İnsan və vətəndaş
hüquqlarının təmin olunması sahəsində Azərbaycan
təcrübəsi mütərəqqi nümunədir
Müasir
dövrdə insan və vətəndaş hüquq və
azadlıqlarının təmin olunması beynəlxalq miqyasda
böyük aktuallığa malik olan məsələlərdəndir.
Ekspertlər insan hüquq və azadlıqlarının təmin
olunmasında beynəlxalq konvensiyalarla yanaşı,
ayrı-ayrı ölkələrin hüquq və qanunvericilik
sisteminin başlıca mexanizm olduğunu qeyd edirlər. Mütərəqqi dünya təcrübəsi onu
göstərir ki, qanun, hüquq və azadlıq insanların
gündəlik həyatında cəmiyyətin müxtəlif
institutları ilə münasibətlərin keyfiyyətini
müəyyənləşdirən əsas komponentlər kimi
çıxış edirlər. Bu münasibətləri
hüquqa söykənərək quran dövlətlər hüquqi
dövlət statusu daşıyırlar. Təxminən 7 min
illik tarixə malik olan, sinifli cəmiyyətin siyasi sisteminin əsas
institutu kimi çıxış edən dövlət elə
yarandığı vaxtdan etibarən ictimai, sosial münasibətləri
konkret qaydalar, qanunlar və normalar əsasında tənzimləyib.
Lakin hazırda qloballaşan dünyada bu münasibətlər
dövlətlərin sərhədlərini aşır. Bu münasibətləri xarakterizə edərkən
təkcə vətəndaşların deyil, həm də
insanların hüquq və azadlıqlarından danışmaq
lazımdır. Çünki vətəndaş
anlayışı hüquqi termindir və fərdin dövlətə
mənsubiyyətini bildirir. Bu gün dünyada vətəndaşlığı
olmayan insan, demək olar ki, yoxdur. Müasir mərhələdə
vətəndaşlıq bağlılığı, yaxud amili
böyük aktuallıq və əhəmiyyət kəsb
etmir. Çünki daha çox insan hüquqları və
azadlığı ön plana çəkilir.
Milli dövlətlər insan və vətəndaş
hüquq və azadlıqlarının başlıca təminatçısı
kimi...
Dövlət öz bürokratik keyfiyyəti ilə
səciyyəvidir. Sosial-siyasi elmlər dövləti
bürokratiya aparatı kimi xarakterizə edir, eyni zamanda,
hüquqi, demokratik dövlətin mahiyyətində
bürokratizm dayanır. Məhz bürokratik tənzimləmə
mexanizminə sahib olan dövlət bütün vətəndaşlara
münasibətdə bərabər və eyni mövqeyə əsaslanan
ədalətli yanaşma ortaya qoyur. Bu da vətəndaşların
qanunla hüquqlarını qoruyan və təmin edən
mexanizm kimi çıxış edir. Bununla
yanaşı, vətəndaşların qanunla müdafiə
olunmasını məhdudlaşdıran səbəblərdən
də bəhs etmək lazımdır. Əlbəttə, bu sahədə
ayrı-ayrı dövlətlərin timsalında ortaya
çıxan təcrübə və nümunələri
ümumiləşdirərək müqayisəli təhlil
aparmaq asan deyil. Çünki dövlətlərdə insan və
vətəndaşların qanunla müdafiə
olunmasının vəziyyətinə dair statistik məlumatlar
olduqca məhduddur. Digər tərəfdən,
ayrı-ayrı ölkələrdə insan və vətəndaşların
qanunla müdafiə oluna bilməməsinin səbəbləri
müxtəlif və qeyri-müəyyəndir. Ən əsası,
bu istiqamətdə qiymətləndirmə kriteriyaları dəqiq
və müəyyən deyil.
Hazırkı mərhələdə
insanların qanunla müdafiəsi, yaxud insan
hüquqlarının qorunması dövlətlərin sərhədlərini
aşaraq qlobal əhəmiyyət kəsb edir. Beynəlxalq
münasibətlərdə insanların milli dövlət
institutları ilə münasibətlərini tənzimləyən
yeni hüquqi sfera yaranıb ki, bu, beynəlxalq hüquq
adlanır. Beynəlxalq hüquq anlayışı
ayrı-ayrı konvensiyalar və qanunlar toplusunda öz əksini
tapıb. Son yüzilliklər insanların sərhədləri
mütəmadi olaraq aşaraq ayrı-ayrı dövlətlərin
inzibati-siyasi sərhədlərində müxtəlif formalarda
fəaliyyət göstərdiklərinin şahidi oluruq. Bu fərdlər
öz ölkələrinin hüquq sistemi tərəfindən
vətəndaş kimi qorunursa, vətəndaşlığa
malik olmadığı başqa ölkədə insan statusu ilə
hüquq və azadlıqlardan istifadə edə bilirlər. Həmin
şəxsin qorunması məskunlaşdığı ölkənin
qoşulduğu və müəyyən öhdəliklər
daşıdığı müvafiq konvensiyalar və beynəlxalq
hüququn normaları, prinsipləri əsasında tənzimlənir.
İstər Avropa Şurası,
istər Avropa İttifaqı, istər BMT, istərsə də
digər şərti birliklərdə təmsil olunan dövlətlər
beynəlxalq hüquq normaları, müvafiq konvensiya və
qanunlar çərçivəsində müəyyən
öhdəliklər götürürlər. İnsan
Hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci
maddəsində qeyd edilir ki, bütün insanlar qanun
qarşısında bərabərdirlər və qanun tərəfindən
bərabər müdafiə hüququna malikdirlər.
Bütün insanlar bu Bəyannaməni pozan hər hansı
ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə
hər hansı cəhddən bərabər müdafiə
olunma hüququna malikdirlər.
İnsan hüquqları probleminin beynəlxalq
aspektləri: dünya təcrübəsi nəyi ifadə edir?
Ümumiyyətlə, müasir dünyada insan
hüquqları probleminin beynəlxalq aspektləri olduqca
mühüm əhəmiyyət kəsb edir. XX əsrdə
insan hüquqları əsas dəyər kimi tanınıb, bu
ideya beynəlxalq səviyyəyə çıxıb və
müvafiq sənədlərdə təsbit edilib. II Dünya
müharibəsindən, bəşəriyyətə
qarşı faşizm tərəfindən törədilən
cinayətlərdən sonra dünya birliyində insan şəxsiyyətinin
dəyərliliyi ideyası xüsusi aktuallıq kəsb etməyə
başlayıb. Bununla əlaqədar beynəlxalq
siyasətdə bu ideyanın bütün dünyanın sosial
təcrübəsi sferasına keçirilməsi
tendensiyaları açıq müəyyən olunub. 26 iyun
1945-ci il tarixdə müasir dövlətlər tərəfindən
əsas insan hüquqları və azadlıqlarına hörmət
prinsipini ifadə edən sənəd - Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsi qəbul
olunub. 24 oktyabr 1945-ci ildə qüvvəyə minmiş bu sənəd
mahiyyətinə görə insan şəxsiyyətinin
hüquqları və azadlıqları sahəsində suveren
dövlətlər və xalqların bundan sonrakı əməkdaşlığı
üçün əsas siyasi, hüquqi və ideoloji
bünövrə olmuşdur. Nizamnamənin
birinci maddəsində BMT-nin məqsədlərindən biri
kimi iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq
problemlərin həllində, irqindən, cinsindən, dilindən
və dinindən asılı olmayaraq, hamı
üçün insan hüquqları və əsas
azadlıqlara rəğbətin həvəsləndirilməsi
və inkişafında beynəlxalq əməkdaşlığı
həyata keçirmək müəyyən olunmuşdur. Digər tərəfdən, beynəlxalq təcrübə
göstərir ki, hazırkı mərhələdə
dünyanın əksər dövlətləri tərəfindən
İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə
bəyan edilmiş əsas hüquq və azadlıqlara
hüquqi cəhətdən mütləq olan adi norma,
yaxud müqavilə normaları kimi baxılır. Dünyanın bir çox ölkələrinin
konstitusiyaları bilavasitə bu sənədə istinad edir və
onlara bəyannamənin bir sıra müddəaları daxil
edilir. 1948-ci ildə qəbul olunmuş Ümumi Bəyannamə
bu gün bir çox ölkələr tərəfindən
konstitusiyaların, insan hüquqlarına aid olan müxtəlif
qanunlar və sənədlərin ayrı-ayrı müddəalarının
işlənilməsində geniş istifadə olunan bir
modeldir. Aparılan tədqiqatlara görə, 1948-ci ildən
sonra qəbul olunmuş 90-dan artıq milli konstitusiyaya Bəyannamənin
müddəalarının təsiri altında fundamental
hüquqlar siyahısı daxil edilmişdir. Bir
sıra ölkələrdə, o cümlədən Belçikada,
ABŞ-da, Hindistanda, İtaliyada Bəyannamənin müddəaları
insan hüquqlarına aid olan dövlətdaxili qanunların
izahı üçün istifadə olunur, onlara bu ölkələrin
məhkəmələri daim istinad edirlər. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin bu sahədə
qəbul olunan qərarlarının
çıxarılmasının əsaslandırılması
üçün İnsan Hüquqları Ümumi Bəyannaməsinə
istinad olunur.
Azərbaycanın konstitusion
inkişafının müasir mərhələsində insan
hüquqlarının müdafiəsi sistemi təkmil xarakterə
malikdir
Bu məsələnin Azərbaycan
təcrübəsinə gəldikdə isə qeyd etmək
lazımdır ki, ölkəmizdə həyata keçirilən
hüquqi islahatlar insan və vətəndaş hüquq və
azadlıqlarının təmin olunması işinə
mühüm töhfələr verib. Ümumiyyətlə, Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini
səciyyələndirən əsas xüsusiyyətlərdən
birini məhz insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi və müdafiəsi
sisteminin daim təkmilləşdirilməsi təşkil edir.
Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə
qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası
başlıca rol oynayır. Konstitusiya demokratik
prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin
legitim əsaslarını yaratmış, dövlət və
şəxsiyyət arasında yeni münasibətlər
sistemini təsbit etmişdir. İnsan və vətəndaşın
hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında
ali dəyər kimi tanınır və onların
müdafiəsinə dövlət xüsusi təminat verir.
Konstitusiyanın III fəslinin (24-71-ci maddələr)
bütövlükdə, yəni 158 maddədən 48-nin insan və
vətəndaş hüquqlarına və azadlıqlarına həsr
edilməsi bunun təzahürüdür. Konstitusiyanın 71-ci
maddəsində insan və vətəndaş
hüquqlarına və azadlıqlarına təminat verilir.
Bütövlükdə isə, Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunmuş insan hüquq və
azadlıqlarını bir neçə qrupda birləşdirmək
olar: şəxsi hüquq və azadlıqlar; siyasi hüquq və
azadlıqlar; iqtisadi, sosial və mədəni hüquq və
azadlıqlar.
Ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarının təmin olunması sahəsində
zəngin qanunvericilik bazası yaradılıb
Azərbaycanda insan və vətəndaş
hüquq və azadlıqlarının təmin olunması sahəsində
zəngin qanunvericilik bazası yaradılıb. Ümummilli
lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də
imzaladığı “İnsan və vətəndaş
hüquqları və azadlıqlarının təmin edilməsi
sahəsində tədbirlər haqqında”
Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı” insan
hüquq və azadlıqlarının təmini və
müdafiəsində əhəmiyyətli hüquqi baza kimi
çıxış edib. Prezident İlham Əliyevin 18
iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda
İnsan Hüquqları Günü elan edilib. Sərəncamda
Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda
ilk “İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı”nı təsdiq etdiyi
xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər
Əliyev insan hüquqlarının təmin olunmasını
dövlət siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyən edib. Məhz bunun əsasında 18
iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü
elan olunub.
Bütövlükdə, həm insan, həm də
vətəndaş hüquqlarının təmin olunması
sahəsində Azərbaycan təcrübəsi mütərəqqi
və əhəmiyyətli nümunə kimi
çıxış edir. Bu nümunənin
mütərəqqiliyini göstərən ən
başlıca fakt odur ki, ölkəmizdə vətəndaşlarla
yanaşı, əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin hüquqları qanunla müəyyən
olunmuş qaydada ölkə vətəndaşlarının
hüquqları kimi qorunur.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 3 fevral.- S.6.