Regionlarda kənd yollarının abadlaşdırılması geniş vüsət alıb

 

2018-ci ildə ölkə ərazisində ən azı 600 kəndin yolunun yenidən qurulması nəzərdə tutulub

Son 14 ildə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri bütün ölkə boyu infrastruktur quruculuğu ilə bağlı olub. Respublikamızda 14 il bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına bölgələrdə zəruri infrastruktur obyektlərinin yaradılması ilə start verilib. Regionların infrastruktur təminatının möhkəmləndirilməsi strateji hədəf kimi sonrakı Dövlət proqramlarında da diqqət mərkəzində saxlanılıb.

Bəhs olunan dövrdə həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Həyata keçirilən infrastruktur layihələri Azərbaycanın ümumi inkişafına böyük təkan verib. Belə ki, bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan infrastrukturdan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.

Bölgələrdə yaradılan müasir infrastruktur insanların həyat şəraitinin yaxşılaşması baxımından da böyük aktuallıq daşıyır. Müxtəlif kommunal rahatlıqlarla təmin olunan insanlar, ələlxüsus da gənclər öz doğma yerlərinə möhkəm tellərlə bağlanırlar.

Rahat yolların çəkilməsi regionlarda infrastruktur quruculuğuna yaxşı nümunədir

Bütün ölkə boyu rahat yolların çəkilməsi regionlarda infrastruktur quruculuğuna yaxşı nümunədir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması bir tərəfdən Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib, digər tərəfdən isə regionlarda daxili yük və sərnişin daşımalarının artmasına, həmçinin rahatlığın təmin olunmasına müsbət təsir göstərib.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan mühüm hədəflərdən biri isə kənd yollarının abadlaşdırılması ilə bağlıdır. İndiyədək bəhs olunan Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb, belə layihələrə ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Kənd yollarının abadlaşdırılması baxımından 2017-ci il də istisna təşkil etməyib. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Ötən il ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb.

Müvafiq Dövlət Proqramının icrası çərçivəsində ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də davam etdirilir. Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun tikintisinə 10,1 milyon manat ayrılıb. Müvafiq Sərəncama uyğun olaraq dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bu günlərdə imzalanan başqa bir Sərəncam isə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındadır. Sözügedən Sərəncama əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2017-ci il 25 dekabr tarixli müvafiq Fərmanın 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Ümumiyyətlə, 2018-ci ildə respublika miqyasında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin sayı kifayət qədər çoxdur. İl ərzində ölkə ərazisində ən azı 600 kəndin yolunun yenidən qurulması nəzərdə tutulub.

Şabranda 39 kilometrlik yolda yenidənqurma işlərinə start verilib

Cari ildə Şabran rayonunda iki yol layihəsinin reallaşdırılması nəzərdə tutulub. 39 kilometr uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu bu layihələrdən biridir.

Uzun müddət istismar edilməsi və əsaslı şəkildə təmir olunmaması yolboyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gediş-gəlişini xeyli çətinləşdirib. Bu kimi amillər nəzərə alınaraq sözügedən yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətli yenidənqurma işlərinə start verilib.

Layihə çərçivəsində hazırda yolboyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.

Yolboyu 24 metr uzunluqlara malik 2 avtomobil körpüsünün və 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası, ardınca asfaltlanma işlərinin aparılması planlaşdırılır. Yeni asfalt-beton örtük 2 laydan ibarət olmaqla və yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla ümumilikdə 230 min kvadratmetrdən çox sahəyə döşənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikinti işlərindən sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədilə zəruri yol nişanlarının və məlumatverici lövhələrinin quraşdırılmasını, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işlərini aparacaq.

39 kilometrlik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişindaşımanı asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, buradan isə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonların, istərsə də paytaxt Bakının bazarlarına daşınmalarına imkan yaradacaq.

Biləsuvarın Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur

Hazırda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramı çərçivəsində Biləsuvarın Zəhmətabad, Bəydili, Xırmandalı və Əliabad kəndlərindən keçən avtomobil yolu yenidən qurulur. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Sözügedən yolun uzunluğu 15,4 km təşkil edir və III- IV texniki dərəcəyə uyğun olaraq çəkilir.

Yenidənqurma işləri çərçivəsində yatağının eni müvafiq olaraq 12 və 10 metr olan yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır və yeni yol yatağı hazırlanır. Yola asfalt örtüyü 2 laydan ibarət olmaqla 100 min kvadratmetrə yaxın sahədə salınacaq.

Qeyd edək ki, bəhs edilən yol uzun illər ərzində heç bir təmir işi aparılmadan istismar olunub. 7 kilometrlik məsafədə yolun hərəkət hissəsində dağılmalar və deformasiyalar yaranmışdı. Yolun qalan 8 kilometrlik hissəsi isə ümumiyyətlə torpaq və çınqıl örtüklü idi. Yol sarıdan əziyyət çəkən 4 yaşayış məntəqəsinin 20 mindən çox əhalisi 10-15 dəqiqəlik məsafəni əlavə vaxt itirərək gedib-gəlmək məcburiyyətində qalırdılar.

Sakinlər yolda yenidənqurma işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılmasından razılıqlarını bildirirlər. Sakinləri razı salan həm də o məqamdır ki, təmir olunan yolun ayrı-ayrı hissələrində müxtəlif diametrli dəmir-beton suötürücü borular inşa olunur. Ümumilikdə 20-dən artıq nöqtədə 232 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi nəzərdə tutulub. Bu qurğular yol boyunca yerləşən əkin sahələrinə suvarma suyunun ötürülməsini təmin edəcək. Biləsuvar böyük kənd təsərrüfatı rayonlarından biridir. Burada ixrac yönümlü məhsulların istehsalı üstünlük təşkil edir. Belə ki, rayonda taxıl və pambıq, bostan və tərəvəz məhsullarının istehsalı ildən-ilə artır. Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu əsaslı şəkildə bərpa edilərək istifadəyə verildikdən sonra magistral boyunca yerləşən kəndlərin əhalisinin öz pay torpaqlarında yetişdirdikləri məhsulları bazarlara rahat və xarab olmadan qısa zamanda çıxartmalarına imkan yaranacaq. Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu vasitəsilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək.

Goranboyda yenidən qurulan 14 kilometrlik avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə edir

Cari ildə Goranboy rayonunda ümumi uzunluğu 34 kilometr olan və 26,5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Hazırda uzunluğu 14 kilometr olan yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun bərpa edilir. Yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən burada gediş-gəliş üçün ciddi çətinliklər yaranırdı. Yolun əsaslı şəkildə bərpasına ciddi ehtiyac yaranmışdı. Buna görə yolun yenidən qurulmasına başlanılması 5 yaşayış məntəqəsinin 12 minə yaxın sakininin böyük sevincinə səbəb olub.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınır. Yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 10 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə icra olunur.

Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisindən sonra 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq. Sözügedən yolun yenidən qurulması ilə yolboyu yaşayan insanların Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunacaq, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikanın istənilən istiqamətinə hərəkət etmək imkanı yaranacaq.

Goranboy rayonunun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərində yaşayan 3 mindən çox əhalisi də sevinc içərisindədir. Çünki bu kəndlərə gedən və 3,5 kilometr uzunluğa malik olan avtomobil yolu da uzun müddətdən sonra təmir olunur. Təmir işləri zamanı köhnə yol əsası qazılaraq çıxarılır və qum-çınqıl qarışığından ibarət yeni yol əsası salınır. Yol əsası hazır olan hissələrə isə yüksəkkeyfiyyətli asfalt-beton örtük döşənir.

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 kilometrlik hissəsi bərpa olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yenidənqurulmasına start verilən yollardan bir neçəsi Xaçmaz rayonunda yerləşir. Bura M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, həmçinin respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yollarının bir hissəsi və 1 kəndlərarası avtomobil yolu daxildir. Sadalanan bu yolların ümumi uzunluqları 152,2 kilometrdir. Sözügedən yollar 118 min əhalinin yaşadığı 125 yaşayış məntəqəsini əhatə edir.

Sözsüz ki, bu yolların yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, həm də sənayenin, kənd təsərrüfatının və turizmin inkişafına səbəb olacaq.

R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7,5 metr enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kvadratmetr sahəni əhatə edəcək.

Yolun Xaçmaz şəhərindən keçən hissəsində yağıntılar zamanı yaranan gölməçə probleminin aradan qaldırılması üçün təqribən 5 kilometr uzunluğunda yeni yağış-kanalizasiya sistemi qurulur, yol kənarlarına yağış barmaqlıqları düzülür. Bundan başqa, mövcud piyada səkilərinin bərpası işləri də aparılaraq kənarlarına yeni səki daşları düzülür. Layihəyə uyğun yolboyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılır.

Texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yolboyu yerləşən 59 yaşayış məntəqəsinin 54 min nəfər əhalisinin gediş-gəlişini asanlaşdıracaq. Rahat yollar həmçinin qonaqların və turistlərin mənzil başına rahat çatmasını təmin edəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, işlər qısa müddətdə tamamlanacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Cari ildə Hacıqabulda 3 yol layihəsinin reallaşdırılması nəzərdə tutulub

Cari ildə Hacıqabul rayonunda 3 yol layihəsinin reallaşdırılması nəzərdə tutulub. Bəhs olunan layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə edir. Yenidən qurulacaq yolların ümumi uzunluğu 108,7 kilometrdir.

Sözügedən layihələr çərçivəsində artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12,2 kilometr olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü kilometrindən ayrılan və uzunluğu 2,1 kilometr olan Atbulaq kəndinin, magistralın 87-ci kilometrindən ayrılan və uzunluğu 2,5 kilometr olan Qızılburun kəndinin və magistralın 103-cü kilometrindən ayrılan ümumi uzunluqları 7,6 kilometr olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etməsini xeyli dərəcədə asanlaşdıracaq.

Tikinti layihəsinə uyğun olaraq hazırda yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılır.

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa, layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir.

Uzunluğu 42 metr, eni 4,5 metr və 3 aşırımlı olan dəmir-beton konstruksiyalı körpü 2 aya inşa edilib. Tikinti işləri çərçivəsində körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu işlər bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını almağa hesablanıb. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanıb.

Xatırladaq ki, sözügedən körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan sonra dağılmışdı. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdilər. Yeni tikilmiş körpü 2 minə yaxın əhalisi olan 4 yaşayış məntəqəsini - Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.

Bərdədə uzunluğu 17,5 kilometr olan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunur

Regionlarda icra edilən yol layihələrindən biri də Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yoludur. Burda işlər yüksək keyfiyyətlə və sürətlə aparılır. Uzunluğu 17,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.

Tikinti işləri çərçivəsində müxtəlif həcmlərdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılır. O cümlədən qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirilmə işləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılacaq. Ümumilikdə yola 2 qat olmaqla 10 santimetr qalınlığında 100 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək. Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.

Ağcabədidə 18 kilometrlik yolun yenidən qurulması 8 min əhalinin böyük sevincinə səbəb olub

Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz buna görə yolun əsaslı şəkildə bərpası yolboyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin böyük sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu işlər çərçivəsində yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəsinə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi, zəruri yol nişanları, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub. Hazırda layihəyə uyğun olaraq yol əsasının salınması işləri aparılır. Əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınır. Paralel şəkildə suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi işləri də görülür. Yaxın günlərdə isə 16 metr uzunluğunda daha bir suötürücü keçidin inşası işlərinə start veriləcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 22 fevral.- S.7.