Regionlarda
arıçılığın inkişafı
üçün stimullaşdırıcı tədbirlər
görülür
Kənd Təsərrüfatı
Nazirliyinin müvafiq komissiyasının bu günlərdə
keçirilən iclasında 26 rayon komissiyasından daxil
olmuş sənədlərə baxılıb, 2189
arıçıya dövlət büdcəsinin vəsaiti
hesabına hər arı ailəsinə 10 (on) manat hesabı ilə
subsidiyanın verilməsi barədə qərarlar qəbul
edilib
Son illərdə qeyri-neft
iqtisadiyyatının üstün inkişafının təmin
olunmasını hədəfləyən Azərbaycanda aqrar
sektorda bir sıra gəlirli sahələrdə istehsal və
ixrac imkanlarının artırılmasına xüsusi diqqət
göstərilir. Belə gəlirli sahələrdən
biri də arıçılıqdır. Məlum olduğu
kimi, Prezident İlham Əliyev 2018-ci il 5 mart tarixində “Azərbaycan
Respublikasında arıçılığın
inkişafının stimullaşdırılması
haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncama
əsasən, arıçılıqla məşğul olan
fiziki və hüquqi şəxslərə saxladıqları
hər arı ailəsinə (pətəyə) görə
2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10
manat məbləğində subsidiya müəyyən edilib.
Kənd təsərrüfatı nazirinin
müavini İlham Quliyevin bildirdiyinə görə,
stimullaşdırıcı tədbirlər hesabına
respublikada arı ailələrinin sayının 2 dəfə
artacağı proqnozlaşdırılır. Hazırda isə
ölkədə 250-300 min arı ailəsi mövcuddur.
Arıçılığın
inkişafının stimullaşdırılması haqqında
müvafiq Sərəncamın icrası yüksək səviyyədə
təmin edilir
Respublikamızda arıçılığın
inkişafının stimullaşdırılması haqqında
müvafiq Sərəncamın icrası yüksək səviyyədə
təmin edilir. Elə bu günlərdə Kənd
Təsərrüfatı Nazirliyində
arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə saxladıqları hər
arı ailəsinə (pətəyə) görə
subsidiyanın verilməsi üzrə Respublika
Komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr
və informasiya təminatı şöbəsindən KİV-ə
bildiriblər ki, Respublika Komissiyasının sədri, kənd
təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi
ilə keçən iclasda 26 rayon komissiyasından daxil
olmuş sənədlərə baxılıb, 2189
arıçıya dövlət büdcəsinin vəsaiti
hesabına hər arı ailəsinə 10 (on) manat hesabı ilə
subsidiyanın verilməsi barədə qərarlar qəbul
edilib.
İclasda Azərbaycan Arıçılar
Assosiasiyasının nümayəndələri də
iştirak ediblər. Rayon (şəhər) komissiyalarından
daxil olan sənədlərə baxılması məqsədilə
yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı
Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan
Arıçılar Assosiasiyasının təmsilçiləri
də daxildir.
Regionlarda arı ailələri qeydiyyata
alınır
Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında arıçılığın
inkişafının stimullaşdırılması
haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamının
icrası ilə əlaqədar olaraq regionlarda arı ailələri
ilk dəfə qeydiyyata alınır. Bu proses Astara rayonunda da
uğurla həyata keçirilir. Belə ki, fermerlərə
ödəniləcək subsidiyaların məbləğini
müəyyənləşdirmək məqsədilə
arı ailəsinin saxlandığı pətəyin üzərinə
nömrə nişanları vurularaq onların qeydiyyatı
aparılır.
Astaralı arıçılar Azərbaycan
Prezidentinin Sərəncamına əsasən
arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə saxladıqları hər
arı ailəsinə (pətəyə) görə 2018-ci il də
daxil olmaqla 5 il müddətinə 10 manat məbləğində
subsidiyanın verilməsini razılıqla qarşılayıblar.
Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov
Prezidentin Sərəncamının icrası ilə
bağlı rayonda görülən təşkilati işlərdən
danışarkən deyib: “Subsidiyanın verilməsinin əsas
məqsədi arıçılığın
inkişafına dövlət dəstəyi göstərmək,
arı ailələrinin genofondunu qorumaqdır.
Arıçılarımız qış
hazırlığını yekunlaşdırmaq üzrədir.
Bu müddət ərzində arı ailələri nəzərdən
keçirilib, mövsüm zamanı bol məhsul götürmək
üçün müvafiq tədbirlər görülüb”.
Qeydiyyata alınan arı ailələri
barədə sənədlərin subsidiyanın verilməsi üzrə
komissiyaya təqdim edilməsindən sonra vəsaitin
arıçıların hesabına köçürüləcəyini
vurğulayan A.Nəzirov ölkəmizdə kənd təsərrüfatının
ənənəvi təsərrüfat sahələrindən
olan arıçılığın inkişafına göstərilən
dövlət dəstəyinə görə astaralı
arıçılar adından dövlətimizin
başçısına minnətdarlığını
bildirib. Qeyd edək ki,
hazırda Astara rayonunda 27 min arı ailəsi var. İndiyədək
16 min arı ailəsi identifikasiya kodu ilə qeydiyyata
alınıb.
Ağcabədi rayonunda da arı ailələrinin (pətəklərin)
identikləşdirilməsi həyata keçirilir. Bu barədə
KİV-ə Ağcabədi rayon Dövlət Aqrar
İnkişaf Mərkəzinin sektor müdiri Etibar Mamedov məlumat
verib. O bildirib ki, Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları
yerində dəqiqləşdirərək arı ailələrinin
mövcudluğunu yoxlayır. Ağcabədi
rayonu üzrə 220 arıçının
saxladığı 3800 pətək qeydiyyata alınıb.
Hazırda arı ailələrinin identikləşdirilməsi
davam etdirilir, düzbucaqlı formada plastik materialdan
hazırlanan lövhə şrup vasitəsilə pətəyə
bərkidilir. Arı ailələrinin
yoxlanılması və mövcudluğu haqqında rayon
komissiyası tərəfindən icmal siyahı, akt və
müvafiq sənədlər tərtib edilərək, respublika
komissiyasına göndərilir.
Masallıda
ilkin mərhələdə arıçılıqla məşğul
olan 90 nəfərə 2244 arı ailəsi üçün
22 min 440 manat məbləğində subsidiya ayrılıb.
Rayonun Hişkədərə kəndində 4, Miyankü kəndində
3, Ərkivan qəsəbəsində 18, Çaxırlı kəndində
14, Yeddioymaq kəndində 16, Sərçuvar kəndində
19, Gəyəçöl kəndində 11 və Səmidxan kəndində
5 ailə subsidiyadan yararlanacaq.
Masallıdakı arı ailələrinin və
arıçıların uçotunun aparılması
üçün 4 işçi qrupu yaradılıb. İşçi
qrupları tərəfindən aparılmış monitorinqlər
nəticəsində rayonda 9 mindən çox arı ailəsinin
olduğu müəyyənləşib.
Sumqayıtda
istifadəyə verilən yeni müəssisədə hər il 10 ton arı tortunun istehsalı
planlaşdırılır
Türkiyə
Respublikasının Azərbaycandakı səfirliyi, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və
“Dağ arıçıları” İctimai Birliyinin sədri,
Qubadlı rayon sakini, arıçılıq üzrə
mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə
Sumqayıtda bal və bal məhsullarının
qablaşdırılması və arı yemi istehsalı
müəssisəsi yaradılıb.
Noyabrın 29-da Sumqayıt şəhərinin
Yaşıldərə yaşayış massivində yerləşən
müəssisənin açılış mərasimi
keçirilib.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri
Erkan Özoral, Qubadlı rayon İcra Hakimiyyətinin
başçısı Malik İsaqov, TİKA-nın nümayəndəsi
Teoman Tiryaki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik
hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Kənd
Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin
mütəxəssisi Fəxrəddin Səmədov, rayonun idarə,
müəssisə rəhbərləri və
arıçılıqla məşğul olan şəxslər
iştirak ediblər.
Açılış mərasimində Azərbaycanda
arıçılığın inkişafına göstərilən
dövlət dəstəyindən danışılıb, bu
sahənin perspektivlərindən bəhs olunub. Bildirilib ki,
arıçılığı inkişaf etdirmək məqsədilə
son illərdə “Dağ arıçıları” İctimai
Birliyi bir sıra tədbirlər həyata keçirib. Bunun nəticəsi olaraq arı ailələrinin
sayı 5200-ə yaxınlaşıb. Arı
ailələrinin sayının artırılması ilə
yanaşı, məhsuldarlığın yüksəldilməsi,
damazlıq-seleksiya işlərinin
yaxşılaşdırılması, istehsal olunan arı məhsullarının
mərkəzləşdirilmiş qaydada
qablaşdırılması və etiketləmə məsələləri
də diqqətdə saxlanılıb. Azərbaycan
Prezidentinin Sərəncamı ilə arıçılara
subsidiyanın ayrılması isə bu sahənin
inkişafına əlavə təkan verəcək.
Açılış mərasimindən sonra müəssisə
ilə tanışlıq olub. Qeyd edilib ki,
arıçılar tərəfindən istehsal edilən ballar
müəssisədə “Dağ arıçıları”
İctimai Birliyi tərəfindən
qablaşdırılır və “Qarabağlı” markası
altında satışa çıxarılır. İstehsal həcmi ildə 20 ton olan müəssisədə
birinci mərhələdə məcburi köçkün
arıçıların məhsulları bir marka ilə
buraxılacaq. Həmçinin müəssisədə hər
il 10 ton arı tortunun istehsalı da
planlaşdırılır və arıçılara
münasib qiymətə satılacaq.
Damazlıq-seleksiya
işinin aparılması arıçılığın
inkişafı üçün vacib şərtlərdən
biridir
“İqtisadi cəhətdən gəlirli sahə olan
arıçılıq həm də ətraf aləmin, ekoloji
mühitin yaxşılaşdırılması
baxımından ən səmərəli təsərrüfat
sahəsi hesab olunur”. Bu fikri Biləsuvar rayonunda
arıçılıqla məşğul olan, Bakıda
keçirilən 19-cu arıçılıq məhsullarının
sərgi-satış yarmarkasının
iştirakçısı Hikmət Əliyev ifadə edib.
Otuz bir
ildir arıçılıqla məşğul olan Hikmət
Əliyev deyib: “Damazlıq-seleksiya işinin yüksək səviyyədə
aparılması arıçılığın
inkişafında mühüm rol oynayır. Bu
bölgədə tarixən mövcud olan və dünyada ən
məhsuldar arı cinslərindən sayılan Boz Qafqaz cinsi
artıq cırlaşıb, mələzləşib. Bu gün arıların cins tərkibinin
yaxşılaşdırılması biz
arıçıların ən ümdə məsələsidir.
Arıçılıqda məhsul istehsalına
müsbət təsir edən əsas amillərdən biri erkən
yaz dövründə arı ailələrinə düzgün
qulluq edilməsidir. Yaz mövsümündə
arıçıların arı pətəklərində
görəcəyi işlər bol məhsulun əldə
olunması baxımından əhəmiyyətlidir”.
Hikmət
Əliyev arı xəstəliklərindən danışarkən
qeyd edib ki, yaz yoxlanışı zamanı pətəklərdə
arı xəstəliklərinin olub-olmamasına nəzarət
etmək vacibdir: “Arı xəstəliklərinin vaxtında
aşkarlanmaması, xəstəliklərə qarşı
mübarizə tədbirlərinin görülməməsi
arı ailəsinin məhv olmasına gətirib
çıxarır. Bundan başqa, xəstəliklər
nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq
da aşağı düşür. Təsərrüfatımızda
arı xəstəliklərinə qarşı təbii
üsullardan - bitki qarışığı və çiləmə
metodundan istifadə edirik. Otları dəmləyib
pətəklərə çiləyirik. Arıların
fəal nektar gətirdiyi vaxtlar, profilaktik tədbirlər
zamanı, kimyəvi vasitələrdən istifadə etmək
olmaz, o cümlədən antibiotiklərdən istifadə
yolverilməzdir. Arıçı yaradıcı
olmalı, hər il öz təsərrüfatında
yeniliklər tətbiq etməlidir. Arı bizə
əməksevərliyi öyrədir”.
H.Əliyev
arıçılıqda müşahidə qabiliyyətinin
vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Müşahidə etdiyim maraqlı hadisəni danışmaq
istərdim. Pətəklərə baxış
keçirdiyim zaman gördüm ki, arılar analıqda ana
yetişdirirlər. Pətəyi
nişanladım. Təkrar yoxlayan zaman iki
ananın bir yerdə işlədiyini gördüm. Belə hadisəyə praktikamda rast gəlməmişdim.
Amma arılar bir anaya qayğı göstərir,
digərinə laqeyd yanaşırdılar. Zəif bəslənilən ana arını məcbur
olub götürdüm. Adətən, pətəkdə
iki ana arı olduqda biri digərini öldürür”.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 15 dekabr.- S.7.