Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq
konserti keçirilib
Heydər Əliyev
Fondunun və Xarici Ölkələrlə
Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı,
Azərbaycanın bu ölkədəki səfirliyinin
dəstəyi ilə Pekində Azərbaycan-Çin
dostluq konserti keçirilib.
AZƏRTAC xəbər
verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə
tanıdılması və
təbliği istiqamətində
həyata keçirdiyi
tədbirlərdən olan
konsertin tamaşaçıları
arasında Çin Xalq Respublikasının
(ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə
Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri
xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin,
Pekin xalq hökumətinin, digər
dövlət qurumlarının
məsul işçiləri
olublar.
Konsertdən əvvəl çıxış
edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu
qeyd edərək, xalqlarımız arasında
əlaqələrin tarixi
İpək Yolu dövründən başladığını
deyib. Azərbaycanın
dahi şair və mütəfəkkiri
Nizami Gəncəvi hələ XII əsrdə
Azərbaycan-Çin dostluğunu
“Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində
qurulmuş Azərbaycan-Çin
dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.
Baş nazirin müavini
Azərbaycanın sürətlə
inkişaf edən və dünyada özünəməxsus yeri
ilə seçilən
Çinlə əlaqələrə
xüsusi önəm verdiyini, əməkdaşlığın
bütün istiqamətlər
üzrə genişləndirilməsində
maraqlı olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin
arasındakı qarşılıqlı
hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli
əlaqələrimizi inkişaf
etdirmək üçün
geniş imkanlar yaradır.
Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü
xüsusi vurğulayan
Ə.Əhmədov deyib
ki, ölkəmizin ilk gündən dəstəklədiyi, dövlətlər
və xalqlar arasında iqtisadi, humanitar və mədəni əlaqələrin
dərinləşməsini özündə ehtiva edən bu vacib
təşəbbüs
Azərbaycanı və
Çini daha da yaxınlaşdırıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun
istifadəsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün
reallaşmasına öz
töhfəsini verən
Azərbaycan iqtisadi iş birliyi ilə yanaşı, Çinlə humanitar sahədə də müxtəlif layihələr
həyata keçirməkdə
maraqlıdır.
Baş nazirin müavini
Azərbaycan-Çin humanitar
əlaqələrinin genişləndirilməsində
və müxtəlif mədəni layihələrin
reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb.
Azərbaycanın qədim tarixini
və zəngin mədəniyyətini dünyada
layiqincə təbliğ
edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı
tədbirlər xalqlarımızın
bir-birinin mədəni
sərvətləri ilə
daha yaxından tanış olmalarına imkan yaradacaq.
Qədim İpək Yolunun
ölkələrimiz arasında
dostluq əlaqələrinin
təməlini qoyduğunu
qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət
Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik
xalqlarımızın uzaq
məsafədə yaşamasına
baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını
söyləyib. İki
ölkə arasında
diplomatik münasibətlərin
qurulmasından ötən
26 il ərzində qarşılıqlı anlaşma
və etimad durmadan dərinləşib,
müxtəlif sahələrdə
dostluğa əsaslanan
əməkdaşlıq inkişaf
edib.
Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası
üzərində yerləşən
vacib bir ölkə olduğunu diqqətə çatdıran
Şao Xon ötən müddətdə
Azərbaycanın bu təşəbbüsün həyata
keçməsində fəal
iştirak etdiyini deyib.
“İnsanlar arasındakı dostluq ölkələr arasındakı
dostluğun əsasını
təşkil edir” fikrini vurğulayan Çin rəsmisi “Bir kəmər, bir yol” təşəbbüsünün
inkişafı ilə
birgə xalqlarımız
arasındakı təmasların
da gündən-günə
çoxaldığını, hər iki tərəfdən
müxtəlif sahələrdə əməkdaşlığın
daha fəallaşdığını
bildirib.
Ümumçin Xalq Siyasi Məşvərət
Şurası Milli Komitəsinin sədr müavini Azərbaycan musiqilərinin dünyada çox məşhur olduğunu diqqətə çatdırıb. O, dostluq
konsertinin Çin xalqının Azərbaycanın
milli mədəniyyətini
daha yaxından tanıması üçün
gözəl bir imkan olduğunu deyib. “Musiqi bəşəriyyətin ümumi
dilidir. Ümid edirəm ki, bu konsert Azərbaycanın
qədim mədəniyyətinin
sədasını bizə
çatdıracaq, iki
xalq arasındakı dostluq və sevgi körpüsünü
daha da möhkəm
edəcək”, - deyə
o əlavə edib.
Sonra səhnə
Azərbaycan incəsənət
ustalarının ixtiyarına
verilib. Pekinin ən böyük
konsert sarayı olan İfaçılıq
Sənəti Milli Mərkəzində təşkil
olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri və Xalq artistləri
Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış incəsənət ustalarının
ifasında Üzeyir Hacıbəylinin (“Arazbarı”,
“Sevgili canan”), Fikrət Əmirovun (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”),
Qara Qarayevin (“İldırımlı yollarla”
baletindən parça),
Niyazinin (“Arzu”), Cahangir Cahangirovun (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadənin (“Cəngi”), Tofiq
Quliyevin (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri),
Həsən Rzayevin (“Çahargah” rapsodiyası),
Faiq Sücəddinovun
(“Qaytağı”), Müslüm
Maqomayevin (“Azərbaycan”)
əsərləri, xalq
mahnıları, habelə
Avropa bəstəkarlarının
əsərləri ifa
olunub. Tamaşaçılar
Azərbaycan incəsənət
ustalarının ifasını
sürəkli alqışlarla
qarşılayıblar. Çin
ənənəvi musiqi
parçalarının tarda,
habelə aşıq ifasında təqdimatı
isə salona toplaşanlar üçün
əsl sürpriz olub.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq
çərçivəsində baş tutub. Ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyası arasında dostluq və əməkdaşlıq
haqqında Memorandum
imzalanıb. Bu ilin avqustunda isə Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq
etdiyi nümayəndə
heyəti Azərbaycana
səfər zamanı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb.
Baş nazirin müavini
Əli Əhmədovun
rəhbərlik etdiyi nümayəndə heyəti
Pekinə səfəri
çərçivəsində Ümumçin Xalq Siyasi Məşvərət
Şurası Milli Komitəsinin sədr müavini Şao Xon və Xarici
Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşərək
iki ölkə arasında əməkdaşlıq
məsələlərini müzakirə
edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti
Xarici Ölkələrlə
Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi
ilə də tanış olub.
Yeni Azərbaycan.-
2018.- 19 dekabr.- S.4.