Elmar Məmmədyarov: Azərbaycan
müstəqil, çoxşaxəli,
tarazlaşdırılmış və fəal xarici siyasətini
davam etdirəcək
Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair kütləvi
informasiya vasitələrinin suallarını
cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Ermənistan-Azərbaycan münaqişəsinin
həlli üzrə aparılan danışıqların cari
il üzrə yekunları nədən ibarətdir?
Münaqişənin həlli üzrə
danışıqların, xüsusilə son zamanlar səsləndirilən
ümidverici bəyanatlar fonunda gələcək perspektivlərini
necə görürsünüz?
- Əvvəla qeyd etmək istərdim ki,
ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
mövqeyi dəfələrlə ən yüksək səviyyədə
bütün platformalarda səsləndirilib. Münaqişə
Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyü və suverenliyi əsasında
həll olunmalıdır. Münaqişənin həllinin
hüquqi bazasına gəldikdə buraya, ilk növbədə,
dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə
cavabdeh olan BMT Təhlükəsizlik Şurasının
1993-cü il tarixli 4 qətnaməsi, digər çoxsaylı
beynəlxalq təşkilatların, o cümlədən ATƏT,
İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar
və qətnamələri, eləcə də ikitərəfli
və çoxtərəfli formatlarda qəbul edilmiş birgə
sənədlər daxildir.
Təəssüf ki, uzun illərdir
münaqişənin həlli üzrə aparılan
danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə
də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan
Baş naziri arasında MDB-nin Düşənbə və
Sankt-Peterburq zirvə görüşləri çərçivəsində
baş tutan söhbətlər və mənimlə ermənistanlı
həmkarım arasında keçirilmiş üç
görüş danışıqlar prosesinin irəli
aparılması baxımından müəyyən optimizm vəd
edir. Bu il dekabrın 6-da ATƏT-in Milanda
keçirilmiş Nazirlər görüşü çərçivəsində
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
nümayəndə heyətlərinin rəhbərlərinin,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
qəbul olunmuş birgə bəyanatında qeyd edilir ki,
münaqişənin sülh yolu ilə ədalətli və
davamlı həlli üzrə danışıqların davam
etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir
ki, danışıqların formatı dəyişilməz
olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri
səviyyəsində Düşənbədə əldə
olunan razılaşmaya riayət olunması və hər iki
ölkə əhalisinin sülhə hazırlanması
üçün konkret addımların atılması
çağırışı əks olunur. Vacib
məqamlardan digəri isə, birgə bəyanatda
münaqişənin ədalətli və davamlı həllinin
təşviq edilməsi üçün yaxın gələcəkdə
Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində
intensiv nəticəyə yönələn
danışıqların keçirilməsi fikrinin əks
olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in
Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.
Ümumiyyətlə, qeyd etmək
istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən
sonra Ermənistanın hazırkı rəhbərliyi,
münaqişənin həlli istiqamətində siyasi iradəsini
nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə
uyğun olaraq bölgədə sülh, sabitlik və
davamlı inkişafın əldə olunması istiqamətində
çalışmalıdır.
Ümid edirik ki, qarşıdan gələn
2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən
çıxarılması və iki ölkə arasında
münasibətlərin normallaşması baxımından
müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində mümkün irəliləyiş
bölgədə sülh, təhlükəsizlik və sabitliyə
şərait yaratmaqla, bütün regionda, ilk növbədə,
Ermənistanın özündə davamlı iqtisadi
inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik mənsubiyyətə
malik Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun
olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının
da təhlükəsizliyini təmin etməyə və onlara
Azərbaycan Respublikasının beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
yüksək səviyyədə özünüidarəetmə
hüququ verməyə hazırdır. Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması öz doğma yurd-yuvalarına geri qayıtmağa
hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında
qeyd olunan məsələ növbəti dəfə səsləndirildi.
Xatırlayırsınızsa, bir müddət əvvəl
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar
olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin
“xidmətləri” nəticəsində bu təmaslara son
qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa
bir yerə köçmək mümkün deyil və
münaqişənin həllindən sonra, əlbəttə,
sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz
bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və
erməni icmaları arasında təmasların bərpa edilməsi
vacibdir və bu, təşviq olunmalıdır.
- Azərbaycanın beynəlxalq təşkilatlarla
əlaqələrində hansı mühüm uğurları
qeyd edə bilərsiniz?
- 2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq və fəal təmsilçilik xəttini
yürüdən ölkəmizin əldə etdiyi bir sıra
nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT və
onun ixtisaslaşmış təşkilatları, həm də
digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr - 1 oktyabr tarixlərində
keçirilmiş BMT Baş Assambleyasının 73-cü
sessiyası çərçivəsində baş tutan bir
sıra tədbirlərdə və keçirilən
görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə
bağlı, eləcə də beynəlxalq gündəliyin
aktual məsələlərinə dair ölkəmizin
mövqeyinə dəstək və anlayış
nümayiş etdirildi. Dekabrın 17-də BMT
Baş Assambleyası Azərbaycanın təklif etdiyi,
dünya ictimaiyyətinin diqqətini beynəlxalq hüququn
müddəalarına hörmət edilməsinə yönəldən
və silahlı münaqişələr zamanı itkin
düşmə hallarının qarşısının
alınması, itkin düşmüş şəxslərin
axtarışı ilə bağlı
bütün lazımi tədbirlərin həyata keçirilməsi,
o cümlədən beynəlxalq öhdəliklərə
uyğun olaraq itkin düşmüş şəxslərin
taleyinin müəyyənləşdirilməsi
üçün əməkdaşlıq edilməsini nəzərdə
tutan “İtkin düşmüş şəxslərə dair”
qətnamə qəbul edildi. Bu
mühüm təşəbbüs Azərbaycanın xarici
siyasətinin humanist xarakterini, onun beynəlxalq hüquq və
ondan irəli gələn öhdəliklərə sadiqliyini,
eləcə də bu qaydalara BMT-nin üzv ölkələri tərəfindən
riayət edilməsinə nail olmaq qətiyyətini bir daha
qabartmış oldu.
Aprelin 3-5-də Bakıda 117 ölkənin və
16 beynəlxalq təşkilatın nümayəndələrinin
iştirak etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin
Nazirlər Konfransı keçirildi. Tədbir çərçivəsində
qəbul edilmiş yekun sənəd və Bakı Bəyannaməsi
ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
üzrə mövqeyinə birmənalı dəstək ifadə
etdi.
Həmçinin bu il dekabrın 12-də Avropa
Parlamentinin “Aİ-nin xarici siyasət və təhlükəsizlik
sahəsində ümumi xarici siyasətinin həyata
keçirilməsi” adlı qətnaməsinin qəbulunu
vurğulamaq istərdim. Belə ki, bu qətnamə mövcud
münaqişələrin ərazi bütövlüyü,
suverenlik və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığı prinsipləri əsasında həllini
təsdiq etdi.
Bu ilin 1 iyul - 31 dekabr tarixlərində ölkəmizin
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına
sədrliyi çox faydalı oldu. Sədrliyimiz dövründə
nazirlər səviyyəsində dörd görüş,
tematik işçi qruplarının 20-dən çox
iclası keçirildi, bizim təşəbbüsümüzlə
müvafiq dəyərləndirmə sənədləri qəbul
edildi.
İl ərazində beynəlxalq ictimaiyyətin
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həllinə münasibətdə artmaqda olan birmənalı
dəstəyini, xüsusilə vurğulamaq istərdim. Davamlı səylərimiz nəticəsində
diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər
çərçivəsində ərazi
bütövlüyünə dəstək ifadəsi daha
geniş istifadə olunmağa başladı.
Keçirilmiş ikitərəfli və çoxtərəfli
görüşlər nəticəsində qəbul olunmuş
çoxsaylı sənəd və bəyanatlarda,
o cümlədən Qoşulmama Hərəkatının Nazirlər
görüşünün yekun sənədində, NATO-nun
zirvə görüşünün yekun bəyanatında,
Avropa Parlamentinin sözügedən qətnaməsində,
üçtərəfli formatlarda keçirilmiş
görüşlərin birgə bəyannamələrində,
eləcə də ikitərəfli əsasda qəbul
edilmiş bir sıra birgə bəyanatlarda ölkəmizin
suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünə dəstək
münaqişənin həlli ilə bağlı onsuz da
mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə
xidmət edib.
Bu il ərzində, həmçinin ölkəmizin
bir sıra beynəlxalq təşkilatların seçkili
orqanlarına üzvlük müraciətləri də
uğurlu olub. Məsələn, iyunun 6-da Azərbaycan
UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin
üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin
qadınlara münasibətdə ayrı-seçkiliyin aradan
qaldırılması üzrə Komitəsinə üzv olub,
noyabr ayında Dubayda Beynəlxalq Telekommunikasiya
İttifaqının Şurasına 2019-2022-ci illər üzrə
üzv seçilib, həmçinin ölkəmizin nümayəndəsi
BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv
seçilib.
Göründüyü kimi, 2018-ci il ərzində
Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar
çərçivəsində öz maraqlarını daha da
irəli aparmaq səylərini davam etdirib.
- Bu il Xəzəryanı ölkələr
arasında Xəzər dənizinin hüquqi statusuna dair
imzalanmış Konvensiya yeni neft-qaz yataqlarının
istismarı və TransXəzər qaz kəmərinin tikilməsi
baxımından hansı perspektivlər açır?
- Cari ilin avqustunda “Xəzəryanı
beşliyin” liderləri tərəfindən Xəzər dənizinin
hüquqi statusu haqqında imzalanan Konvensiya dövlətlərarası
əməkdaşlıq üçün yeni, müstəsna
imkanlar açdı. Konvensiya tərəflərin Xəzər
dənizindən və onun zəngin təbii ehtiyatlarından
istifadəsi ilə bağlı hüquq və vəzifələrini
tənzimləyir. Bu sənəd Xəzər dənizinin
delimitasiya parametrlərini müəyyənləşdirir.
Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiyanın imzalanması beş sahilyanı
dövlətin xoş məramını bildirən əsl
tarixi hadisə oldu. Bu sənədin ölkəmiz
üçün əsas əhəmiyyəti sahilyanı
ölkələrin dənizin zəngin təbii sərvətlərindən
istifadə edilməsi üzrə suveren və müstəsna
hüquqlarının müəyyənləşdirilməsindən
ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində
müxtəlif layihələrin, habelə dənizdə digər
iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin
davamlılığını və təhlükəsizliyini
təmin edir. Xəzər dənizində ticarətin və
ölkələrimizin iqtisadiyyatının inkişafı
baxımından mühüm rol oynayan naviqasiya azadlığı
və təhlükəsizliyi təmin olunur.
Ümumiyyətlə, Konvensiyanın müddəalarının
yerinə yetirilməsi orada göstərilən məqsədə
nail olunmasını təmin edəcək, Xəzər dənizini
sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq
zonasına çevirəcək. Tarixən Xəzər
dənizində nəhəng layihələrin həyata
keçirilməsində fəallıq göstərən Azərbaycan
gələcəkdə də sahilyanı ölkələrlə
əməkdaşlığı davam etdirməyi və
genişləndirməyi planlaşdırır.
Uğurlu enerji siyasəti sayəsində
Azərbaycan özünün iqtisadi təhlükəsizliyini
təmin edən, eləcə də Avropanın enerji təhlükəsizliyinə
töhfə verən etibarlı tərəfdaş,
istehsalçı və tranzit ölkə kimi nüfuz
qazanmağa müvəffəq olub. Hazırda Azərbaycanın
təşəbbüsü və iştirakı ilə Cənub
Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin
reallaşdırılması davam etdirilir. Bu
layihə Xəzər dənizindən təbii qazın Avropaya
nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz
enerji resurslarının dünya bazarlarına
çatdırılmasında yüksək potensiala malikdir və
biz Azərbaycanın ərazisindən keçən tranzit
marşrutlarından istifadə etmək istəyən
qonşu dost ölkələrə imkanlarımızı təqdim
etməyə həmişə hazırıq.
- Məlum olduğu kimi, gələn ildən
etibarən Azərbaycan üç il ərzində
Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu
mühüm hadisə ölkəmizə nələr vəd
edir?
- Beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsini qarşıya məqsəd qoyan
ölkəmiz, bildiyiniz kimi, 2011-ci ildə Qoşulmama Hərəkatına
üzv oldu. Bu təşkilat öz sıralarında 120
üzv, 17 müşahidəçi ölkəni və 10
müşahidəçi təşkilatı birləşdirən
ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı
keçmişin çox tanınmış dövlət rəhbərləri
olan İosip Broz Tito, Cəvahirləl Nehru, Fidel Kastro və digərlərinin
iz qoyduğu kifayət qədər uzun tarixə malik bir
qurumdur. Təqdirəlayiq haldır ki, çox qısa zaman ərzində
ölkəmiz təşkilat çərçivəsində
özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına
2019-2022-ci illər ərzində sədrlik etmək imkanına
sahib oldu.
Məlum olduğu kimi, bu ilin
aprelində Qoşulmama Hərəkatının üzv ölkələrinin
Bakıda keçirilmiş Nazirlər
görüşünün yekun sənədində Azərbaycanın
bir sıra təşəbbüslərinə dəstək
nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin BMT
TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
həllinin vacibliyi vurğulandı.
Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da
artırılması məqsədilə üç əsas
prioritet üzərində qurulacaq və buraya Bandunq prinsiplərinin
təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi
və Hərəkatın effektivliyinin artırılması
daxildir.
Əminliklə qeyd edə bilərəm ki,
Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin
mövqeyinin beynəlxalq səviyyədə
çatdırılması baxımından bizim
üçün əlavə imkanlar yaradacaq. Təşkilatın
üzvü olan 120 ölkə BMT-yə üzv dövlətlərin
üçdə ikisini təşkil edir, bu isə istənilən
qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata
sədrliyimiz, həmçinin ölkəmizin irəli
sürdüyü təşəbbüslərin
reallaşdırılması baxımından müvafiq imkanlar
yaratmış olacaq. Bu təşəbbüslərin həyata
keçirilməsi isə öz növbəsində, ölkəmizin
beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına
xidmət edəcək.
- 2019-cu ildə Azərbaycan ilə Avropa
İttifaqı arasında, viza rejiminin sadələşdirilməsi
də daxil olmaqla, yeni strateji tərəfdaşlıq
haqqında sazişin imzalanması mümkündürmü? Bu
Azərbaycana hansı dividendlər gətirəcək?
- Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu
və qarşılıqlı faydalı tərəfdaşlıq
münasibətlərini inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın
son ili Aİ ilə əməkdaşlıq gündəliyinin
daha da irəli aparılması baxımından çox
faydalı olub. Bu xüsusda, iyulun 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Aİ
Şurasının Prezidenti Donald Tusk tərəfindən
Brüsseldə paraflanmış, oktyabrın 15-də isə
Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı
ölkələrinin Nazirlər görüşü çərçivəsində
qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri
sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda
mühüm mərhələ açacaq Aİ və Azərbaycan
arasında yeni hərtərəfli sazişi və sənədlə
bağlı aparılan danışıqları da qeyd etmək
lazımdır. Danışıqlar prosesi hələ də
davam edir və bunun vaxt tələb etdiyi təbiidir,
çünki bizə və Aİ tərəfdaşlarımıza
ciddi, keyfiyyətli saziş lazımdır. Bu
saziş ikitərəfli münasibətlərin hüquqi əsasını
təşkil edəcək və qarşılıqlı sahəvi
tərəfdaşlığımızı uzun müddətdə
möhkəmləndirəcək. İnanırıq ki, bu
saziş bərabərhüquqlu tərəfdaşlıq və
birgə maraqlara əsaslanan strateji əhəmiyyətli
sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə
də Aİ üzv ölkələrinə lazımdır.
Viza sadələşdirilməsi üzrə
Saziş artıq bir neçə ildir ki, qüvvədədir.
Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir.
Yəni viza rejiminin liberallaşdırılması anlamına
gəlir. Amma bu müəyyən vaxt tələb edir.
- Azərbaycanın 2019-cu il üzrə xarici
siyasət prioritetləri nədən ibarət olacaq?
- Cari ildə olduğu kimi,
növbəti il ərzində də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi
ilə ölkəmizin milli maraqlarına əsaslanan və
milli mənafelərimizin beynəlxalq müstəvidə
qorunmasına xidmət edən müstəqil, çoxşaxəli,
tarazlaşdırılmış və fəal xarici siyasətimiz
davam etdiriləcək.
Bu gün Azərbaycan bölgədə qlobal
layihələrin təşəbbüskarı və
iştirakçısı qismində regional əməkdaşlığı
inkişaf etdirən və beynəlxalq müstəvidə
nüfuz sahibi olan dövlətdir. Bu gün
etibarlı tərəfdaş kimi dəyərləndirilən
ölkəmizin xarici siyasət sahəsindəki nailiyyətləri,
əlbəttə ki, onun qonşu ölkələr və
dünyanın digər dövlətləri ilə
tarazlaşdırılmış əlaqələr
qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu
dialoq və əməkdaşlıq münasibətlərini həyata
keçirməsinə əsaslanır.
2019-cu ildə xarici siyasət prioritetlərinə,
ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin
möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün nəticələrinin
aradan qaldırılması və beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyümüzün
bərpa edilməsi, eyni zamanda, Azərbaycanın təşəbbüskarı
və iştirakçısı olduğu irimiqyaslı
infrastruktur layihələrinin həyata keçirilməsinin
davam etdirilməsi, bütün beynəlxalq aktorlar, o cümlədən
dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlığın
daha da inkişaf etdirilməsi daxildir.
Yeni Azərbaycan.-
2018.- 26 dekabr.- S.4.