Prezident İlham Əliyev:
Rusiya-Azərbaycan münasibətləri çox dinamik
inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident salam.
- Salam.
- 2018-ci il dünya üçün asan
keçmədi. Amma bu, tarixi tərəfdaşlarla,
qonşularla və dostlarla münasibətlərin əhəmiyyətini
dərk etmək və qiymətləndirmək
üçün yaxşı məqamdır. Buna görə də
bizə çox xoşdur və Sizə xüsusilə minnətdarıq
ki, sıx iş qrafikinə baxmayaraq, vaxt taparaq bu gün burada
bizi qəbul edirsiniz.
- Sağ olun.
- Cənab Prezident, 2018-ci ilin Azərbaycan
üçün siyasi-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
- Bütövlükdə il ölkəmiz
üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf
edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla,
ilk növbədə, qonşu ölkələrlə ənənəvi
münasibətimizi möhkəmləndirmişik. Xəzər
dənizinin hüquqi statusunun nizamlanması haqqında
Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı
ölkələri bir-birinə daha da yaxınlaşdıran
tarixi sənəddir.
İl bizim üçün ikitərəfli
formatda fəal keçdi. Biz xeyli ikitərəfli
görüşlər keçirmişik, beynəlxalq təşkilatlar
daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının
üzvü olan ölkələrin xarici işlər nazirləri
səviyyəsində Bakıda beynəlxalq forum keçirilib.
Gələn il Sammit keçiriləcək və Azərbaycan
gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik
edəcək.
Daxili-siyasi proseslər nöqteyi-nəzərindən
ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində
potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə
isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə
ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət
vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox
mühüm il olub. Demək kifayətdir ki, Dünya
Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində
Azərbaycan 32 pillə irəliləyərək dünyada
25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin
asanlaşdırılması, şəffaflıq,
sahibkarlığa dəstək istiqamətində aparılan
islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə
ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar
investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik
yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi
də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər
çox olub. Əhalinin gəlirləri 9 faizdən çox
artıb. Biz valyuta ehtiyatlarımızı
artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər
olan xarici borcu məqbul səviyyədə
saxlamışıq. Yaxın illər üçün xarici
borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində
saxlanılması üçün strategiya hazırlanıb.
Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu
da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici
borcumuzdan, demək olar ki, 5 dəfə artıqdır. Yəni,
əgər istəsək, bütün borclarımızı
azı bir il ərzində ödəyə bilərik. Yəni,
makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri
həll etmişik. Bu il 6 minə qədər məcburi
köçkün ailəsi yeni evlər və mənzillərlə
təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni,
bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin
nümayəndələri üçün bu il ərzində
kiçik şəhər tikilib. Mən bu siyahını davam
etdirə də bilərəm, amma düşünürəm
ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini
səciyyələndirir.
- Güman edirəm ki, MDB məkanında
iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr
qarşısında olduğu kimi, Azərbaycanın, həmçinin
Rusiyanın qarşısında iqtisadi tempi 1-3 faiz artırmaq
vəzifəsi durur. Bu, 2018-ci il ərzində ümumi daxili məhsulun
artım göstəriciləri üçün gözlənilən
haldır. Bu gün sıçrayış üçün
hansı potensialı görürsünüz? Yəni, əgər
dünya, orta dünya iqtisadi artım templəri 3 və daha
artıq təşkil edirsə, onda aydındır ki, bizim
ölkələrimiz qlobal iqtisadiyyatda geri qalmamaq
üçün bu göstəriciyə
yaxınlaşmalıdırlar.
- Bəli, siz tamamilə haqlısınız. Biz bu istiqamətdə göstəricilərimizi qiymətləndirərək
gələcək addımlarımızı
planlaşdıranda həmişə qeyri-neft sektorunu neft
sektorundan ayırırıq. Çünki neft sektoru həm
qiymət dəyişikliklərinə, həm də neft
hasilatının müəyyən artımına, yaxud azalmasına
məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal
iştirakçısıdır və biz bu yaxınlarda
bütün ölkələrlə həmrəylik
nümayiş etdirmək üçün hasilatın
azaldılması üzrə üzərimizə əlavə
öhdəliklər götürmüşük. Buna görə
də həmin amillərə əsaslanaraq biz həmişə
qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha
çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə
də nəticələrimiz xeyli yaxşı olacaq. On bir
ayın yekunlarına görə biz qeyri-neft sənayesinin
artımını 9 faizdən çox həcmdə
görürük. Bu, ilk növbədə, bizim qeyri-neft
sektoru, kiçik və orta sahibkarlıq, fermerlər
üçün sərfəli şərait yaradılması
üzrə sənayeləşdirmə proqramımızın
nəticələridir. Bizim fermerlər torpaq vergisindən
başqa bütün vergilərdən azaddırlar. Dövlət
güzəştli şərtlərlə gübrə, yanacaq
və istehsalata böyük subsidiyalar ayırır ki, biz kənd
təsərrüfatı məhsullarının ixracı
baxımından mühüm ölkəyə çevrilək.
Buna görə də bizim iqtisadiyyatımızın gələcək
inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək,
lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı,
yüksək texnologiyalarla bağlı olacaq.
Mən bu ilin əlamətdar hadisələrindən
biri kimi orbitə üçüncü peykin
buraxılmasını qeyd edərdim. Azərbaycan artıq beynəlxalq
kosmik klubun fəal üzvüdür. Bizim artıq üç
peykimiz var. Bu da bizim niyyətlərimizdən və
uğurlarımızdan xəbər verir.
- Burada birinci plana Rusiya ilə xüsusi
münasibətlər çıxır. Qeyri-neft sektorunda əməkdaşlığımız
prioritet olduğuna görə bu, uzunmüddətli
perspektivdir. Siz bu il Rusiya lideri ilə altı dəfə
görüşmüsünüz. Bu, onu göstərir ki, hər
iki tərəf bu qarşılıqlı fəaliyyətin, bu
əlaqələrin əhəmiyyətini başa
düşür. Yaşıl dəhlizlərin
yaradılması, o cümlədən, ilk növbədə,
kiçik və orta biznes baxımından
qarşılıqlı ticarət üçün məhdudiyyətlərin
götürülməsi şərtləri müzakirə
olunur. Əsas qərarları və zaman oriyentirlərini Siz
indi nədə görürsünüz? Bu qərarlar nə
vaxt qəbul olunmalıdır?
- Bəli, siz haqlısınız. Bu il Rusiya-Azərbaycan
münasibətləri çox sürətlə inkişaf
edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik
inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir.
Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə
sübut olunub və budur, bu yüksək etimad səviyyəsi,
ilk növbədə, həm də siyasi
qarşılıqlı fəaliyyət bir çox layihələrin
həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir
Vladimiroviç Putinlə altı dəfə, o cümlədən
mənim Rusiyaya rəsmi səfərim çərçivəsində
və onun Azərbaycana səfəri çərçivəsində,
eləcə də beynəlxalq tədbirlərdə
görüşmüşəm. Bu görüşlərdən
hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin
artırılması məsələsinə çox ciddi
yanaşmışıq. Qarşılıqlı fəaliyyətin
müxtəlif istiqamətlərinin inkişafı üzrə
yol xəritələri işlənib hazırlanıb. Mən
şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları
ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə
istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin
artırılması üçün çox güzəştli
şərait yaradılır. Rusiya bankları böyük həcmdə,
yüz milyon dollarla Azərbaycanın mühüm sənaye
layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin,
həm də Azərbaycanın məhz elə ölkə
olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən
qorxmur. Biz həmişə öz öhdəliklərimizə
görə cavab veririk.
Biz 2019-cu il üçün planları müəyyənləşdirmişik.
Lap bu yaxınlarda Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası
Komissiyasının növbəti iclası keçirilib. Bu il
həm də Rusiya və Azərbaycan prezidentlərinin
iştirakı ilə Bakıda Rusiya-Azərbaycan
Regionlararası Forumu keçirilib. Yəni, bu da bizim əməkdaşlığımızın,
Rusiyanın regionları ilə fəal
qarşılıqlı fəaliyyətin və onlarla
ticari-iqtisadi münasibətlərin qurulmasının
mühüm istiqamətidir. Düşünürəm ki, ikitərəfli
ticarətə bizim birgə nəqliyyat təşəbbüslərimiz
ciddi təkan verəcək. Şimal-Cənub layihəsi
artıq reallaşır. Təkcə bu il biz Azərbaycan vasitəsilə
Rusiyadan və Rusiyaya tranzitin on dəfə
artdığını görürük, o cümlədən
bizim yükgöndərənlər bu nəqliyyat
arteriyasından fəal istifadə edirlər. Yəni, biz
öz münasibətlərimizə kompleks
yanaşırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz
bu təməl üzərində siyasi münasibətlərin
çox ciddi bazasını qurmuşuq və ticari-iqtisadi, nəqliyyat,
energetika sahələrində, əlbəttə ki, humanitar sahədə
əməkdaşlıq münasibətlərinin
inkişafı üzrə dəqiq anlaşmamız var. Deməliyəm
ki, rusiyalılar Azərbaycana gələn turistlərin
sayına görə birinci yeri tutur.
- Onları da anlamaq olar.
- Bəli, bu il 800 mindən çox rusiyalı
ölkəmizə gəlib və özlərini evdəki kimi
çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz
çox zəngindir və düşünürəm ki,
qonşuların öz münasibətlərini necə
qurması üçün yaxşı nümunədir.
- Cənab Prezident, Siz xatırlatdınız ki,
gələn il Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik
edəcək. Amma axı bu imkandan Avrasiya İqtisadi
İttifaqı ilə münasibətləri inkişaf etdirmək
üçün də istifadə etmək olar. Bu da elə ərazidir
ki, onsuz keçinmək olmur və burada münasibətləri,
əlaqələri təkcə ikitərəfli əsasda
deyil, həm də Avrasiya cəmiyyəti çərçivəsində
möhkəmləndirmək imkanları var.
- Bəli, sözsüz, biz bu istiqamətdə
işləyirik. Deməliyəm ki, bizim Avrasiya
İttifaqının üzvü olan ölkələrin
mütləq əksəriyyəti ilə çox sıx
dostluq, o cümlədən ticari-iqtisadi sahədə
münasibətlərimiz var. Bizim həmin ölkələrlə
azad ticarət haqqında müqaviləmiz mövcuddur. Əlbəttə,
bizim əsas ticari-iqtisadi tərəfdaşımız Rusiya
Federasiyasıdır. Bizdə azad ticarət formatı da
mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq
potensialını gücləndirəcəyik. İndiki mərhələdə
bu əməkdaşlıq daha çox ikitərəfli xarakter
daşıyır, bəzən də üçtərəfli,
amma daha geniş deyil. Gələn il hadisələrin necə
davam edəcəyini və konkret nəticələri zaman
göstərəcək. Amma əlbəttə
ki, Qoşulmama Hərəkatının sədr ölkəsi
kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq.
Əlbəttə, çalışacağıq ki, Azərbaycanın
tərəfdaşları olan ölkələr bizə necə
dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən
eyni dəstəyi alsınlar.
- Sizin enerji layihələrinizi və dünya
bazarında enerji ambisiyalarınızı xatırlatmaya bilmərəm.
Bu gün biz bir çoxları üçün nadir
sayılan Rusiya-Türkiyə-Azərbaycan birliyini və Rusiya
ilə Azərbaycanın Türkiyə vasitəsilə Avropa
İttifaqına qaz axınını necə yönəltmələrini
müşahidə edirik. Bizi bu məqamda tez-tez
toqquşdurmağa, rəqiblər kimi göstərməyə
çalışırlar. Tamamilə aydındır ki, bu
gün biz birlikdə öz dövlətlərimizin rifahı
naminə Avropa İttifaqının enerji təhlükəsizliyini
yaradırıq. Sizin üçün bu layihələr nə
deməkdir? Cənub Qaz Dəhlizinin açılması Sizin
üçün nə demək idi?
- Hesab edirəm ki, sizin səciyyələndirdiyiniz
bugünkü vəziyyət məhz bu cür olmalı idi. Biz
uzun müddət buna doğru getmişik. Bəlkə də
müxtəlif istiqamətlərdən, müxtəlif sürətlərlə,
amma nəticədə məhz sizin dediyinizə gəlib
çatmışıq. Bu gün dünyanın enerji xəritəsində
bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq
formatı yaranıb. Bu əməkdaşlığın həm
ikitərəfli, həm də üçtərəfli planda
böyük perspektivləri var.
Biz enerji layihələrimizi hələ 2000-ci
ilin əvvəllərində neft-qaz kəmərlərinin
tikintisi ilə həyata keçirməyə
başlamışıq. Çünki dünya bazarlarına
çıxmaq üçün biz mütləq infrastruktur
qurmalı idik. Bizim açıq okeana çıxmaq
imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu
istiqamətdə addımlar atıb. Hərçənd biz
xatırlayırıq ki, xeyli illər əvvəl “mavi
axın” layihəsi gerçəkləşdirilmişdi. Bu barədə
indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə
Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi
idi. Yəni, prinsipcə, bu il “Türk axını”nın dəniz
fazasının açılmasında yeni heç nə
yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək
səviyyədə qarşılıqlı siyasi fəaliyyəti
bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini
sürətləndirməyə imkan verib. Buna görə də
biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni
alqışladıq və həmin layihənin
açılış mərasimində yüksək hökumət
səviyyəsində iştirak etdik.
“Cənub Qaz Dəhlizi” layihəsinə gəlincə,
bu ilin mayında həmin layihə rəsmən işə
düşüb. Bu, özündə dörd mühüm
müstəqil layihəni birləşdirən layihədir. Bu,
iri “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi
və inteqrasiya olunmuş üç qaz kəmərinin
tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən
üçü artıq reallaşıb və mayda Cənub
Qaz Dəhlizinin rəsmi açılışından sonra
iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə,
biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha
böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim
siyasətimizin davamıdır, çünki hələ
2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə
qədər qaz kəməri açmışıq və
Türkiyə bazarına qaz ixracatçısıyıq. Cənub
Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın
ixracını iki dəfə artırmağa, eləcə də
Türkiyənin ətrafındakı ölkələrin
bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa
imkan verəcək. Bu, bizə böyük qaz
potensialımızı reallaşdırmaq imkanı verəcək,
xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu,
artıq on minlərlə iş yeri yaradıb və əlbəttə
ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini
yaradır. Azərbaycanın, Rusiyanın və
Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi
bizə nəinki planlarımızı tamamilə
reallaşdırmağa, maraqlarımızı təmin etməyə
imkan verəcək, həm də enerji
ehtiyatlarımızın və nəqliyyatın
inkişafı baxımından çox gözlənilən
siyasət deməkdir.
- Mən dərhal rəqiblər
tərəfindən gözlənilən siyasət haqqında
bir neçə kəlmə deyə bilərəm. Ölkə
nə qədər güclü olarsa, nə qədər
böyük uğurlar qazanarsa, ona bir o qədər çox təzyiq
göstərilir və burada enerji nüfuzu uğrunda
mübarizə göz qabağındadır. Siz Qərb ölkələri,
ilk növbədə, Birləşmiş Ştatlar tərəfindən
Rusiyaya məhz Avropada öz enerji planlarımıza görə
məruz qaldığımız təzyiqə baxa bilərsiniz.
Siz qoşulmağa hazırsınız, yoxsa, bunun kənar fəsadları
var?
- Məsələ ondadır ki, bizim enerji layihələrimizin
inkişafı baxımından heç vaxt belə təzyiq
hiss etməmişik. Mən, hətta deyərdim, əksinə,
Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini
müəyyən dərəcədə təmin edəcəyinə
görə biz Avropa İttifaqı tərəfindən dəstək
hiss etmişik. Hər il Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin
reallaşdırılması üzrə Məşvərət
Şurası keçirilir. Bu layihədə Avropa
İttifaqının üzvü olan bir neçə ölkə
iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət
Şurası çərçivəsində hər zaman
yüksək səviyyədə təmsil olunur. Biz öz
enerji layihələrimizi reallaşdırırıq,
çünki onlar bizə lazımdır. Çünki biz
çox zəngin neft-qaz ehtiyatlarına malik ölkəyik. Biz
onları satmalı, pul qazanmalıyıq. Buna görə də
biz investor şirkətlər cəlb etmişik. Buna görə
biz bankları cəlb etmişik. Neft-qaz kəmərləri
tikirik. Təkcə Cənub Qaz Dəhlizi təxminən 40
milyard dollara başa gəlir. Bu investisiyaların böyük
hissəsi borc kapitallarıdır. Buna görə əlbəttə
ki, beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq
həmin layihənin mühüm amili idi.
Buna görə də həmin kontekstdə
enerji layihələrinin icrası baxımından biz heç
bir maneə hiss etmirik. Digər tərəfdən,
tamamilə haqlısınız ki, Azərbaycanın əhəmiyyəti
və rolu təkcə enerji bazarında deyil, həm də
bütövlükdə geosiyasi planda artır. Ölkə daha
da inkişaf edir və regionda özünü təsdiqləmək
üçün daha çox planları var. Bizim
inkişafa, apardığımız müstəqil siyasətə
mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu,
enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən
bizi xalqımıza və ölkəmizə tamamilə yad olan
hansısa avantüralara cəlb etmək cəhdləri ilə
bağlıdır. Mən söhbətin əvvəlində
dedim ki, bizim ölkədə - Azərbaycanda heç bir
potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların
rahatlığını yalnız kənardan poza bilərlər.
Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə,
təhlükəsizliyimiz, vətəndaşlarımızın
təhlükəsizliyi məsələlərinə çox
həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı
hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri
həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə
xoşuna gəlmir və arabir biz bunun nəticələrini
görürük. Bir qayda olaraq, bunlar bizim ümumiyyətlə,
iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul
etdiyi hansısa qətnamələrdə ifadə olunur.
- İnsan hüquqlarının pozulmasında
ittihamlar...
- Tamamilə doğrudur.
- Sevimli mövzudur.
- Bəli, elədir ki, var. Həm də qəribədir
ki, bizim əleyhimizə olan qətnamələri üzvü
olmadığımız və üzv olmağa
hazırlaşmadığımız strukturlar qəbul edirlər.
Bax, bu, necə deyərlər, daha çox təbəssüm
doğurur. Həmçinin əlbəttə, mətbuata
yalançı təbliğat tullantıları atılır.
Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin
sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet
yaranıb. Azərbaycan vətəndaşları çox
yaxşı başa düşürlər ki, bu informasiya
tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın
inamlı, davamlı, təhlükəsiz və sabit
inkişafı bizə ziyan vurmaq istəyənlərə ən
yaxşı cavabdır.
- Mədəniyyət və təhsil
məkanı, o cümlədən ölkələrimiz
arasında nə qədər geniş və dərin olarsa, vətəndaşlarımız
nə qədər savadlı olarsa, onlar nəyin həqiqət
və nəyin uydurma olduğunu bir o qədər tez və
asanlıqla başa düşəcəklər. Burada mən
bizim tarixi əlaqələrimizə, münasibətlərimizə
toxunmaya bilmərəm. Azərbaycan o ölkədir ki, Sovet
İttifaqının dağılmasından sonra artıq 27
ildir ki, rus dili özünü burada doğma hiss edir. Azərbaycana
bu cür turist axını yəqin bununla izah
olunmalıdır. Bu gün neçə məktəbdə rus
dili tədris olunur? Bu gün Rusiyaya təhsil almağa gedirlər.
Bizim üçün bu da çox vacibdir. Belə ki, bu, gələcək
üçün, gələcək nəsillər
üçün əlaqədir.
- Bu gün Azərbaycanda rus dilində təhsil
verən 340-dan çox məktəb var. Üç mindən
çox məktəbdə isə rus dili tədris olunur.
Müqayisə üçün deyə bilərəm ki,
ölkədə cəmi 4,5 minə yaxın məktəb var.
Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində
rus dili tədris olunur. 340-dan çox məktəbdə isə
tədris rus dilində aparılır və bu məktəblərin
sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə
siyasətimiz yaxşı nəticələr verir. Mən
tez-tez, xüsusən yeni dərs ili ərəfəsində məktəblərdə
oluram. Görürəm ki, rus dilində yeni şöbələr
yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin
hər bir vətəndaşı, ilk növbədə, öz
dövlət dilini bilməlidir. Bu cəhətdən bizim Azərbaycanda
problem yoxdur. Dövlət dili Azərbaycan dilidir və
bütün kargüzarlıq işləri Azərbaycan dilində
aparılır. Belə də olmalıdır. Amma rus dilini bilmək
həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə
hörmət əlamətidir. Bu gün mən
görürəm ki, buna cəmiyyətdə necə tələbat
var. Çünki siz tamamilə haqlısınız, buraya gələn
milyona yaxın rusiyalı, fikrimcə, ilk növbədə,
ona görə buraya gəlir ki, özlərini rahat mühitdə
hiss edirlər. Bu da çox vacibdir. Buna görə də
bizim rus dilini qorumaq, onun inkişafı üçün daha
yaxşı şərait yaratmaq siyasətimiz tamamilə
düzgündür və bunun müsbət nəticələrini
görürük. Rus dilinə hörmət etməklə biz
öz dilimizə qətiyyən xələl gətirmirik. Bu,
sadəcə, mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın
bugünkü inkişafı dünyaya, ilk növbədə,
öz qonşularına açıq olmaqla milli
maraqlarını, identikliyini qorumağın nümunəsidir.
Biz son illərdə Rusiyanın iki aparıcı ali məktəbinin
- Lomonosov adına MDU-nun və Seçenov adına Tibb
Universitetinin filiallarını da yaratmışıq. Həmin
filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində
aparırlar. Buna görə də mədəni-humanitar sahə, təhsil
sahəsi elə bir sahədir ki, ölkələrimiz və
xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə
kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet
İttifaqının dağılmasından 27 il
ötüb və yeni nəsil yetişib. Biz istəyirik
ki, Azərbaycan vətəndaşları rus dilini də,
ingilis dilini də və əlbəttə, ilk növbədə,
öz ana dilini bilsinlər. Mümkün qədər
çox dil bilsinlər və tərcüməçisiz rahat
söhbət edə bilsinlər.
- Rus dili
beynəlxalq ünsiyyət dilidir. Biz burada rus
dili haqqında məhz bu kontekstdə danışırıq.
Amma bir daha qeyd edim ki, əgər gələcək
nəsillər əcdadları tərəfindən yaradılan
tərəfdaşlığı bilsələr və qiymətləndirsələr,
onda bu gün Sizinlə apardığımız müzakirələrin,
gördüyümüz işlərin hədər
olmadığı sübut ediləcək. Cənab
Prezident, Siz 2019-cu ildən nə gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında,
bizim ölkələrin həyatında mühüm rol
oynayacağını güman edirsiniz? Nəyi
həll etmək istərdiniz?
- Mən əminəm
ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli
hissəsi özünü 2019-cu ildə göstərəcək.
Biz Azərbaycan iqtisadiyyatının
transformasiyası prosesini bitiririk. Buna
görə də düşünürəm ki, iqtisadi
inkişaf cəhətdən bütün planlar
reallaşdırılacaq. Dövlət
büdcəsi də artıq qəbul olunub. O, həmişəki
kimi sosialyönümlüdür. Buna görə
də bütün sosial proqramlar həyata keçiriləcək.
Biz gələn il məcburi
köçkünlər və qaçqınlar
üçün 4 mindən çox mənzil, Ermənistanla
Azərbaycan arasında müharibə zamanı həlak
olanların ailələri üçün 800-dən çox
mənzil istifadəyə verməyi də nəzərdə
tutmuşuq. Yəni, bizim
iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli
olacaq.
Düşünürəm ki, 2019-cu ildə Azərbaycanı
beynəlxalq nəqliyyat mərkəzinə çevirmək
üçün də mühüm addımlar atılacaq. Bu gün
Şimal-Cənub və Şərq-Qərb layihələri Azərbaycandan
keçir. Biz yeganə ölkəyik ki, bu
layihələrin hər ikisində iştirak edirik. Bu layihələrə qoşulan ölkələrin
sayı isə ildən-ilə artır. Biz
Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu - dəmir
yolu, dəniz daşımaları, aviadaşımalar, 6 beynəlxalq
aeroport, avtomobil yolları yaratmışıq. Deyə bilərəm ki, Davos İqtisadi Forumunun qiymətləndirməsinə
görə, avtomobil yollarının keyfiyyəti üzrə
Azərbaycan dünyada 34-cü yeri tutur. Bu
kifayət qədər yüksək göstərici bizim həmin
layihələrə necə diqqət göstərdiyimizdən
xəbər verir. Əlbəttə, biz Qoşulmama Hərəkatının
sədri kimi beynəlxalq arenada fəal iş aparacağıq
və üzv ölkələrə dəstək verəcəyik.
Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
işində də müsbət irəliləyişlər olacaq.
Düşünürəm ki, bu ilin baharında
Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən
status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani
göstəricisidir. Biz bu illər ərzində
çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla
Ermənistan arasında iqtisadi potensialın və bütün
digər komponentlərin balansı artıq çoxdan pozulub.
Düşünürəm ki, bizim
iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin
potensialını gücləndirmək üzrə siyasətimiz
müəyyən dərəcədə Ermənistanda baş
verənlərə səbəb olub. Erməni
cəmiyyətini narahat edən bütün digər məsələlərlə
yanaşı, bu ilin baharında baş vermiş hadisələrin
amillərindən biri Ermənistanın düşdüyü
və ya özünü yuvarlatdığı ağır
sosial-iqtisadi vəziyyət olub. Bu isə mən
qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində
baş verib. Buna görə də
düşünürəm ki, həm Ermənistan cəmiyyətində,
həm də hakim strukturlarda daha yaxşı başa
düşəcəklər ki, münaqişə yalnız ədalətli
nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan
sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki,
Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini
gözləmək çətin olacaq.
Yəni, biz öz siyasətimizin nəticələrini
görürük. Biz münaqişəni həmişə
danışıqlar yolu ilə nizamlamaq istəmişik və
istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə
nizamlamaq üçün çox ciddi vasitələr
lazımdır. Bizim apardığımız və
aparacağımız siyasət sülhün regiona hansı
üstünlüklər verəcəyini və sülh
olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər
yaranacağını göstərməyə yönəlib. Mən
qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin
ölkəni dəyişmək üzrə bütün
planlarını həyata keçirməsi üçün
yeganə yol Azərbaycanla münaqişənin nizamlanması
yoludur. Bunun üçün isə onlar özlərinə məxsus
olmayan ərazilərdən çıxmalı və yüz
minlərlə azərbaycanlının öz yurdlarına
qayıtmasına imkan verməlidirlər. Buna görə də
ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq
deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər.
Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq
yürüdəcəyik, xüsusən görəndə ki,
o, nəticə verir.
- Strateji hövsələ, dözüm, səbir
və öz inkişafına diqqət Azərbaycanın 2019-cu
ildəki seçimidir.
- Tamamilə doğrudur. Siz bizim
planlaşdırdıqlarımızı və etdiklərimizi
çox dəqiq ifadə etdiniz.
- Mən Sizə uğurlar arzulayıram. Bu
müsahibə üçün çox sağ olun. Sizə rifah
arzulayıram.
- Sağ
olun. Sizi görməyimə həmişə
şadam. Yeni il ərəfəsində
fürsətdən istifadə edərək, yeni ildə
rusiyalılara ən xoş arzularımı
çatdırıram, sülh, uğur və xoşbəxtlik
diləyirəm.
- Sağ olun!
Yeni Azərbaycan.-
2018.- 26 dekabr.- S.2.