Ulu öndər Heydər
Əliyev xalqına dərindən bağlı olan və
böyük məhəbbət bəsləyən vətənpərvər
şəxsiyyət idi
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə www.yap.org.az saytına müsahibə verib:
12 dekabr müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı, xalqımızın və
dövlətimizin xilaskarı, Ümummilli lider Heydər
Əliyevin anım günüdür. Azərbaycan
xalqı və dövlətinin tarixin səhnəsində
özünəməxsus yer tutmasını, gerçək
müstəqilliyini əldə edərək qoruyub
saxlamasını təmin edən məhz Ulu öndər Heydər
Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyevin həm
SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi
dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin
təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər
görülüb. Yəni Ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin
bütün mərhələlərini əhatə edir.
Xalqımız müasir müstəqil Azərbaycanın
memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin
əziz xatirəsini dərin ehtiramla yad edir.
Ulu öndər Heydər
Əliyevin respublikamıza rəhbərliyi dövründə
xalqımız və dövlətimiz qarşısında
tarixi xidmətləri, Azərbaycanın yüksəlişi və
tərəqqisini təmin edən misilsiz işləri ilə
bağlı suallarımızı Azərbaycan Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
cavablandırır. Qeyd edək ki, Əhməd
Əhmədzadə Ümummilli lider Heydər Əliyevin həm
SSRİ dövründə, həm də müstəqillik illərində
etimad göstərdiyi şəxslərdən biri olmuşdur.
Əhməd Əhmədzadə Ulu öndər Heydər
Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci
illər ərzində, o cümlədən
dahi rəhbərin 1982-ci ilin dekabrında Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin edilməsindən
sonra da müxtəlif vəzifələrdə, daha dəqiq
desək, həm Qax, həm də Abşeron
rayonlarında Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri, həmçinin Füzuli rayon Partiya Komitəsinin I
katibi olaraq çalışmışdır. Müstəqillik
illərində isə Ümummilli liderin etimadı əsasında
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri
vəzifəsində çalışmış Əhməd
Əhmədzadə müsahibəsində Ulu öndər Heydər
Əliyev ilə bağlı xatirələri və təəssüratlarını
bölüşüb.
- Əhməd müəllim, 12 dekabr Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin anım
günüdür. Xalqımız müasir müstəqil Azərbaycanın
memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin
əziz xatirəsini dərin ehtiramla yad edir. Sizin Ulu öndərlə
bağlı xatirələriniz nədən ibarətdir, Onunla
ilk görüşünüzü necə
xatırlayırsınız?
- Ümummilli lider Heydər Əliyevlə ilk
görüşüm 1975-ci il iyun ayında olub. Həmin vaxt
Qax rayonunda Suvarma Sistemleri İdarəsinin rəisi vəzifəsində
çalışırdım, eyni zamanda, rayon partiya komitəsinin
büro üzvüydüm. Bəhs etdiyim tarixdə Azərbaycan
SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi
Heydər Əliyevin qəbulunda oldum, təxminən 15 dəqiqə
ərzində söhbətimiz oldu. Dahi rəhbər
mənə rayonun təsərrüfat həyatı və
inkişafı barədə, bu istiqamətdə perspektivlə
bağlı müəyyən suallar ünvanladı. Sonra mənim
Qax rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
vəzifəsinə namizədliyimi vermək istədiyini qeyd
etdi. Mən bunun olduqca məsuliyyətli və çətin
vəzifə olduğunu amma etimadı doğrultmağa
çalışacağımı qeyd etdim. Ulu
öndər Heydər Əliyev söhbət əsnasında gənc
kadrlara xüsusi diqqət göstərdiyini, onları müxtəlif
vəzifələrə irəli çəkərək etimad
göstərdiyini diqqətə çatdırdı və mənə
"işində məsuliyyətli, ən əsası, maddi və
mənəvi baxımdan təmiz ol" tövsiyəsini
verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyev ilə
ilk görüşümüz məhz bu cür oldu.
- Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil
müəssisələrində 18 minədək yüksək
ixtisaslı mütəxəssis hazırlandı. Heydər
Əliyevin SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinin
məzunlarına münasibət necə idi. Həmin məzunlardan
biri kimi bu münasibəti öz nümunənizdə necə
xatırlayırsınız?
- Bilirsiniz ki, Ümummilli lider Heydər
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olaraq respublikamıza rəhbərlik etdiyi dövrdə
müxtəlif sahələrin inkişafını təmin edən
misilsiz işlər görməklə yanaşı, kadr
hazırlığı məsələsini də daim diqqət
mərkəzində saxlayırdı. Bu mənada, Ulu
öndərin azərbaycanlı gəncləri keçmiş
ittifaqın nüfuzlu ali məktəblərində təhsil
almağa göndərməsi xüsusilə qeyd edilməlidir.
Bu, dahi rəhbərin milli təəssübkeşliyinin
ifadəsi olmaqla yanaşı, Onun uzaqgörənliyini göstərirdi.
Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil
müəssisələrində 18 minədək yüksək
ixtisaslı mütəxəssis hazırlandı.
Ulu öndər Heydər
Əliyevin təhsil almaq üçün xaricə göndərdiyi
şəxslər sırasında mən də var idim.
1976-1978-ci illər ərzində Moskvada İctimai Elmlər
Akademiyasında təhsil aldıqdan sonra Abşeron rayon Xalq
Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə
təyin edildim. Həmin vaxt Heydər Əliyev xaricdə,
daha dəqiq desəm, Bolqarıstanda səfərdə idi. Ona görə də təyinatdan əvvəl Onunla
görüşmək imkanımız olmadı. Beləliklə,
bəhs etdiyim vəzifəyə təyin edildikdən sonra fəaliyyətə
başlamaq üçün Abşeron rayonuna yola
düşdüm. Əlbəttə, bilirdim ki, bu vəzifədə
də qarşıya qoyulan məqsədləri yerinə
yetirmək üçün məsuliyyətlə
çalışmaq, dahi rəhbərin etimadını
doğrultmaq lazımdır. Məhz Onun tövsiyə və
tapşırıqlarını məsuliyyətlə və
layiqincə icra etməklə qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi istiqamətində fəaliyyətimi
davam etdirdim.
Ulu öndər Heydər Əliyev kadr
seçiminə daim xüsusi diqqətlə yanaşır və
kadrlarına Öz dəstəyini əsirgəmirdi. Bu,
şübhəsiz ki, şəxslər qarşısında
böyük məsuliyyət hissi yaratmaqla yanaşı,
onların öz vəzifələrini layiqincə yerinə
yetirməsini təmin edirdi
Həmin dövrdə də Ümummilli lider
Heydər Əliyev ilə görüşlərdə
iştirak etmişəm. Bu dönəm ilə əlaqədar
bir məqamı diqqətə çatdırmaq istərdim. Belə
ki, 1980-ci ilin dekabrında yenidən Mərkəzi Komitəyə
dəvət olundum. Bu dəfə Ulu öndər Heydər
Əliyev tərəfindən Füzuli rayon Partiya Komitəsinin
I katibi vəzifəsinə tövsiyə olunmuşdum.
Doğrudur, həmin vaxt bu vəzifədə necə
çalışacağımla bağlı
özülüyümdə suallarım var idi, çünki əvvəllər
Füzulidə heç vaxt olmamışdım və rayonun
yerli xüsusiyyətlərinə bələd deyildim. Həmin
vaxt 2 dəfə Heydər Əliyevin qəbulunda oldum, bu barədə
fikirlərimi dahi rəhbərin diqqətinə
çatdırdım. Ulu öndər isə mənə etimad
göstərdiyini, məsuliyyət hissimi yüksək qiymətləndirdiyini
bildirərək bu vəzifənin öhdəsindən gələ
biləcəyimi söylədi. Bu, mənim üçün
böyük etimad olmaqla yanaşı, həm də xüsusi
stimul idi. Ümummilli lider ilk görüşdə verdiyi nəsihətləri
təkrar nəzərə çatdırdı.
Ümumiyyətlə, Ulu öndər Heydər
Əliyev kadr seçiminə daim xüsusi diqqətlə
yanaşır və kadrlarına Öz dəstəyini əsirgəmirdi.
Bu, şübhəsiz ki, şəxslər
qarşısında böyük məsuliyyət hissi yaratmaqla
yanaşı, onların öz vəzifələrini layiqincə
yerinə yetirməsini təmin edirdi. Ulu öndərin mənə
etimadı da mənim üçün həm böyük
şərəf, həm də ciddi məsuliyyət idi, ona
görə də öz fəaliyyətimdə bu etimadı
doğrultmaq üçün var qüvvəmlə fəaliyyət
göstərirdim.
1982-ci ilin iyulun 18-də Heydər Əliyev
Füzuliyə gələrək üzümçülərin
respublika müşavirəsini keçirdi. Müşavirədə
Mərkəzi Komitənin Büro üzvləri, 45 rayonun rəhbər
işçiləri və digər şəxslər
iştirak edirdilər. Bununla yanaşı, rayonda kolxoz və
sovxozların əhatəsində və fərqli məkanlarda əhali
ilə görüşlər oldu. Ulu öndər Heydər
Əliyev görüşlərdə çıxış etməklə
yanaşı, insanların suallarını da ətraflı
cavablandırdı, diqqətə çatdırılan
müxtəlif məsələlərin yerində həlli
üçün müvafiq tapşırıqlarını
verdi. Təbii ki, dahi rəhbərin insanlarla bu cür səmimi
şəkildə ünsiyyətdə olması, onları dinləyərək
müvafiq tövsiyə, tapşırıq və göstərişlərini
verməsi bizim üçün ayrıca bir məktəb idi.
Görüşlərdə biz, həmçinin insanların
Ümummilli lider Heydər Əliyevə necə rəğbətlə
yanaşdıqlarını, Onun fəaliyyətini çox
yüksək qiymətləndirdiklərini müşahidə
edirdik. Bu, təsadüfi deyildi, çünki Ulu öndər
Azərbaycan xalqının rifahı və
firavanlığı üçün misilsiz işlər
görmüşdü...
- Yeri gəlmişkən, Ulu
öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində
ölkəmizə rəhbərlik etdiyi dönəm
respublikamızın tərəqqi dövrü kimi yadda
qaldı. Bu dövrdə həyata keçirilən tədbirlər
və əldə edilən nəticələrlə
bağlı fikirlərinizi bilmək istərdik...
- Həmin dövrdə
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
görülən işlər – həyata keçirilən tədbirlər
respublikamızın dirçəlişini və
inkişafını, eləcə də əhalinin
rifahının daha da yaxşılaşmasını təmin
etdi, yeni perspektivlər yaratdı. Bilirsiniz ki, o vaxt
SSRİ-nin tərkibində olan ayrı-ayrı
respublikaların inkişaf göstəriciləri fərqli idi.
Azərbaycan isə 1969-cu ilədək sənaye, kənd təsərrüfatı
və digər strateji əhəmiyyətli sahələrdə
nailiyyətlər əldə edə bilməmişdi, hətta
respublikada ciddi tənəzzül müşahidə edilirdi. Yəni Azərbaycan İttifaq miqyasında
sosial-iqtisadi göstəricilərə görə nəinki
ön cərgədə qərarlaşa bilməmişdi, hətta
olduqca geridə qalmış, sonuncu sıralarda qərarlaşmışdı.
Belə olan halda, ayrı-ayrı sahələrin
inkişafını və respublikanın tərəqqisini təmin
edəcək konkret fəaliyyət planı və real
işlər ortaya qoymaq lazım idi. Bunu etmək mümkün
idi, çünki respublikamız geniş potensiala malik idi. Məhz Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilərək respublikanın rəhbəri olmasından
sonra bu məqsədə nail olmaq, yəni Azərbaycanın
inkişafı və yüksəlişini təmin etmək
mümkün oldu. Təsadüfi deyil ki, qısa
müddətdə Azərbaycan İttifaq səviyyəsində
sənaye istehsalının artım sürətinə görə
ilk yerdə qərarlaşdı, digər sahələrdə də
çox əhəmiyyətli irəliləyişlər qeydə
alındı. Ən əsası, aqrar sektorun
inkişafını təmin edən, bu sahədə
yeni perspektivlər yaradan mühüm işlər
görüldü, əhəmiyyətli nəticələr əldə
edildi. 1970-ci ildə Heydər Əliyev təşəbbüsü
və səyləri ilə SSRİ Nazirlər Sovetinin qəbul
etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını
inkişaf etdirmək tədbirləri haqqında” Qərar
bu sahənin inkişafına xdmət edən mühüm vasitə
oldu. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də
kənd təsərrüfatı istehsalını daha da
ixtisaslaşdırmaq, üzümçülüyü və
şərabçılığı inkişaf etdirmək
haqqında” Qərar da böyük əhəmiyyətə
malik idi. Kənd təsərrüfatı sənaye təməli
üzərində inkişaf etdirilməsi və istehsal olunan məhsulların
orta illik həcminin mütəmadi olaraq atırılması
böyük nailiyyət idi. Artıq 1982-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsal həcmi ilk dövrlərlə
müqayisədə 6 dəfə artırılmışdı.
Ümummilli lider Heydər Əliyev 1982-ci ilin
dekabrında Sovet İKP MK Siyasi Bürosunun üzvü
seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edildi. Bu,
xalqımız və respublikamız üçün
büyük nailiyyət idi. Ulu öndər bu dövrdə də
misilsiz xidmətləri ilə ayrı-ayrı sahələrdə
genişmiqyaslı işlər gördü, Azərbaycanın
inkişafına, xalqımızın rifahının
yaxşılaşmasına xidmət edən addımlar
atıldı.
Əlbəttə, bütün bu
nailiyyətlərin təməlini təşkil edən
başlıca amil Ümummilli liderin Öz xalqının
rifahı üçün böyük fədakarlıqlar
nümayiş etdirərək yorulmaz və səmərəli
fəaliyyət göstərməsi idi. Ulu öndər
Heydər Əliyev xalqına dərindən bağlı olan və
böyük məhəbbət bəsləyən vətənpərvər
şəxsiyyət idi. Dahi şəxsiyyət,
uzaqgörən lider olan Heydər Əliyev həm SSRİ
dövründə respublikamıza rəhbərlik etdiyi zaman, həm
də müstəqillik dövründə ölkəmizə rəhbərliyi
dövründə öz həyatını doğma xalqına
həsr edərək xalqa ləyaqətlə xidmət etmiş, Azərbaycanı inamla irəliyə
aparırmışdı. Xalqımız Ümummilli liderin
yüksək vətənpərvərlik hisslərini, Öz
xalqına münasibətini, respublikamızın
inkişafına xidmət edən gərgin fəaliyyətini, əvəzolunmaz
işlərini, misilsiz xidmətlərini xüsusi qiymətləndirirdi.
Bu gün də qədirbilən Azərbaycan xalqı Ulu
öndərin mililsiz xidmətlərini çox yüksək
qiymətləndirir, xalqımız Heydər Əliyevin xatirəsini
öz qəlbində yaşadır.
- Bəs Ulu öndərin 1969-1982-ci illərdə
respublikamıza rəhbərlik etdiyi dövrdə su və
meliorasiya təsərrüfatı sahəsində görülən
işlərin əhəmiyyəti haqqında nə söyləmək
olar?
- Əvvəla qeyd edim ki, Ulu
öndər Heydər Əliyev 1969-1982-ci illərdə
respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və
su təsərrüfatının inkişafını da
xüsusi diqqət mərkəzində saxlayırdı.
Ölkəmizdə meliorasiya və irriqasiyanın
inkişafı, bu sahədə aparılan islahatlar, böyük
quruculuq işləri, geniş meliorasiya potensialının
yaradılması və perspektiv proqramların qəbul edilməsi
Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin
bəhrəsi olub. Ulu öndər respublikada kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasının meliorasiya və su təsərrüfatı
sahəsini inkişaf etdirmədən mümkün
olmadığını böyük uzaqgörənliklə
qeyd edirdi. “Meliorasiya və su təsərrüfatı
obyektləri bizim sərvətimizdir və bu sərvətdən
səmərəli istifadə etməliyik”,-deyən
Ümummilli liderin tapşırıq və göstərişləri
əsasında bu sahədə mühüm işlər
görüldü, əhəmiyyətli uğurlara nail olundu.
Bütövlükdə, 1969-1982-ci illərdə
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
meliorasiya və su təsərrüfatında böyük
quruculuq işləri aparılıb, güclü istehsal
bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat
və layihə-axtarış institutlarına malik
ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını
bölüşdürən və tənzimləyən suvarma
sistemləri, kollektor-drenaj şəbəkələri, nasos
stansiyaları və su anbarından ibarət tutarlı
meliorasiya və su təsərrüfatı kompleksi
yaradılıb, suvarılan torpaqların ümumi sahəsi 1,5
dəfə artıb. Həmin illərdə
meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki
50 il ərzində qoyulan vəsaitdən 2 dəfədən
çox vəsait qoyulub, min kilometrlərlə suvarma
kanalları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları,
hidroqovşaqlar ümumi su tutumu 3 milyard kubmetr olan su
anbarları və s. tikilib istifadəyə verilib, meliorativ
fondların həcmi 2 dəfədən çox artıb və
bütün bunların hesabına torpaqların məhsuldarlığı
qat-qat yüksəlib, suvarma əkinçiliyi özünü
doğruldub, böyük səmərə verib.
Ulu öndər Heydər Əliyev İttifaq rəhbərliyindən
olarkən də meliorasiya və su təsərrüfatı sahəsinə
öz qayğısını əsirgəmir, bu sahədə
işlərin gedişinə daim nəzarət edirdi. Həmin dövrdə Ümummilli liderin yaxından
köməkliyi sayəsində respublika üçün son dərəcə
vacib olan Baş Mil-Muğan kollektorunun yenidən qurulması,
Naxçıvan MR-da Vayxır su anbarının, Şəmkir
magistral kanalının və onlarla digər vacib obyektlərin
tikintisi ilə əlaqədar məsələlərə
baxılıb həll olunmuşdur.
- Müstəqillik dövründə bu sahədə
nə kimi tədbirlər həyata keçirildi, hansı nəticələr
əldə olundu?
- Müstəqillik
dövrünün ilk illərində ölkədə
bütün sahələrdə olduğu kimi, meliorasiya və
su təsərrüfatı sahəsində də
böhranlı vəziyyət hökm sürürdü.
Böyük zəhmət və külli miqdarda vəsait
hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına
düşmüşdü, sahənin fəaliyyətinə və
inkişafına ayrılan sərmayənin həcmi heçə
endirilmişdi. 1993-cü ildə Ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
gəlməsindən sonra meliorasiya və su təsərrüfatı
sahəsi öz inkişafının yeni mərhələsinə
qədəm qoydu. Bu sahəyə diqqət və
dövlət qayğısı bərpa olundu, mövcud
meliorasiya potensialının dağıdılmasının
qarşısı alındı, ondan daha səmərəli
istifadə olunması yolları və sahənin gələcək
inkişaf istiqamətləri müəyyənləşdirildi.
Hər il meliorasiya su təsərrüfatı
sistemlərinin istismarına müəyyən miqdarda vəsait
ayrılaraq təmizləmə işləri həyata
keçirildi və bu vəsaitin həcmi ilbəil
artırıldı. Aqrar sahədə aparılan islahatlarla
paralel olaraq meliorasiya və su təsərrüfatında da
islahatların aparılmasına başlanıldı.
İlk növbədə islahatların normativ hüquqi
bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq
normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə
“Meliorasiya və İrriqasiya haqqında”, 1997-ci ildə “Azərbaycan
Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə
“Hidrotexniki qurğuların təhlükəsizliyi
haqqında” qanunlar qəbul edildi. “Meliorasiya və İrriqasiya
haqqında” qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin
əsas istiqamətləri və prinsipləri, meliorasiya və
irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi.
Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin qəbul
olunması mühüm əhəmiyyətə malik oldu. Meliorasiya və irriqasiya sahəsində
islahatların aparılması və onun gələcək
inkişafının təmin olunması üçün
ümdə əhəmiyyətə malik olan bu iki qanun və
onların əsasında qəbul olunmuş 30-a yaxın
normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatı
sahəsində fəaliyyətin, su təsərrüfatının
idarə olunmasının və su münasibətləri sahəsində
islahatların əsas istiqamətlərini və prinsiplərini,
habelə su təsərrüfatı obyektlərində
mülkiyyət münasibətlərini müəyyənləşdirdi.
O vaxt özəlləşdirmə proqramına meliorasiya
obyektlərinin də özəlləşməsi məsələsinin
daxil edilməsi müzakirə edilirdi. Bu barədə
keçirilən iclaslardan birində meliorasiya obyektlərinin
özəlləşməsi qadağan olunan obyektlərin
siyahısına daxil edilməsinin məqsədəmüvafiq
olduğunu Ümummilli lider Heydər Əliyevin diqqətinə
çatdırdım və Ulu öndər bu təklifi dəstəklədi.
Bütövlükdə, meliorasiya və su təsərrüfatı
sahəsində görülən ardıcıl, məqsədyönlü
işlər bu istiqamətdə əsaslı
dönüşün yaranmasına səbəb oldu.
- Əhməd müəllim, müasir müstəqil
Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Azərbaycan Ulu öndərin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə möhtəşəm
nailiyyətlər qazanır. Bugünkü reallıqları və
perspektivi necə dəyərləndirirsiniz?
- Ümummilli lider Heydər
Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün
dövrlərdə həyata keçirilən siyasət,
aparılan islahatlar gələcək inkişafın fundamental
bazasını, etibarlı təməlini yaradıb və bu
gün biz bunun nəticələrini bütün sahələrdə
aydın görürük. Bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
siyasəti uğurla davam etdirir, bu siyasət milli maraqlara,
müasir tələblər və
çağırışlara cavab verir, yeni müsbət
reallıqların yaranmasını şərtləndirir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin nəticəsi
kimi, Azərbaycan güclü – qüdrətli ölkəyə,
ən əsası, regionun lider dövlətinə
çevrilib. Son 15 ildə əldə edilən
nailiyyətlərə, sosial-iqtisadi inkişaf sahəsində
göstəricilərə nəzər saldıqda aydın
görünür ki, Azərbaycan çox böyük bir yol qət
edib və bu gün də yeni zirvələr fəth edir.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi
altında öz tarixinin yeni inkişaf mərhələsini
yaşayır. Ölkəmizdə bütün sahələrdə
dərin islahatlar həyata keçirilir. Müxtəlif
proqramların, o cümlədən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının və
“Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə
icrası inkişafın dinamizmini artırır və əhatəsini
daha da genişləndirir. Son 15 ildə
meliorasiya və su təsərrüfatı sahəsində də
çox mühüm işlər görülüb, meliorasiya
və irriqasiya sistemlərinin normal istismarının təşkili,
tələb olunan həcmlərdə təmir-bərpa işlərinin
görülməsi, suvarılan torpaqların su təminatının
və onların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularına qarşı mübarizə işlərinin davam
etdirilməsi və digər istiqamətlərdə müvafiq
tədbirlər həyata keçirilib.
Nəticə etibarilə, Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin
addımlarla irəliləyir, bütün sahələrdə
davamlı nailiyyətlər əldə edir. Azərbaycan
xalqı bu reallıqları çox yüksək qiymətləndirərək
Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Əminliklə söyləmək olar ki, Ümummilli lider Heydər
Əliyevin ideyaları əsasında inkişaf edən
müasir müstəqil Azərbaycan yeni möhtəşəm
uğurlar qazanacaq və güclü, qüdrətli
dövlət kimi öz inkişafını uğurla davam etdirəcək.
Yeni Azərbaycan.-
2018.- 11 dekabr.- S.8.