Regionlarda heyvandarlıq məhsulları istehsalı artır

 2017-ci ildə ölkə üzrə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton süd, 1714,0 milyon ədəd yumurta istehsal olunub

Azərbaycanın regionlarında aqrar sektorun sürətli inkişafının təmin edilməsi ilk növbədə ölkədə ərzaq məhsullarına olan tələbatın sırf daxili istehsal hesabına ödənilməsinə hesablanıb. Dövlət bu məqsədlə bölgələrdə aqrar sektorun intensiv inkişafına həm siyasi, həm də maddi cəhətdən güclü dəstək göstərir. Fermerlər torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddırlar. Bundan başqa, kənd təsərrüfatında ərzaq məhsulları istehsalının artırılmasına nail olmaq üçün aqrar sektorun maliyyə təminatı möhkəmləndirilir, bölgələrdə yeni layihələr reallaşdırılır, müxtəlif təşviq mexanizmləri işə salınır, dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə ayrılan subsidiyaların, güzəştli kreditlərin həcmi artırılır. Həyata keçirilən tədbirlər yaxşı nəticələr verir. Bu günlərdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirildiyi kimi, son illərdə aqrar sektorda ərzaq məhsulları istehsalında artım müşahidə edilir. Əlamətdar haldır ki, bir sıra pozisiyalar üzrə respublikanın özünütəminetmə səviyyəsi 100 faizə çatıb, hətta müəyyən qədər ixrac imkanları da yaranıb.

Heyvandarlıqda özünütəminetmə səviyyəsi 100 faizə yaxınlaşıb

Ölkədə ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Son illərdə respublikanın müxtəlif bölgələrində yaradılan aqroparkların, digər müasir təsərrüfatların, eləcə də yem bazasının möhkəmləndirilməsinin, taxılçılığın inkişafına diqqətin artırılmasının sayəsində həm mal-qaranın baş sayı, həm də ət, süd istehsalı artıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində məmnunluq hissi ilə vurğulayıb ki, ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Dövlət başçısı belə bir qənaəti də ifadə edib ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları hesabına ölkənin heyvandarlıq məhsullarına olan daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin ediləcək. Bitkiçilik və heyvandarlıq üzrə ərzaq məhsulları istehsalının artırılmasında aqroparkların önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik”.

Heyvandarlıqda məhsul istehsalının artım dinamikasını aşağıdakı statistik rəqəmlər də təsdiqləyir. 2017-ci ildə ölkə üzrə 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd (6,5 faiz çox) yumurta istehsal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il respublikada 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olub.

Ayrı-ayrı bölgələrdə heyvandarlığın inkişafında daha yaxşı nəticələr əldə olunur

Davamlı dövlət dəstəyi sayəsində ayrı-ayrı bölgələrdə heyvandarlığın inkişafında daha yaxşı nəticələr əldə olunur. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq davamlı inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 2018-ci il yanvarın 1-nə Tərtərdə 27 min 367 baş qaramal, 60 min 351 baş qoyun və keçi, 262 min 764 baş ev quşu, 2881 arı ailəsi olub. İribuynuzlu mal-qaranın 99,3 faizi, xırdabuynuzlu heyvanların 94,8 faizi, quşların hamısı ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.

Ötən il rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 2869,3 ton diri çəkidə ət, 21 min 629,9 ton süd, 7950 min ədəd yumurta, 131,2 ton yun istehsal edilib. 2016-cı ilə nisbətən ət istehsalı 2,8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 5,3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2017-ci ildə də uğurla davam etdirilib. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, ötən il 1145 baş inək və düyə süni yolla mayalandırılıb, 392 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.

Ağdamın düşmənlə təmas xəttində yerləşən Əfətli kəndindəki müasir heyvandarlıq kompleksi 2016-cı ilin aprel döyüşlərində erməni hərbçilərinin təxribatı nəticəsində ziyan görsə də, dövlət dəstəyi sayəsində öz fəaliyyətini yenidən bərpa edib. Yuxarıda bəhs olunan konfransda bu barədə danışan heyvandarlıq kompleksinin direktoru Fuad Əyyubzadə deyib: “2010-cu ildə dövlət tərəfindən ayrılmış 800 min manat güzəştli kredit və lizinqdən istifadə etməklə, yaradılmış kompleksdə xaricdən gətirilmiş yüksək məhsuldarlığa malik cins heyvanların baş sayı 500-ə çatdırılıb, müasir avadanlıqlar alınaraq quraşdırılıb. 2016-cı ildə mənfur düşmənin təxribatına cavab olaraq başlanmış və tariximizə şanlı səhifələr yazmış aprel döyüşləri zamanı qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq onu böyük itkilərlə geri çəkilməyə məcbur etdi. Həmin döyüşlərdə düşmən dinc əhalinin evləri ilə yanaşı təsərrüfatımızı da hədəfə almış və atdığı mərmilərin 6-nın təsərrüfatın ərazisinə düşməsi nəticəsində 200 başadək cins heyvan tələf olub, elektrik yarımstansiyası, gübrəsəpən və sağım aqreqatları, soyuducu sistemlər və digər avadanlıqlar sıradan çıxıb, tikililər yararsız hala düşüb”.

Fuad Əyyubzadə qeyd edib ki, hadisələrdən dərhal sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə səfəri, tələfat və dağıntıların aradan qaldırılması üçün hərtərəfli dəstək verilməsi ilə bağlı tapşırıqları heyvandarlıq kompleksinin fəaliyyətinin də yenidən qurulmasında böyük rol oynayıb. Belə ki, dövlət lizinqi üzrə 460 min manat qalıq borc öhdəlikləri heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa olunmasına, yararsız hala düşmüş texniki avadanlıqlara və tələf olmuş cins mal-qaraya görə silinib. Sıradan çıxmış bütün avadanlıqlar dövlətin dəstəyi nəticəsində yenilənib, xaricdən 200 baş məhsuldar cins heyvan alınaraq təsərrüfata gətirilib, müəssisəyə yenidən 500 min manat güzəştli kredit verilib. Bu dəstək sayəsində təsərrüfat qısa müddətdə fəaliyyətini tam bərpa edib.

“Hazırda təsərrüfatda 30-dan çox işçi çalışır, 700 başdan artıq cins heyvan bəslənilir. Gündə 5 ton yüksəkkeyfiyyətli süd istehsal olunaraq emal müəssisəsinə təhvil verilir”, - deyən Fuad Əyyubzadə bildirib ki, hədəf cins heyvanların baş sayını 1500-ə, gündəlik süd istehsalını isə 20 tona çatdırmaqdır. Bu məqsədlə təsərrüfatın yem bazasını genişləndirmək üçün torpaq sahəsinin ayrılmasına ehtiyac var.

Regionlarda heyvandarlıq üzrə pilot layihə uğurla icra edilir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildən etibarən Bərdə, İmişli və Ağcabədi rayonlarında “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-kredit layihəsi icra olunur.

Layihənin əsas məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan aşağı məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz edərək pay torpaqlarına malik ailələr üçün kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, respublikada heyvandarlıq sahəsində təsərrüfatçılığın müasirləşdirilməsi, habelə heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin yaradılması və kooperativləşmənin təşviqindən ibarətdir. Layihənin icrası ölkəmizdə həyata keçirilən aqrar siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edən kooperativləşmənin genişlənməsinə, habelə ərzaq təhlükəsizliyinin təmin olunması və pay torpaqlarından səmərəli istifadənin təşviqinə dövlət dəstəyinin ifadəsi kimi də qiymətləndirilə bilər.

Layihədə iştirak edən 69 ailə-fermer təsərrüfatı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə illik 7 faiz olmaqla girovsuz kredit xətti açılıb. Kreditlərin verilməsi zamanı yeni kredit mexanizmi tətbiq edilib və kredit xətləri aparılmış müvafiq monitorinq nəticələri əsasında tranşlarla açılmışdır. Layihə çərçivəsində seçilmiş ailə-fermer təsərrüfatları ilə bağlanılmış kredit müqaviləsi əsasında 1,372,759.4 manat vəsait köçürülüb. Layihəyə uyğun olaraq güzəştli kredit paketi çərçivəsində ailə-fermer təsərrüfatları intensiv heyvandarlığa keçid məqsədilə əl əməyinin mexanikləşdirildiyi müasir tipli yeni tövlələr, daimi istifadə üçün portativ sağım aparatları və yem xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilib.

Layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına güzəştli şərtlərlə lizinq yolu ilə ümumilikdə 516 baş Avstriyadan gətirilmiş “Simmental” cinsli iribuynuzlu heyvan paylanılıb və layihənin icra olunduğu ötən dövr ərzində paylanılmış heyvanların 2 dəfə artımı baş tutub. Bundan əlavə, layihə çərçivəsində Bərdə rayonu üzrə 804 ton, Ağcabədi rayonu üzrə 1060 ton, İmişli rayonu üzrə isə 973 ton olmaqla ümumilikdə 2837 ton süd istehsal edilib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 3 fevtral.- S.7.