Azərbaycanda
bütün fundamental azadlıqlar təmin edilib
Ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunması istiqamətində
görülən işlər davamlı xarakter
daşıyır
Öz inkişafına görə Cənubi Qafqaz
regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və
azadlıqlarının qorunması yüksək səviyyədə
təmin edilir, bu istiqamətdə ardıcıl olaraq
addımlar atılır. Qeyd edək ki, hüquqi dövlət
quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş
hüquqlarının təmini və qorunması, fundamental
azadlıqların təmin olunması əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan və Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əsas
prioritetlərindəndir. Belə ki, Azərbaycan
Respublikası müstəqillik qazandığı dövrdən,
daha doğrusu, 1993-cü ildən indiyə kimi ölkəmizdə
insan hüquq və azadlıqlarının təmin
olunması, vətəndaş cəmiyyətinin
formalaşdırılması və daha da təkmilləşdirilməsi
istiqamətində çox böyük addımlar
atılıb.
Məlum olduğu kimi, 1991-ci ildə bir əsrdə
ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan
dövləti müstəqilliyinin ilk illərində
böyük fəlakətlərlə, siyasi böhranlarla
üz-üzə qaldı. Yalnız 1993-cü
ilin iyununda xalqın təkidli tələbi ilə
Naxçıvandan Bakıya gələn Ulu öndər Heydər
Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə
başladığı ilk aylarda atdığı müdrik
addımlar sayəsində qısa müddət ərzində
vətəndaş müharibəsi və ölkəmizin
parçalanmaq təhlükəsinin qarşısını
aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə
cəhd göstərən cinayətkar qüvvələr
xalqın dəstəyi ilə zərərsizləşdirildi.
Beləliklə, Ümummilli liderimizin müdrikliyi, dünyada
gedən proseslərə dərindən bələd olması,
baş verən hadisələrin səbəblərinin təhlili
zamanı əvəzolunmaz məharət və
bacarığı, hadisələrin qarşısının
alınması üçün qabaqlayıcı tədbirlər
görmək səriştəsi öz bəhrəsini verdi. Qısa zamanda ölkəmizdə vəziyyət
sabitləşdi və hüquqi dövlət quruculuğu
prosesinə start verildi.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın
demokratik inkişafının mühüm elementi rolunda
çıxış edən ölkə Konstitusiyası
hüquqi dövlət quruculuğu prosesinin əsasını
təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən Azərbaycan
Konstitusiyası öz demokratikliyi, həmçinin insan
hüquq və azadlıqlarının təmini
baxımından mükəmməlliyi ilə seçilir.
Belə ki, ölkəmizin əsas qanununun
müddəalarının təxminən yarıdan çoxu
insan hüquq və azadlıqlarını əhatə edir.
Eləcə də bu gün Milli Məclisdə
İnsan hüquqları komitəsinin, həmçinin ölkəmizdə
Ombudsman Aparatının fəaliyyəti respublikamızda
demokratik prinsiplərə hörmətin göstəricisidir.
İnsan hüquqlarından danışarkən onu da qeyd
etmək yerinə düşər ki, Azərbaycan
tolerantlıq nümunəsi olaraq dünyanın aparıcı
ölkələri üçün də uğurlu model təqdim
edir. Ölkəmizdə dini, irqi, etnik baxımdan
ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün
ölkə vətəndaşları qanun qarşısında
eyni məsuliyyəti daşıyırlar. Digər
tərəfdən, ölkəmizdə söz və mətbuat
azadlığının mövcud olması Azərbaycan
Respublikasının Konstitusiyası ilə təsbit olunur.
Bir sözlə, ölkəmizdə əsas
fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri
ilə qorunur, inkişaf etdirilir. Oktyabrın 25-də
paytaxtımızda keçirilmiş VI Beynəlxalq Humanitar
Forumun rəsmi açılış mərasimindəki
çıxışında bu məqama toxunan Prezident
İlham Əliyev bildirib: “Azərbaycanda bütün fundamental
azadlıqlar təmin edilibdir, o cümlədən söz
azadlığı, sərbəst toplaşma
azadlığı, mətbuat azadlığı, vicdan
azadlığı. Azərbaycan əhalisinin 80
faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə
azad internet fəaliyyət göstərir. Beləliklə,
siyasi islahatların dərinləşməsi ölkəmizdə
iqtisadi islahatlara daha da böyük təkan verir”.
Ölkəmiz, eyni zamanda, insan hüquqlarının
qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq
müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin
1948-ci il qətnaməsi ilə qəbul
olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni
dəstəkləyən Azərbaycan bu istiqamətdə
götürdüyü bütün öhdəlikləri yerinə
yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə
yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək
nəinki öz sərhədləri daxilində, bütün
dünyada insan hüquqlarının qorunmasının
keşiyində dayanır.
Yeri gəlmişkən,
bu il dekabrın 7-də Bakıda Azərbaycan Respublikası
Ombudsmanının təşkilatçılığı ilə
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul
edilməsinin 70 illiyinə həsr olunan “Bərabər
hüquqların təmini sülh və dayanıqlı
inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq
konfransın keçirilməsi də ölkəmizin bu sahəyə
verdiyi önəmin növbəti bariz nümunəsidir. Tədbirdə
qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra 64 əfv sərəncamı imzalanıb, 11 amnistiya
aktı qəbul edilib və bunlar on minlərlə insana
şamil olunub. Bildirilib ki, dövlətimizin ali
məqsədi insan hüquqlarının müdafiəsidir və
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasi kurs ölkədə dayanıqlı
inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə,
hüquq bərabərliyinin təmininə imkan yaradıb. Tədbirdə
çıxış edən Milli Məclisin sədr
müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri
Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycanda insan
hüquqlarının müdafiəsini təmin edən
çox mükəmməl qanunvericilik bazası var. Azərbaycanın
qanunvericilik bazası insanların hüquqlarının bərabər
şəkildə təmin edilməsini gerçəkləşdirən
mühit formalaşdırır. Komitə sədri
vurğulayıb ki, bugünkü nailiyyətlər bu
uğurların əldə edilməsinə töhfə verən
Azərbaycan vətəndaşlarının iştirakı ilə
əldə olunub. Xalqın mütləq dəstəyi
olmadan hər hansı ideyanı gerçəkləşdirmək
qeyri-mümkündür. Bu gün insan
hüquqlarının təminindən, ədalətdən
danışılır: “Müstəqil dövlət olmasa və
insan hüquqlarının təmini üçün lazım
olan şərait yaradılmasa, bütün bunları etmək
olmaz. Azərbaycan ötən illərdə
çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin
vətəndaşı olduğumuz üçün qürur
duyuruq, eyni zamanda, bunun məsuliyyətini
daşımalıyıq. Azərbaycanın
əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və
onun dövlət tərəfindən təmin edilməsi
öz təsbitini tapıb. Dünyada
gündəlik hüquqpozmalar, məişət
zorakılığı, mənsubiyyətə görə fərqqoyma
kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq
təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət
göstərməlidirlər. Bunun
üçün də geniş maarifləndirmə işləri
aparılmalıdır”.
Qeyd etmək
lazımdır ki, Azərbaycan 26 il bundan əvvəl
BMT-nin Uşaq Hüquqları Konvensiyasına da qoşulub. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək
uşaqların ibtidai təhsil almaları, ölüm
hallarının azaldılması və erkən nikahların
qarşısının alınması istiqamətində
işlər görüb. Azərbaycan
hökuməti və parlamenti birgə fəaliyyətlə həssas
ailələrdəki uşaqlara xüsusi diqqət yetirir.
Ən əsası, Azərbaycanda qız
uşaqlarının təhsilə cəlb edilməsi istiqamətində
görülən işlər yüksək səviyyədədir. Azərbaycan
hökuməti qadınların və uşaqların müdafiəsi
sahəsində gələcəkdə görüləcək
işləri və hədəfləri müəyyən edib.
Həmin tədbirlərin ən vacibi ailə
institutunun gücləndirilməsi, reproduktiv sağlamlıq,
qadınların və uşaqların
zorakılığına qarşı tədbirlərin
görülməsidir. Nəzərə
alınmalıdır ki, məişət
zorakılığı problemi hələ də öz
aktuallığını qoruyur və ölkəmizdə
zorakılıq qurbanlarının hüquqlarının
müdafiəsi üçün tədbirlər
görülür. Ötən müddət
ərzində qadınların hüquqlarının müdafiəsi
sahəsində iki mühüm qanun - “Gender siyasəti
haqqında” və “Məişət zorakılığı
haqqında” qanunlar qəbul edilib.
Göründüyü kimi,
Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda
hüquqi dövlətin möhkəmləndirilməsi,
inkişaf etdirilməsi, o cümlədən də vətəndaş
cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və
inkişafı üçün zəmin yaradıb. Daha doğrusu, Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan insan və vətəndaş hüquq və
azadlıqlarının təmin və müdafiə
olunmasına yönəlmiş çoxşaxəli humanizm
siyasəti Prezident İlham Əliyev tərəfindən
müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə
davam etdirilməkdədir. 2007-ci ildə MDB məkanında ilk
dəfə olaraq Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Konsepsiyasının qəbul
olunması, 2008-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması bu qəbildən olan addımlardandır. Məlumat
üçün bildirək ki, Fondun yaradılması bilavasitə
vətəndaş cəmiyyəti institutlarının
inkişafına çox böyük təkan verdi. Bu qurum
vasitəsi ilə dövlət tərəfindən vətəndaş
cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri
ayrılır.
Məhz bu cür ali və humanist mövqeyin
qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18
iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda
İnsan Hüquqları Günü elan edilib. Nəticə
etibarilə, insan və vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə təmin
və müdafiə olunması demokratikləşmə
prosesinin də operativ və effektiv səciyyə
almasını şərtləndirir.
Beləliklə, müstəqilliyimizdən
ötən 27 ildə Azərbaycanın keçdiyi inkişaf
yolunun təhlili bir daha göstərir ki, sosial-iqtisadi
inkişafın yeni mərhələsinə qədəm qoyan
ölkəmizdə, insan hüquq və
azadlıqlarının qorunması istiqamətində
görülən işlər davamlı xarakter
daşıyır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 14 dekabr.- S.6