Hüseyn Cavidin əsərləri
ədəbiyyat tariximizə
əbədi olaraq həkk olunub
“Hüseyn
Cavid-135” şeir müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Böyük Azərbaycan şairi
və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi”
təhsil şirkəti,
“Kaspi”qəzeti, artkaspi.az mədəniyyət
və ədəbiyyat
portalının birgə
təşkil etdikləri
“Hüseyn Cavid - 135” şeir müsabiqəsinin
mükafatlandırma və
müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət
antologiyanın təqdimat
mərasimi keçirilib.
SİA-nın xəbərinə görə,
tədbirdə “Kaspi” qəzetinin təsisçisi
Sona Vəliyeva, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, media kapitanları, şairlər
və digərləri
iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri
Əflatun Amaşov Azərbaycanın böyük
şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Cavid
Azərbaycan ədəbiyyatının
mühüm simalarından
biridir. Görkəmli
şairin Naxçıvanın
Şahtaxtı kəndində
anadan olduğunu deyən Ə. Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət
Təbrizdə mədrəsədə,
daha sonra isə İstanbulda təhsil alıb: “Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti
ilə məşğul
olub. Lakin o dövrün amansız sürgün həyatı
ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər
Heydər Əliyevin səyi nəticəsində
görkəmli şairin
məzarı tapılaraq
Azərbaycana gətirilib”.
Ə.Amaşov söyləyib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında
əbədi iz qoyan sənətkardır:
“Hüseyn Cavid elə sənətkardır
ki, onun əsərləri ədəbiyyat
tariximizə əbədi
olaraq həkk olunub”.
Daha sonra
tədbirdə Hüseyn
Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş
olunub.
Tədbirin davamında
çıxış edən
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır.
Onun sözlərinə
görə, sənətkarına
böyük qiymət
verə biləcək
xalqın nümayəndəsi
olmaq xoşbəxtlikdir:
“Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır
ki, onun atası mütləq Şahtaxtdan köçməli
idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı,
Sidqinin məktəbinə
gəlib dünyəvi
elmlərlə məşğul
olmalı idi. O, öz yaradıcılığını
iki böyük məfkürənin qovşağının
bünövrəsində qurmalı
idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən
böyük filosoflarından,
insanlarından dərs
almaq yazılmışdı.
O, məfkürənin nədən
başlandığını və digər prinsipləri öyrənməli
idi”.
S.Vəliyeva bildirib ki, Hüseyn
Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə
məfkürə hakimliyi
var: “O nə yazıbsa, orada iki xətt var.
Biri tanrıya, biri də milli
məfkürəyə bağlılıq”.
“Kaspi” qəzetinin
təsisçisi qeyd edib ki, Caviddən
danışanda onun acı taleyinə yanmamaq mümkün deyil: “Böyük dramaturq Allahına, tanrısına bağlı
idi. Onun böyüklüyü də
onda idi. O sonuna qədər öz əqidəsinə,
məsləyinə, arxalandığı
məfkürəyə sadiq
qaldı. Bu gün biz Cavidə
qayıtmaqla özümüzə
qayıdırıq”.
Ümummilli liderin
görkəmli şairin
məzarının Azərbaycana
gətirilməsi istiqamətində
fəaliyyətindən söz
açan S.Vəliyeva
qeyd edib ki, Ulu öndər
ailəni böyük
məqbərə altına
topladı: “Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.
Müsabiqə haqqında məlumat verən “Kaspi” qəzetinin təsisçisi
vurğulayıb ki, müsabiqəyə 108-ə qədər
müəllif şeir
göndərib: “Qaliblərin
müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub.
Bildiyiniz kimi
Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin
seçilməsində bu
prinsipə əməl
olunub. Qaliblər üçün diplom və pul mükafatı
ayrılıb. Mən
bütün qalibləri
təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı
olacaq”.
Müsabiqənin münsiflər heyətinin
üzvü, şair Sabir Rüstəmxanlı bildirib ki, Cavidin
Azərbaycana qayıdışı
tarixi bayram idi.
Tədbirdə çıxış edən
digər natiqlər bu cür müsabiqələrin
keçirilməsinin mühüm
və əhəmiyyətli
olduğunu dilə gətiriblər. Sonda qaliblər mükafatlandırılıb.
Yeni Azərbaycan.-
2018.- 3 fevral.- S.4.