Ölkəmizin regionlarında baramaçılığın və tütünçülüyün inkişafı diqqət mərkəzindədir

 

İxrac qabiliyyətli bu məhsulların istehsalının daha da artırılması üçün dövlət dəstəyi nümayiş etdirilir, subsidiyalar ayrılır

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu müstəvidə kənd təsərrüfatının bir sıra sahələrinin yenidən dirçəldilməsi yönündə mühüm işlər görülür. Qeyd etmək yerinə düşər ki, yenidən dirçəldilən kənd təsərrüfatı sahələri arasında tütünçülük və baramaçılıq xüsusi yer tutur. Yeri gəlmişkən, respublikamızın ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da, müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Bununla belə, ötən ildən başlayaraq bu gəlirli sahənin şöhrətinin geri qaytarılması üçün əməli tədbirlər görülməkdədir. Artıq təsərrüfat sahibləri öz məhsullarını satmaq problemi ilə qarşılaşmırlar. Hazırda respublikamızda tütünün əkini ilə bir sıra şirkətlər məşğul olur. Bu şirkətlər məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir.

O cümlədən artıq bir neçə ildir ki, ölkəmizdə baramaçılığın inkişafı istiqamətində də əsaslı tədbirlər görülür, bu sahənin inkişafı üçün dövlət tərəfindən subsidiyalar ayrılır, yeni tinglər əkilir və ən əsası, yeni infrastrukturlar qurulur. Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev deyib: “2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabrikibu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq”.

Barama istehsalına gəlincə, dövlət başçısı deyib ki, 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı: “Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Çünki kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilirbir çox rayonlarda pul qazanır”.

Beləliklə, göründüyü kimi ölkəmizdə baramaçılığın və tütünçülüyün inkişafı diqqət mərkəzindədir. Ayrı-ayrı rayonlarda atılan addımlar da deyilənləri bir daha təsdiqləyir. Məsələn, bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektar sahədə “Virciniya” və 4 hektarda “Berley” növlü ətirli, 56 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində “İmunniy” növlü yerli tütün sortunun yığımına başlanılıb. Rayonda ilk olaraq tütün yığımı Mahamalar kəndindən olan fermer Aypara Dadayevanın, Qazma kəndindən İlqar Vəliyevin, Səbinə Hacıyevanın təsərrüfatlarında aparılıb. Ətirli tütün sortlarının yığımına isə iyulun ortalarında başlanılacaq.

Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 528 hektar sahədə tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub. Rayonda barama tədarükü isə artıq başa çatıb. Balakənli kümçülər cari mövsümdə 30 ton yaş barama istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artıb.

Eləcə də Qax rayonunda bu il tütünçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılıb. Artıq rayonun tütünçülük təsərrüfatlarında bir neçə gündür ki, tütün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günlərində istehsalçılardan 21,3 ton yaşıl tütün kütləsi qəbul edib. Emal məntəqəsinin müdiri İsrafil Səfərov bildirib ki, rayon üzrə məntəqəyə ilk olaraq Qaxilgiloy kəndindən fermer Elşən İbrahimov, Qaxdan Namiq Fərhadov, Şotavar kəndindən Telman Şahmalıyev qurudulmaq üçün tütün təhvil veriblər. Tütünün qurudulması üçün məntəqədə 60 ədəd odla tütünqurutma kamerası var. Bütün kameralar mövsümə tam hazır vəziyyətdədir. Hazırda 3 kameraya tütün qoyulub. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün preslənərək anbara yığılacaq və daha sonra tütün emalı zavoduna təhvil veriləcək.

Müəssisənin rəhbəri bildirib ki, cari mövsümdə rayonun fermerləri 620 hektar sahədə tütün yetişdirirlər. Əkin sahələrinin 605 hektarına “Virciniya” növlü ətirli, 15 hektarına isə yerli tütün sortları əkilib.

Bundan başqa, son günlər digər strateji ixrac qabiliyyəti olan məhsulun - baramanın istehsalında mühüm irəliləyiş qeydə alınır. Hətta ötən illə müqayisədə bu il bütün rayonlarda istehsalın həcmi yüksəlib. Məsələn, Zərdab kümçüləri barama tədarükündə respublikada ən yüksək nəticəyə nail olublar. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Zərdabda ardıcıl tədbirlər həyata keçiriliruğurlu nəticələr qazanılır. Belə ki, Zərdab kümçüləri 2018-ci ildə 1300 qutu (24700 qram) inkubasiya olunan baramaqurdu toxumu qəbul edərək normal bəsləmə aparıb, nəticədə 53 ton 880 kiloqram barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar. Bu sahədə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin olunub. Rayonun təkcə Şıxbağı kəndində 4597,5 kiloqram barama tədarük edilib. Şahhüseynli, Bıçaqçı, Əlvənd, Məlikli və digər bir sıra ərazi vahidlərində də kümçülər yüksək nəticəyə nail olublar.

Qeyd edək ki, bölgədə az vaxtda yaxşı gəlir verən baramaçılığa maraq getdikcə artır. Təkcə 2016-cı ildə bölgü üzrə rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) baramaqurdu toxumu bəslənib, nəticədə 5710 kiloqram barama götürülərək “Azəripək” MMC-yə təhvil verilib. Tədarük olunan baramadan kümçülərə 45 min 680 manat vəsait ödənilib.

2017-ci ildə isə kümçülər daha yüksək nəticəyə nail olublar. Bölgü üzrə 480 qutu (9120 qram) inkubasiya olunan baramaqurdu toxumundan 27 ton 55 kiloqram barama əldə edilib ki, bu da 2016-cı ildəki göstəricidən 4 dəfə çoxdur. Ötən il də tədarük olunan məhsul respublikada ən yüksək göstəricidir. Baramaqurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışıb, təhvil verilən baramaya görə kümçülər 243 min manat vəsait alıblar.

Barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə rayonun Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Yevlax rayonunda da barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 10 ton 984,4 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Bu il rayonun 49 yaşayış məntəqəsində 140 ailə tərəfindən 351 qutu (6669 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə Yevlaxda 14 tonadək barama tədarük ediləcəyi gözlənilir. Qeyd edək ki, ötən il Yevlax rayon kümçüləri 5,6 ton yaş barama istehsal edərək “Azəripək” MMC- təhvil veriblər.

Sabirabad rayonunda isə barama tədarükü başa çatıb. Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur. Ötən il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 14 ton məhsul istehsal etmək nəzərdə tutulub bunun üçün kümçülərə 338 qutu (6422 qram) ipəkqurdu toxumu paylanılıb.

Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda bu sahəyə olan marağı artırıb. Ötən il rayon üzrə 56 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 169 kümçü ilə müqavilə bağlanılıb onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Artıq rayonda barama tədarükü başa çatıb. Qısa müddətdə “Azəripək” MMC- 14 ton 126 kiloqram barama satılıb ki, bu da nəzərdə tutulduğundan 126 kiloqram çoxdur. Məhsul tədarükündə rayonun Nizami, Şəhriyar Qaralar kəndlərinin kümçüləri fərqləniblər. Ən çox məhsul istehsal edən isə Nizami kəndinin kümçüləri olublar. Rayon üzrə istehsal olunan 14 ton 126 kiloqram məhsulun 2 ton 177 kiloqramını bu kəndin baramaçıları istehsal ediblər.

Ağcabədi kümçüləri isə 37 tondan artıq barama tədarük ediblər. Rayonda barama tədarükü artıq başa çatıb. Kümçülərin yetişdirdikləri 37 min 145,8 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Bu göstəriciyə görə Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Rayon kümçüləri 2016-cı ildə 3675 kiloqram, 2017-ci ildə isə 16 min 761 kiloqram yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Bu il isə rayonun 41 yaşayış məntəqəsində 502 ailə tərəfindən 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu yetişdirilib.

Qeyd edək ki, barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə ümumilikdə 135 min çəkil (tut) tingi əkilib.

Bərdəli kümçülər isə bu il 24 min 533 kiloqram barama tədarük ediblər. Bu rayonda da barama tədarükü artıq başa çatıb. Kümçülərin yetişdirdikləri 24 min 533 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Qeyd edək ki, bu il Bərdə rayonunda 219 ailə tərəfindən 520 qutu ipəkqurdu toxumu yetişdirilib.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.- 7 iyul.- S.7.