Azərbaycanın
regionlarında heyvandarlıq intensiv əsaslarla inkişaf
etdirilir
Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata əsasən, 2018-ci ildə
respublikamıza xaricdən 10 min baş damazlıq heyvan gətirilməsi
nəzərdə tutulub
Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmin olunması məqsədi ilə həyata keçirilən
siyasət müsbət nəticələr verir. Belə ki, regionlarda sahibkarlığın
ardıcıl şəkildə dəstəklənməsi,
fermerlərə güzəştli kreditlərin verilməsi,
subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların
yaradılması, qabaqcıl təcrübənin tətbiqi,
texnika ilə təminatın gücləndirilməsi sayəsində
aqrar sektorda ərzaq məhsulları istehsalı əhəmiyyətli
dərəcədə artıb. Əlamətdar haldır ki,
artıq respublikamız bir sıra mühüm pozisiyalar üzrə
daxili tələbatın sırf yerli istehsal hesabına təmin
edilməsinə yaxınlaşıb.
Respublikamızda özünütəminetmə
səviyyəsi yüksək olan pozisiyalardan biri də
heyvandarlıqdır. Artıq ölkədə bir sıra
heyvandarlıq məhsulları ilə özünütəminat
səviyyəsi 100 faizə çatıb, hətta müəyyən
həcmlərdə ixrac imkanlarımız da yaranıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2017-ci ilin sonlarına respublika miqyasında 8465,6 min baş
qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o
cümlədən 1289,8 min baş inək və camış
mövcud olub. Ötən il ölkədə 540,5 min ton, yaxud əvvəlki
ilə nisbətən 3,2 faiz çox diri çəkidə
ət, 2024,1 min ton (0,7 faiz çox) süd, 1714,0 milyon ədəd
(6,5 faiz çox) yumurta istehsal olunub.
Ölkədə heyvanların cins tərkibinin
yaxşılaşdırılması əsas vəzifələrdən
biri kimi qarşıya qoyulub
Azərbaycanda aqrar sahənin digər istiqamətləri
kimi, heyvandarlıq da intensiv əsaslarla inkişaf etdirilir.
Ölkədə heyvanların cins tərkibinin
yaxşılaşdırılması əsas vəzifələrdən
biri kimi qarşıya qoyulub. Bu məqsədlə
bir tərəfdən ölkəmizə xaricdən cins mal-qara
gətirilir, digər tərəfdən isə təsərrüfatlarda
heyvanların baş sayının intensiv metodlarla
artırılması, süni mayalandırma tədbirləri
geniş şəkildə təşviq edilir. Belə ki,
süni mayalanma yolu ilə alınan hər buzova görə
fermerlərə 100 manat həcmində subsidiya ödənilir.
Bu praktikadan artıq respublikanın əksər bölgələrində
istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata əsasən, ötən il respublika
miqyasında süni mayalanma yolu ilə 52 min baş damazlıq
buzov alınıb. Dövlət dəstəyindən bəhrələnən
fermerlər öz təsərrüfatlarında mal-qaranın
baş sayının süni mayalandırma yolu ilə
artırılmasına böyük maraq göstərirlər.
Fermerlər bildirirlər ki, köhnə cinsdən olan mal-qara
az məhsuldardır. Süni mayalandırma yolu ilə
alınan buzovlar isə tez böyüyürlər və
onların məhsuldarlığı daha yüksəkdir.
Xaricdən respublikamıza cins mal-qaranın gətirilməsi
cari ildə də davam etdiriləcək. Kənd təsərrüfatı
naziri Heydər Əsədovun məlumatına əsasən
2018-ci ildə Azərbaycana xaricdən 10 min baş damazlıq
heyvan gətirilməsi nəzərdə tutulub. Nazirlik
rəsmisinin sözlərinə görə, xaricdən gətirilən
cins heyvanlar arasında tələfat hallarının
qarşısını almaq üçün onların
düzgün yem rasionu tərtib olunmalı, qulluq cədvəli
hazırlanmalı və fermerlər bu barədə məlumatlandırılmalıdırlar.
Qeyd edək ki, 2015-ci ildən etibarən Bərdə,
İmişli və Ağcabədi rayonlarında
“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının
yaradılması” pilot mikrokredit layihəsi də uğurla icra
olunur.
Layihə çərçivəsində
ailə-fermer təsərrüfatlarına güzəştli
şərtlərlə lizinq yolu ilə ümumilikdə 516
baş Avstriyadan gətirilmiş “Simmental” cinsli iribuynuzlu heyvan
paylanılıb və layihənin icra olunduğu ötən
dövr ərzində paylanılmış heyvanların 2 dəfə
artımı baş tutub. Bundan əlavə, layihə
çərçivəsində Bərdə rayonu üzrə
804 ton, Ağcabədi rayonu üzrə 1060 ton, İmişli
rayonu üzrə isə 973 ton olmaqla ümumilikdə 2837 ton
süd istehsal edilib.
Xaçmaz rayonunda yeni yaradılan təsərrüfatda
cins heyvanların sayı 800 başa çatdırılıb
Xaçmaz rayonunun Sayad kəndində 2017-ci ildən
fəaliyyətə başlayan yeni təsərrüfata lizinq
yolu ilə xarici ölkələrdən “Holstein-friz” və
“Simmental” cinsindən olan 600 başa yaxın iribuynuzlu heyvan gətirilib.
Təsərrüfata ilk olaraq gətirilən inəklər ətlik-südlük
istiqamətlidir. Sonuncu gətirilən 200 başa yaxın inək
isə sırf südlük istiqamətli heyvanlardır.
Dövlət qayğısı və əlverişli şərait
nəticəsində hazırda təsərrüfatda olan
mal-qaranın sayı 800 başa çatdırılıb. Bu
heyvanlar təsərrüfatdakı yeddi fermada
saxlanılır. Yeni doğulan buzovların böyüməsi
və çəki alması üçün ərazidə
daha 3 tövlənin tikintisi aparılır.
Aqronom Müşfiq Axundov bildirir ki, hazırda təsərrüfatda
250 baş sağmal inək var. Bu heyvanlardan gündəlik 6
tona yaxın süd əldə olunur. İstehsal olunan məhsul
xammal şəklində süd zavodlarına satılır.
Ətlik heyvanlar isə ət kombinatları ilə
yanaşı, yerli qəssablara da satılır. Heyvanların
yem ehtiyacını ödəmək üçün təsərrüfata
məxsus 500 hektara yaxın ərazidə hər il arpa,
qarğıdalı və yonca kimi yem bitkiləri əkilir.
Burada çalışan mütəxəssislər
qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir
və daha çox ət verir. Həm süd, həm də ət
istehsalında sərfəlidir. “Simmental” cins inəklərin
dişisinin ağırlığı 600-650, erkəyinin
çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər
bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir.
“Simmental” cinsi həm də sağlam, dözümlü və
uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə
olan “Holstein-friz” cinsi isə daha iri inəklərdir və bir
laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə
malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Təsərrüfatda süni mayalanma da tətbiq
olunur. Mayalanma aparılan heyvanlar yerli cinslərə nisbətən
daha tez inkişaf edir. Cins heyvanların digər
üstünlüyü isə regionun iqliminə daha tez
uyğunlaşmasıdır.
Regionlarda süni mayalandırma tədbirləri
diqqət mərkəzində saxlanılır
Respublikanın digər bölgələrində
olduğu kimi, Daşkəsəndə də süni
mayalandırma tədbirləri diqqət mərkəzində
saxlanılır. Ötən il Daşkəsən
rayonundakı heyvandarlıq təsərrüfatlarında
süni yolla mayalandırılan 172 baş iribuynuzlu mal-qaradan
97 baş bala alınıb.
Daşkəsən rayon Statistika İdarəsindən
bildirilib ki, heyvanların cins tərkibini
yaxşılaşdırmaq üçün hazırda rayonda
iki süni mayalama mərkəzi fəaliyyət göstərir.
Keçən il bu mərkəzlərdə əvvəlki illə
müqayisədə 68 baş çox heyvan
mayalandırılıb və 81 baş çox buzov
alınıb.
Ötən il Samux rayonunun maldarlıq təsərrüfatlarındakı
inəklərdən 211 baş cins buzov alınıb. Bu,
2016-cı ilin göstəriciləri ilə müqayisədə
172 baş çoxdur. Maldarlıq təsərrüfatlarında
doğulan cins buzovların statistikasının ildən-ilə
artdığını deyən Samux rayon İcra Hakimiyyətinin
sektor müdiri Elmar Qarayev bildirib ki, bu il də kəndlilər
və təsərrüfat sahibləri arasında heyvanların
cins tərkibinin yaxşılaşdırılması barədə
təbliğat işləri davam etdiriləcək. Qeyd edilib
ki, keçən il Samux rayonu üzrə iribuynuzlu
mal-qaranın sayı 11 min 750 başa çatıb.
Hazırda respublikamızın hər yerində
olduğu kimi, Ucarda da mal-qaranın cins tərkibinin süni
mayalandırma üsulu ilə
yaxşılaşdırılması, daha məhsuldar
heyvanlarla əvəz edilməsi istiqamətində
ardıcıl tədbirlər görülür. Təkcə
ötən il 952 baş inək süni yolla
mayalandırılıb. Rayon üzrə 320 nəfərə
cinsi yaxşılaşdırılan 329 baş buzova görə
subsidiya verilib.
Heyvanlar arasında xəstəliklərə
qarşı ciddi mübarizə aparılır
Regionlarda epizootik durumun nəzarət altında
saxlanılması heyvandarlığın inkişafına
müsbət təsir göstərən çox ciddi amillərdən
biridir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və
diaqnostika tədbirlər planı”na uyğun olaraq, 2018-ci ilin əvvəlindən
regionlarda müalicə-profilaktik və epizootik tədbirlərin
aparılması davam etdirilir. Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən
(DBNX) bildirilib ki, cari ilin ilk günlərindən ölkə ərazisində
iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında
qarayara, ev itləri arasında quduzluq, quşlar arasında
nyukasl xəstəliklərinə qarşı peyvəndləmə,
iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji
müayinələrin aparılmasına başlanılıb.
Bununla əlaqədar Dövlət
Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və
Zoonoz xəstəliklər Əleyhinə Respublika
Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli
köməklik və tövsiyə məqsədi ilə
rayonlara ezam olunublar. Ölkədə epizootik tədbirlərin
aparılması üçün rayon (şəhər)
baytarlıq idarələri lazımi ləvazimat və
avadanlıqlarla təmin edilib. Hər il
olduğu kimi, cari ildə də dövlət vəsaiti
hesabına alınmış biopreparatlar, dezinseksiya və
müalicəvi dərman preparatları rayon (şəhər)
baytarlıq idarələrinin əməkdaşları tərəfindən
“Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər
planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz
əsaslarla (pulsuz) tətbiq edilir.
Cari ilin yanvar ayı ərzində
ölkə ərazisində qarayara xəstəliyinə
qarşı 140633 baş iribuynuzlu, 49477 baş təkdırnaqlı,
827 baş donuzlarda, quduzluq xəstəliyinə qarşı
112232 baş ev itlərində, nyukasıl xəstəliyinə
qarşı 1695761 baş quşda “H” vaksini, 2072878 baş
quşda isə “La-sota” vaksini ilə profilaktik peyvəndləmə
aparılıb, bruselyoza görə 162753 baş
iribuynuzlu heyvan seroloji müayinəyə cəlb edilib. Həmçinin
yanvar ayı ərzində 105 baş dəvədə, 111798
baş xırdabuynuzlu heyvanda qarayara, 250 baş atda rinopnevmoniya
və qrip xəstəliklərinə qarşı peyvəndləmə,
5159 baş atda manqo xəstəliyinə görə diaqnostik
müayinələr aparılıb.
Heyvanlara tətbiq edilmiş baytarlıq
preparatlarının istifadəsinin tənzimlənməsi,
şəffaflığın təmin edilməsi və nəzarətin
gücləndirilməsi məqsədi ilə rayon (şəhər)
baytarlıq idarələrinə müvafiq
tapşırıqlar verilib. Dövlət
Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat
sahiblərinin nəzərinə çatdırır ki,
heyvanlarda özbaşına müalicə, peyvəndləmə
və digər tədbirlər aparılmamalı, heyvanlar
baytarlıq-sanitariya tələblərinə cavab verən
şəraitdə saxlanılmalıdır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 24 fevral.- S.7.