Regionlarda tikinti-quruculuq işləri davamlı xarakter daşıyır

 Bölgələrdə təmir-bərpa işləri və abadlıq tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzindədir

Azərbaycanda həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Bütün sahələri əhatə edən çoxşaxəli islahatlar milli inkişafı şərtləndirən strateji amil olmaqla yanaşı, gələcək tərəqqi üçün də geniş perspektivlər yaradıb. Digər tərəfdən, ölkəmizin tərəqqisinə fundamental töhfələr verən amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. 2017-ci ildə bu istiqamətdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər pozitiv qiymətləndirilir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.

Bu məqamda qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılır. Bölgələrdə quruculuq və təmir-bərpa işləri də uğurla davam etdirilir. Əminliklə söyləmək olar ki, tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi regionların simasını əsaslı dərəcədə dəyişdirib və bu proses davamlı xarakter daşıyır.

Yeri gəlmişkən, verilən məlumata görə regionlarda aparılan tikinti və təmir-bərpa işləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda inşa olunan mədəniyyət evində və çirkab sutəmizləyici qurğuda tikinti işləri davam etdirilir. Şahbuz şəhərində yeni inşa olunan mədəniyyət evində tikinti işlərinə 2017-ci ilin sentyabr ayından başlanılıb. Hazırda binanın ikinci mərtəbəsində beton-qəlib işləri görülür. Bina iki mərtəbədən ibarət olacaq. Burada rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşları üçün iş otaqları, bufet, dekorasiya və məşq otaqları, 280 yerlik tamaşa zalı yaradılacaq.

Şahbuz şəhərinin “Ömərdərəsi” massivində inşa olunan çirkab sutəmizləyici qurğuda isə inşaat işlərinə ötən ilin may ayının əvvəllərindən başlanılıb. İnşaat işlərinin əksər hissəsi görülüb. İnşaat işləri başa çatdıqdan sonra burada Almaniya istehsalı olan son texnoloji avadanlıqlar qurulacaq. Qurğu istifadəyə verildikdən sonra gündəlik 2 min 800 kubmetr çirkli su təmizlənərək təsərrüfat üçün yararlı vəziyyətə gətiriləcək. Qurğunun tikintisi “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Şahbuz şəhərinin kanalizasiya sistemi də yenilənib, Şahbuz şəhəri, Daylaqlı və Kiçikoba kəndlərinə yeni su xətləri çəkilib və sakinlər Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunublar. Qeyd edək ki, hər iki tikintinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Xaçmaz şəhərində isə 24 çoxmənzilli binada əsaslı təmir işləri aparılır. Təmir işləri şəhərin Nəriman Nərimanov, Səid Qurbanov, Nəsirəddin Tusi, Qəbələ və Müşkür küçələrində yerləşən iki, dörd və beşmərtəbəli binalarda aparılır. Bu işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasadın, blok və pilləkənlərin təmiri daxildir. Binaların təmiri Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən ayrılan vəsait hesabına həyata keçirilir. Artıq dörd binanın dam örtüyü dəyişdirilib, üç binanın isə fasadı yenilənərək müasir görkəmə salınıb. Bununla yanaşı, çoxmənzilli binaların blokları təmir olunaraq işıqlandırma sistemi yenilənib. Təmir işləri hazırda davam etdirilir.

Bunlarla yanaşı, əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yüksəldilməsi üçün ötən ildən tikintisi davam etdirilən Naftalan Mərkəzi Şəhər Xəstəxanasındakı inşaat işlərinə 25 nəfər cəlb edilib. Xəstəxananın 2018-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında tikilən və bu il istifadəyə verilməsi nəzərdə tutulan Naftalan Şəhər Xəstəxanasında vətəndaşlara ən müasir tibbi xidmətlər göstərmək mümkün olacaq. Tikinti işləri “Fərid-inşaat” MMC tərəfindən həyata keçirilir. Dördmərtəbəli şəhər xəstəxanasının inşasında 100 nəfər işçi çalışır. Hazırda binada daş-hörgü işləri tam başa çatdırılıb. Daxildə suvaq işləri aparılır, döşəmə vurulur, tavan qurulur. Binaya kommunikasiya xətlərinin çəkilişi də yekunlaşmaq üzrədir. Xəstəxananın ümumi ərazisi 1,2 hektar, tikinti sahəsi isə 1300 kvadratmetrdir. Binanın ərazisində hər birinin tutumu 300 kubmetr olan iki su anbarının, istilik qazanxanası, nasosxana, yeməkxana və transformator yarımstansiyası binalarının tikintisi nəzərdə tutulub ki, bu işlərin də müəyyən hissəsi artıq yekunlaşıb. Ərazinin ətrafına ümumi uzunluğu 550 metr olan hasarın çəkilişi isə başa çatmaq üzrədir. Naftalan Şəhər Xəstəxanası 65 çarpayılıq olmaqla burada şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, mama-ginekologiya, pediatriya, poliklinika və təcili tibbi yardım şöbələri, eləcə də stomatoloji kabinet fəaliyyət göstərəcək.

Naftalan nefti əsasında müalicə olunmaq istəyən yerli və xarici turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzinin tikintisi davam etdirilir. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarət olacaq. Hazırda müalicə mərkəzində son tamamlama işləri görülür. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək. Naftalan sakinlərinə, bu şəhərə gələn yerli və xarici turistlərə göstərilən iaşə xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün ötən il təməli qoyulmuş müasir iaşə xidməti obyektində isə işlər davam etdirilir. Ümumi sahəsi 0,20 hektar olan mərkəzdə vətəndaşlara müasir iaşə xidməti göstərmək mümkün olacaq. Bu ilin mayında açılışı gözlənilən iaşə mərkəzində daimi olaraq 15 nəfər işləyəcək.

Sadalananlardan əlavə, Gəncədə orta əsrlərdə inşa edilmiş tarixi tikililərin ümumi cəhətlərini və memarlıq xüsusiyyətlərini özündə əks etdirən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq. XVII əsrin tarixi yadigarı olan Şah Abbas karvansarasının elmi əsaslarla bərpası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə 2011-ci ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutuna sifariş verilib. Elə həmin il institutun layihələndirməsi əsasında “İnşaat, təmir-tikinti və istehsal müəssisəsi” MMC tərəfindən abidədə bərpa işlərinə başlanılıb. Ötən müddətdə karvansaranın çatma tağlı, kirəmitli dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb. Ümumi sahəsinə görə Azərbaycan ərazisində ən böyük ticarət və mehmanxana mərkəzlərindən olan Şah Abbas karvansarası istifadəyə verildikdən sonra burada müxtəlif qalereya, muzey və mədəni mərkəzlər fəaliyyət göstərəcək. Binadan həmçinin turizmin inkişafı məqsədilə istifadə ediləcək. Qeyd edək ki, şəhər karvansaraları qrupuna daxil olan bu binanın tikintisinə Şah Abbas Səfəvinin göstərişi ilə 1606-cı ildə başlanılıb. Karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin ən böyük memarlarından olan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpiclərin həmahəng nisbətindən yaradılan yaraşıqlı ikimərtəbəli bina 1613-1614-cü illərdə istifadəyə verilib. Dövrünün səyyah və tacirlərini öz gözəlliyi ilə heyran edən karvansarada 54 tək adamlıq, 15 böyük otaq, xəlvətxana, yeməkxana, çayxana, həmçinin digər məqsədlər üçün istifadə olunan otaq, dam və anbarlar var imiş. XVII-XVIII əsrlərdə Gəncədə ən nüfuzlu karvansara olub. Lakin 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb. Sonradan abidədə nə qədər bərpa işləri aparılsa da, onu əvvəlki görkəmində bərpa etmək mümkün olmayıb.

Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni piyada keçidi inşa edilib. 4 giriş-çıxışlı keçidin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metrdir. Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi 1120 kvadratmetr ölçüdə qranit plitələrlə, çıxış divarları isə 440 kvadratmetr mərmərlə üzlənib, pilləkənlərə tutacaqlar quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb, həmçinin 9 yerdə təhlükəsizlik kameraları qoyulub. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb. Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur və tez-tez tıxaclar yaranırdı. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu. Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Bütövlükdə, bölgələrdə təmir-bərpa işləri və abadlıq tədbirlərinin həyata keçirilməsi dövlətin diqqətindədir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 2 fevral.- S.7.