Möhtəşəm
quruculuq: Dünən, bu gün, sabah”
Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
bu mövzuda konfrans keçirilib
Dekabrın 24-də Bakıda Yeni Azərbaycan
Partiyasının (YAP) təşkilatçılığı
ilə “Möhtəşəm quruculuq: Dünən, bu gün,
sabah” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və
hökumət rəsmiləri, Milli Məclisin deputatları,
Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin
müavini - İcra katibi Əli Əhmədov bildirib ki,
ölkəmizin inkişafı Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
ilə bağlıdır. Onun sözlərinə
görə, ötən 15 il ərzində Azərbaycanda
böyük quruculuq işləri aparılıb, ölkəmizin
siması əsaslı dərəcədə dəyişib:
“Ötən illər ərzində insanların
rifahının xeyli dərəcədə yaxşılaşması
bütövlükdə Azərbaycanın güclənməsi
ilə əlaqədardır. Azərbaycan o dərəcədə
sürətlə inkişaf edib, yeniləşib və
müasirləşıb ki, bu prosesə həsr olunan
konfransların keçirilməsi bir tərəfdən zərurətə
çevrilib, digər tərəfdən insanlar, o cümlədən
YAP-ın üzvləri üçün böyük qürur
hissi doğurur. Ümumiyyətlə, Azərbaycanın
yüksəlişi Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətlə bağlıdır. Bu siyasət son 15 il ərzində
ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyev tərəfindən həyata keçirilir.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, son 15 il
Azərbaycan tarixinin qürur hissi doğuran səhifələrini
təşkil edir. Bu illər ərzində Azərbaycan həyatın
bütün sferalarında ciddi şəkildə yeniləşib
və müasirləşib. Və ən
başlıcası insanların həyatı müsbət mənada
dəyişib. İnsanlarımız daha yaxşı
yaşayırlar və bu amil cəmiyyətimizin birliyini daha da
gücləndirib. 15 il ərzində Azərbaycanda
bütün sahələr üzrə möhtəşəm və
əzəmətli dəyişikliklər baş verib.
Ötən 15 ilin nailiyyətləri həmçinin Azərbaycanın
yeni modern əsaslarda qurulması ilə əlaqədardır.
Ona görə də, bu dövrü möhtəşəm
quruculuq illəri adlandırmaq olar”.
Əli Əhmədov qeyd edib ki, son 15 il ərzində
Azərbaycanda böyük quruculuq işləri
aparılıb, ölkəmizin siması əhəmiyyətli
dərəcədə dəyişib. Onun sözlərinə
görə, Bakı şəhərinin tamamilə yeniləşməsi,
müasirləşmə və dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilməsi
ötən 15 ilin ən böyük uğurlarından biridir:
“Bu amil, quruculuq işləri təkcə Bakı ilə məhdudlaşmır.
Ölkəmizin bütün guşələrində möhtəşəm
quruculuq işləri həyata keçirilib və bu gün də
davam edir. Bu siyasət, möhtəşəm quruculuq siyasəti
uğurla davam edəcək və Azərbaycanın quruculuq
strategiyası daha böyük nailiyyətləri özündə
ehtiva edəcək. Bu mənada hesab edirəm ki, möhtəşəm
quruculuq bizim yaşadığımız illərin ən əsas
keyfiyyətlərindən birini təşkil edir. Bu
quruculuğun, əhəmiyyətli dəyişikliklərin
müəllifi isə Prezident İlham Əliyevdir”.
YAP Sədrinin müavini qeyd
edıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin çox vacib cəhətlərindən biri
quruculuq strategiyası ilə bağlıdır: “Ümummilli
liderimiz Heydər Əliyev hələ sovetlər birliyi
dövründə Azərbaycanda hakimiyyətə gəldikdən
sonra respublikamız keçmiş ittifaqda ön
sıralara yüksəldi. Həmin dövrdə də
böyük quruculuq işləri həyata keçirildi.
Müstəqillik illərində isə Ulu öndərimiz Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirdi.
Bu strategiyaya uygun olaraq ölkəmizdə son 15 il ərzində
həyata keçirilən quruculuq işləri Prezident
İlham Əliyevin siyasətinin təntənəsidir. Bu mənada
Prezident İlham Əliyev quruculuq baxımından Azərbaycan
tarixinin ən böyük liderlərindən biridir,
birincisidir”.
Baş nazirin müavini söyləyib ki,
quruculuq məfkurəsi yaşadığımız
dövrün vacib xarakteristikasını özündə
ehtiva edir. Onun sözlərinə görə, bu konfrans YAP tərəfindən
Prezident İlham Əliyevin fəaliyyətinə həsr
olunmuş sayca 15-ci konfransdır. Konfransın
ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevin doğum gününə təsadüf
etdiyini deyən Əli Əhmədov bu münasibətlə
dövlət başçısını təbrik edib, Ona
möhkəm cansağlığı və Azərbaycanın
inkişafı yolunda daha böyük nailiyyətlər
arzulayıb.
Daha sonra tədbirdə iqtisadiyyat naziri Şahin
Mustafayev çıxış edib. Ş.Mustafayev
bildirib ki, Azərbaycan tarixində əbədiyaşarlıq
qazanmış, Vətənimiz və xalqımız
qarşısında misilsiz xidmətləri ilə siyasi zirvə
- Ümummilli lider səviyyəsinə yüksəlmiş dahi
şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlər birmənalı olaraq möhtəşəm
quruculuq, Azərbaycanın sürətli inkişaf və hərtərəfli
tərəqqi mərhələsi kimi səciyyələnir.
Nazir qeyd edib ki, Ulu öndərin
uzaqgörən dünyəvi dövlət quruculuğu və
milli inkişaf konsepsiyasının Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla və qlobal
çağırışlara uyğun davam etdirilməsi nəticəsində
Azərbaycanın dövlət müstəqilliyi daha da
möhkəmləndi, suverenliyimiz əbədi və dönməz
xarakter aldı. Prezident İlham Əliyevin sosial-iqtisadi
konsepsiyası, düşünülmüş və
uzaqgörən strategiyası Azərbaycanın sürətli
inkişafını təmin edən ən mühüm
faktorlardır. “Təsadüfi deyil ki, 2003-cü
ildə Azərbaycanı qüdrətli dövlətə
çevirəcəyini bəyan edən Prezident İlham
Əliyevin apardığı siyasət nəticəsində
ölkəmiz regionun siyasi-iqtisadi və mədəni mərkəzi,
qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı
və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından
biri, mötəbər beynəlxalq tədbirlər məkanı
kimi tanınmış, kosmos dövlətləri ailəsinə
qoşulmuş, 2011-ci ildə 155 ölkənin dəstəyini
qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilmişdir. Yüksək
inkişaf tempi və möhkəm dayanıqlılıq
nümayiş etdirən Azərbaycanda 2004-2017-ci illərdə
ÜDM real ifadədə 3,2 dəfə, o cümlədən
qeyri-neft ÜDM 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə,
qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş
vəsaitlər 3 dəfə, dövlət büdcəsinin
gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji
valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ
dollarını ötüb. Regionun, eləcə də
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri vasitəsilə hazırda Xəzər
dənizinin enerji resursları region ölkələrinə və
Avropaya nəql edilir. Bu il rəsmi
açılışı həyata keçirilmiş Cənub
Qaz Dəhlizi və TANAP layihələri, eləcə də
tikintisi uğurla davam edən TAP layihəsi Azərbaycanın
dünyada mühüm enerji təminatçısı kimi
mövqeyini daha da möhkəmləndirəcəkdir”, - deyə
nazir vurğulayıb.
Ş.Mustafayevin sözlərinə görə,
Azərbaycanın tranzit potensialının
reallaşdırılması Prezident İlham Əliyevin
iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur: “Son
15 ildə irimiqyaslı nəqliyyat infrastrukturu layihələri
həyata keçirilmiş, bu sahəyə böyük həcmli
dövlət investisiyaları yönəldilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz
Limanı, müasir texnologiyalara əsaslanan Gəmiqayırma
Zavodu istifadəyə verilmiş, TRASECA, Şimal-Cənub və
Şərq-Qərb dəhlizlərinin inkişafı istiqamətində
əhəmiyyətli işlər
görülmüşdür. Avtomobil
yollarının və dəmir yolu xətlərinin, xüsusilə
Gürcüstan, Rusiya və İran istiqamətində ölkə
ərazisindən keçən magistral yolların beynəlxalq
standartlar əsasında yenidən qurulması, Bakıda və
regionlarda beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın
nəqliyyat infrastrukturunun inkişafında önəmli rol
oynamaqla yanaşı, tranzit potensialını daha da gücləndirir.
Prezident İlham Əliyevin təşəbbüsü
və prinsipial mövqeyi sayəsində tikilən, əhəmiyyətinə
görə “Dəmir İpək yolu” adlandırılan
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
ölkəmizin nəqliyyat-tranzit imkanlarını önəmli
dərəcədə artırmışdır. Qeyd edim
ki, 2018-ci ildə “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi”
ilə əvvəlki illə müqayisədə 100 dəfədən
çox yük daşınmışdır”.
Nazir deyib ki, qloballaşan
dünyanın çağırışlarına uyğun
olaraq, son illərdə ölkədə sənayeləşmə
templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi
əsas prioritetlərdən birinə çevrilmiş,
yüzlərlə müasir və yeni sənaye müəssisəsi,
istehsal sahəsi yaradılmış, tələbatın
ödənilməsində yerli məhsulların payı əhəmiyyətli
dərəcədə artmış, ixracın həcmi
yüksəlmiş, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsulları
ixracında sənayenin payı 52% təşkil etmişdir.
Onun sözlərinə görə, alternativ və bərpa
olunan enerji sahəsində bir sıra müəssisələr
fəaliyyətə başlamış, yeni perspektivli layihələr
həyata keçirilməkdədir.
Nazir deyib ki, bölgələrin
inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən təsdiq edilmiş
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
Dövlət proqramlarının uğurlu icrası müstəsna
əhəmiyyət kəsb edir: “2004-cü ildən başlayan
bu proqramların icrası şəhər
və rayonların simasını köklü şəkildə
dəyişmiş, regionların potensialının
artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin
keyfiyyətinin, biznes və investisiya mühitinin davamlı
olaraq yaxşılaşmasına və əhalinin
rifahının yüksəlməsinə geniş imkanlar
açır. İndiyədək regionların
inkişafına dair 3 Dövlət proqramı qəbul
olunmuş və onlardan ikisi artıq uğurla icra
edilmişdir. Dövlət proqramları çərçivəsində
regionların inkişafına 70 milyard manatdan çox vəsait
yönəldilmişdir. Həyata keçirilən məqsədyönlü
sosial-iqtisadi siyasət nəticəsində son 15 ildə
ölkəmizdə yaradılmış 2 milyona yaxın iş
yerinin 75 faizi regionların payına düşür. Hazırda “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı”nın
icrası başa çatdırılır və dövlət
başçısının tapşırığına əsasən,
2019-2023-cü illəri əhatə edən IV Dövlət
Proqramının layihəsinin hazırlanması işləri
yekunlaşmaq üzrədir. Azərbaycanda
qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan
inkişafını təmin etmək, əhalinin istehsal sahəsində
məşğulluğunu artırmaq, regionların sənaye
potensialından daha səmərəli istifadə məqsədilə
sənaye parkları və məhəllələri
yaradılır. Artıq sənaye parklarının və
məhəllələrinin 70-dən çox rezidenti tərəfindən
5 milyard manatdan çox investisiya
yatırılmışdır.
Regionlarda kiçik və orta
sahibkarlığın genişləndirilməsində əhəmiyyətli
olan sənaye məhəllələrinin yaradılması davam
etdirilir. Artıq Neftçala və Masallı sənaye məhəllələri
fəaliyyət göstərir, Hacıqabul və Sabirabad sənaye
məhəllələri isə gələn il sahibkarların
istifadəsinə veriləcək”.
Nazirin sözlərinə görə, ölkəmizin
inkişaf strategiyasında biznes və investisiya mühitinin
davamlı olaraq yaxşılaşdırılması,
sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir:
“Azərbaycan Respublikası Prezidentinin “Ölkəmizin
inkişafı sahibkarlığın inkişafından
asılıdır” strateji kursuna uyğun olaraq, bu istiqamətdə
sistemli və ardıcıl tədbirlər həyata
keçirilir, qanunvericilik bazası təkmilləşdirilir,
inzibati prosedurlar sadələşdirilir, vergi yükü
azaldılır, sahibkarlığa dövlət dəstəyinin
sferası və coğrafiyası genişləndirilir.
Dövlət
başçısının müasir dövrün qlobal
çağırışlarının nəzərə
alındığı iqtisadi islahatlar paketinə uyğun
olaraq, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək
dayandırılmış, lisenziyalaşdırılan fəaliyyət
növlərinin sayı 59-dan 37-yə, icazələrin
sayı təqribən 4 dəfə
azaldılaraq 86-ya endirilmiş, lisenziyanın verilməsinə
görə dövlət rüsumları 2 dəfə, regionlar
üzrə 4 dəfə azaldılmış, lisenziyanın
verilməsi prosedurları sadələşdirilmiş,
“Lisenziyalar və icazələr” portalı
yaradılmış və hazırda 24 fəaliyyət
növü üzrə elektron lisenziyaların verilməsi
həyata keçirilir”.
Konfransda çıxış edən
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov bildirib ki, son 15 il ərzində
Bakıda çox böyük quruculuq işləri həyata
keçirilib, paytaxtın siması tamamilə dəyişib,
Bakı gözəl memarlıq üslubunda tikilən bir şəhərə
çevrilib. İcra Hakimiyyətinin başçısı
bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü
ilə həyata keçirilən layihələrdə
Bakının daim böyük yeri olub: “Görülən
işlər nəticəsində Bakı dünyanın ən
böyük şəhərlərindən, investorlar
üçün ən cəlbedici məkanlardan birinə
çevrilib, son bir ildə şəhərə 12 milyard manat
investisiya qoyulub. 2005-ci ildən indiyədək Bakıda sənaye
istehsalı 4 dəfə artıb”.
E.Əzizov söyləyib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
işlər nəticəsində Bakıda sahibkarlıq
inkişaf edir: “Bakı keçmiş sovet məkanında 5
ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb.
Təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət
edib və proqnozlara görə bu rəqəm artacaq”.
İcra Hakimiyyətinin başçısı
deyib ki, 15 ildə Bakıda intensiv tikinti işləri
aparılıb və bu gün də tikinti ilə bağlı
müraciətlərin sayı artmaqdadır: “Bu, Bakının
inkişafından xəbər verir. Beynəlxalq agentliklərin
reytinqinə görə turistlər üçün Bakı
memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən
biri hesab edilir”.
O vurğulayıb ki, bu gün Bakıda
salınan parklar böyük əraziləri əhatə edir,
meqaparklar yaradılır: “Paytaxtımız dünyanın mədəniyyət
mərkəzlərindən birinə çevrilib.
Bakının tarixində heç zaman belə yüksək
inkişaf olmayıb. Bütün bunların əsasında
İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və
paytaxtı Prezident İlham Əliyevin rəhbərliyi ilə
bundan sonra da böyük nailiyyətlər əldə edəcək”.
E.Əzizovun sözlərinə görə,
Bakının yeni Baş Planı hazırlanır, şəhərdə
sıxlığın azaldılması üçün
müvafiq tədbirlərin görülməsi, sənaye
müəssisələrinin paytaxtdan kənara
çıxarılması nəzərdə tutulur.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2018.- 25 dekabr.- S.5.