Viktoriya və Albert Muzeyində saxlanılan “Şeyx Səfi” xalçası dünyada ən nadir sənət
nümunələrindəndir
4 əsrdən
çox yaşı olan xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət
Muzeyində nümayiş
etdirilir
Azərbaycan dünyanın qədim
xalçaçılıq mərkəzlərindən biridir.
Ölkəmizin milli-mədəni
vəsiqəsi olan, belə demək mümkündürsə, Azərbaycan
xalqının rəmzinə
çevrilmiş xalçaçılıq
sənəti yüksək
bədii texniki keyfiyyətlərinə, o cümlədən özünün
məxsusi ornamentlərinə
görə digərlərindən
fərqlənir. Bu gün öz qədimiliyi, orijinal kompozisiyası və yüksək ustalıq məharəti ilə dünya xalça sənətinin nümunələri
sırasında, heç
şübhəsiz, ilk
növbədə dünya
şöhrətli “Şeyx
Səfi” xalçası
durur.
Dünya şöhrətli
“Şeyx Səfi” xalçasının tarixi
Məlumat üçün
bildirək ki, xalqımızın dünya
incəsənəti xəzinəsinə
bəxş etdiyi bu unikal sənət
nümunəsi 1539-cu ildə
ərsəyə gətirilib.
Mütəxəssislər tərəfindən
sənət möcüzəsi
kimi dəyərləndirilən
bu toxuculuq nümunəsinin ümumi sahəsi isə 56,12 kvadratmetrdir. Azərbaycanda “Şeyx Səfi”
adı ilə tanınan bu ecazkar sənətkarlıq
nümunəsi Londondakı
Viktoriya və Albert (V&A) Muzeyində “Ərdəbil xalçası”
kimi nümayiş etdirilib. “Şeyx Səfi” adını bu xalıya Azərbaycan xalça elminin banisi Lətif Kərimov verib. O, bunu
I Təhmasibin sifarişi
ilə Təbrizdə
1539-cu ildə toxunan xalının Səfəfiyyə
təriqətinin başçısı
Şeyx Səfiəddin
İshaqın Ərdəbildəki
məscid-türbəsinə vəqf (dini və xeyriyyə məqsədilə dövlətin,
yaxud ayrı-ayrı şəxslərin könüllü
bağışladığı daşınan və daşınmaz
əmlak) edilməsi ilə əlaqələndirib.
Uzun müddət
Şeyx Səfi kompleksini bəzəyən
xalı mədəni irsə biganəlik üzündən 1893-cü ildə
Londonda auksiona çıxarılmış və
burada ingilislərin ianəsi hesabına 25 min funt-sterlinqə Viktoriya və Albert Muzeyi üçün
alınıb.
Bu biganəliyin kökündə
isə Ərdəbildə
baş vermiş zəlzələdən zərər
çəkmiş Şeyx
Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur. Şəhərin rəmzinə çevrilmiş
dini-memarlıq tikilisinə
ərdəbillilərin biganəliliyini
görən kompleksin xidmətçiləri bərpa
işləri aparmaq üçün buradakı bəzi əşyaları auksiona çıxarmağa məcbur
olublar. Məscid-türbənin
döşəməsinə salınmış bir cüt xalı da satılan əşyaların arasında
olub. Onları zamanında İngiltərənin
xalça satışı
ilə məşğul
olan “Ziqler” şirkəti alıb və son nəticədə
onlardan biri Londondakı auksiona çıxarılıb və
muzey üçün
alınıb.
Viktoriya və
Albert Muzeyinə səyahət
Yeri gəlmişkən qeyd edim ki,
bir müddət öncə Londona səyahətim zamanı yolumu dünyanın nadir sənət nümunələrinin saxlanıldığı
Viktoriya və Albert Muzeyindən saldım. Ödənişsiz
fəaliyyət göstərən
muzeyə çoxlu sayda turist axınının
şahidi oldum. Hər bir azərbaycanlı
kimi, mən də muzeyə dünyaca məşhur olan “Şeyx Səfi” xalçasının
sorağı ilə getdim, gözüm eksponatlar arasında ilk onu axtardı.
Xalça ziyarətçilərə
“Ərdəbil xalçası”
adı ilə təqdim olunurdu. Qeyd edim ki,
muzeydəki lövhədə
Azərbaycan adına da rast gəlmək
mümkün idi. Öz ecazkarlığı
ilə görənləri
valeh edən bu şah əsərə
muzey tərəfindən
də xüsusi diqqət hiss olunurdu. Belə ki, uzun müddət
məşhur xalı burada şüşə örtük altında qorunub. Xalının rənglərinin solmaması
üçün isə
şüşənin altındakı
işığı yalnız
hər saatda 10 dəqiqə yandırırlar.
Buna səbəb isə 4 əsrdən çox yaşı olan bu sənət nümunəsini güclü
işıq şüasından
qorumaq idi. Əks halda, işıq şüası
xalçanın rənglərini
soldura və gözəlliyinə xələl
gətirə bilərdi.
İnsanda qürur hissi yaşadan xalımızın hələ də yaxşı vəziyyətdə
qalması isə insanı heyrətə gətirirdi.
Xalçanı ziyarət edənlər sırasında ingilis araşdırmaçılarla da
söhbətləşmək imkanım oldu. Xalının daha çox “Şeyx Səfi” adı ilə tanındığından
xəbərsiz olduğunu
söyləyən ziyarətçi
bu barədə daha ətraflı araşdıracağını bildirdi.
Yeri gəlmişkən
bildirim ki, Viktoriya və Albert Muzeyində “Şeyx Səfi” xalçası ilə yanaşı, Səfəvi
hökmdarı, Şah
İsmayılın oğlu
Şah Təhmasibin üzəri qızılla
örtülmüş qılıncı
da saxlanır. O cümlədən Səfəvilərə
aid miniatürlər, saxsı qablar da Viktoriya və
Albert Muzeyinin ən dəyərli əşyaları sırasında
öz yerini alıb. Əfsuslar olsun ki, hamısı
İran nümunələri
adı altında təqdim olunub.
“Şeyx Səfi”
xalçası Los-Ancelesdə
sərgidə nümayiş
etdirilir
Məlumat üçün
bildirək ki, “Ərdəbil” və “Şeyx Səfi” xalçası adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki
İncəsənət Muzeyində
nümayiş etdirilir.
Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğundan
mətbuata verilən məlumata görə,
1965-ci ildəki “debüt”ündən
ötən müddətdə
bu xalça cəmi 6 dəfə nümayiş etdirilib. Builki sərgi isə fevralın 11-dək
davam edəcək.
Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
sözügedən əsərin
üzü köçürülüb
və hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində
nümayiş etdirilir.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 7 fevral.- S.7