Azərbaycanın regionlarında kənd yolları sürətlə abadlaşdırılır

 Bütövlükdə 2018-ci ildə bölgələrdə 600-dən çox kəndin yolunun yenidən qurulması nəzərdə tutulub

Respublikamızda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında çoxsaylı tədbirlərin nəzərdə tutulduğu əsas pozisiyalardan biri də yol təsərrüfatı ilə bağlıdır ki, bu da təsadüfi deyil. Belə ki, bütün ölkə boyu yol təsərrüfatının yenilənməsi həm iqtisadi, həm də dərin sosial mahiyyət daşıyır. Yüksək standartlar səviyyəsində qurulan yollar regionlarda iqtisadi aktivliyin artmasını şərtləndirən vacib amillərdən biridir. Digər tərəfdən, rahat yollar insanların həyatını yüngülləşdirir, onlarda məmnunluq hissi yaradır. Yollar və digər rahatlıqlarla təmin olunan insanlar, ələlxüsus da gənclər doğma yerlərə daha möhkəm tellərlə bağlanırlar.

Regionlarda yol infrastrukturunun yenilənməsi 2018-ci ildə də intensiv şəkildə davam etdiriləcək

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına start verilən 2004-cü ildən bəri respublika ərazisində 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Respublikamızda istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə görülən işlərin miqyası kifayət qədər genişdir. Qeyd olunan marşrutlar üzrə yol-nəqliyyat infrastrukturunun yüksək standartlar səviyyəsində yenidən qurulması ölkəmizin tranzit imkanlarını genişləndirdiyi kimi, daxili yük və sərnişin daşımalarının səmərəliliyinin artmasına da müsbət təsir göstərir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan mühüm hədəflərdən biri isə kənd yollarının abadlaşdırılması ilə bağlıdır. İndiyədək bəhs olunan Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb, belə layihələrə ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Kənd yollarının abadlaşdırılması baxımından 2017-ci il də istisna təşkil etməyib. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Əlamətdar haldır ki, Prezident İlham Əliyev ötən il regionlara səfərləri çərçivəsində çoxlu sayda yenidən qurulan yolun açılışında şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib.

Ötən il respublikamızda şərti “40 yol” adlandırılan, əslində isə daha çox kəndi əhatə edən layihə uğurla icra edilib. Bəhs olunan layihə çərçivəsində təxminən 500 kəndin yolu abadlaşdırılıb.

Kənd yollarının abadlaşdırılması cari ildə də davam etdiriləcək. Belə ki, 2018-ci ildə regionlarda təxminən 600 kəndin yollarının yüksək səviyyədə yenidən qurulması nəzərdə tutulub. Cari ilin əvvəlindən bəri Prezident İlham Əliyev Azərbaycanın bölgələrində çoxlu sayda yerli əhəmiyyətli yolların yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bəhs olunan sərəncamlara əsasən bölgələrdə ayrı-ayrı layihələr üzrə yolların yenidən qurulmasına kifayət qədər böyük məbləğdə vəsait ayrılması nəzərdə tutulub.

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun yenidən qurulmasına start verilib

Kənd yollarının yenidən qurulması və tikintisi layihələri çərçivəsində ölkə boyu aparılan işlər Saatlı rayonundan da yan keçməyib. Təkcə 2017-ci il ərzində rayon ərazisində ümumi uzunluqları 53,3 kilometr olan 63 min nəfər əhalinin yaşadığı 25 yaşayış məntəqəsini birləşdirən 2 kəndlərarası avtomobil yolu yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Rayonda kənd yollarının abadlaşdırlmsaı cari ilin əvvəlindən də eyni intensivliklə davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən artıq Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə başlanılıb. Yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq sakininin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq. Yol abadlaşdırıldıqdan sonra sakinlərin istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən bölgəsinə gediş-gəlişləri asanlaşacaq.

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun umumi uzunluğu 2,5 kilometrə bərabərdir. Yol eni 10 metr olmaqla 4-cü texniki dərəcə səviyyəsində əsaslı şəkildə yenidən salınır.

Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün yola lazımi qalınlıqda çınqıl materialı döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yolun yüksək keyfiyyətli asfalt-beton qatla örtülməsi planlaşdırılır. Bu işlər bütövlükdə 15 min kvadratmetrdən çox sahədə aparılacaq.

Şəkidə 50,9 kilometrlik böyük əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur

Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkədə avtomobil yollarının yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davamı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda böyük əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Söhbət 50,9 kilometr uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir. Sözügedən yolun 21 kilometri respublika əhəmiyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun səviyyədə yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla ümumi eni 12 metr təşkil edəcək. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri əlaqələndirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29,9 kilometrlik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun səviyyədə yenidən qurulur. Burada yolun hərəkət hissəsi 7 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Hazırda yol boyu layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri həyata keçiriləcək. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular əvəzlənəcək, zəruri olan yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır. Qeyd edək ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

Yeni yol layihələri cəbhə bölgəsini də əhatə edir

Məlum olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin sosial problemlərinin həlli, infrastruktur təminatının gücləndirilməsi daim ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Cəbhə bölgəsində reallaşdırılan infrastruktur layihələri sırasında yol təsərrüfatının yenilənməsi də xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, qurum tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.

Cari ildə 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5,4 kilometr uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur. Yolun uzun müddət əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın sakininin ürəyincə olub.

Yayihəyə uyğun olaraq 4-cü texniki dərəcə səviyyəsində yenidən qurulan yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, müvafiq materialla yenidən doldurulub və 10 metr enində yeni torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yol boyu müxtəlif diametrli suötürücü boruların təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə iri dənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər təxminən 30 min kvadratmetrdən çox sahəni əhatə edəcək.

Daha bir yol layihəsi Bərdə rayonunda reallaşdırılır. Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur.

Uzunluğu 17,5 kmilometr olan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Layihə çərçivəsində yol yatağının və əsasının genişləndirilməsi işləri aparılır. Yolun ayrı-ayrı hissələrində qazma-doldurma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə işləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.

Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılacaq. Ümumilikdə yola 2 qat olmaqla 100 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.

Mübariz ABDULLAYEV

Yeni  Azərbzaycan.- 2018.- 10 fevral.- S.7.