Heydər Əliyev Fondu
uşaqlar üçün ənənəvi bayram şənliyi
təşkil edib
Birinci
vitse-prezident Mehriban Əliyeva bayram şənliyində
iştirak edib
Dekabrın
28-də Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
bayramları ərəfəsində uşaqlar
üçün ənənəvi şənlik təşkil
edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə hər il keçirilən bayram şənliyində
uşaq evlərinin sakinləri, internat məktəblərinin
şagirdləri, xüsusi qayğıya ehtiyacı olan
uşaq və yeniyetmələr, eləcə də şəhid
ailələrindən olan uşaqlar iştirak edirlər.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində
iştirak etdilər.
Həmişə olduğu kimi, bu dəfə də
uşaqlar şənliyin keçirildiyi məkana onlar
üçün ayrılmış avtobuslarla gəldilər. Xüsusi
zövqlə bəzədilən və balacaların
ixtiyarına verilən bu məkan uşaqları sevindirmək
üçün bayram əhval-ruhiyyəsində,
nağıllar aləmini xatırladan dizaynla tərtib olunub.
Bayram
şənliyi Ulu öndər Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın uşaqlarla görüşündən,
gənc nəslə diqqət və qayğısından bəhs
edən videoçarxın nümayişi ilə
başladı.
Artıq ənənəvi
xarakter alan şənlikdə hər il
olduğu kimi, bu il də uşaqlara səhnələşdirilmiş
nağıl və musiqili-əyləncəli proqram təqdim
edildi.
Bu proqram əsasında “Buta” sarayında balacalar
üçün qurulan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini
daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə
qoşulan, mahnılar ifa edən, məharətlərini
göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil
etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin,
sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının
bir-birindən maraqlı çıxışları məhz
onlara ünvanlanmışdı. Bayram
şənliyində uşaqların sevinci, üzlərindəki
təbəssüm bu xoş əhval-ruhiyyəni onlara
yaşadan Heydər Əliyev Fondunun fəaliyyətinə verilən
ən yüksək qiymət idi.
Hər il olduğu kimi bu dəfə də balacalar
onların ən böyük himayədarı Mehriban
Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların
sevinc və fərəhini bölüşdü, onlarla səmimi
söhbət etdi.
Nağıl
və musiqili-əyləncəli proqrama uşaq evlərinin
sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr
- ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın
tanınmış estrada ulduzları cəlb
olunmuşdu. Balacaların sevimli cizgi filmlərinin
qəhrəmanlarını canlandıran personajlar şənlik
iştirakçılarında gözəl həyəcan hissləri
doğurdu. Səhnəciklər, oynaq,
şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng
etdi.
Qış nağılını xatırladan sarayda
uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların
əhatəsində oldular, onlarla birlikdə şənləndilər.
Azərbaycanın gələcəyi sabahın gəncləri
hesab olunan bu günün fidan balalarının əlində
olacaq. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan
dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir.
Yeni nəslin sağlam böyüməsi dövlətin və
cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə
saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və
qayğı var. Uşaqların layiqli vətəndaş kimi
böyüməsi, cəmiyyətdə sağlam mövqe
tutması üçün Azərbaycan dövləti hər
cür şərait yaradıb.
Azərbaycanda uşaq siyasətinin əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin
yaratdığı və nəsillər üçün miras
qoyduğu ənənələr bu gün də uğurla davam
etdirilir. Prezident İlham Əliyevin
uşaq hüquqlarının müdafiəsi sahəsində
atdığı addımlar xalqımızın
övladlarının taleyində əhəmiyyətli rol
oynayır. Son illər ərzində
sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən
Azərbaycanda yeni tibb ocaqları, təhsil müəssisələri,
idman-sağlamlıq kompleksləri istifadəyə verilib.
Onların böyük əksəriyyəti bu
gün birbaşa uşaqların sərəncamındadır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü
işlər də ölkəmizdə bu istiqamətlərdə
formalaşan ənənələrin hələ uzun illər
yaşayacağına zəmanət verir. Azərbaycanda
uşaq hüquqlarının təmin olunması, onların
istedadının üzə çıxarılması istiqamətində
silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda
uşaqlarla bağlı mühüm layihələr
reallaşdırılır. Fondun fəaliyyəti
Azərbaycanın gələcəyi hesab edilən uşaqlara
yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin
ümumi potensialının səfərbər edilməsinə
yönəlib. Bütün bunlar
uşaqlarımızın hərtərəfli inkişafı,
müasir beynəlxalq standartların tələblərinə
cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin
olunması üçün edilir. Fond tərəfindən
bu istiqamətdə həyata keçirilən müxtəlif
layihələr Azərbaycanın ən qiymətli milli sərvəti
olan uşaqların - genofondumuzun qorunub saxlanmasına və
daha da inkişafı işinə xidmət edir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların
problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin,
mərhəmət və xeyirxahlığın ali
ünvanına çevrilməklə, ümumxalq mənafeləri
baxımından bir sıra strateji layihələri qısa
müddətdə uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun 14 illik çoxşaxəli fəaliyyəti
də məhz bu nəcib dəyərlərə söykənir.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva bayram şənliyində
çıxış etdi: “Əziz uşaqlar, hörmətli
müəllimlər, hörmətli valideynlər.
Artıq
15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə
vidalaşırıq və yeni ili qarşılayırıq.
2018-ci il ölkəmiz üçün çox əlamətdar
il idi. Yüz il bundan əvvəl Azərbaycan
xalqı müsəlman dünyasının ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini
yaratmışdır. Bu il - 2018-ci ildə
biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm
ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə
ən yüksək səviyyədə qeyd etmişik.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa
oldu. Lakin bu qısa zamanda ölkəmiz, xalqımız
üçün çox vacib olan addımlar atıldı, qərarlar
qəbul edildi. İlk çoxpartiyalı
parlament fəaliyyətə başladı, ölkəmizin
bayrağı təsis edildi, qızlar üçün ilk
dünyəvi məktəb fəaliyyətə başladı,
Azərbaycan Ordusu yaradıldı. Biz bu il,
həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş
meydanında keçirilən möhtəşəm parad bir
daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən
güclü orduları sırasındadır, istənilən
vəzifəni icra etməyə qadirdir və hazırdır.
Biz bu il, həmçinin Bakının azad
olunmasının 100 illiyini birlikdə qeyd etdik.
Ölkəmizin tarixində şərəfli yer tutan
bütün bu hadisələrin yüksək səviyyədə
keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan
bu gün böyük uğurla inkişaf edir. Azərbaycan
bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli
yerini tutub. Azərbaycan öz
sözünü söyləyən, öz maraqlarını
qoruyan dövlətdir. Biz inanırıq
ki, siz - bu günün uşaqları, bu günün gəncləri
gələcəkdə Azərbaycanın inkişafına,
ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə
öz töhfənizi verəcəksiniz.
Yola saldığımız 2018-ci ilə nəzər
salsaq görərik ki, ölkəmizin inkişafı yüksək
sürətlə davam edir. Bu il bir sıra
çox vacib layihələr həyata keçirilib, yeni
islahatlara start verilib. Dünya Bankının
hesabatında Azərbaycan 10 islahatçı dövlət
sırasına daxil edilib. Bu il biz həm
ölkəmizin, həm regionun, həm də Avropanın enerji
təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan
“Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi
olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd
etdik. Bu il, həmçinin növbəti telekommunikasiya
peyki “Azerspace-2” orbitə buraxıldı.
Sosial sahəyə gəldikdə deməliyəm
ki, Azərbaycan dövləti sosialyönümlü siyasət
aparır. Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan
dövlətinin və Azərbaycan hökumətinin diqqət
mərkəzindədir. Son iki il ərzində 5000-dən
çox məcburi köçkün və qaçqın ailəsi
müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə
təmin edildi. Məktəblərin, bağçaların
tikilməsi, təmiri və ya yenidən qurulması, yeni
Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən
işləri, əldə etdiyimiz nailiyyətləri görərək
biz daha da səmərəli işləməyə
ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət
etməyə hazırıq.
Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan
kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan
sülhsevər, sabit ölkədir və biz hər zaman öz
müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi
qoruyacağıq. Görülən bütün işlər,
atılan addımlar sizin gələcək xoşbəxtliyiniz
naminədir. Bizim əsas amalımız gələcəkdə
sizi mənəvi və fiziki cəhətdən sağlam,
güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı
kimi görməkdir.
Əziz uşaqlar, əziz valideynlər, əziz
dostlar. Mən ümidvaram ki, 2018-ci il sizin üçün
uğurlu oldu və sizin xatirənizdə xoş anlarla
yaşayacaq. Mən ölkəmizin hər bir
uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi
çatdırıram. Əziz müəllimlər, sizin hər
birinizə öz dərin minnətdarlığımı
çatdırıram. Hər il Heydər Əliyev Fonduna dəstək
göstərən və “Buta Palace”da bu şənlikdə
iştirak edən və bu bayram ab-havasını yaradan bizim
istedadlı sənət adamlarına öz dərin minnətdarlığımı
bildirirəm.
Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
ürəkdən təbrik edirəm, sizə möhkəm
cansağlığı, uğurlar, xoşbəxtlik, Azərbaycan
xalqına sülh və əmin-amanlıq arzulayıram. Qoy,
Tanrı Azərbaycanı hər zaman qorusun! Qoy, Azərbaycanın
səması daim açıq, dinc və aydın olsun! Sizi təbrik
edirəm. Çox sağ olun”.
* * *
Beləliklə, Heydər
Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin
bir hissəsi olan bayram şənliyi yüzlərlə
uşağı sevindirdi. Şənliyin sonunda uşaqlara Heydər
Əliyev Fondu tərəfindən bayram hədiyyələri,
o cümlədən Bakı Kitab Mərkəzinin Yeni il ərəfəsində
uşaqlar üçün nəşr etdiyi kitablar verildi.
Heydər Əliyev Fondunun balacalara töhfəsi
olan bu bayram şənliyi uşaqların yaddaşında
silinməz iz qoydu.
Yeni Azərbaycan.-
2018.- 28 dekabr.- S.3