Kənd təsərrüfatının
inkişafı istiqamətində atılan addımlar ərzaq
təhlükəsizliyinin təmin olunmasında da vacib rol
oynayır
Aqrar sahəyə
göstərilən diqqət və qayğı ötən il
rayonlarda mühüm göstəricilərin əldə
olunmasına yol açıb
Azərbaycanın iqtisadi
inkişafının əsas istiqamətlərindən
sayılan, eləcə də qeyri-neft sektoru arasında gəlirlilik
üzrə mühüm yerlərdən birini tutan kənd təsərrüfatının
dinamik inkişafının təmini hər zaman dövlət
siyasətimizin prioritet istiqamətlərindən sayılır.
Bu mənada, aparılan davamlı və hərtərəfli
dövlət dəstəyi sayəsində respublikamızda
aqrar sahənin inkişafına nail olunub. Təbii ki, bu sahənin
inkişafında görülən tədbirlər, aparılan
işlər, sahibkarlara göstərilən dövlət dəstəyi
mühüm yer tutur. Fermerlərə verilən
subsidiyaların artırılması, dövriyyəyə yeni
torpaqların cəlb olunması, kollektiv təsərrüfatların
yaradılması, müasir texnikanın alınması, intensiv
metodların tətbiqi, bu kimi tədbirlər kənd təsərrüfatının
əsaslı şəkildə inkişafını, eləcə
də ixrac qabiliyyətimizin artmasını şərtləndirir.
Onu da qeyd edək ki, müvafiq Dövlət
proqramlarının uğurla reallaşdırılması da
ölkəmizin regionlarında kənd təsərrüfatının
inkişafına təkan verib. Belə ki, 2004-cü il
fevralın 11-də təsdiqlənmiş və hazırda
üçüncüsü icra olunan regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
bölgələrin inkişafında mühüm rol
oynayıb. Yeri gəlmişkən, bir neçə
gün öncə keçirilən Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda çıxış edən Prezident
İlham Əliyev də ərzaq təhlükəsizliyi məsələlərinin
daim diqqət mərkəzində olduğunu deyib: “Son illərdə
bu istiqamətdə irəliləyiş var, amma hələ ki,
bizi tam qane edə bilməz. Ona görə bu məsələyə
xüsusi diqqət göstərilməlidir. Deməli,
biz kənd təsərrüfatının ənənəvi
olan və müəyyən dərəcədə unudulmuş
texniki sahəsini inkişaf etdirməyə o vaxt
başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə
güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ
ilə bağlı çox ciddi işləməliyik”.
Qeyd edilməlidir ki, bu gün bölgələrimizdə
əldə olunan nailiyyətlər kənd təsərrüfatının
əsaslı inkişaf etdiyini deməyə əsas verir. Məsələn,
ölkəmizin kənd təsərrüfatında aparılan
islahatlar aqrar bölgə olan Ağsu rayonunda da
iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan
verib. Belə ki, ötən il Ağsu rayonunda da kənd təsərrüfatının
inkişafında 6,1 faiz artım qeydə alınıb. Aqrar
sektorda 75,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki
ildən 4,4 milyon manat çoxdur. Məhsul istehsalının
36,6 faizi bitkiçilik sahələrindəndir. Təkcə
keçən il pambıq istehsalı əvvəlki ilə nisbətən
2,7 dəfə artaraq 2786,8 tona çatıb.
Qeyd edilməlidir ki, Prezident
İlham Əliyevin tövsiyə və
tapşırıqlarına müvafiq olaraq rayonda ixracyönümlü
məhsulların, o cümlədən
pambıqçılığın və
baramaçılığın inkişafı istiqamətində
görülən işlər artıq öz nəticəsini
verir. 2016-cı ildə cəmi 35 nəfər fiziki şəxsin
çalışdığı 1092 hektarda pambıq əkildiyi
halda, ötən il 159 nəfər tərəfindən 2500,8
hektarda məhsul yetişdirilib. Baramaçılığa da
maraq artıb. 2017-ci ildə baramaçılıqla məşğul
olanların sayı iki dəfədən çox artaraq 52 nəfərə
çatıb. Barama istehsalı 1691 kiloqramdan 5492 kiloqrama
çatıb. Aqrar sektora göstərilən dövlət dəstəyi,
verilən subsidiyalar insanların ixracyönümlü, eləcə
də yerli şərait üçün əlverişli olan kənd
təsərrüfatı məhsullarının istehsalına
marağını artırıb.
Qəbələ rayonunda da
iqtisadiyyatın əsasını təşkil edən
taxılçılıq, meyvəçilik və tərəvəzçilik
məhsullarının satışından yaxşı gəlir
əldə edən kəndli fermerlər və fərdi təsərrüfat
sahibləri bu sahələrin ildən-ilə daha da inkişaf
etdirilməsini qarşıya məqsəd qoyublar. Bu mənada
2017-ci ili Qəbələ rayonu üçün uğurlu il
hesab etmək olar. Belə ki, kəndlilər əvvəlki
illərlə müqayisədə 2017-ci ildə əkin sahələrini
xeyli artırmaqla yanaşı, həm də bol məhsul əldə
etməyə nail olublar. 2017-ci ildə Qəbələdə kənd
təsərrüfatı məhsullarının
yığımı vaxtında və itkisiz başa
çatdırılıb. Ötən il 21 min 47 hektar sahədən 64 min 597 ton
taxıl tədarük olunub. Cari ilin məhsulu
üçün rayonda 20 min 100 hektar sahədə taxıl səpini
aparılıb. Həmçinin ötən il Qəbələdə
1598 hektar sahədən 3 min 65 ton qarğıdalı, 8 hektar
sahədən 116 ton bostan məhsulları, 854 hektar sahədən
7 min 600 ton tərəvəz, 613 hektar sahədən 12 min 260
ton kartof tədarük olunub. Ötən il bağbanlar 365
hektar üzüm sahəsindən 2065 ton, 6 min 198 hektar meyvə
bağından 13 min 527 ton məhsul tədarük ediblər. O
cümlədən ötən il 4684 hektar
fındıq bağından 7300 ton məhsul tədarük
olunub. Son 3 ay ərzində Qəbələdə
314 hektar sahədə yeni fındıq bağı
salınıb. Bütün sahələr
üzrə əldə edilən nəticələr əvvəlki
ilin göstəricilərindən xeyli yüksəkdir.
Zərdab
rayonunda da ötən il aqrar sektorun
inkişafı istiqamətində ciddi irəliləyişə
nail olunub. 2017-ci ildə Zərdabda ümumi məhsul
buraxılışının 60,7 faizi kənd
təsərrüfatının payına düşüb. Aparılan islahatlar, Prezident İlham Əliyevin ixrac
yönümlü məhsulların, o cümlədən
baramaçılığın,
pambıqçılığın inkişafı ilə əlaqədar
verdiyi məsləhət və tapşırıqlar
iqtisadiyyatın bu sahəsinin inkişafına ciddi təkan
verib. Təsadüfi deyil ki, keçən il rayonda 65
milyon 400 min manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunub ki, bu da inişilki göstəricidən 11 milyon
manat çoxdur.
Zərdabda vaxtilə ənənəvi sahə hesab edilən,
sonradan, demək olar ki, unudulan baramaçılığın
inkişafı üçün konkret tədbirlər
görülür. Keçən il 480 qutu (9120 qram) inkubasiya olunan ipəkqurdu
toxumundan 27 ton 55 kiloqram barama tədarük edilib ki, bu, əvvəlki
ildəkindən 4 dəfə çox olmaqla, respublikada ən
yüksək göstəricidir. Bundan başqa, ötən il
3199,3 hektar sahədən 4191,2 ton pambıq
istehsal edilib ki, bu da əvvəlki ildəki göstəricidən
4,7 dəfə çoxdur. Eləcə də
taxıl istehsalı sahəsində rayon tarixində ən
yüksək nəticə qazanılıb. Belə ki, 19
min 753,5 hektar sahədən 2016-cı ildəkindən 6 min 721
ton çox olmaqla, 58 min tondan artıq taxıl
yığılıb. 2017-ci ildə çəltik,
kartof, bostan-tərəvəz məhsulları istehsalında da
diqqətəlayiq nəticələr qazanılıb. 1,5 hektarda zəfəran yetişdirilib. Rayonda habelə heyvandarlıq sahəsində də nəticələr
uğurlu olub.
Kürdəmir
rayonunda da ötən il aqrar sektorun
inkişafı istiqamətində ciddi irəliləyişə
nail olunub. Belə ki, 2017-ci ildə Kürdəmir rayonunda 144
milyon 915,5 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal olunub. Aqrar sahədə məhsul
istehsalı əvvəlki illə müqayisədə 18 milyon
941 min manat və ya 13,1 faiz artıb. Bununla
da rayonda ümumi məhsul buraxılışının 40,6 faizi kənd təsərrüfatının
payına düşüb.
Kürdəmirdə də vaxtilə ənənəvi
sahə hesab edilən, sonradan demək olar ki, unudulan
baramaçılığın inkişafı
üçün konkret tədbirlər görülür. Rayonda
2016-cı ildə 3578 kq barama istehsal olunub. 2017-ci ildə
barama istehsalı ilə əlaqədar 160 kümçüyə
300 qutu barama qurdu verilmiş, 11,512 ton barama istehsal olunmuşdur
ki, bu da ötən ildəkindən 3,2 dəfə (7934 kq)
çoxdur. Ənənəvi sahələrdən
olan baramaçılığı gələcəkdə daha
da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək
məqsədi ilə rayonun ayrı-ayrı kəndlərində
2016-cı ilin payız mövsümündə 46 min ədəd
tut tingi, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilib.
Hazırda yeni əkilən tut tinglərinə və
mövcud tut bağlarına aqrotexniki qaydada qulluq göstərilir,
suvarılır və mühafizəsi üçün qoruyucu
zolaqlar çəkilir. Cari ildə barama
istehsalının 20 tona çatdırılması nəzərdə
tutulub.
Rayonda
2016-cı ildə 1911 hektar sahədə pambıq yetişdirən
kürdəmirli fermerlər və torpaq mülkiyyətçiləri
2017-ci ildə pambıq sahələrini 2,1
dəfə artıraraq 4027 hektara çatdırıblar.
Ötən il 5001 ton pambıq tədarük edilib ki, bu da
2016-cı ildə istehsal olunan ümumi məhsuldan 2,4 dəfə çoxdur. Artıq
Kürdəmirdə bu ilin pambıq əkini üçün
hazırlıq görülür. Bu məqsədlə
5 min hektar sahə seçilib və pambıq şumuna
başlanılıb. İndiyədək 4 min hektaradək
sahədə şum çıxarılıb. Artıq
qış aratına başlanılıb.
2017-ci ildə qarğıdalı, kartof, bostan-tərəvəz,
meyvə istehsalında da diqqətəlayiq nəticələr
qazanılıb. Rayonda habelə heyvandarlıq sahəsində də
nəticələr uğurlu olub.
Lənkəranda isə 2017-ci ildə
çayçılığın inkişafına 7,7 milyon
manat investisiya yönəldilib, əkin sahələri 604
hektara, işləyənlərin sayı 2 min nəfərə
çatdırılıb. İstifadəsiz qalan torpaqlarda, eləcə
də dağətəyi ərazilərdə, yamaclarda növbəti
illərdə terras üsulu ilə yeni çay
plantasiyalarının salınması nəzərdə tutulub.
Ötən il respublikada, ilk dəfə olaraq,
bölgənin iqlim şəraitinə uyğun yeni
texnologiyalar əsasında yetişdirilmiş çəltik
şitilləri Koreya Respublikasından gətirilib. Ən
müasir maşın və mexanizmlərdən istifadə
edilməklə əkilib və biçilib. Bunda məqsəd ənənəvi
çəltik sortlarından qiymətli ərzaq olan
düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi
proqramına töhfəmizi verməkdir.
2017-ci ildə Lənkəranda 526 hektarda çəltik
əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə
edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə
artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən
təmiz, dadına görə idxal edilən düyülərdən
daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda “Lənkəran
düyüsü” adı ilə tanınır. Onun
daxili bazarda satış rəqabətini təmin etməklə
“Made in Azerbaijan” brendi ilə xarici ölkələrə
satılması istiqamətində də işlər davam
etdirilir. Ötən il rayonda sitrus meyvəçiliyinin
inkişafı istiqamətində də işlər davam
etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən
yeni bağlar salınıb. Rayon üçün ənənəvi
olmayan baramaçılığa da insanlar artıq
böyük həvəs göstərirlər. Cari ildə
rayonda ilk dəfə olaraq barama istehsalına
başlanılacaq.
Turizmin inkişafı da rayonda mühüm
istiqamətlərdən biri hesab edilir. Ötən il bu sahəyə
25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri
açılıb. Yaxın aylarda istifadəyə veriləcək
Lənkəran İstisu və Sağlamlıq Mərkəzi
rayonda turizmin inkişafına yeni təkan verəcək.
Pərviz SADAYOĞLU
Yeni
Azərbaycan.- 2018.- 1 fevral.- S.7.