Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir

 

Prezident İlham Əliyev: Ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadi və sosial inkişaf paralel şəkildə təmin edilir, güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Ümumiyyətlə, Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Dövlətin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Ölkəmizdə hərbçilərin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, eləcə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqət mərkəzindədir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Vurğulamaq yerinə düşər ki, Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib.

Qeyd etmək lazımdır ki, dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib. Vurğulayaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci ildə imzaladığı Fərmana əsasən, həmin binalardan ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzil hərbi qulluqçular üçün ayrılıb. Onların 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunan mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə hər bir mənzil kombi sistemi ilə təchiz olunub. Dövlətimizin başçısı mərasimdə çıxışı zamanı deyib: “Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq Fərman imzalanmışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir”.

Digər tərəfdən, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində də davamlı və səmərəli tədbirlər həyata keçirilir. Bəhs olunan mərasimdə bu məsələyə toxunan dövlətimizin başçısı “Onu da qeyd etməliyəm ki, hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Bir çox şəhərciklər yenidən tikilmişdir. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaqdır”, - deyə vurğulayıb.

Dövlət tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək diqqət və qayğı göstərilir

Qeyd etdiyimiz kimi, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusilə qeyd olunmalıdır. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə də yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Vurğulamaq gərəkdir ki, son illərdə bu kateqoriyadan olan insanlar üçün minlərlə ev və mənzil tikilərək istifadəyə verilib, eyni zamanda, onlar minik avtomobilləri ilə təmin olunublar. Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. Çıxışında bu məqama toxunan dövlətimizin başçısı “onu da bildirməliyəm ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilmişdir”, - deyib.

Onu da qeyd etmək lazımdır ki, 1 noyabr 2018-ci il tarixə kimi müharibə əlillərinə verilən avtomobillərin cəmi sayı 6144-dür. Cari ildə onlara 265 avtomobil verilib. Bununla yanaşı, ötən il əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət də alır. Eyni zamanda, müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. İl ərzində dövlət vəsaiti hesabına 1,8 min-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Bundan başqa, il ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir. Digər tərəfdən, Qarabağ müharibəsi əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdü verilir. Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, həmçinin şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir. Eyni zamanda, şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) isə aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.

Qaçqın və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

Ümumiyyətlə, ölkəmizdə qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər ki, bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri xüsusi olaraq qeyd edilməlidir. Bu kateqoriyaya aid olan insanların problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Dövlət başçısı tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Bütövlükdə isə, cari ildə 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin olunublar ki, bu, olduqca yüksək göstəricidir. Prezident İlham Əliyev sözügedən çıxışı zamanı qeyd edib ki, müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır: “Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik”.

Ümumiyyətlə, bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il, qeyd etdiyimiz kimi, 20 min köçkün (5800 ailə), ötən il isə 12 min köçkün yeni evlərlə təmin olunub.

Azərbaycan dövləti şəhid hərbi qulluqçuların vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasını diqqətdə saxlayır

Bəlli olduğu kimi, Prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdır. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir. Həmin Fərmana əsasən müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. Şübhəsiz ki, bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Siz onu da bilirsiniz ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.

Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Bütün bunlarla yanaşı, ölkəmizdə ordu quruculuğu sahəsində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Bütövlükdə, ordu quruculuğu istiqamətində ardıcıl xarakter daşıyan məqsədyönlü işlər səmərəli nəticələr verib. Ötən müddət ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülməkdədir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artması yalnız Silahlı Qüvvələrin yüksək texniki təchizatı ilə şərtlənmir. Kadr hazırlığının davamlı olaraq diqqət mərkəzində saxlanılması da ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə qalxmasına öz müsbət təsirini göstərib. Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər. Bir sözlə, Azərbaycanda ordu quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan mərasimdə çıxışı zamanı qeyd edib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir: “Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər”.

Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad da Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu nümayiş etdirdi. Digər tərəfdən, məhz Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bütövlükdə isə, Azərbaycanın hərbi gücü - qüdrəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən birinci amildir. Azərbaycanın hərbi qüdrəti mütəmadi olaraq artır, ordumuzun malik olduğu texnika və silahlar işğalçıların istənilən hərbi hədəfini darmadağın etməyə imkan verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.

Qeyd etdiyimiz kimi, müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması böyük önəm kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 19 dekabr.- S.3.