Azərbaycanlı gənc fleytaçı
Fransada “Qızıl açar” mükafatına
layiq görülüb
Fransanın Ecole Normale de Musique de
Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı
fleytaçı Ağarəhim
Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına
layiq görülüb.
AZƏRTAC xəbər
verir ki, 2018-ci ildə Paris, Bolqarıstan, İsrail, Mərakeş, Pekin, Nyu-York, Sankt-Peterburq, Mayami, Martinik, Qvadelupa, Papeete, Numea, La Reünyon,
Vilnüs, Sürix, Praqada keçirilən “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqələrinin mükafatlandırma
mərasimi İle-de-France
regionunun Le Raincy kommunasında təşkil olunub.
Münsiflər heyətinin tanınmış
musiqiçilərdən ibarət
olduğu müsabiqədə
Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim
Quliyev fleyta aləti üzrə “Qızıl açar” mükafatını qazanıb.
O, İtaliya bəstəkarı
Pietro Morlaççinin
“İl pastore svizzero” musiqisini ifa edib.
Qeyd edək ki, Ağarəhim
Quliyev Ecole Normale de Musique de
Paris-Alfred-Cortot ali musiqi məktəbinə iki ay əvvəl daxil olub. 2016-cı ildə
ölkəmizdə “Multikulturalizm
ili” çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində gənc
Prezident təqaüdçülərinin
konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb.
İstedadlı gənc musiqiçi bir neçə beynəlxalq müsabiqəyə
qatılıb. O, Estoniyanın Narva şəhərində
“Baltika ulduzları” IV
Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi
təmsil edib. 2012-ci ildə Bakıda ISESCO-nun,
Azərbaycan Gənclər
və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı
ilə İslam dünyasının
gənc klassik musiqi ifaçılarının
birinci beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb.
Yeni Azərbaycan.2018.- 12 dekabr.- S.11