Jurnalistlər hər zaman ulu
öndər Heydər Əliyevdən atalıq
qayğısı, doğmalıq hiss ediblər
“SƏS”
qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az
saytına müsahibə verib:
- Bəhruz
müəllim, xalqımız, Ulu öndər Heydər
Əliyevin anım gününü qeyd edir. Siz, bir mətbuat
nümayəndəsi olaraq, xalqımızın Ümummilli
lideri barədə hansı fikirlənizi
bölüşərdiniz?
- İlk
öncə, qeyd etmək istərdim ki, Azərbaycan
xalqının böyük oğlu, dahi şəxsiyyət
Heydər Əliyev bu gün cismən aramızda olmasa da, Onun
əbədiyaşar ideyaları daim həyata
keçirilməkdə, reallaşdırılmaqdadır. Biz,
Heydər Əliyev deyərkən, müasir, müstəqil
Azərbaycanı, onun tərəqqisinin, inkişafının
mənzərəsinin şahidlərinə çevrilirik. Məhz Onun sayəsində bu günün
Azərbaycanı dünya miqyasında layiqli mövqeyini tutub,
lider ölkələr sırasındakı yerini
möhkəmləndirərək, söz sahibinə
çevrilib. Ölkəmizin bütün sahələrdə
əldə etdiyi inkişafı və tərəqqisi
mətbuatımızdan da yan keçməyib. Demokratik
medianın və azad sözün bu günkü
reallığı bütün mənalarda həmin
faktorların bariz göstəricisi olaraq
qiymətləndirilməkdədir. Azərbaycan mətbuatı
heç vaxt indiki qədər dövlət və ictimai
qayğı ilə əhatə olunmayıb. Eləcə
də dünyanın heç bir ölkəsində Azərbaycanda
olduğu qədər mətbuata xüsusi diqqət və
qayğı mövcud deyil. Məhz bu baxımdan, Azərbaycan
mətbuatının bugünkü inkişaf səviyyəsi
haqqında danışarkən, sözün həqiqi
mənasında, keçilmiş uzun və mürəkkəb
yol göz önündə canlanır. Bu mənada, insan beynində
mediamızın inkişafı ilə bağlı
çoxsaylı suallar da meydana çıxır.
Düşünürük ki, necə oldu Azərbaycan
mətbuatı qısa müddət ərzində bu
qədər inkişaf etdi, maddi-texniki vəziyyəti
yüksəldi, demokratikləşdi.
Məhz
səslənən suala cavab axtararkən, ilk olaraq lider faktoru
və mətbuatın inkişafı istiqamətində
həyata keçirilən islahatların əhəmiyyəti
önə çıxır. Elə reallaşdırılan
fəaliyyətin və islahatların nəticəsində
ötən zaman ərzində söz, fikir və
özünüifadə azadlığının təmin
və müdafiə olunması yönündə fundamental
nailiyyətlər əldə edilib.
-Bu
fikirlərinizi hansı aspektlərlə şərh
edərdiniz?
- Bilirsiniz,
bu aspektlər bir sıra tarixi faktlara əsaslanır. Bu
baxımdan, qeyd etmək yerinə düşər ki, 1991-ci
ildə müstəqilliyimizin ikinci dəfə əldə
olunmasının ardından mətbuat sahəsindəki
vəziyyət də, digər sahələrdə olduğu
kimi, ürəkaçan deyildi. Təsadüfi
şəxslərin ölkə rəhbərliyinə gəlməsi,
ölkənin silahlı qruplaşmaların mübarizə
meydanına çevrilməsi və ölkədə qeyri-sabit
vəziyyətin yaranması təbii olaraq mətbuatın da
inkişafına maneələr törədirdi. Həmin
vaxtlarda çətinliklə nəşr edilən
qəzetlərə yaradılan bürokratik əngəllər
əsl həqiqətin xalqa çatdırılmasına mane
olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya,
jurnalistlərə münasibəti hakimiyyətdə təmsil
olunma səviyyələri ilə adekvat idi. Məmurlar
istənilən jurnalist haqqında istədiyi qərarı
verirdi və söz azadlığı, fikir plüralizmi kimi
məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi.
İstər Həsən bəy Zərdabi dövründən
miras qalan, istərsə də ümummilli liderimiz Heydər
Əliyev tərəfindən formalaşdırılan milli
mətbuat ənənələri kobud şəkildə
dağıdılırdı. Millətin gərgin psixoloji
durumundan istifadə edərək şantaj, hədə-qorxu
yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist
adına ləkə vurulması ilə də nəticələnirdi.
Hətta bu gün belə mübarizə aparılan,
jurnalistikanın ən ağrılı yeri sayılan “reket
jurnalistikası” da məhz o günlərdən bizə qalan
“yadigardır”. Mətbuatın
inkişafına mane olmaq, azad sözü boğmaq
üçün 1992-ci ildə yaradılan hərbi senzura
yazılı mətbuatın vəziyyətini daha da
ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar
qorxurdular ki, onların əleyhinə hər hansı bir
informasiyanın, əslində isə, həqiqətin xalqa
çatdırılması onların siyasi
iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel
ayında senzuranın tətbiqinin miqyasının
genişləndirilməsi və bütün informasiya
yayımını əhatə etməsi haqqında verilən
sərəncam məlumat azadlığını,
jurnalistlərin sərbəst məlumat əldə etmək
və yaymaqla bağlı peşə fəaliyyətini
ciddi şəkildə məhdudlaşdırırdı.
Amma
mətbuatın inkişafının qarşısını
alan, onu dar çərçivədə
məhdudlaşdıran antidemokratik siyasətə ümummilli
liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın
təkidi və tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıdışı ilə son verildi.
Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması,
vətəndaşların təhlükəsizliyinin təmini,
sosial-iqtisadi problemlərin həlli söz, fikir
azadlığının qorunması sahəsində
əsaslı irəliləyişlərə şərait
yaratdı.
- Belə
demək mümkündürsə, mətbuatın
inkişafı üçün hüquqi baza yaradıldı
və islahatlara başlanıldı...
-
Tamamilə doğrudur. Belə ki,
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsindən sonra həyata keçirilən demokratik
transformasiya və milli inkişaf strategiyasının fonunda
media təsisatının təşəkkülü və
inkişafına xüsusi diqqət göstərildi və bu
sahədə strateji səciyyəli fundamental
işlər görüldü. İlk növbədə,
kütləvi informasiya vasitələrinin səmərəli
fəaliyyəti üçün qanunvericilik bazası
formalaşdırıldı və müvafiq hüquqi
substratlar təsbit edildi. Mətbuat
orqanlarının azad fəaliyyətinə yaradılan
şərait, qanunvericilik bazasının
təkmilləşdirilməsi istiqamətində
görülən tədbirlər ölkədə fikir
plüralizminin genişləndirilməsinə yol
açdı. Müstəqil kütləvi informasiya
vasitələrinin təsis edilməsi milli mətbuat
ənənəsinin davam etdirilməsinə yol
açdı. Ümummilli liderimiz Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan müstəqil
Azərbaycanın Konstitusiyasında da mətbuata verilən
qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi
plüralizmin və vətəndaş cəmiyyətinin əsas
atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya
vasitələridir”.
Azərbaycan Respublikasının
Konstitusiyasının qəbul edilməsi
ərəfəsində onun memarı, yaradıcısı ulu
öndər Heydər Əliyevin səyləri ilə insan və
vətəndaş hüquq və
azadlıqlarının-sərbəst düşüncə
və özünüifadə, dini etiqad və məslək
azadlığının təmin olunması istiqamətində xüsusi
maddələr Ana Qanuna salındı. Ulu öndər
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi
dövrdə media sektorunun inkişafına, söz, fikir və
özünüifadə azadlığının təmin
və müdafiə olunmasına fundamental töhfələr
bəxş edən çox ciddi addımlar
atıldı. 1998-ci ildə ulu öndər Heydər Əliyev
tərəfindən imzalanan “Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər
haqqında” Fərmana müvafiq surətdə həyata
keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin
səmərəlilik səviyyəsinin artırılmasına
fundamental şərait yaratdı. Həmin Fərmanla
Nazirlər Kabineti yanında Mətbuatda və digər
Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş
İdarə ləğv edildi, hərbi senzura yaradılması
haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində nəzarət
tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il
tarixli sərəncam qüvvədən düşmüş
hesab olundu.
Əlbəttə
ki, Azərbaycanda senzuranın ləğv olunması
haqqında Fərmanın imzalanması həmin dövr
üçün inanılmaz addım idi. Bu, çox
böyük siyasi iradə tələb edirdi. Belə bir
missiyanı məhz ulu öndər Heydər Əliyev həyata
keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı
verməklə böyük siyasi iradə nümayiş etdirdi.
Bununla da Azərbaycan mətbuatının inkişafında
yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra
jurnalistlərin öz peşələrinə
münasibətdə məsuliyyəti də artdı.
Çünki senzura yaradıcı insanlar üçün bir
buxov idi. 6 avqust Fərmanı həm də o dövrdə
postsovet məkanında ilk olaraq Azərbaycan mətbuatının
dövlət nəzarətindən çıxmasına
şərait yaratmışdı. Yəni bu məzmunlu
Fərman yeganə olaraq Azərbaycanda verilmişdi.
1999-cu ilin sonunda isə “Kütləvi
informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media
təsisatının inkişafını
şərtləndirən, bəhs edilən sahəyə müvafiq
surətdə sahəvi və ümummilli
münasibətləri tənzimləyən hüquqi
bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli
töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider
Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci
illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə
tədbirlər Proqramı” təsdiq olundu.
İdarəçilik sisteminin islahatı
çərçivəsində Mətbuat və İnformasiya
Nazirliyi ləğv edildi, kütləvi
informasiya vasitələrinin yaranması və
fəaliyyətinin hüquqi əsaslarının
möhkəmləndirilməsi məqsədilə Milli
Mətbuat, Teleradio və İnternet Şurası
yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan
nəşriyyatına olan borcları donduruldu, sonradan isə
ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət,
media-hakimiyyət münasibətlərini tənzimləyən
qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı.
Bütün bunlar öz növbəsində Azərbaycanda
söz, fikir və mətbuat azadlığının
bərqərar olunması üçün əlamətdar
tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbii
ki, bu cür islahatların həyata keçirilməsi
üçün qərarların verilməsi və
reallaşdırılması liderin mənəvi
baxışlarından da irəli gəlir. Yəni nə
qədər lider mətbuata və onun
nümayəndələrinə qarşı diqqətli olsa,
diqqət və qayğı göstərsə, bir o
qədər də nəticələr müsbət olar. Məhz ümummilli lider Heydər Əliyevin
mətbuata xüsusi diqqət və qayğısı,
mənəvi dəstəyi, həmçinin
jurnalistlərlə mütəmadi olaraq, ünsiyyətdə
olması bu sektorun sürətlə inkişaf etməsinə,
stereotiplərin sındırılmasına səbəb olub. Dəfələrlə
xarici ölkələrə və ya ölkə regionlarına
səfərləri zamanı jurnalistlərə siyasi-iqtisadi
məsələlərlə bağlı daha aydın
reportajlar hazırlamaq üçün əlavə
məlumatlar verərdi və əhəmiyyətli
söhbətlər edərdi. Onlardan bəziləri
həqiqətən insanın yaddaşında silinməz
izlər qoyub...
- Ulu
öndər Heydər Əliyevin jurnalistlərlə səmimi
söhbətləri və onlara xüsusi qayğı göstərməsi
faktlarını necə xatırlayırsınız?
- Çox
yaxşı sualdır. Məsələn, Ulu öndər
Heydər Əliyevin mətbuat qarşısına
çıxmamışdan öncə jurnalistlərə
alça təklif eləməsi orada olan heç bir media
təmsilçisinin yadından çıxmaz. Həmin gün qabda jurnalistlərə alça
verən ümummilli liderimizin özünün də onlardan
birini yeməsi və mətbuat işçilərinə
“ağzınızın suyu tökülməsin” deməsi
hər kəsdə böyük sevinc hissilə
müşayiət olunan gülüş doğurmaqla
yanaşı, cəsarət yaratdı. Bu, həm
də bir atalıq qayğısı idi. Ulu öndərimizin
jurnalistlərlə bu cür qeyri-rəsmi münasibət
saxlaması, eyni zamanda, mətbuat işçilərində bu
peşəyə sevgi, hörmət, həmçinin daha
həvəslə işləməyə cəsarət
formalaşdırırdı.
Daha bir
qeyri-rəsmi söhbət mənim də iştirak etdiyim
tədbir zamanı baş vermişdi. Həmin vaxt Heydər
Əliyev çay süfrəsində dişləmə
çayla bağlı ətrafdakı insanlara məlumat
verirdi. “Bilirsiniz dişləmə çay nədir?
Dişləmə çay odur ki, bir tikə qənd qoyursan
ağzına və bir stəkan çay içirsən.
Mənə elə gəlir ki, indi çay içənlər
çaydan çox qənd yeyirlər... Vaxtilə
kəlləqənd olurdu. Yadınızdadır da,
arşın mal alan...”. Bu cür epizodik söhbətlər
həqiqətən insanlarla dövlət rəhbəri
arasında olan səmimi münasibəti ortaya qoyurdu. Həmin
məclisdə ümummilli liderimiz kəklikotu
məsələsinə də aydınlıq gətirirdi
və bu əsnada yaranmış söhbət,
düşünürəm ki, hələ uzun müddət
yaddaşlardan çıxmayacaq. “Vaxtilə ruslar buna kəkotu
adını qoyublar. Amma bu kəklik otudur. Elə çay da
kəklik otu çayıdır. Amma yenə də buna
kəkotu deyirlər”. Bu məqamda ətrafda
əyləşən şəxslərdən biri “bu
kəkliyin yediyi otdur” deməsinə cavab olaraq, ümummilli
lider Heydər Əliyevin “bəli, kəklik yeyən otdur. Amma
bundan sonra belə siyasi səhvlərə yol vermə”
deməsi bir daha insanlarda xoş ovqat yaradan gülüş
yaratdı.
Bununla yanaşı, Heydər Əliyevin
Naxçıvandakı hərbi hissənin yeməkxanasında
əsgərlərlə naharı zamanı ordakı insanlara
“Bu suyu içirəm və fikirləşirəm ki, deyə
bilərsiniz ki, Siz də bu sudan içirsiniz?” - deməsi
də növbəti səmimiyyətin əlaməti idi.
Ümumiytyyətlə, jurnalistlər hər zaman ulu öndər Heydər
Əliyevdən atalıq qayğısı, doğmalıq hiss
ediblər.
Ulu öndər Heydər Əliyevin
müxtəlif konsert və tədbirlərdən sonra
qeyri-rəsmi görüşlər keçirməsi,
gözlənilmədən şəhərdə insanlarla
görüşlərə çıxması, toylarda
iştirak edərək, əl qaldırıb rəqs etməsi
və digər bu cür hərəkətləri
cəmiyyət tərəfindən çox səmimi olaraq
qəbul edilirdi və bu gün də xoş hadisələr
kimi xatırlanır...
- Ulu
öndər Heydər Əliyevin mətbuata
qayğısından bəhs edərkən, bu
qayğının Prezident İlham Əliyev cənabları
tərəfindən də davam etdirlməsi barədə
nə deyərdiniz?
- Söz
yox ki, bu gün isə ulu öndər Heydər Əliyevin
siyasi kursunu Onun layiqli siyasi varisi Prezident İlham Əliyev
uğurla davam etdirir. Davamlı dövlət
qayğısı, Prezident İlham Əliyevin diqqəti
mətbuatın problemlərinin həllində mühüm yer
tutur. Bu məsələyə toxunan
dövlət başçısı “Bizim ümumi
məqsədimiz ondan ibarət olmalıdır ki,
Azərbaycanı hərtərəfli şəkildə
inkişaf etdirək, müasir dövlətə
çevirək, dünyada mövcud olan bütün
mütərəqqi təcrübəni tətbiq edək,
insanların bütün azadlıqlarını təmin
edək, hüquqi dövlət quruculuğu işində daha
da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan
uzunmüddətli və dayanıqlı inkişaf
imkanlarını tam şəkildə ortaya qoya bilər” -
deyib.
Prezident
İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə də media sektorunun inkişafı
yönündə fundamental addımlar atıldı, söz,
fikir və özünüifadə azadlığının
təmin və müdafiə olunması yönündə
fundamental nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən rasional siyasət kursu
nəticəsində iqtisadi qüdrətimiz artdıqca
mətbuatın maddi probleminin həlli ilə bağlı
çox ciddi addımlar atıldı və müvafiq
tədbirlər görüldü. İlk növbədə,
öz peşəsini dürüst və
obyektiv surətdə yerinə yetirən, Azərbaycan
mətbuatının inkişafına xüsusi xidmət
edən ayrı-ayrı jurnalistlərin müxtəlif
problemlərinin həlli ilə bağlı fundamental
addımlar atılmağa başlandı. Bununla yanaşı,
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Konsepsiyasının qəbul
olunması ilə bağlı qərarın qəbul
olunması, Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması,
jurnalistlərə fəxri adların verilməsi, onların
orden və medallarla təltif olunması, qəzet
redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik
maliyyə yardımlarının edilməsi və s. kimi
tədbirlər media sektorunun inkişafını
sürətləndirən fundamental mexanizm qismində
çıxış etdi.
Bütövlükdə, KİV-in
fəaliyyətini stimullaşdırmaq məqsədilə,
həmçinin jurnalist əməyinə verilən
yüksək qiymətin göstəricisi olaraq Prezident
İlham Əliyev 2005-ci il iyul ayının 21-də
“Azərbaycan mətbuat işçilərinin təltif
edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri
adların verilməsi haqqında”, habelə, “Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında” sərəncamlar
imzalayıb. Dövlət başçısının
Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd
edilməsi haqqında 2005-ci ildə imzaladığı
Sərəncamda müstəqil milli mətbuatımızın
üzərinə düşən məsuliyyət ifadə
olunur. Prezident İlham Əliyevin 2006-cı
il 8 fevral tarixli “Qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan borclarının
ödənilməsi barədə” Sərəncamını
isə ulu öndərin mətbuatın maddi-texniki
imkanlarının yaxşılaşdırılması
yönündə həyata keçirdiyi siyasətin davamı
kimi qiymətləndirmək olar. Sərəncama
əsasən, qəzetlərin nəşriyyata olan 450 min
ABŞ dolları həcmində borcu dövlət
büdcəsindən ödənildi. Xatırladaq ki,
qəzetlərin borclarının dondurulması haqqında
mütərəqqi qərar hələ 2001-ci ildə ulu
öndər Heydər Əliyev tərəfindən
verilmişdi. Dövlət büdcəsinin
gəlirlərinin artması və respublikamızın
maliyyə imkanlarının yaxşılaşması
borcların büdcə hesabına birdəfəlik
ödənilməsinə şərait yaratdı. Qeyd edək
ki, borcları ödənilən qəzetlər
içərisində müstəqil və müxalifyönlü
qəzetlər üstünlük təşkil edib. Bu
isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən
asılı olmayaraq, ölkədə bütün mətbuat
orqanlarına dövlətin münasibəti, diqqət və
qayğısı eynidir, onların azad fəaliyyətinə
heç bir maneə yoxdur. Bundan başqa,
Azərbaycan mətbuat işçilərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi
də bu reallığın bariz göstəricisidir.
Ümumiyyətlə, bu bir həqiqətdir ki, Prezident
İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi
xüsusi diqqət və qayğı bu sahənin
sürətlə inkişaf etməsinə, mətbu
orqanların fəaliyyətinin genişlənməsinə
və peşəkarlıq səviyyəsinin yüksəlməsinə
səbəb olub. Prezident İlham Əliyev də ümummilli
lider kimi jurnalistlərə səmimi münasibət
bəsləyir, onların sosial və iş
şəraitilə tanış olur, ən əsası
mətbuat nümayəndələrinin xeyrinə qərarlar
verir. Belə bir mühit, əlbəttə ki, media
nümayəndələri arasında perspektivlə
bağlı böyük ümidlər yaradır.
Düşünürük
ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi
Prezident İlham Əliyevin səyləri nəticəsində
media sektoru daha da inkişaf edəcək və cəmiyyətimizin
inkişafına təkan verən əhəmiyyətli sahə
kimi formalaşacaq. Bu reallıqlar isə əbədiyaşar
liderimizin ideyalarının yaşadılması, həyata
keçirilməsi üçün həm də
mətbuatımızın inkişafı üçün
önəmli bir stimuldur.
Yeni
Azərbaycan.- 2018.- 11 dekabr.- S.9.