Azərbaycanın regionlarında toxumçuluğun elmi əsaslarla inkişafı diqqət mərkəzində saxlanılır

 Respublika üzrə toxum və ting istehsalı ilə məşğul olan özəl təsərrüfatların sayı 305-ə çatıb, bundan başqa, müvafiq Əsasnamənin tələblərinə uyğun olaraq, 100-dən artıq fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib

Azərbaycan regionların sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində digər məqsədlərlə yanaşı, həmçinin aqrar sektorda istehsal və ixrac imkanlarını artırmağı hədəfləyib. Buna nail olmaq üçün son 14 ildə ölkədə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Fermerlərin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyaların artırılması, müxtəlif növ gübrələrlə, texnika ilə təchizatın gücləndirilməsi bu qəbildən olan tədbirlər sırasında yer alır. Son illərdə regionlarda aparılan meliorativ işlər sayəsində mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması, dövriyyəyə yeni torpaqların cəlb edilməsi, iri fermer təsərrüfatları, aqroparklar kimi müasir təsərrüfatların yaradılması da aqrar sektorda müxtəlif istiqamətlər üzrə məhsuldarlığın artmasına müsbət təsir göstərir.

Dəyər zəncirinin mühüm həlqələrindən olan toxumçuluğun inkişafı böyük aktuallıq daşıyır

Azərbaycanda aqrar sektorun inkişafı kompleks xarakter daşıyır və məhsul istehsalında dəyər zənciri üzrə bütün mərhələlərdə aqrotexniki tələblər yüksək səviyyədə gözlənilir, məhsuldarlığın artırılmasına yönələn müvafiq tədbirlər həyata keçirilir. Bu baxımdan respublikamızda dəyər zəncirinin mühüm həlqələrindən olan toxumçuluğun inkişafının diqqət mərkəzində saxlanılması böyük aktuallıq daşıyır.

Fermerlərin yüksəkkeyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir. Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Prezident İlham Əliyevin imzaladığı “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamı ölkə miqyasında bu sahənin inkişafına hərtərəfli hüquqi əsaslar yaradıb. Sərəncamda qeyd olunduğu kimi, sənəd ölkədə yüksəkkeyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədi daşıyır. Sərəncama əsasən, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 12 milyon manat vəsait ayrılıb.

Davamlı dövlət dəstəyinin təzahürü olaraq son illərdə bölgələrdə çoxlu sayda toxumçuluq təsərrüfatları yaradılıb. Beyləqan və Füzuli rayonlarının ərazisində yaradılan “Kraun KO-1”, Tərtər rayonunda fəaliyyət göstərən “Tərtər” MMC-lər belə təsərrüfatlardandır. Bundan başqa, ixtisaslaşan təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işini yaxşılaşdırmaq məqsədilə respublikanın regionlarında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 5 bölgə təcrübə stansiyası yaradılıb. Tərtər Bölgə Təcrübə Stansiyasında dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) xəstəliyə və quraqlığa davamlı, məhsuldar yeni arpa və buğda sortlarının əldə olunması istiqamətində geniş işlər görülür. Qobustan BTS Dağlıq Şirvanın nəmliyi az olan dəmyə şəraitində yerləşir. Son illər burada çox geniş həcmdə seleksiya işləri aparılır və alınan nəticələr uğurludur.

Respublikanın bölgələrində toxumçuluğun inkişafı bir neçə layihə vasitəsi ilə dəstəklənir

Respublikanın bölgələrində toxumçuluğun inkişafı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən reallaşdırılan bir neçə layihə vasitəsilə dəstəklənir. Belə ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional (Salyan, Lənkəran, Sabirabad, Beyləqan, Göygöl, Tovuz, Qax, Şamaxı, Quba) toxum sertifikatlaşdırılması laboratoriyası Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi (KTRQGL) çərçivəsində zəruri avadanlıqlarla təchiz edilib. Digər 3 regional (Bərdə, Şəki, Ucar) toxum sertifikatlaşdırma laboratoriyasının təchizatı isə IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) və İslam İnkişaf Bankı ilə icra edilən “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində nəzərdə tutulub.

KTRQGL çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan, Zaqatala, Tərtər, Cəlilabad bölgə stansiyalarında, Şəki dayaq məntəqəsində və Abşeron yardımçı təsərrüfatında 6 müasir toxum təmizləmə məntəqəsinin qurulmasına başlanılıb. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir. Bu məntəqələr həm tədqiqatçı alimlərə, həm də özəl toxum istehsalçılarına xidmət göstərəcək.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin məlumatına əsasən, “Azərbaycanda toxum sektorunun inkişaf etdirilməsi” layihəsi də uğurla reallaşdırılır. Layihə çərçivəsində indiyədək respublikanın bölgələrində toxum istehsalı ilə məşğul olan fermerlərə müxtəlif dəstək tədbirləri göstərilib, toxumçuluq təsərrüfatlarında işlədilən zəruri texnika alınıb, o cümlədən Quba Regional Toxum Müfəttişliyi Laboratoriyası müasir avadanlıqla təchiz edilib. Bəhs olunan layihə BMT-nin FAO təşkilatı ilə birgə həyata keçirilir.

Taxılçılıqla məşğul olan fermerlər keyfiyyətli toxumla təmin olunurlar

Azərbaycanda payızlıq yumşaq buğdanın Azəri, Əkinçi-84, Zirvə-85, Ruzi-84, Aran, Tale-38, Qırmızı Gül-1, Murov-2, Şəfəq-2, Qızıl buğda, Fatimə, Qobustan, Ağalı və s., payızlıq bərk buğdanın Qarabağ, Bərəkətli-95, payızlıq arpanın isə Qarabağ 22, Qarabağ 33, Baharlı, Cəlilabad 19 və s. sortları becərilir.

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq 100-dən artıq fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə 305 özəl təsərrüfat toxum və ting istehsalı ilə məşğul olur.

Taxıl istehsalçılarını yüksəkkeyfiyyətli toxumla təmin etmək məqsədilə 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün əkilmiş toxumluq taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün icra olunmasına Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumlarının mütəxəssisləri tərəfindən yüksək səviyyəli nəzarət həyata keçirilib, dövlət və özəl toxumçuluq təsərrüfatlarında əkilmiş 53 min hektar toxumluq əkin sahəsində aprobasiya işləri aparılıb. Respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarında R1 və R2 reproduksiyalı 73,3 min ton, o cümlədən 60,3 min ton buğda və 13,0 min ton arpa toxumu sertifikatlaşdırılıb. Bütövlükdə 2017-ci ildə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında istehsal edilmiş 1350 ton elit buğda və arpa toxumu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə bölgü əsasında toxum istehsalçılarına paylanılıb. O cümlədən mövcud qanunvericiliyə uyğun olaraq özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilmiş 949,7 ton elit toxum həmin təsərrüfatların payızlıq əkinində istifadə edilib.

2017-ci ildə dənli paxlalı bitkilərin 35, o cümlədən payızlıq yumşaq buğdanın 7 (2-si yerli, 5-i xarici), arpanın 2 (1-i yerli, 1-i xarici) sortu respublikanın müxtəlif torpaq-iqlim bölgələri üçün rayonlaşdırılaraq qeydiyyata alınıb və geniş istehsalat şəraitində yetişdirilmək üçün fermerlərə tövsiyə edilib.

Azərbaycanda 150 min ton bərk buğda məhsullarına illik tələbat olduğunu nəzərə alaraq Əkinçilik ET institutunda yeni məhsuldar və keyfiyyətli bərk buğda sortlarının ilkin toxumçuluğunun planı hazırlanıb və 2018-ci ilin məhsulunun səpini aparılıb.

Samux rayonunda toxumçuluq sahəsində ənənələr dirçəldilir

Hazırda Samux rayonu üzrə “Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC, “Amin” MMC və “Elşad Toxumçuluq Təsərrüfatı”, həmçinin bir sıra fərdi şəxslər xüsusi lisenziya əsasında tərəvəz toxumu becərməklə məşğuldurlar. Rayonda tərəvəz toxumlarının istehsalı üçün payızlıq əkin sahələri genişləndirilərək 136 hektara çatdırılıb.

Xüsusi lisenziya əsasında fəaliyyət göstərən fermerlər dövlətin toxumçuluq sahəsinin inkişafı üçün tətbiq etdiyi güzəştli şərtlərdən yararlanaraq, istehsal edilmiş toxumluq məhsulun hər kiloqramına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyindən subsidiya alırlar və bu sahədə fəaliyyətlərini genişləndirməyə çalışırlar. Rayonda 2016-cı ildə tərəvəz toxumunun becərildiyi 207 hektar sahədən 163,3 ton, keçən il isə 287 hektardan 176,5 ton məhsul toplanılıb. Bu il məhsuldarlığın daha yüksək olacağı gözlənilir.

Əsas məqsəd respublikada tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatları və fərdi şəxsləri vaxtilə toxumla təmin edən Samux rayonunun bu sahədəki şöhrətini geri qaytarmaqdır. Xatırladaq ki, sovet hakimiyyəti illərində Samux rayonundakı R.Əliyev və M.F.Axundov adına sovxozlar nəinki Azərbaycanı, hətta ittifaqa daxil olan respublikaları keyfiyyətləri tərəvəz toxumları ilə təmin edirdi.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.-  9 fevral.- S.7.