Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində 113 yaşayış məntəqəsi təbii qazla təmin edilib

 

Hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 95,2 faizə, təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 173 min 748-ə çatıb

Məlum olduğu kimi, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda əldə edilən uğurlardan bütün sahələrə, o cümlədən şəhər, rayon, qəsəbə, hətta ucqar kəndlərə belə pay düşüb. Heç şübhəsiz, bu istiqamətdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm kəsb edir. Belə ki, məhz bu proqramlar çərçivəsində ötən 15 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı həyata keçirilən işlərdən söz düşmüşkən, vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülmüş işləri qənaətbəxş qiymətləndirib.

Öz növbəsində, bu istiqamətdə görülən işlərə cavabdeh qurum olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı davamlı tədbirlər görülür. Bu barədə KİV-ə müsahibəsində “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib. Onun sözlərinə görə, hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 95,2 faizə, təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 173 min 748-ə çatıb, aparılan tikinti-quraşdırma işləri nəticəsində bu il Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad, Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi təbii qazla təmin edilib və 321 çoxmərtəbəli bina üzrə təbii qazın açılması təmin olunub. Qeyd olunub ki, qazlaşma proqramına əsasən, cari il ərzində respublikanın regionlarında 42 inzibati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir.

O da bildirilib ki, cari ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 81 min 107 yeni abonent qeydiyyata alınıb. Bunun da 45 min 543-ü Bakı, Abşeron və Sumqayıt, 35 min 564-ü isə regionlar üzrədir.

Eyni zamanda, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 2 min 959 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 240 kilometr qaz kəməri əsaslı təmir olunub.

Yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması “birpilləli” tənzimləmə sistemi əsasında aparılıb ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Beləliklə, yuxarıda da vurğulandığı kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Birlikdən verilən məlumata görə, dekabrın arxada qalan günlərində də bu istiqamətdə görülən məqsədyönlü tədbirlər davam etdirilib. Bu məqsədlə dekabrın 6-da Qəbələ rayonunun Kötüklü və Mıxlıqovaq kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, ümumilikdə 1082 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 119 min 537 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Eyni zamanda, dekabrın 7-də Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 412 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 759 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qeyd edək ki, bu ay ərzində həmçinin Qobustan rayonunun iri yaşayış məntəqələrindən olan, 2042 nəfərin yaşadığı Şıxzahirli kəndinə təbii qaz verilib. Kəndin qazlaşdırılması zamanı 11 min 219 metr polad borularla xətt çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış məntəqəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-də kənddə açılış mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov mərasimdə çıxış edərək, ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, regionlarda, o cümlədən Qobustan rayonunda həyata keçirilən sosial layihələrdən danışıblar. Qeyd olunub ki, artıq Qobustanda 23 yaşayış məntəqəsi qazlaşdırılıb, əhalinin 97 faizi “mavi yanacaq”la təmin edilib.

Təbii qaz verilən yaşayış məntəqələri arasında Zaqatala rayonunun Lahıc kəndi də var. Dekabrın 13-də bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 455 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 24 min 751 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Dekabrın 14-də İmişli rayonunun Qızılkənd kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ümumilikdə 652 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 37 min 862 metr olan müxtəlif diametrli polad, polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda rayonun Aranlı kəndinin də qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.

Həmin gün eyni zamanda Ağdaş rayonunun Aşağı Nemətabad kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, ümumilikdə 144 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 19 min 721 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda rayonun Orta Ləki kəndinin qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.

Sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

“Mavi yanacaq”la təmin edilən yaşayış məntəqələri arasında Tovuzun iki kəndi - Hunanlar və Əhmədabad kəndləri də var. Dekabrın 14-də sözügedən kəndlərə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə vurğulanıb ki, ümumilikdə 620 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 50 min 727 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bu məqamda bildirmək yerinə düşər ki, yaşayış məntəqələrinə təbii yanacağın verilməsi mərasimlərində çıxış edən sakinlər bölgələrin sosial-iqtisadi inkişafına, sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nadir AZƏRİ

Yeni Azərbaysan.- 2018.- 19 dekabr.- S.7.