Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq

 

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov www.yap.org.az saytına müsahibə verib:

- Hüseynbala müəllim, dünya tarixinə nəzər saldıqda xalqların və dövlətlərin taleyində lider fenomeninin və liderlik faktorunun çox mühüm yerə malik olduğunu görürük. Bu baxımdan, Azərbaycanın dövlətçilik tarixində lider fenomeninin yeri, o cümlədən bu kontekstdə Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi əhəmiyyətə malik olan misilsiz xidmətləri barədə nə deyə bilərsiniz?

 

- Tarixin müxtəlif dövrlərində liderlər ayrı-ayrı millətlərin, xalqların və bəzən bütün bəşəriyyətin tarixində dönüşə səbəb olmuş tarixi şəxsiyyətlər qismində çıxış ediblər. Ümumiyyətlə, liderlik xüsusi istedaddır və o, heç də siyasətin hər bir subyektində olmur. Yalnız müstəqil düşüncəsi, parlaq zəkası olan və kütlənin marağını ifadə edən şəxsiyyət lider ola bilər. Tarix boyu liderlərin müxtəlif xalqların ictimai-siyasi taleyində, dövlətlərin dünyanın siyasi xəritəsində və beynəlxalq münasibətlər sistemində yeri və roluna həlledici təsirinə dair çoxsaylı nümunələr mövcuddur. Bu mənada, Azərbaycanın da siyasi və dövlətçilik tarixində lider fenomeninin, liderlik faktorunun rolu və təsiri istisna deyil.

 

Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir. Ulu öndər XX əsrin bağrından qopan, Tanrının Azərbaycana bəxş etdiyi düha, yeni, müstəqil Azərbaycanın memarı və qurucusudur. Dahi şəxsiyyətin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində yeri və roluna nəzər salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ulu öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanın sıçrayışlı inkişafının, intibah və yüksəlişinin, bütün sahələri əhatə edən tərəqqinin əsası qoyuldu, respublikamız SSRİ miqyasında inkişaf göstəricilərinə görə ön sıralarda yer tutmağa başladı. Bu, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin real nəticəsi idi. Ulu öndər həmçinin milli təəssübkeşlik və güclü vətənpərvərlik hissləri ilə, azərbaycançılıq ideyası əsasında milli mənəvi dəyərlərin qorunması və inkişafına xidmət edən mühüm addımlar atdı, eləcə də respublikamızın inkişafı naminə kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirdi. Yəni Ulu öndərin həmin dövrdə gördüyü genişmiqyaslı işlərin dərin məzmuna və böyük əhəmiyyətə malikdir.

 

Müstəqillik dövründə isə Ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən, xaos və anarxiyadan xilas edərək inkişaf yoluna çıxardı. Buna görə də haqlı olaraq Ulu öndər müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli lideri adlandırılır. Bilirsiniz ki, müstəqilliyin ilk iki ilində, yəni 1991-1993-cü illərdə Azərbaycanda hərc-mərclik hökm sürürdü, bütün sahələrdə getdikcə dərinləşən tənəzzülün fonunda ölkə iflasa düçar olmuşdu. O zaman hakimiyyətdə olan qüvvələr isə xaos və tənəzzülü aradan qaldırmaq gücünə, iradəsinə malik deyildilər. Azərbaycan xalqının yeganə ümidi məhz zəngin dövlətçilik təcrübəsinə malik olan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan dahi şəxsiyyət Heydər Əliyevə idi. Məhz xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sabitlik təmin olundu, inkişafın əsası qoyuldu. Bütün sahələrdə ardıcıl, səmərəli, gələcəyə hesablanmış misilsiz işlər görüldü, Azərbaycanın çoxşaxəli və uğurlu beynəlxalq əlaqələri formalaşdırıldı, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirildi, dünya siyasi arenasında mövqeyi möhkəmləndi. Beləliklə, Ümummilli lider Heydər Əliyev güclü-qüdrətli bir məmləkəti - müasir müstəqil Azərbaycanı yenidən qurdu. O, Öz adını əbədiyyətə və Azərbaycan tarixinə xilaskar kimi həkk etdi. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq.

 

- Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair çoxsaylı elmi və bədii-publisistik əsərlər yazılıb. Siz də bu cür əsərlər ərsəyə gətirən şəxslərdən birisiniz. Ümummilli liderin zəngin irsinin təbliği və öyrənilməsinin əhəmiyyəti barədə düşüncələriniz nədən ibarətdir?

 

- Heydər Əliyev irsi indiki və gələcək nəsillər üçün zəngin mənəvi xəzinədir, çünki bu irs özündə vətənə, xalqa və dövlətə xidmət nümunəsini əks etdirir. Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, xarici ölkələrdə belə diqqətlə öyrənilən Heydər Əliyev idarəçiliyinin möcüzəsi onda idi ki, O, parçalanmaq həddində olan, vətəndaş müharibəsi ilə üz-üzə qalan Azərbaycanda xalqın arzusunda olduğu müstəqil milli dövlətçiliyin əsasını qoydu, onu möhkəmləndirərək əzəmət verdi, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı, sabitliyi təmin etdi, Azərbaycanı tərəqqi yoluna çıxardı.

 

Bütün bunların fonunda Heydər Əliyev irsinin təbliği və dərindən öyrənilməsi böyük əhəmiyyətə malikdir, zəruridir. Ulu öndərin zəngin irsinin geniş miqyasda təbliği və öyrənilməsi üçün çoxsaylı əsərlər yazılıb, müxtəlif dillərə tərcümə olunub. Mənim də Ulu öndər Heydər Əliyev haqqında kitablarım çap olunub. "İşığın izi ilə", "Bir günəş var", "Həqiqət", "Millətin atası" belə əsərlərdəndir. Bundan başqa, Moskvanın "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından həmmüəllifi olduğum "Heydər Əliyev" trilogiyası çap olunub. Bu kitabı Viktor Andriyanov adlı rus yazıçı ilə birlikdə ərsəyə gətirmişik. Kitabın ilk buraxılışı 2005-ci ildə olub. Kitabın IV nəşri də artıq çapdan çıxıb. Qeyd edim ki, bu kitab dünyanın 47 dilinə tərcümə olunub.

 

- Müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Azərbaycan uğurla inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Azərbaycanın bugünkü və gələcək mənzərəsi necə görünür?

 

- Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri Özündən sonra layiqli varis yetişdirməsidir. Onun layiqli varisi olan Prezident İlham Əliyev yüksək xarizmaya və liderlik istedadına malik olan, xalqın, dövlətin mənafelərini hər şeydən üstün tutan şəxsiyyətdir. Ulu öndərin əsasını qoyduğu siyasəti layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən daxili və xarici siyasət kursu Azərbaycanı güclü-qüdrətli dövlətə çevirib, respublikamızın qarşısında yeni inkişaf üfüqləri açılıb. Bu gün Azərbaycan xalqı öz dövləti ilə qürur duyur, çünki müstəqil respublikamızın üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanır, qazanılan nailiyyətlər ölkəmizin öz inkişafını inamla davam etdirməsini təmin edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə söz və nüfuz sahibi olması böyük qürur və iftixar yaradır.

 

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin layiqli varisi olan cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının böyük etimadı əsasında Prezident seçildikdən sonra insanları bəyan etdiyi bəşəri məqsəd və dəyərlər ətrafında birləşdirdi, milli maraqlarımızın qorunmasına xidmət edən siyasəti uğurla həyata keçirdi. XXI əsrin ilk onilliyində ölkənin sosial-iqtisadi inkişafının yeni hədəflərini müəyyənləşdirən dövlət proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Gənc müstəqil dövlətin qısa zamanda qazandığı uğurlar, eyni zamanda, beynəlxalq aləmdə yüksək qiymətləndirildi. Azərbaycan böyük bir inkişafa, iqtisadi sıçrayışa nail oldu. İnsan kapitalının keyfiyyətcə yüksək inkişafı təmin edildi, cəmiyyətin yüksək sosial rifahını təmin edən rəqabətqabiliyyətli yeni sosial-iqtisadi model yaradıldı, bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müvəffəqiyyətlə reallaşdırıldı.

 

Bu gün Azərbaycan dinamik inkişafını uğurla davam etdirir, yeni zirvələr fəth edərək tarixi nailiyyətlər qazanır. Respublikamız beynəlxalq miqyasda demokratik, hüquqi və sosial dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və zəngin siyasi irsi əsasında, müasir çağırışlara və reallıqlara uyğun olaraq davam etdirilən inkişaf siyasəti Azərbaycanın gələcəyinin də parlaq və uğurlu olacağına əminlik yaradır. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim zirvələrdə olacaq, yeni uğurlar qazanaraq öz qüdrətini daha da artıracaq.

Yeni Azərbaycan.- 2018.- 12 dekabr.- S.10.