tələbatın
daha yaxşı ödənilməsi üçün kartof toxumçuluğu
təsərrüfatı da yaradılıb. Bu, fermerlərin və
fiziki şəxslərin məhsuldar kartof toxumuna tələbatının
ödənilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, rayonda taxılçılıq,
meyvəçilik və tərəvəzçiliklə
yanaşı, kartofçuluq da inkişaf edir. Hər il rayon
üzrə orta hesabla 800-1000 hektar sahədə kartof əkilir.
Son üç ildə kartof intensiv becərmə
texnologiyalarını özündə birləşdirən sənaye
üsulu ilə əkilir. Təsadüfi deyil ki, 2014-cü ildə
hər hektardan məhsuldarlıq 84 sentner idisə, cari ildə
məhsuldarlıq 117 sentner olmaqla, məhsul istehsalı 6066
tondan 10415 tona çatdırılıb.
Kürdəmir rayonunda da payızlıq kartof
yığımı yekunlaşıb və sahələrdən
4493 ton məhsul götürülüb. Cari mövsümdə
torpaq mülkiyyətçiləri 292 hektarda təkrar kartof
yetişdiriblər. Payızlıq kartof rayonun ən çox
Kürqırağı ərazilərində, o cümlədən
Axtaçı, Mehdili, Muradxan inzibati ərazi dairələrində
əkilib. Bu il rayonda
ötən ilkindən 1074 ton çox olmaqla, 15 min 842 ton kartof
istehsal edilib. Hazırda gələn ilin əkini
üçün ciddi hazırlıq işləri
aparılır.
Oğuz rayonunda isə
fındıqçılığın inkişaf etdirilməsi
məqsədilə bu ilin payız mövsümündə
dövlət, bələdiyyə və xüsusi mülkiyyətə
aid torpaq sahələrində 240 hektar yeni fındıq
bağlarının salınması nəzərdə tutulur. Mövsümün əvvəlindən
indiyədək 113 hektar sahədə yeni fındıq
bağları salınıb və ting əkini dekabrın
sonunadək davam edəcək.
Son iki ildə rayon ərazisində 1402 hektar sahədə
yeni fındıq bağları salınaraq mövcud
bağların ümumi sahəsi 3252 hektara
çatdırılıb. Bu bağların 1805
hektarı barverəndir. Bu il rayonun
fındıq bağlarından 1000 tonadək məhsul tədarük
olunub. Fındıq istehsalı ötən illə
müqayisədə 100 tona yaxın artıb.
Prezident
İlham Əliyevin kənd təsərrüfatının
ixrac potensialı yüksək sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıqların
icrasını təmin etmək məqsədilə son illər
Zaqatala rayonunda da yeni fındıq bağlarının
salınması istiqamətində davamlı iş
aparılır. 2018-ci ilin yaz mövsümündə rayon ərazisində
352 hektar, payızın ötən dövründə isə
520 hektar yeni fındıq bağları salınaraq, mövcud
fındıq bağlarının ümumi sahəsi 19 min 23
hektara çatdırılıb. Bu
bağların 10 min 571 hektarı barverəndir. Cari ilin sonunadək daha 480 hektar sahədə yeni
fındıq bağlarının salınması
planlaşdırılır. Qeyd edək ki,
cari ildə rayonun fındıq bağlarından 15 min tondan
çox məhsul tədarük olunub. Fındıq
istehsalı əvvəlki illə müqayisədə 1600 tona
yaxın artıb.
Zərdab
rayonunda isə çəltik yığımı başa
çatıb və sahələrdən 939,4
ton məhsul götürülüb. Cari ildə
5 inzibati ərazi dairəsi üzrə 204 hektarda çəltik
yetişdirilib. Hər hektardan orta məhsuldarlıq
46 sentner olub. Ən yüksək məhsuldarlıq 110
hektarda çəltik əkilən Məlikli inzibati ərazi
dairəsində qeydə alınıb - 51,1
sentner. Yuxarı Seyidlər, Qoruqbağı inzibati ərazi
dairələrində də məhsuldarlıq yaxşı
olub.
Qeyd edək ki, Zərdab çəltikçiliyin
inkişafı üçün böyük potensialı olan
rayonlardandır. Son illər bazarlarda yerli düyüyə
tələbat getdikcə artır. Ötən il sentyabrın 3-də Prezident İlham
Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən
çay, çəltik və sitrus meyvələri
istehsalının inkişafı məsələlərinə
həsr olunan respublika müşavirəsində dövlətimizin
başçısının qarşıya qoyduğu konkret vəzifələr
rayonda çəltikçiliyin inkişafına böyük təkan
verib. Əkin sahələri artırılıb, məhsul istehsalı
1,2 dəfə çox olub. Gələn il də əkin sahələrinin
artırılacağı gözlənilir.
Cənub bölgəsində yeni sitrus
bağlarının salınmasına diqqət
artırılıb. Xüsusilə təcrübəli fermerlər
Lənkəranda hallabonq (dekopon) bağlarının
salınmasına üstünlük verirlər. Belə təsərrüfatlardan biri də rayonun
Sütəmurdov kəndi ərazisindədir. Cənubi Koreyadan gətirilən və ilk dəfə
Lənkəran rayonunun Sütəmurdov kəndində 10 hektar ərazidə
əkilən bu sitrus meyvəsi dadı,
görünüşü və məhsuldarlığı ilə
fərqlənir.
Aqronom Xalıq Talıbov bildirib ki, kənd ərazisində
ümumi sitrus bağının sahəsi 80 hektardan
çoxdur.
Bunun 10 hektarında təxminən 4 minədək hallabonq
ağacı əkilib: “Sitrus meyvəsi olan hallabonq
sağlamlıq üçün çox faydalıdır. Ölkəmizdə 2015-ci ildən əkilməyə
başlanıb və Lənkəranda
rayonlaşdırılıb. Hallabonq ağacı əkiləndən
2-3 il sonra məhsul versə də, tam məhsula
düşməsi təxminən 8-10 ilə olur. İldə 200-300 kiloqram məhsul verə bilir.
Əkin yeri yaxşı olarsa, ildə 3-4 dəfə
məhsul götürmək mümkündür. Bizim ölkə üçün yeni sitrus meyvəsi
olsa da, insanlar tərəfindən böyük maraq var. Bu
yaxınlarda Lənkəranda keçirilən sitrus
festivalında da insanlar bu meyvəyə böyük maraq
göstərdilər”.
Bu təsərrüfatı salan “Gilan Orchards” MMC-nin
aqronomunun sözlərinə görə, hallabonq meyvəsi həm
daxili, həm də xarici bazarda satışa
çıxarılacaq. Xarici bazar kimi, ilkin olaraq Rusiyaya göndəriləcək.
Qeyd edək ki, təkcə ötən il
rayonda 75-80 hektar sahədə hallabonq bağı
salınıb. Bu sitrus meyvəsinə qənnadı,
kosmetika, ətriyyat, şirə və şərabçılıq
sahələrində də tələbat var.
IDEA
İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) təşəbbüsü ilə
Qazax rayonunda aztəminatlı ailələr üçün
meyvə bağları salınıb. Qazax
rayonunun Qazaxbəyli kəndi ərazisində keçirilən
mərasimdə yeni salınmış ərik
bağlarının sənədləri 4 aztəminatlı ailənin
başçısına təqdim edilib. Bildirilib
ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə
salınan ərik bağları ekoloji tarazlığın
qorunmasında mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd olunub ki, bu layihə həm də iqtisadi
mahiyyət daşıyır. Bu cür
bağların salınması əhalinin rifahının
yaxşılaşdırılması ilə yanaşı,
ölkəmizin kənd təsərrüfatı məhsullarının
idxalından asılılığının azalmasına da
töhfə verəcək. Qeyd edək ki, ərik
bağlarının salınması üçün Qazax
rayonunun Qazaxbəyli kəndi ərazisində 2 hektar sahə
ayrılıb. Aksiya zamanı 200 nəfər
yerli fəal gəncin iştirakı ilə ərazidə 1000 ədəd
ərik ağacı əkilib.
Yeni
salınan ərik bağları aztəminatlı ailələrin
başçıları - Qazaxbəyli kənd sakinləri Qabil
Qocayev, Valeh Seyidov, Müşgül Nəbiyev və Fərhad
Fərzəliyev arasında bərabər bölünərək,
təmənnasız olaraq onların istifadəsinə verilib.
Göygöl rayonunda da aztəminatlı ailələr
üçün meyvə bağları salınıb. Bu münasibətlə
Göygöl rayonunun Dozular kəndi ərazisində
keçirilən mərasimdə yeni salınmış qoz
bağlarının sənədləri üç aztəminatlı
ailənin başçısına təqdim edilib.
Bildirilib ki, IDEA İctimai Birliyinin təşəbbüsü
ilə salınan qoz bağları ekoloji tarazlığın
qorunmasında mühüm əhəmiyyət kəsb edəcək. Qeyd olunub ki,
bu layihə həm də iqtisadi mahiyyət daşıyır.
Bu cür bağların salınması əhalinin
rifahının yaxşılaşdırılması ilə
yanaşı, ölkəmizin kənd təsərrüfatı
məhsullarının idxalından
asılılığının azalmasına da töhfə
verəcək. Qoz bağlarının
salınması üçün Göygöl rayonunun Dozular kəndi
ərazisində 2 hektar sahə ayrılıb. Aksiya zamanı 200 nəfər yerli fəal gəncin
iştirakı ilə ərazidə 312 ədəd qoz
ağacı əkilib.
Yeni
salınan qoz bağları aztəminatlı ailələrin
başçıları - Çaylı kənd sakini Eşqin
İsmayılov, Pənahlılar kənd sakini Tacəddin
İmanov və Dozular kənd sakini Lətifə Zeynalova
arasında bərabər bölünərək, təmənnasız
olaraq onların istifadəsinə verilib.
İmişli rayonunda da aztəminatlı ailələr
üçün meyvə bağı salınıb. Bu münasibətlə
İmişlinin Otuziki kəndi ərazisində keçirilən
mərasimdə yeni salınmış nar bağlarının
sənədləri üç aztəminatlı ailənin
başçılarına təqdim edilib. Bildirilib
ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə
salınan nar bağı ekoloji tarazlığın
qorunmasında mühüm əhəmiyyət kəsb edəcək.
Nar bağının salınması
üçün İmişli rayonunun Otuziki kəndi ərazisində
iki hektar sahə ayrılıb. Aksiya
zamanı 200 nəfər yerli fəal gəncin iştirakı
ilə ərazidə 1000 ədəd nar ağacı əkilib.
Yeni salınan nar bağları aztəminatlı ailələrin
başçıları Tahir Abbasov, Rövşən Abbasov və
Rüfət Abbasov arasında bərabər bölünərək,
təmənnasız olaraq onların istifadəsinə verilib.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 8 dekabr.- S.7.