Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsində
il ərzində görülmüş işlər müzakirə
olunub
Dekabrın 25-də Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsində
2018-ci ilin yekunlarına və 2019-cu ilin birinci yarısında
həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə
həsr olunmuş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Azərbaycanın dövlət himni səsləndirilib.
İclasda çıxış
edən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin Azərbaycan
üçün əlamətdar hadisələrlə zəngin
olduğunu, bütün sahələrdə dinamik
inkişafın təmin edildiyini bildirib.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının 100 illiyinin ölkəmizdə qeyd edildiyini
vurğulayan Komitə sədri deyib: “Müstəqil Azərbaycan
100 il əvvəl yaradılan Xalq Cümhuriyyətinin layiqli
varisidir. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng
quruculuq işləri aparılır. Ölkəmiz regionun,
dünyanın lider ölkələri sırasında olmaqla
bərabər, əksər regional və ya beynəlxalq layihələrin
əsas tərəfdaşıdır. Bunun əsasında
dövlətimizin başçısının həyata
keçirdiyi düşünülmüş siyasət
dayanır”.
Komitə sədri son 15 ildə
ölkəmizin böyük uğurlara imza
atdığını vurğulayaraq bildirib ki, dövlətimizin
başçısı İlham Əliyev ötən müddət
ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının
Prezidenti olduğunu sübuta yetirib. Bu müddət ərzində
Ümummilli lider Heydər Əliyevin ideyaları daha da
inkişaf etdirilib, uğurlu daxili və xarici siyasət həyata
keçirilib.
Cari il ərzində görülən
işlərdən danışan H.Hüseynova bildirib ki, il ərzində
Komitə tərəfindən 112 tədbir təşkil olunub,
müxtəlif araşdırma və təhlillər
aparılıb, qurumun əməkdaşları bir sıra beynəlxalq
konfranslarda, forumlarda, təlimlərdə iştirak ediblər.
Bu il Azərbaycanda qadınlara seçki
hüququnun verilməsinin 100 illiyinin də qeyd edildiyini
söyləyən komitə sədri bildirib ki, Azərbaycan
müsəlman Şərqində qadınlara seçmək və
seçilmək hüququ verən ilk ölkədir. Cari ildə
bu əlamətdar hadisə ilə bağlı silsilə tədbirlər
də təşkil olunub. Vurğulanıb ki, qadın
sahibkarlığının inkişafı ilə bağlı
bir sıra mühüm addımlar atılıb, memorandumlar
imzalanıb. Sentyabrda Bakıda IX Azərbaycan-Rusiya
Regionlararası Forumu çərçivəsində
“Qadın sahibkarlığının inkişafında ikitərəfli
əməkdaşlığın perspektivləri” mövzusunda
xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda əməkdaşlıq
haqqında memorandum imzalanıb. Həmin sənədin əsas
məqsədi regionlararası qadın
sahibkarlığının inkişafı, ikitərəfli
işbirliyinin qurulması idi. Oktyabrda isə Rusiyanın Həştərxan
vilayətində “Həştərxan-Azərbaycan: Qadın
Sahibkarlığı” biznes forumu keçirilib. “Sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq istəyən
qadınlar üçün imkanlar yaradıldıqda müsbət
nəticələrə nail olmaq mümkündür. Bu gün
fəaliyyət göstərən Qadın Resurs mərkəzləri,
eyni zamanda, Uşaq və Ailələrə Dəstək mərkəzləri
buna əyani misaldır. Bu il həmin Resurs Mərkəzlərinin
sayı 8-ə çatıb. İl ərzində mərkəzlərin
fəaliyyətindən 20 748 vətəndaş bəhrələnib.
Bu gün Azərbaycanda qızlar
üçün heç bir qapalı peşənin
olmadığını diqqətə çatdıran Komitə
sədri bildirib ki, texniki, innovativ, neft sənayesi və digər
sahələrdə qızların sayı artmaqdadır.
Statistik rəqəmlər göstərir ki, qadınların
30 faizi dövlət, 70 faizə qədəri isə özəl
sektorda işləyir.
“Ailələrin sosial rifahını yüksəltmək
üçün hökumət mütəmadi zəruri tədbirlər
həyata keçirir. İldən-ilə ailələrimizin
sosial müdafiəsi güclənir, müxtəlif layihələr
reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində
əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini
ötüb. Bu gün Azərbaycanda 2 milyon yüz mindən
çox ailə var. Ailə üzvləri arasında ünsiyyətin
güclənməsi üçün “Ailəlikcə kitabxanaya”
layihəsi keçirilir. Bu, həm uşaqlarımızın
kitaba, mütaliəyə marağını artırır, həm
də ailə üzvlərini bir-birinə daha da mehriban edir.
Bizim maraqlı və uzunömürlü layihələrimizdən
biri də “Ailə bayramı” və “Azərbaycan ailəsi”
adlı filmlər festivalıdır. Bu il layihələrin 10
ili tamam olur. Festivalın əsas məqsədi
kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək
ailə dəyərlərinin, milli-mənəvi dəyərləri
gənclər arasında təbliğ etməkdir”, - deyə
Komitə sədri qeyd edib.
Azərbaycan dövlətinin həyata
keçirdiyi uşaq siyasətindən danışan
H.Hüseynova bildirib ki, bu istiqamətdə də müxtəlif
layihələr həyata keçirilir. Ölkəmizdə
uşaq hüquqlarının müdafiəsi ilə
bağlı güclü qanunvericilik bazası mövcuddur.
Komitə sədri deyib: “Bu yaxınlarda
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Qanun qəbul olunub. Ölkəmiz Uşaq
hüquqları haqqında Konvensiya və Dayanıqlı
İnkişaf Məqsədlərindən irəli gələrək
bir sıra öhdəliklərlə bağlı hər
dörd ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən
yüksək qiymətlər alır, bu, onu göstərir ki,
dövlətimiz uşaq hüquqlarının həyata
keçirilməsi üçün çox böyük
uğurlar əldə edib. Mühüm qanunlar, dövlət
proqramları qəbul olunur. Vacib layihələr həyata
keçirilir”.
Naxçıvan Muxtar
Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə
çıxış edərək deyib ki, muxtar respublikada həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
ailə, qadın və uşaqlar dövlətimizin
qayğısından bəhrələnməkdədir. Naxçıvanda ailələrin rifah halının
yüksəldilməsi üçün yeni iş yerləri
açılır, ünvanlı dövlət sosial
yardımı təyin edilir, Azərbaycanın ərazi
bütövlüyü uğrunda döyüşlərdə
sağlamlığını itirmiş və ya şəhid
olmuş vətəndaşların ailələrinin mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
üçün tədbirlər görülür, müavinətlər
verilir. Gənc ailələrin sosial müdafiələri
gücləndirilir.
“Aztəminatlı ailələr də dövlət
qayğısından yararlanırlar. Belə ki, onların
problemləri öyrənilir və həll edilir. Aztəminatlı
ailələr fəal məşğulluğa cəlb olunur,
onların ailə təsərrüfatlarının
yaradılmasına lazımi köməkliklər göstərilir”,
- deyə R.Seyidova qeyd edib.
Bildirilib ki, Naxçıvan Muxtar
Respublikasında qadınların ictimai fəallığının
artırılması, onların öz hüquqları barədə
məlumatlandırılması, özünüməşğulluqlarının
təmin edilməsi, eləcə də ahıl, tənha,
xüsusi qayğıya ehtiyacı olan qadınların həyat
şəraitlərinin yaxşılaşdırılması
məqsədilə kompleks tədbirlər görülür, məişət
və sosial sahələrdəki problemlər aradan
qaldırılır. Hər il istedadlı, həmçinin
sağlamlıq imkanları məhdud qadınların milli, mənəvi
zənginliyimizi təbliğ edən, xalqımıza xas dəyərləri
özündə yaşadan əl işlərindən ibarət
sərgi-satışlar təşkil olunur. Bundan əlavə, gənc qadınların müəyyən
peşələrə yiyələnməsi, həmçinin
istedad və bacarıqlarının inkişaf etdirilməsi
üçün müxtəlif peşə kursları təşkil
olunur, sahibkarlıq sahəsində fəaliyyət göstərən
qadınlara da hərtərəfli dəstək göstərilir.
Qeyd edilib ki, muxtar respublikada uşaqların
sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə
də xüsusi diqqət və qayğı göstərilir,
onların hüquqlarının qorunması ilə əlaqədar
monitorinqlər təşkil edilir. Valideyn himayəsindən məhrum,
sağlamlıq imkanları məhdud şəhid ailələrindən
olan uşaqların sosial müdafiəsinin güclənməsi
ilə bağlı tədbirlər görülür.
Milli Məclisin sədr
müavini, İnsan hüquqları komitəsinin sədri Bahar
Muradova qeyd edib ki, Azərbaycanda ailə təsərrüfatların
yaradılması, qadın sahibkarlığının
inkişafı, uşaqların, gənclərin
sağlamlığının təmini, onlara yüksəksəviyyəli
təhsilin verilməsi və bütün bu proseslərin
üzərində ictimai və sosial nəzarətin təmin
olunması istiqamətində görülən işlər təqdirəlayiqdir.
Bunlardan yalnız qürur duya bilərik. Bahar
Muradova deyib ki, təkcə bu il ərzində Milli Məclisin
müvafiq komitələri Ailə Qadın, Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə birgə bu
hüquqların qorunması, inkişafı, əlçatanlığının
təmin olunması istiqamətinə yönəldilmiş
çoxsaylı tədbirlər, ictimai müzakirələr
təşkil edib. 2018-ci il ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan olunub. Bu il
yubiley tədbirlərində yüz il ərzində Azərbaycan
xalqının, dövlətimizin əldə etdiyi nailiyyətlər
müzakirə olunub. Ölkəmizdə nailiyyətlərin
qazanılmasında və bu nailiyyətlərin
qazanılması səbəblərinin formalaşmasında Azərbaycan
qadınlarının böyük rolu var.
Milli Məclisin sədr müavini
vurğulayıb ki, iqtisadi cəhətdən müstəqil
olmayan qadın siyasi prosesə nə qatıla, nə də
uğur qazana bilər. Ona görə də Azərbaycanda
qadınların iqtisadi prosesə qatılması
baxımından görülən işlər çox əhəmiyyətlidir.
“Ona görə də qadın sahibkarlığının
inkişafı vacib məsələdir. Qadınlarımız
iqtisadi proseslərdə, milli-mənəvi dəyərlərin
qorunmasında iştirakı olduqca önəmlidir. Qadınlar iqtisadi proseslərə nə qədər
çox qoşulacaqlarsa, bir o qədər özlərini azad,
müstəqil hiss edəcəklər və qətiyyətlə
siyasi proseslərin fəal iştirakçısına
çevriləcəklər”,- deyə Bahar Muradova
vurğulayıb.
Nazirlər Kabinetinin Humanitar və
sosial məsələlər şöbəsinin müdiri Musa
Ələkbərov, Milli Məclisin Ailə, qadın və
uşaq məsələləri komitəsinin sədri Aqiyə
Naxçıvanlı, Milli Məclisin deputatı Sahibə
Qafarova ölkəmizdə qadın və uşaq siyasətinin
həyata keçirilməsi istiqamətində əldə
edilən uğurlar barədə danışıblar. Qeyd olunub ki, bütün bunlar Ümummilli lider Heydər
Əliyevin yaratdığı dövlətçilik ənənələrinə
sadiq qalaraq, onun siyasi ideyalarını uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
həyata keçirilən kompleks tədbirlər nəticəsində
əldə olunub. Ölkəmizdə ailə institutunun möhkəmlənməsi
məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi
ilə həyata keçirilən tədbirlər bu sahədə
yeni nailiyyətlərin əldə olmasında əlverişli
şərait yaradır.
Kollegiya iclasının ikinci hissəsində
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2019-cu ilin birinci yarısı
üçün İş Planı haqqında məlumat
verilib. Eyni zamanda, Komitə yanında yaradılan İctimai
Şuranın sədri Rəna Mirzəzadə il ərzində
həyata keçirilən tədbirlər barədə məlumat
verib. Azərbaycan Qadın Sahibkarlığının
İnkişafı Assosiasiyasının İdarə Heyətinin
sədri Səkinə Babayeva isə qadın
sahibkarlığının inkişafı istiqamətində
görülən işlərdən danışıb.
Kollegiyanın yekununda bir qrup Komitə əməkdaşına
qulluq vəzifələrini layiqincə yerinə yetirdiklərinə
görə Fəxri fərmanlar təqdim olunub.
Yeni Azərbaycan.- 2018.- 26 dekabr.- S.7.