Azərbaycanın
regionlarında toxumçuluğun
inkişafı diqqət mərkəzində saxlanılır
Xaçmaz rayonunun Qaraçay-cek kəndində yaradılan müasir toxumçuluq müəssisəsində ildə 3 min ton yüksəkkeyfiyyətli toxum istehsal ediləcək
Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində toxumçuluğun inkişafına da böyük diqqət göstərilir ki, bu da təsadüfi deyil. Gələcək bol məhsulun əsası torpağa səpilən toxumla qoyulur. Mütəxəssislərin qənaəti belədir ki, tərəvəzçilikdə və taxılçılıqda məhsuldarlığın artmasında yüksək reproduksiyalı toxum müstəsna əhəmiyyət daşıyır.
Respublikamızda toxumçuluğun inkişafı məqsədilə həyata keçirilən tədbirlər çoxşaxəlidir. İlk növbədə onu vurğulayaq ki, ölkəmizdə toxumçuluğun inkişafını təmin etmək üçün zəruri hüquqi baza yaradılıb. Eyni zamanda, regionlarda toxum istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən maddi dəstək göstərilir, onlara subsidiyalar verilir. Belə bir faktı vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin imzaladığı “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 12 milyon manat vəsait ayrılıb. Toxumçuluğun inkişafı üçün təkcə laboratoriya avadanlığının alınmasına 2017-ci ildə 700 min dollar vəsait xərclənib.
Toxumçuluğun inkişafına göstərilən dəstək tədbirləri öz müsbət nəticəsini verir. Davamlı dövlət dəstəyinin təzahürü olaraq son illərdə bölgələrdə çoxlu sayda özəl toxumçuluq təsərrüfatları yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Bundan başqa, ixtisaslaşan təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işini yaxşılaşdırmaq məqsədilə respublikanın regionlarında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 5 bölgə təcrübə stansiyası yaradılıb.
Regionlarda payızlıq dənli-taxıl bitkilərinin aprobasiyası başa çatıb
Azərbaycanın regionlarında 2017-ci ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 276 özəl və dövlət toxumçuluq təsərrüfatlarında 60108 hektar sahə əkilib. Toxumluq əkinlərin qeydiyyatı prosesində araşdırılan sənədlərə əsasən 394 ha toxumluq sahə əkin dövriyyəsindən çıxarılıb, 59714 ha sahə qeydiyyata alınıb.
Mövsüm ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumların mütəxəssisləri tərəfindən mütəmadi olaraq toxum istehsalçılarına toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.) müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 21 may 2018-ci il tarixli əmrinə əsasən özəl toxumçuluq təsərrüfatlarında və kənd təsərrüfatı istehsalat müəssisələrinin toxumluq əkinlərində Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının aprobasiyası (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) aparılıb. Aparılmış aprobasiyanın nəticələrinə əsasən 59714 ha sahədən 48991 ha (82 %, o cümlədən 39511 ha buğda və 10723 ha arpa) sahə aprobasiyadan keçib. Müvafiq standartın tələblərinə cavab verməyən 10723 ha (18 %) sahə çıxdaş edilib.
Ümumilikdə aprobasiyadan keçmiş 48991 ha toxumluq sahənin 12187 hektarı 1-ci reproduksiyalı (R1), 36804 hektarı isə 2-ci reproduksiyalı (R2) olub. 1-ci reproduksiyalı toxumluq əkinlərin 1665 hektarı arpa, 10522 hektarı buğda, 2-ci reproduksiyalı toxumluq əkinlərin isə 7815 hektarını arpa və 28989 hektarını buğda təşkil edib.
Ölkədə fermerlər arasında toxum və ting istehsalı geniş təşviq olunur
Regionlarda toxumçuluğun inkişaf perspektivləri ilə bağlı planlar kifayət qədər genişdir. O cümlədən ölkədə toxum və ting istehsalının təşviqi istiqamətində zəruri addımların atılması nəzərdə tutulub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsində məlumat verilib.
Bəhs olunan ümumrespublika müşavirəsinin keçirilməsində məqsəd toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etməkdən, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaqdan və toxum istehsalçılarını təşkilatlandırmaqdan ibarət olub. Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev respublikada toxumçuluq və tingçiliyin inkişafının, fermerlərin yerli toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində atılan mühüm addımlardan olduğunu bildirib. Xidmət rəisi Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının strateji hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.
“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir”, - deyə Mirzə Əliyev bildirib.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum təmizləmə xətlərinin alındığını bildirib.
Kənd Təsərrüfatı Nazirliyi özəl toxum istehsalçılarına texnika və avadanlıqlar alınmasında yardım göstərəcək
Kənd Təsərrüfatı Nazirliyi artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, onların yeni innovativ metodlarla tanış olmaları, istehsalçılara ilkin toxum təmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.
Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb. Bu məqsədlə Dövlət Xidmətinin və Layihənin, eləcə də Dövlət Toxum Fondunun, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları Bərdə, Qəbələ və Quba rayonlarında fermerlər və toxumçularla görüşlər keçiriblər.
Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Toxumçular Assosiasiyası koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək regionlarda bu sahənin inkişafına öz töhfəsini verəcək.
Xaçmazda yeni toxum emalı fabrikinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir
Yaxın perspektivdə respublikanın bir neçə bölgəsində toxum emalı müəssisələrinin yaradılması planlaşdırılır. Hazırda Xaçmaz rayonunda inşa olunan toxum emalı fabrikinin tikintisi işlərinin 50 faizdən çoxu yekunlaşıb. İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur.
Yeni toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Fabrikdə yüksək standartlara cavab verən toxum təmizləmə qurğuları quraşdırılacaq. Köhnə avadanlıqlar saatda 1 ton olmaqla bir mövsüm ərzində 940 ton toxum təmizləməyə imkan verirdi. Yeni qurğular sayəsində əvvəlkindən 5 dəfə çox toxum təmizlənəcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevin KİV-ə verdiyi məlumata əsasən, daha bir toxumçuluq müəssisəsi Şəkidə yaradılır. “Dövlət büdcəsindən daha üç zavodun tikintisi üçün vəsait ayrılıb. Bu zavodlar inşa edildikcə və onların sayı artdıqca, təbii ki, digər toxumçuluq sahələrinə də köməklik göstəriləcək”, - deyə M.Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2018.-17 iyun.- S.7