Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrində uğurla icra olunur

 

Dağlıq Şirvan iqtisadi rayonunda əldə edilən uğurlar da bunu bir daha təsdiqləyir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, regionların inkişafında mühüm yer tutur. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkəmizin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, kənd təsərrüfatının inkişafına stimul yaranır. Onu da qeyd edək ki, regionların, daha doğrusu respublikanın şəhər və rayonlarının inkişafı istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Elə məhz bunun nəticəsidir ki, ötən il ərzində də ölkənin regionlarının sosial-iqtisadi inkişafında böyük uğurlar əldə olunub.

Bu uğurlardan isə Şirvan bölgəsinə də pay düşüb. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, Şirvan bölgəsi əsasən Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür.

Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. Dağlıq Şirvan iqtisadi rayonu həmçinin geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tbilisi dəmiryol magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu da bu iqtisadi rayonun ərazisindən keçir.

Beləliklə, vurğuladığımız kimi ötən il bu iqtisadi rayon üçün də uğurlarla yadda qalıb. Elə ayrı-ayrı rayonların illik göstəriciləri də bunu təsdiqləyir. Belə ki, iqtisadi rayona daxil olan İsmayıllıda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində ardıcıl tədbirlər görülür. Verilən məlumata görə, Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksinin, Kürdmaşı kəndində 1000 hektar ərazini əhatə edən aqroparkın, 3000 tonluq soyuducu anbarın, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Bu barədə İsmayıllıda ötən ilin yekunlarına və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunan müşavirədə danışılıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın bütün bölgələrində, o cümlədən İsmayıllıda da uğurla icra olunur. İsmayıllıda reallaşdırılan layihələrə, görülən işlərə diqqəti cəlb edən İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, şəhərdə 90 küçədən 61-i abadlaşdırılıb, 3 doqquzmərtəbəli, 2 beşmərtəbəli yaşayış binası tikilib, 140 yerlik, habelə Sumağallı kəndində 40 yerlik uşaq bağçası inşa olunub, rayon mərkəzi xəstəxanası, olimpiya idman kompleksi əsaslı təmir edilib. Rayonun Lahıc qəsəbəsində 15 yerlik xəstəxana, Tircan və Topçu kəndlərində həkim məntəqələri tikilərək istifadəyə verilib. Qalınçaq, Külüllü və Yenikənd kəndlərində modul tipli məktəb binaları tikilib. Basqal qəsəbəsi və daha 7 kənd qazlaşdırılıb, İsmayıllı-İvanovka-Hacıhətəmli və İsmayıllı-Qaraməryəm yolları asfaltlaşdırılıb.

Rayonda velosiped istehsalı zavodu tikilib, xalça fabrikinin inşası artıq başa çatmaq üzrədir. Dövlət proqramlarında nəzərdə tutulan “İsmayıllı SES-1” və “İsmayıllı SES-2” elektrik stansiyaları istifadəyə verilib. Turizmin inkişafı istiqamətində də layihələr həyata keçirilir. Rayon mərkəzində üçulduzlu otel, “Bədo” sanatoriya bərpa mərkəzi inşa olunur.

Rayonda ərzaq təhlükəsizliyində vacib olan taxılçılığın inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Məhsul istehsalı ötən il 100 min tondan çox olub. Tütünçülük və baramaçılıq bərpa edilib. Keçən il 443 hektarda yeni fındıq bağı salınıb.

Ağsu rayonunda da 2017-ci ilin yekunları uğurlu olub. Bununla bağlı keçirilən hesabat yığıncağında bildirilib ki, 2017-ci ildə rayona 30,7 milyon manat özəl investisiya qoyulub. Bunun 20 milyon manatı sənaye, 6,9 milyon manatı kənd təsərrüfatı və digər sahələrə yönəldilib. Özəl sərmayə hesabına regionun ən iri istehsal müəssisələrindən olan “Az-Qranata” MMC-nin nəzdində dəyəri 20 milyon manat olan yeni şərabsaxlama anbarları kompleksi, süzmə və emal sexi, “Ağsu kənd təsərrüfatı” MMC-nin nəzdində 1,1 milyon manat dəyərində 3600 tonluq pambıq qəbulu məntəqəsi, “Ağsu Aqrotexservis” ASC-nin nəzdində dəyəri 1,5 milyon manat olan istixana kompleksi, Gəgəli kəndi ərazisində 1000 ton istehsal gücünə malik taxıl toxumçuluğu təsərrüfatı, 2000 tonluq anbar, 300 başlıq heyvandarlıq kompleksi, Ərəbsarvan kəndi ərazisində 450 hektarda dəyəri 800 min manat, illik istehsal gücü 60 ton ət, 600 ton süd, 2 ton yun olan 280 başlıq iribuynuzlu mal-qara, 2000 başlıq qoyunçuluq kompleksi istifadəyə verilib.

Hazırda Padar kəndi ərazisində “Padar aqro” MMC tərəfindən heyvandarlıq kompleksinin yaradılmasına başlanılıb. Buraya ilkin olaraq 300 baş keçi və 500 arı ailəsi gətirilib. Pirhəsənli kəndində istixana kompleksinin, Daşdəmirbəyli kəndi ərazisində 1,6 hektar sahədə dəyəri 700 min manat olan 600 tonluq taxıl anbarı kompleksinin və digər obyektlərin inşası davam etdirilir. Rayonda ötən ildən tikintisinə başlanan yeni Bayraq meydanının, “Gənclik” informasiya mərkəzinin, 100 yerlik uşaq bağçası-körpələr evinin, modul tipli 3 məktəb binasının tikintisində də işlər planauyğun aparılır.

Hesabat ilində 2016-cı ildəkindən 3,3 dəfə çox olmaqla, 5491 kiloqram barama istehsal edilib. Bu sahənin inkişafı üçün zəruri olan möhkəm yem bazasının yaradılması məqsədilə 48 min ədəd tut tingi əkilib. Ötən il 200,8 hektar sahədən 2807 ton pambıq tədarük olunub, taxıl istehsalında artım qeydə alınıb, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib.

Bildirilib ki, son illərdə, o cümlədən ötən il ixracda müsbət dinamika və meyillər nəzərə çarpır. Xarici bazarlara çıxarılan məhsulların çeşidi və həcmi artır. “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodu tərəfindən il ərzində dünyanın 18 ölkəsinə 2,8 milyon manat dəyərində alkoqolsuz içkilər ixrac olunub. “Qradus 40” MMC isə Türkiyə və Gürcüstana 266 min manatlıq alkoqollu içki ixrac edib. Keçən il rayonda 1290 ton pomidor və xiyar yetişdirilib. Bunun 1170 tonu müasir tipli istixanalarda istehsal olunub. Həmin məhsulların 400 tonu Rusiya bazarlarına çıxarılıb.

Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Qobustan rayonunda isə 2017-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 26,7 faiz artaraq 165 milyon 55 min manat olub. Kənd təsərrüfatında bu artım 32,4 faiz təşkil edib. Əsas kapitala yönələn investisiyalarda 4,2 faiz artıma nail olunub. Rayonun yerli gəlirlər üzrə büdcəsi 100,1 faiz icra edilib. Bu məlumatlar Qobustanda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında söylənilib. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsində və digər çıxışlarda bölgə iqtisadiyyatının əsasını kənd təsərrüfatı sahələrinin təşkil etdiyi, hesabat ilində ümumi məhsul buraxılışının 45 faizinin məhz aqrar sektorun payına düşdüyü bildirilib. Vurğulanıb ki, taxılçılığın inkişafı istiqamətində rayonda ardıcıl tədbirlər görülür. Ötən il 53 min 280 ton taxıl istehsal olunub. Artıq rayonda taxıl toxumu ilə təminat tamamilə yerli istehsal hesabına ödənilir. Hesabat ilində kartof istehsalı 4 dəfə artaraq 1935 tona, noxud istehsalı 9 dəfə artaraq 583 tona çatıb. Tərəvəz istehsalı da 10,6 faiz çoxalıb. Heyvandarlıqda da nəticələr uğurludur. Belə ki, əvvəlki illə müqayisədə keçən il iribuynuzlu mal-qaranın və davarların baş sayı çoxalıb, heyvandarlıq məhsulları üzrə bütün göstəricilər artıb.

Hesabat yığıncağında rayonun Qaracüzlü kəndi yaxınlığında 1000 hektar ərazidə aqroparkın yaradılması işinə başlanıldığı qeyd olunub. Burada 300 hektarda buğda, 400 hektarda arpa əkilib. Suvarma əkinçiliyini həyata keçirmək məqsədilə 14 kilometr məsafədən su xəttinin çəkilməsi ilə əlaqədar işlər görülür. Aqroparka gedən 14 kilometr yolun alt örtüyü hazırlanıb. Gələcəkdə 320 hektar sahədə pivot suvarma sisteminin qurulması, 100 hektarda meyvə bağının salınması planlaşdırılır. 4 yaşayış evinin inşası üçün işlər görülür.

Ölkə üzrə əldə edilən uğurlar Şamaxı rayonunda da özünü göstərir. Fevralın 9-da rayonda keçirilən hesabat yığıncağında da bildirildiyi kimi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər Şamaxıda inkişafa, insanların həyat şəraitinin yaxşılaşdırılmasına güclü təsir edib.

Ölkə başçısının açılışında iştirak etdiyi 53 kilometrlik Şamaxı-Çöl Göylər-Padar avtomobil yolu 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir. Bu həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyətə malikdir, Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında əlaqələrin daha da sıx olmasında əhəmiyyətli layihədir.

Taxılçılıqda, heyvandarlıqda mövcud vəziyyət, aqrar sektorun bu mühüm sahələrinin inkişafı istiqamətində tədbirlər geniş müzakirə olunub, həlli vacib məsələlərdən danışılıb. Vaxtilə respublikamızın ən iri üzümçülük rayonlarından olan Şamaxıda bu sahənin yenidən dirçəldilməsinin bu gün xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. Əkin sahələri 1710 hektara çatdırılıb. Meysəri kəndi ərazisində 120 hektarda yeni plantasiyalar salınıb. Habelə “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektarda üzüm əkilib.

Hesabat yığıncağında ilkin hesablamalara əsasən 181,7 milyon manat dəyərində ümumi məhsul buraxılışının olduğu, əsas kapitala yönəldilən investisiyaların 38,8 milyon manat təşkil etdiyi, il ərzində 2294 daimi iş yerinin açıldığı bildirilib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 16 fevral.- S.7.