Azərbaycan xalqı
Ümummilli lider Heydər Əliyevin xatirəsini daim öz qəlbində
yaşadacaq
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının
sədri Hüseynbala Mirələmov www.yap.org.az saytına
müsahibə verib:
- Hüseynbala müəllim, dünya tarixinə
nəzər saldıqda xalqların və dövlətlərin
taleyində lider fenomeninin və liderlik faktorunun çox
mühüm yerə malik olduğunu görürük. Bu baxımdan, Azərbaycanın dövlətçilik
tarixində lider fenomeninin yeri, o cümlədən bu kontekstdə
Ümummilli lider Heydər Əliyevin xalqımız və
dövlətimiz qarşısında tarixi əhəmiyyətə
malik olan misilsiz xidmətləri barədə nə deyə bilərsiniz?
- Tarixin müxtəlif dövrlərində
liderlər ayrı-ayrı millətlərin, xalqların və
bəzən bütün bəşəriyyətin tarixində
dönüşə səbəb olmuş tarixi şəxsiyyətlər
qismində çıxış ediblər. Ümumiyyətlə,
liderlik xüsusi istedaddır və o, heç də siyasətin
hər bir subyektində olmur. Yalnız müstəqil
düşüncəsi, parlaq zəkası olan və kütlənin
marağını ifadə edən şəxsiyyət lider ola
bilər. Tarix boyu liderlərin müxtəlif xalqların
ictimai-siyasi taleyində, dövlətlərin dünyanın
siyasi xəritəsində və beynəlxalq münasibətlər
sistemində yeri və roluna həlledici təsirinə dair
çoxsaylı nümunələr mövcuddur. Bu mənada,
Azərbaycanın da siyasi və dövlətçilik tarixində
lider fenomeninin, liderlik faktorunun rolu və təsiri istisna deyil.
Azərbaycan xalqının Ümummilli lideri
olan Heydər Əliyev nəinki xalqımız,
bütövlükdə türk dünyası
üçün əvəzsiz bir fenomendir. Ulu öndər XX əsrin
bağrından qopan, Tanrının Azərbaycana bəxş
etdiyi düha, yeni, müstəqil Azərbaycanın memarı və
qurucusudur. Dahi şəxsiyyətin ölkəmizin
ən yeni tarixində, bütövlükdə Azərbaycanın
dövlətçilik tarixində yeri və roluna nəzər
salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə
gördüyü misilsiz işlərin, altına imza
atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə
xüsusi diqqət yetirmək lazımdır. Ulu öndərin 1969-1982-ci illərdə
respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanın
sıçrayışlı inkişafının, intibah və
yüksəlişinin, bütün sahələri əhatə
edən tərəqqinin əsası qoyuldu, respublikamız
SSRİ miqyasında inkişaf göstəricilərinə
görə ön sıralarda yer tutmağa
başladı. Bu, dahi şəxsiyyət Heydər Əliyevin
uzaqgörən, məqsədyönlü siyasətinin real nəticəsi
idi. Ulu öndər həmçinin milli təəssübkeşlik
və güclü vətənpərvərlik hissləri ilə,
azərbaycançılıq ideyası əsasında milli mənəvi
dəyərlərin qorunması və inkişafına xidmət
edən mühüm addımlar atdı, eləcə də
respublikamızın inkişafı naminə kadr
hazırlığı məsələsinə xüsusi diqqət
yetirdi. Yəni Ulu öndərin həmin dövrdə
gördüyü genişmiqyaslı işlərin dərin məzmuna
və böyük əhəmiyyətə malikdir.
Müstəqillik dövründə
isə Ümummilli lider Heydər Əliyev Azərbaycanı
parçalanmaq, məhv olmaq təhlükəsindən, xaos və
anarxiyadan xilas edərək inkişaf yoluna
çıxardı. Buna görə də haqlı olaraq Ulu
öndər müstəqil Azərbaycanın memarı və
qurucusu, Azərbaycan xalqının Ümummilli lideri
adlandırılır. Bilirsiniz ki, müstəqilliyin ilk iki
ilində, yəni 1991-1993-cü illərdə Azərbaycanda hərc-mərclik
hökm sürürdü, bütün sahələrdə
getdikcə dərinləşən tənəzzülün
fonunda ölkə iflasa düçar olmuşdu. O zaman hakimiyyətdə
olan qüvvələr isə xaos və tənəzzülü
aradan qaldırmaq gücünə, iradəsinə malik deyildilər.
Azərbaycan xalqının yeganə ümidi məhz zəngin
dövlətçilik təcrübəsinə malik olan,
dövlətimizin mənafeyini hər şeydən
üstün tutan dahi şəxsiyyət Heydər Əliyevə
idi. Məhz xalqın təkidli tələbi ilə 1993-cü
ildə hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində Azərbaycanda sabitlik təmin olundu,
inkişafın əsası qoyuldu. Bütün
sahələrdə ardıcıl, səmərəli, gələcəyə
hesablanmış misilsiz işlər görüldü, Azərbaycanın
çoxşaxəli və uğurlu beynəlxalq əlaqələri
formalaşdırıldı, respublikamızın ikitərəfli
və çoxtərəfli münasibətləri inkişaf
etdirildi, dünya siyasi arenasında mövqeyi möhkəmləndi.
Beləliklə, Ümummilli lider Heydər Əliyev
güclü-qüdrətli bir məmləkəti - müasir
müstəqil Azərbaycanı yenidən qurdu. O, Öz
adını əbədiyyətə və Azərbaycan tarixinə
xilaskar kimi həkk etdi. Azərbaycan xalqı Ümummilli lider
Heydər Əliyevin xatirəsini daim öz qəlbində
yaşadacaq.
- Ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətinə dair çoxsaylı elmi və bədii-publisistik
əsərlər yazılıb. Siz də bu cür əsərlər
ərsəyə gətirən şəxslərdən
birisiniz. Ümummilli liderin zəngin irsinin təbliği və
öyrənilməsinin əhəmiyyəti barədə
düşüncələriniz nədən ibarətdir?
- Heydər Əliyev irsi indiki və
gələcək nəsillər üçün zəngin mənəvi
xəzinədir, çünki bu irs özündə vətənə,
xalqa və dövlətə xidmət nümunəsini əks
etdirir. Ümumiyyətlə, təkcə Azərbaycanda deyil,
xarici ölkələrdə belə diqqətlə öyrənilən
Heydər Əliyev idarəçiliyinin
möcüzəsi onda idi ki, O, parçalanmaq həddində
olan, vətəndaş müharibəsi ilə üz-üzə
qalan Azərbaycanda xalqın arzusunda olduğu müstəqil
milli dövlətçiliyin əsasını qoydu, onu
möhkəmləndirərək əzəmət verdi, ölkəni
təhdid edən vətəndaş müharibəsinin,
qardaş qırğınının qarşısını
aldı, sabitliyi təmin etdi, Azərbaycanı tərəqqi
yoluna çıxardı.
Bütün bunların fonunda Heydər
Əliyev irsinin təbliği və dərindən öyrənilməsi
böyük əhəmiyyətə malikdir, zəruridir. Ulu
öndərin zəngin irsinin geniş miqyasda təbliği və
öyrənilməsi üçün çoxsaylı əsərlər
yazılıb, müxtəlif dillərə tərcümə
olunub. Mənim də Ulu öndər Heydər Əliyev
haqqında kitablarım çap olunub.
"İşığın izi ilə", "Bir günəş
var", "Həqiqət", "Millətin atası"
belə əsərlərdəndir. Bundan başqa, Moskvanın
"Molodaya qvardiya" nəşriyyatının "Görkəmli
adamların həyatı" seriyasından həmmüəllifi
olduğum "Heydər Əliyev" trilogiyası çap
olunub. Bu kitabı Viktor Andriyanov adlı rus yazıçı
ilə birlikdə ərsəyə gətirmişik. Kitabın
ilk buraxılışı 2005-ci ildə olub. Kitabın IV nəşri
də artıq çapdan çıxıb. Qeyd edim ki, bu kitab
dünyanın 47 dilinə tərcümə olunub.
- Müasir müstəqil Azərbaycan
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən siyasətin nəticəsində Azərbaycan
uğurla inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi
mütəmadi olaraq möhkəmlənir. Azərbaycanın
bugünkü və gələcək mənzərəsi necə
görünür?
- Ulu öndərin Azərbaycan xalqı
qarşısındakı misilsiz xidmətlərindən biri
Özündən sonra layiqli varis yetişdirməsidir. Onun
layiqli varisi olan Prezident İlham Əliyev yüksək xarizmaya
və liderlik istedadına malik olan, xalqın, dövlətin mənafelərini
hər şeydən üstün tutan şəxsiyyətdir. Ulu öndərin əsasını qoyduğu siyasəti
layiqincə və uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə görülən işlər,
həyata keçirilən daxili və xarici siyasət kursu Azərbaycanı
güclü-qüdrətli dövlətə çevirib,
respublikamızın qarşısında yeni inkişaf
üfüqləri açılıb. Bu gün
Azərbaycan xalqı öz dövləti ilə qürur duyur,
çünki müstəqil respublikamızın üçrəngli
bayrağı ən yüksək zirvələrdə
dalğalanır, qazanılan nailiyyətlər ölkəmizin
öz inkişafını inamla davam etdirməsini təmin edir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə
söz və nüfuz sahibi olması böyük qürur və
iftixar yaradır.
Ümumiyyətlə, Ulu öndər
Heydər Əliyevin layiqli varisi olan cənab İlham Əliyev
2003-cü ildə Azərbaycan xalqının böyük
etimadı əsasında Prezident seçildikdən sonra
insanları bəyan etdiyi bəşəri məqsəd və
dəyərlər ətrafında birləşdirdi, milli
maraqlarımızın qorunmasına xidmət edən
siyasəti uğurla həyata keçirdi. XXI əsrin
ilk onilliyində ölkənin sosial-iqtisadi
inkişafının yeni hədəflərini müəyyənləşdirən
dövlət proqramları işlənib hazırlandı və
həyata keçirilməyə başlandı. Gənc
müstəqil dövlətin qısa zamanda
qazandığı uğurlar, eyni zamanda, beynəlxalq aləmdə
yüksək qiymətləndirildi. Azərbaycan
böyük bir inkişafa, iqtisadi sıçrayışa
nail oldu. İnsan kapitalının keyfiyyətcə yüksək
inkişafı təmin edildi, cəmiyyətin yüksək
sosial rifahını təmin edən rəqabətqabiliyyətli
yeni sosial-iqtisadi model yaradıldı, bütün sahələri
əhatə edən çoxşaxəli islahatlar müvəffəqiyyətlə
reallaşdırıldı.
Bu gün Azərbaycan dinamik
inkişafını uğurla davam etdirir, yeni zirvələr fəth
edərək tarixi nailiyyətlər qazanır. Respublikamız
beynəlxalq miqyasda demokratik, hüquqi və sosial dövlət
kimi tanınır. Ümummilli lider Heydər Əliyevin
dövlətçilik təcrübəsi və zəngin
siyasi irsi əsasında, müasir
çağırışlara və reallıqlara uyğun
olaraq davam etdirilən inkişaf siyasəti Azərbaycanın gələcəyinin
də parlaq və uğurlu olacağına əminlik
yaradır. Hər bir azərbaycanlının Prezidenti olan cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim zirvələrdə
olacaq, yeni uğurlar qazanaraq öz qüdrətini daha da
artıracaq.
Yeni Azərbaycan.-
2018.- 12 dekabr.- S.10