Azərbaycanın regionlarında əkin sahələrinin su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır

 

Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib

Müstəqil Azərbaycanda ölkənin güclü iqtisadi potensialı nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü siyasətin mühüm bir istiqamətini müasir infrastruktur quruculuğu təşkil edir. Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün respublika üzrə yeni generasiya güclərinin yaradılması, şəhər və kəndlərin qazlaşdırılması, içməli su təminatının yaxşılaşdırılması, magistral və kənd yollarının abadlaşdırılması ilə bağlı çoxlu sayda layihələr reallaşdırılıb. Görülən işlərin nəticəsi olaraq Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müasir infrastruktur regionlarda iqtisadi aktivliyin artmasına, eyni zamanda insanların həyat səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərib.

Ölkədə meliorasiya sahəsinə əsaslı kapital qoyuluşu getdikcə artır

Azərbaycanda intensiv şəkildə həyata keçirilən müasir infrastruktur quruculuğundan söhbət açarkən regionlarda hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin də önəmini qeyd etmək lazımdır. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.

Bunu KİV-ə açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib. Ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsinin də son 15 ildə böyük iqtisadi inkişaf yolu keçdiyini vurğulayan ASC rəsmisi deyib: “Bu sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb və maddi-texniki baza xeyli yaxşılaşdırılıb. Ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları istifadəyə verilib, 4,1 min kilometr suvarma kanalları və 2,7 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və təmir-bərpa edilib, 2234 subartezian quyusu qazılıb. Həmçinin sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib”.

Ölkədə reallaşdırılan meliorativ tədbirlərin miqyası ilbəil daha da genişlənir. Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə ərazisində 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib ki, bu da kənd təsərrüfatının intensiv inkişafına və yüksək məhsul alınmasına geniş imkan yaradıb. ASC rəsmisinin sözlərinə görə, cari ildə daha 100 min hektar torpaq sahəsinin meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının və nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası və digər meliorativ tədbirlər görülür.

“Bu il Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər, Sabirabad rayonunda “H” kanalının, Neftçala rayonunda Neftçala magistral kanalının tikintisi, Hacıqabul, Ağcabədi və digər rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər başa çatdırılacaq”, - deyə Dilqəm Şərifov əlavə edib.

Bölgələrdə 300 subartezian quyusunun layihələndirilməsi və qazılması işləri yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb. ASC-nin mətbuat katibi bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 12 mart tarixli “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılmışdı. Sərəncamda nəzərdə tutulan bütün tədbirlərin hamısı uğurla yekunlaşıb.

Dilqəm Şərifovun sözlərinə görə, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.

Ağcabədidə qazılan yeni subartezian quyuları vasitəsilə 570 hektar əkin sahəsinin suvarılması təmin ediləcək

Ağcabədi rayonunda da əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır. Cari il oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağcabədi rayonunda qazılmış 19 ədəd subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonun Şərəfxanlı kəndində keçirilən tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və rayon icra hakimiyyətinin nümayəndələri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov və rayon rəhbərliyi tədbirdə çıxış edərək əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə Ağcabədi rayonunda 2005-2018-ci illərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 200 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Yeni layihə çərçivəsində rayonun Hindarx, Poladlı, Taynaq, Sarıcalı, Şərəfxanlı, Bala Kəhrizli, Muğanlı, Hüsülü, Göyük, Minaxorlu, Yuxarı Qiyaməddinli, Şahsevən qəsəbə və kəndlərində, həmçinin Lənbəran qışlağı ərazisində Atçılıq Təsərrüfatının sahəsində ümumilikdə 19 ədəd subartezian quyusu qazılaraq istismara tam hazır vəziyyətə gətirilib. Yeni istifadəyə verilən subartezian quyuları vasitəsilə 570 hektar əkin sahəsi suvarılacaq.

Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrində 35 subartezian quyusu qazılacaq

Ağdam rayonunun işğal altında olmayan 20 yaşayış məntəqəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun qazılması ilə əlaqədar podratçı təşkilatlarla müqavilələr imzalanıb. Dilqəm Şərifovun bildirdiyinə görə, qazılacaq subartezian quyularının yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri də hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26 min 265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb. Hazırda Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Regionlarda pivot suvarma sisteminin tətbiqinə “yaşıl işıq” yandırılır

Respublikanın bölgələrində müasir suvarma metodlarının, o cümlədən də pivot suvarma sisteminin tətbiqinə “yaşıl işıq” yandırılır. Pivot suvarma sahəsində dünyanın ən müasir və praqmatik üsullarından birini təklif edən “Lindsay”ın Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkəti ölkənin aqrar sektoruna sözügedən sahədə yeni həll variantları təqdim etməkdə qərarlıdır. Bəs yerli kənd təsərrüfatı istehsalçıları “Lindsay” məhsullarının tətbiqi ilə nə qazanır?

Əvvəlcə bildirək ki, “Lindsay” şirkətinin fəaliyyət fəlsəfəsinin qayəsini məhsuldarlığın maksimal artırılması təşkil edir. Təklif olunan müasir texnologiyalar sayəsində hər bir fermer üçün individual və kompleks yanaşma təqdim olunur. İkincisi, “Lindsay” bütün növ suvarma sistemlərinə malikdir. Buraya fırlanan tamancalı şlanqlar, dairəvi, frontal pivot sistemləri daxildir. Nəticə etibari ilə onlar istənilən torpaq sahəsinə uyğunlaşdırılmaqla ən keyfiyyətli məhsul əldə edilməsinə səbəb olur. Bundan əlavə, “Lindsay”ın pivot suvarma sistemlərini tətbiq etməklə, məhsul istehsalçıları 35-40 faiz daha az su istifadə edəcəklər və s. Bu yerdə qeyd edək ki, dünyada kənd təsərrüfatında istifadə olunan torpaqların yalnız 18 faizi suvarılır, lakin bu torpaqlar planetdə ümumi istehsal olunan məhsulun 50 faizini verir. Ekspertlərin hesablamalarına görə, sudan düzgün istifadə etməklə Azərbaycanda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan, yəni ekstensiv deyil, intensiv üsulla inkişaf etdirərək 2-3 dəfəyədək artırmaq olar.

“Lindsay” pivot sistemləri dünyanın ən qabaqcıl suvarma sistemləridir. İndiyədək Azərbaycanın ən iri fermer təsərrüfatlarında, yeni yaradılan aqroparklarda, ümumilikdə, 500-ə qədər “Lindsay” pivot sistemi uğurla quraşdırılaraq istifadəyə verilib. Bu sistemlə torpaqların şoranlaşmasının qarşısı alınır, bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir, nəticədə məhsuldarlıq bir neçə dəfə artır.

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2018.- 14 dekabr.- S.7.