Azərbaycanın regionlarının turist cəlbediciliyi artır

 

2017-ci ildə respublikamıza 2,7 milyon turist təşrif gətirib ki, bu da əvvəlki ildəkindən təxminən 20 faiz çoxdur

Son illərdə Azərbaycanda reallaşdırılan məqsədyönlü siyasət sayəsində qeyri-neft iqtisadiyyatının üstün inkişaf edən istiqamətlərindən biri də turizm sektorudur. Ölkədəki möhkəm daxili sabitlik, füsünkar təbiət, bütün respublika boyu yaradılan müasir infrastruktur, mətbəxin zənginliyi və bu kimi digər amillər Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirib. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri respublikamızda ilin bütün fəsillərində turizm sektorundan bəhrələnməyə imkan verir. Təsadüfi deyil ki, regionlarda müxtəlif marşrutlar üzərində yerləşən turistyerləşdirmə obyektlərində həm yay, həm də qış mövsümündə böyük qələbəlik yaşanır. Bundan başqa, respublikamızın ərazisi müalicəvi məkanlarla da zəngindir və turistlər ölkəmizə həm də şəfa tapmaq məqsədilə üz tuturlar.

Cari ilİn əvvəlindən ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir

Təbii amillərlə yanaşı, son illərdə dövlət tərəfindən ardıcıl şəkildə dəstək tədbirlərinin görülməsi də respublika miqyasında turizm sektorunun inkişafına müsbət təsir göstərib. Bu sırada ölkəmizin regionlarının turizm potensialının xaricdə tanıdılmasının, bölgələr üzrə cəlbedici turizm marşrutlarının yaradılmasınının, xidmət mədəniyyətinin yüksəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Həmçinin son illərdə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb, o cümlədən ölkəyə gəlib-getmə qaydaları sadələşdirilib, ASAN viza sisteminin tətbiqinə başlanılıb. 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə strateji yol xəritələrindən biri də məhz turizm sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə respublikamızın turizm potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yaxın, orta və uzummüddətli perspektiv üçün konkret hədəflər müəyyənləşdirilib.

Həyata keçirilən bu və ya digər tədbirlər isə son nəticədə ölkəmizə gələn turistlərin sayının getdikcə artmasında öz əksini tapır. 2017-ci ildə respublikamıza 2,7 milyon turist təşrif gətirib ki, bu da əvvəlki ildəkindən təxminən 20 faiz çoxdur.

Respublikamıza təşrif gətirən xarici turistlərin sayında artım dinamikası cari ilin əvvəlindən də yüksək olaraq qalmaqdadır. Belə ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizini isə vətəndaşlığı olmayan şəxslər təşkil edib.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. Bütövlükdə körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olub.

Regionlarda üçulduzlu hotellərin tikintisinə üstünlük verilir

Ötən illərdəki kimi, cari ilin əvvəlindən də Qəbələ rayonunun turist cəlbediciliyi kifayət qədər yüksək olaraq qalmaqdadır. Rayonun ərazisində yerləşən “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” hotelləri, “Qəbələnd” istirahət və əyləncə mərkəzi daim qonaq-qaralı olur. Yerli və xarici turistlərin məmnuniyyətlə üz tutduqları məkanlar sırasına həmçinin “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi də daxildir.

Turistlər həmçinin Quba rayonunun ərazisində yerləşən “Şahdağ” Turizm Mərkəzində unudulmaz anlar yaşayırlar. Mərkəzin ərazisində 3 beşulduzlu (“Şahdağ Hotel və Spa”, “Pik Palace”, “Park Chalet”) və 1 dördulduzlu (“Zirvə”) hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-yə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, spa xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır.

Soyuq qış günlərində Azərbaycana təşrif gətirən turistlər həmçinin respublikamızın dilbər guşələrindən olan İsmayıllıya, Şəkiyə, Şamaxıya da məmnuniyyətlə üz tuturlar. Respublikamıza şəfa tapmaq məqsədilə gələn turistlər isə Naftalan, Duzdağ, Qalaaltı və digər unikal sağlamlıq mərkəzlərini seçirlər.

Regionlara turist axınını artırmaq perspektivdə də əsas hədəflər sırasında olacaq. Buna nail olmaq üçün isə regionlarda xidmət mədəniyyətinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Məsələn, son illər regionlarda üçulduzlu hotellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan “Şəbəkə Travel” də fəaliyyət göstərdiyi bir il ərzində ölkə miqyasında turizmin inkişafına öz töhfələrini verir. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi “Şəbəkə” mərkəzlərində turizm xidmətlərini təmin etmək üçün yaradılan “Şəbəkə Travel” müasir turizm standartlarına cavab verən çoxprofilli tur operatordur.

“Şəbəkə Travel” peşəkar biznes tarixçəsi tələb edən, hotellərdə böyük yer və qiymət kvotası olan “Global Travel Wholesaler”lər ilə (Beynəlxalq Səyahət Topdansatış şirkəti) uğurlu əməkdaşlıq edir. 24 saat fasiləsiz xidmət göstərən turizm şirkəti 500-dən çox aviaşirkətlə dünyanın 2 min 800-dən çox şəhərinə işgüzar şəxslər və turistlər üçün səyahət imkanı yaradır. Eyni zamanda, Azərbaycan daxili turlar, eləcə də dünyanın ən böyük 14 kruiz şirkətinin laynerləri ilə kruizlərin təşkili də həyata keçirilir. Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil icarəsi, aeroport transferi də xidmətlərə daxildir”, - deyə şirkətin rəhbəri Natiq Məmmədov bildirib.

Azərbaycanın regionlarının sağlamlıq turizmi potensialı qlobal forumda təqdim edilib

Bir qədər bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin himayəsi ilə “Global Healthcare Travel Forum”un (Qlobal Sağlıq Turizmi Forumu) növbəti toplantısı keçirilib. Forumda 30-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvə görüşündə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

“Global Healthcare Travel Concil” stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. Sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm müzakirə edilən aktual mövzular sırasında olmuşdur.

Dubay Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları “Təcrübəni yenidən dərketmə” sağlamlıq turizmi mövzusu ətrafında cəmləşmişlər. Bu Forum, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan sənaye liderləri, sağlamlıq turizmi səfirləri və populyar tibbi turizm yerlərinin uğurlu hekayələrini nümayiş etdirən Səfirlər Sammiti kimi də yadda qalıb.

Ölkəyə gələn turistlərə rahat xidmətlər təklif olunur

Bu məqamda vurğulayaq ki, “The Washington Times” qəzetində “Azərbaycana səfər. Bakıda və ölkə boyunca gediş-gəliş” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC-ın məlumatına əsasən, materialda Azərbaycana üz tutan turistlərə bu ölkəyə gəlmək üçün əvvəlcə viza almaq lazım olduğu xatırladılır. Bildirilir ki, 2017-ci il Azərbaycanın əsas gəliş-gediş məntəqəsi, ölkənin ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. Məqalədə qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan (JFK) birbaşa reyslə Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Heydər Əliyev Aeroportundan Mərkəzi Dəmir Yol vağzalına aeroportun 48 sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Azərbaycanda rahat taksi xidmətlərindən də istifadə etmək olar. Göstərilir ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür. Ölkədə avtomobil kirayəsi xidmətləri təklif edən beynəlxalq şirkətlər, o cümlədən “Avis” və “Hertz”, habelə çoxsaylı yerli şirkətlər fəaliyyət göstərir.

Ölkə daxilində uçuşlar üçün Azərbaycanın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin xidmətlərindən istifadə etmək olar. Bu yaxınlarda AZAL yeni daxili reyslər açıldığını elan edib.

Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli guşələrinə, o cümlədən Gəncə, Qəbələ və Şəkiyə getmək də məsləhət görülür.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 28 fevral.- S.7.