Regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır

 

2018-ci ilin sonunadək əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihələri həyata keçiriləcək

Son 15 ildə bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğunu, həmçinin paytaxtda və bölgələrdə reallaşdırılan yeni sukanalizasiya layihələrinin timsalında aydın şəkildə izləmək mümkündür. Bəhs olunan dövrdə respublikanın onlarca şəhər və qəsəbəsinin, kəndlərin içməli su təchizatının yaxşılaşması əhalinin kommunal xidmətlərlə təminatında çox ciddi keyfiyyət dəyişiklikləri yaradıb.

Bütövlükdə, son 15 ildə respublika əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, ötən dövrdə sukanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də sukanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Həyata keçirilən müxtəlif layihələr çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 arteziansubartezian quyusu qazılaraq istismara verilib.

Bəhs olunan dövrdə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 15 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb.

Həyata keçirilən su layihələri sayəsində abonentlərin sayı da artıb. Ölkə üzrə abonentlərin sayı 2018-ci ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə yüksəlib.

Reallaşdırılan yeni layihələr hesabına paytaxtın, Bakıətrafı qəsəbələrin, həmçinin Aran bölgəsinin su təminatı yaxşılaşıb

Son 15 ildə reallaşdırılan yeni su layihələri sırasında Oğuz-Qəbələ-Bakı, Külüllü mənbələrinin, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 2007-2010-cu illərdə tikilmiş müstəqil Azərbaycanın ən böyük yerli infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında stabillik təmin olunub.

2015-ci ilin oktyabrında işə salınmış və ən son texnologiya əsasında yaradılmış Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi - onun məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edir - və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri bu gün Abşeron yarımadasının böyük bir ərazisini yüksəkkeyfiyyətli içməli su ilə təmin edir. Bu qurğununinfrastrukturun imkanlarından istifadə etməklə tarix boyu şirin su almayan Pirallahı, Zirə, TürkanQala qəsəbəsinə mərkəzləşdirilmiş qaydada içməli su verilib.

Abşeron yarımadasında reallaşdırılan bu iki layihə öz növbəsində imkan verib ki, Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi uzun illərdir içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəldilsin. Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisibu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Artıq Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən keyfiyyətli su ilə təmin olunur. Gələcəkdə Neftçala şəhəri, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin sakinlərinin də bu layihədən faydalanması nəzərdə tutulur.

Ölkənin digər regionlarında reallaşdırılan layihələr üzrə görülən işlərin miqyası da kifayət qədər böyükdür. Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəməri çəkilib, Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Ötən il bu mənbədən Saatlı və Sabirabad rayonlarının bəzi kəndlərinə də su verilib.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan mənbə yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 25 km uzunluğunda magistral kəmərlər çəkilib. Bu şəhərlərə, həmçinin magistral kəmərlər üzərində yerləşən bəzi kəndlərə içməli suyun verilməsi təmin edilib. Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. Yaxın gələcəkdə buradan Yevlax şəhərinə və ətraf 8 kəndə də içməli suyun verilməsi təmin ediləcək.

Kənd yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması proqramı uğurla həyata keçirilir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində kənd və qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xızı rayonunun Yeni Yaşma kəndində icra olunan layihə bu günlərdə uğurla yekunlaşıb və 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib.

Xızı rayonunun Yeni Yaşma kəndində yeni içməli su təchizatı sistemlərinin yaradılması dövlət investisiya layihəsi çərçivəsində həyata keçirilib. Yeni layihənin icrasına qədər kəndin su təchizatı 1990-cı illərdə yaradılmış infrastruktur hesabına həyata keçirilib. Həmin illərdə tikilmiş magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan son vaxtlar normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı. Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. Qısa müddətdə kənd ərazisində 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb. Hər bir evə birləşmə verilib 360 abonent sayğacla təmin edilib. Kəndin mərkəzində əhalinin ümumi istifadəsi üçün bulaq quraşdırılıb. Eyni zamanda kəndin relyef şəraiti nəzərə alınaraq dayanıqlı su təchizatı məqsədilə 2 ədəd hidrofor tipli nasos stansiyası inşa edilib. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb, 2000-dən çox sakin yeni yaradılmış infrastruktur hesabına fasiləsiz keyfiyyətli içməli su ilə təmin edilir. Kənd ərazisində içməli su şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra qazıntı işləri aparılmış yerlərdə asfalt örtüyü bərpa edilib.

2018-ci ildə kənd yaşayış məntəqələrində reallaşdırılacaq layihələrdən 45 min sakin faydalanacaq

Regionlarda kəndlərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər perspektivdə davam etdiriləcək. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 9 aprel 2018-ci il tarixindəƏhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqındaSərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatıAzərsuAçıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Hazırda bölgələrdə Sərəncamın icrası uğurla təmin edilir. Sərəncama uyğun olaraq reallaşdırılan layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 min sakini faydalanacaq. Ümumilikdə, 2018-ci ilin sonunadəkAzərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihələri həyata keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub. Artıq Oğuz rayonunun Astraxanovka, VladimirovkaQarabulaq kəndlərində layihələrin icrası yekunlaşıb və 2000-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 34 ədəd bulaq quraşdırılıb. 29 km uzunluğunda Balaşüm-Söyüdlü magistral su kəməri rayonun Xaçmaz kəndi yaxınlığındakı bulaqçay sularından qidalanır. 2012-ci ildə icra edilmiş layihə çərçivəsində sugötürücü qurğular, ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı, magistral xətlər və paylayıcı su şəbəkələri inşa edilib. Yaradılmış infrastruktur hesabına Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, MuxasBaş Daşağıl kəndinin 20 minədək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.

 

(davamı növbəti sayımızda)

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 10 iyul.- S.7.