Bakıda
informasiya təhlükəsizliyinin aktual problemlərinə
dair konfrans keçirilib
Dekabrın
14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun
birgə təşkilatçılığı ilə
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar
elmi-praktik problemləri” IV respublika konfransı keçirilib.
Tədbirdə
ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və
AMEA-nın elmi-tədqiqat institutlarının informasiya
texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları
və mütəxəssisləri iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, tədbiri giriş sözü ilə
açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal
informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən
biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi
üzrə konfransın böyük əhəmiyyətə
malik olduğunu söyləyib.
“İnformasiya
cəmiyyətinin uğurlu, dayanıqlı
inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin
təmin olunması səviyyəsindən birbaşa
asılıdır”, - deyən AMEA-nın prezidenti qeyd edib ki,
müasir dünyada rəqəmsallaşdırma və virtual
münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin
rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyinin
milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən
birinə çevrildiyini vurğulayan alim bildirib ki, bu gün
informasiya təhlükəsizliyinin kompleks təminatı həyata
keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq
terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə,
şəxsi həyatın toxunulmazlığının təmin
edilməsi kimi problemlərin uğurlu həlli mümkün
deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə informasiya cəmiyyəti quruculuğu
prosesinin uğurla həyata keçirildiyini söyləyən
A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun
mühüm istiqamətləri olan genişzolaqlı internet,
eləcə də elektron dövlətin inkişaf tempinə
görə dünyada layiqli mövqelərdən birini
tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu
inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin
təmin olunmasının da aktuallığını
artırır.
“Son illər
ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi
məqsədilə qanunvericilik, infrastruktur, kadr
hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə
mühüm işlər görülməkdədir”, - deyən
A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Qanunun qəbul edildiyini, Azərbaycan
Respublikasının İnformasiya Təhlükəsizliyi
üzrə Milli Strategiyanın layihəsinin işlənib
hazırlandığını və digər işlərin həyata
keçirildiyini bildirib.
Alim qeyd edib ki, bununla yanaşı, xarici ölkələrdən
texnoloji asılılığın aradan
qaldırılması üçün yüksəkixtisaslı
kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən
proqram mühəndisliyi sənayesinin
formalaşdırılması, informasiya təhlükəsizliyi
üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.
A.Əlizadə AMEA-da informasiya təhlükəsizliyi
üzrə yüksəkixtisaslı elmi kadrların
hazırlanması işlərinin həyata keçirildiyini,
İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin
dövlət maraqları baxımından böyük əhəmiyyət
kəsb edən bir sıra aktual istiqamətləri üzrə
elmi tədqiqatların aparıldığını, dissertasiya
işlərinin yerinə yetirildiyini diqqətə
çatdırıb. Həmçinin qeyd edib ki, AMEA-nın elmi müəssisə
və təşkilatlarına yüksək səviyyədə
internet xidmətləri göstərməklə Azərbaycan
elminin dünya elminə inteqrasiyasını təmin edən,
elm və təhsil şəbəkələri üzrə milli
operator olan “AzScienceNet” elm-kompüter şəbəkəsinin
fəaliyyətinin əsas istiqamətlərindən biri də
məhz informasiya təhlükəsizliyi ilə
bağlıdır.
AMEA-nın rəhbəri ölkəmizin informasiya təhlükəsizliyi
sisteminin təkmilləşdirilməsi və inkişafı
üçün bu kimi elmi-nəzəri konfransların və
ictimai müzakirələrin keçirilməsinin vacib
olduğunu söyləyərək, artıq ənənə
halını almış bu konfransın gələcəkdə
beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin
zəruriliyini vurğulayıb.
Konfransda
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov, Dövlət Gömrük Komitəsi sədrinin
müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Hikmət Babaoğlu, Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz, İdarəetmə Sistemləri
İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın
akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, akademik Rasim Əliquliyev çıxış edərək
bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin
aktual problemlərinin müzakirəsi baxımından
böyük imkanlara malik olduğunu söyləyiblər.
Daha sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda
akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyi
milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda
məruzə ilə çıxış edərək,
informasiya təhlükəsizliyinin təmini məsələlərinin
hər bir dövlətin milli təhlükəsizliyinin əsas
komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb
etdiyini bildirib.
Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər,
elektron resursların qorunması və rəqəmsal irsin
formalaşdırılması, internet mühitində
uşaqların mühafizəsi ilə bağlı mövcud
problemlərdən söz açıb.
R.Əliquliyev, həmçinin texnoloji sistemlərin
kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və
informasiya təhlükəsizliyi məsələlərindən
bəhs edib, milli veb-resursların statistik-analitik mexanizmlərinin
işlənilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki,
hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların
xarici operatorlar tərəfindən toplanması və analiz
olunması, milli veb-resursların statistik və analitik təminat
mərkəzləri və servislərinin yaradılması zərurəti
bu istiqamətlərdə elmi araşdırmaların
aparılmasını, milli və beynəlxalq tələblərə
cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini
önə çəkir.
R.Əliquliyev milli antivirus, antispam və antiplagiat sistemlərinin
konseptual əsasları barədə də məlumat verərək,
informasiya təhlükəsizliyi və sosiohumanitar elmlərin
qarşılıqlı əlaqəsindən
danışıb. Qeyd edib ki, sosiohumanitar elmlər informasiya
təhlükəsizliyinin qarşısında duran vəzifələrin
həllində, eləcə də informasiya təhlükəsizliyi
sosiohumanitar elmlərin problemlərinin həllində xüsusi
rol oynaya bilər.
Alim, eləcə də informasiya təhlükəsizliyinin
normativ hüquqi bazasının inkişafı ilə əlaqədar
təkliflərini səsləndirib. Onun sözlərinə görə,
bu məqsədlə pilotsuz uçuş aparatlarına dair,
eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi
nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən
irəli gələn qanunlar qəbul edilməli, normativ
hüquqi sənədlərin praktikada geniş tətbiqi
üçün kompleks tədbirlər görülməli,
informasiya hüquqi sahəsində kadr hazırlığı
və elmi araşdırmalar həyata keçirilməlidir.
“Azərbaycan dilinin qorunması milli informasiya təhlükəsizliyi
problemidir”, - deyə bildirən R.Əliquliyev e-milli dövlətin
arxitektur əsaslarından danışıb. Bildirib ki, buraya milli
terminologiya sistemi, milli orfoqrafiya-orfoepiya sistemi, transliterasiya
sistemi, kompüter tərcüməsi sistemləri, milli
lüğətlər, dialektoloji sistem, dil biliklərinin tədrisi
və qiymətləndirilməsi sistemləri, milli adlar sistemi,
linqvistik təhlükəsizlik sistemi, azsaylı xalqların
dil resursları və sistemləri, işarə dili
resursları və sistemləri, mətn mühəndisliyi və
s. daxildir.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun
texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə
doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm
kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi
məsələləri” mövzusunda məruzə ilə
çıxış edib. O, “AzScienceNet” şəbəkəsinin
infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data
Mərkəzinin texniki imkanları, şəbəkənin
GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan
Təhsil Şəbəkəsi ilə əməkdaşlıq,
informasiya təhlükəsizliyinin təmin olunması
üçün görülmüş işlər, şəbəkədən
istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə
nəzarət və xəbərdarlıq, təhlükəsizlik
hadisələrinin yaranma səbəbləri haqqında ətraflı
məlumat verib.
R.Ələkbərov şəbəkədə
informasiya təhlükəsizliyi siyasətinin məqsəd və
vəzifələrindən söz açaraq bildirib ki,
informasiya təhlükəsizliyinə təhdidlərin
AMEA-nın şəbəkələrinə və informasiya
resurslarına vura biləcəyi maddi və mənəvi
ziyanın minimumlaşdırılması,
AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi,
informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin
formalaşdırılması, informasiya təhlükəsizliyi
sisteminin yaradılması, fəaliyyəti və
inkişafı üçün müvafiq təşkilati-metodiki
bazanın formalaşdırılması əsas məqsəd və
vəzifələrdəndir.
Məruzəçi, həmçinin
“AzScienceCERT”, “AzScienceNet”in monitorinq və informasiya təhlükəsizliyi
xidməti və bu xidmətin təşkili üçün
istifadə olunan proqram təminatları və avadanlıq,
Verilənlərin Emalı Mərkəzinin
avadanlığın etibarlılığının
artırılması, informasiya təhlükəsizliyi üzrə
fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi
ilə bağlı görülən işləri nəzərə
çatdırıb.
Daha sonra institutun şöbə
müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri
doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə
bəzi təhdidlərin aşkarlanması metodları
haqqında” mövzusunda məruzə ilə
çıxış edərək, elektron dövlət
mühitində terrorizmi təbliğ edən mətnlərin
filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi
üçün qeyri-səlis model, e-dövlət mühitində
toplanmış məlumatlardan anomaliyaların
aşkarlanması üçün metodun təklif
olunduğunu bildirib. Həmin metod və modellər haqqında ətraflı
məlumat verən alim qeyd edib ki, bu metodların digər məlum
metodlarla müqayisəsi aparılıb, eksperimental nəticələr
yeni yanaşma və metodların effektivliyini sübut edib.
Daha sonra konfrans işini “İnformasiya təhlükəsizliyinin
elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin
humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin
praktiki problemləri” bölmələri üzrə davam
etdirib.
İclaslarda “E-dövlət
mühitində sosial münasibətlərin təhlükəsizliyi”,
“Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin
artırılması metodu”, “Sosial şəbəkələrdə
saxta profillərin aşkarlanması məsələləri”,
“İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin
təminatı istiqamətləri və
texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan
dilinin qorunması və inkişafı üçün imkan və
perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin
mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində
fərdi məlumatların mühafizəsi problemləri”,
“Proqram təminatının təhlükəsizliyinin təmin
olunmasının bəzi üsulları haqqında”,
“Proqram təminatının testləşdirilməsi
üçün sınaq texnologiyalarının təhlili”,
“Verilənlərin sanitarizasiyası - informasiya təhlükəsizliyinin
təmini kimi”, “Kompüter şəbəkələrində zərərli
proqramların analizi üsulları” və s. mövzularda məruzələr
dinlənilib.
Yeni Azərbaycan.2018.-
15 dekabr.- S.6.