Azərbaycanda uşaq və gənclərin mənəvi-fiziki inkişafı dövlətin diqqət mərkəzindədir

 

Azərbaycanda uşaq və gənclərin fiziki, mənəvi inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, - deyən Ümummilli lider Heydər Əliyev uşaq və gənclərin layiqli vətəndaş kimi formalaşmasına böyük diqqət yetirirdi. Xatırladaq ki, Ulu öndərin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, “Bakı SOS uşaq kəndi” salınıb və digər zəruri işlər görülüb.

Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün genişmiqyaslı işlər görülür. Uşaqların mənəvi-fiziki inkişafında təhsilin rolu danılmazdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası sayəsində təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbə hazırlığına başlanılıb. 2016-cı ildə həmin yaşda olan uşaqların 55 faizi, 2017-ci ildə 65 faizi, cari ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilib. Eyni zamanda, ölkəmizdə uşaqların peşə təhsilinə və ali məktəblərə hazırlığına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində, o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, “Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə son illərdə 83 peşə təhsili müəssisəsi yaradılıb. 2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Bundan başqa, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə fənlər üzrə olimpiada hərəkatı genişlənib. Məsələn, respublika fənn olimpiadalarında bu il 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq fənn olimpiadalarında isə medalların sayı artıb. 2013-2018-ci illərdə beynəlxalq yarışlara qatılan məktəblilərimiz ölkəyə 3 qızıl, 28 gümüş və 100 bürünc medalla qayıdıblar.

Eyni zamanda, son illər uşaq və gənclərimizin fiziki tərbiyəsinə dövlət tərəfindən göstərilən qayğı da öz müsbət nəticəsini verməkdədir. İdmanın kütləviliyi genişləndirilir, olimpiya hərəkatının inkişafı üçün ayrı-ayrı zonalarda müasir standartlara uyğun idman kompleksləri tikilərək istifadəyə verilir. Ulu öndər Heydər Əliyev fiziki tərbiyəni daim diqqətdə saxlamağı tövsiyə edirdi: “İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”.

Bu gün gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya və Avropa çempionatlarından, olimpiadalarından gəlir.

Uşaq və yeniyetmələrə dövlət qayğısı ilə bərabər, Azərbaycanda düşünülmüş, hərtərəfli gənclər siyasəti həyata keçirilir. 1 fevral 1997-ci il tarixdə fəal gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” Fərman bu sahəyə böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qeyd edək ki, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Bakıda və regionlarda Olimpiya İdman Kompleksləri istifadəyə verilib. 2002-2003-cü illərdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin qəbul edilməsinin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və digər proqramlar hazırlandı. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verdi.

Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. Bu istiqamətdə müvafiq proqramlar qəbul olunub və məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclər siyasətinin prioritetlərini müəyyən edir. Gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, onların azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi, istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması, onların asudə vaxtının səmərəli təşkili həmin prioritetlər sırasındadır.

Digər tərəfdən, dövlət başçısının müvafiq Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlər təşkil olunur, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclər xüsusi mükafatlarla təltif edilirlər, gənclər tərəfindən təqdim olunmuş layihələr maliyyələşdirilir, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakı təmin edilir, müxtəlif istiqamətlər üzrə yarışlar təşkil olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi isə mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər evləri” gənclərin maraq dairəsini genişləndirərək, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan verib. Bütün bunlar gənclərə xüsusi diqqət və qayğının göstəricisi, onların fiziki, mənəvi inkişafının dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir. Ümumiyyətlə, bütün bu səmərəli tədbirlərin qanunauyğun nəticəsi kimi, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Ölkədə könüllülük hərəkatı genişlənib, 2012-ci il “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 Bakı Qran-Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət alıb.

Bütövlükdə, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz aktiv fəaliyyətləri ilə seçilirlər. Azərbaycan gəncliyi özünəinam ruhunda inkişaf edir, dövlətin göstərdiyi yüksək diqqət və qayğının məsuliyyətini dərk edir, ona göstərilən etimadı doğruldur. Nəticə etibarilə, bu gün ölkəmizdə istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gənclərin fiziki-mənəvi inkişafı, yeni nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görülür, səmərəli nəticələr əldə edilir. Uğurlu gənclər siyasəti ölkənin etibarlı gələcəyini təmin edən mühüm vasitə olmaqla yanaşı, cəmiyyətin dinamik təbəqəsi qismində çıxış edən gənclər qarşısında yeni perspektivlər açır.

Zahid İLHAMOĞLU

Yeni Azərbaycan.- 2018.- 14 dekabr.- S.6.