Bu ilin
birinci yarısında da
regionların inkişaf dinamikasında
artım müşahidə olunub
Bəhs edilən dövrdə rayonlarda kənd təsərrüfatının, eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlar davam etdirilib
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin uğurlu iqtisadi inkişafının əsas bazası sayılır. Belə ki, məhz bu proqramların uğurlu icrası Azərbaycanın hərtərəfli inkişafını təmin edib, vətəndaşların sosial rifahının yüksəlişində əsaslı rol oynayıb, eləcə də regionların inkişafını daha da sürətləndirib. Təbii ki, bütün bunlar regionlarımızın sosial-iqtisadi inkişafının davamlı xarakter almasına səbəb olub. Və bu inkişaf 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafında da özünü göstərib.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məqama toxunan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu ilin altı ayı ərzində ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb: “Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir”.
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi bu inkişaf rayonlarımızın bu ilin altı ayındakı göstəricilərində də öz əksini tapıb. Məsələn, 2018-ci ilin birinci yarısında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının həcmi 301.465,8 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Bəhs edilən dövrdə 19.520,3 min manatlıq sənaye, 100.901,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 135.439,3 min manat investisiya yönəldilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 44,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə artıb.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. 2018-ci təsərrüfat ilində rayonda 25 min 211 hektar sahədə buğda, 4551 hektarda arpa, 883,4 hektarda şəkər çuğunduru, 2116 hektarda soya, 892,35 hektarda tərəvəz, 540 hektarda bostan bitkiləri, 1654,50 hektarda qarğıdalı, 193,50 hektarda kartof və 10 min hektarda pambıq əkilib. 106 min 959 ton taxıl, 37 min 145,8 kiloqram barama istehsal olunub. Hazırda rayonda digər kənd təsərrüfatı bitkiləri istehsalı davam edir.
Rayon ərazisində “Aqropark” yaradılması məqsədilə dövlət fonduna aid 4800 hektar qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı əsasında dəyişdirilib. “Aqropark” ərazisində 1215 hektar sahənin suvarılması üçün 11 ədəd müasir pivot suvarma sistemi qurulub, nasos stansiyası tikilib istifadəyə verilib, 1050 hektarda soya bitkisi əkilib. Ərazidə bitki yağlarının emalı müəssisəsinin yaradılması da planlaşdırılır.
Tərtər rayonunda da 2018-ci ilin birinci yarısında iqtisadiyyatın inkişafı davam etdirilib. Bu dövrdə 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib. İlin 6 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 95,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 16 milyon 911,9 min manat investisiya yönəldilib. 211-i daimi olmaqla, 2108 yeni iş yeri açılıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 34,2 milyon manat təşkil edib. Onun 62 faizi bitkiçilik, 38 faizi heyvandarlıq sahəsinin payına düşür. Cari ilin məhsulu üçün 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 11 min 725,9 hektarda dənli və dənli paxlalı, 5 min 603,9 hektarda texniki, 1 min 514,6 hektarda kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarda yem bitkiləri əkilib. Bu il rayonda ötən illə müqayisədə 2,2 dəfə çox olmaqla, 10 min 228,3 kiloqram barama tədarük edilib. Pambıq əkinləri də 5,7 faiz artırılaraq 3300 hektara çatdırılıb. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı hazırda davam edir. Bu günədək 37 min 273,3 ton taxıl, 72,1 ton dən üçün qarğıdalı, 4 min 840,7 ton kartof, 6 min 790,8 ton tərəvəz, 1660 ton meyvə istehsal edilib.
Şirvan bölgəsində yerləşən Ağsu rayonunda isə cari ilin altı ayında ümumi məhsul buraxılışının həcmi 97 milyon 70,4 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 177,8 min manat və ya 16,4 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışı isə 1218,2 manat təşkil edib ki, bu, keçən ildəkindən 134 manat və ya 12,4 faiz artıqdır. Ümumi məhsul buraxılışında iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda məhsul buraxılışının həcmi 52,9 faiz olub.
Rayonda aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahələrin inkişafına güclü təkan verib. Cari mövsümdə 15 kənd inzibati ərazi dairəsi üzrə kümçülər tərəfindən 10935,75 kiloqram barama yetişdirilərək “Azəripək” MMC-yə təhvil verilib. Ötən illə müqayisədə barama tədarükü 5443,75 kiloqram çox olub. Hazırda rayonda 2600 hektarda pambıq yetişdirilir. İndi plantasiyalarda üçüncü kompleks becərmə tədbirləri aparılır.
Cari ilin məhsulu üçün rayonda 33382 hektar sahədə taxıl əkilib. Artıq zəmilərin 29794 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 32 sentner, arpa üzrə isə 31 sentner təşkil edir. Hazırda taxıl biçini davam edir.
2018-ci ilin ilk altı ayı ərzində Şirvan şəhərində də ümumi məhsul buraxılışı 332 milyon 757.8 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,2 faiz çoxdur. Ümumi məhsul buraxılışında 66,4 faiz xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 212 milyon manat olub. Digər sahələrin ümumi məhsulda payı 33,6 faiz təşkil edib.
Ötən müddətdə şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, son nəticədə onların alıcılıq qabiliyyətlərinin artmasına səbəb olub. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi 139 milyon 443.2 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 186.6 min manat çoxdur.
2018-ci ilin birinci yarısında Bərdə rayonunda da 207,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 32,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2017-ci ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 7 faiz, tikinti-quraşdırma işləri 10,7 faiz artıb. İlin birinci yarısında 9630 hektar sahədə pambıq, 406 hektar sahədə şəkər çuğunduru, 1104 hektar sahədə bostan məhsulları, 2533 hektar sahədə tərəvəz, 192 hektar sahədə kartof, 111 hektar sahədə qarğıdalı, 234 hektar sahədə dən üçün günəbaxan, 1993 hektar sahədə təzə yonca əkilib, sahələrdə yüksək məhsul yetişdirilib.
2018-ci ilin birinci yarısında eyni zamanda Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib. Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 75,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 20,2 faiz çoxdur. Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 34,8 faiz artaraq 4,4 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 25,7 faiz artaraq 40,6 milyon manat, tikinti 40,2 faiz artaraq 9,4 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əsas kapitala yönəldilən investisiya 37,5 faiz artıb.
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən, rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “Aqro Dairy” MMC, “Boz dağ” Heyvandarlıq Kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC, “Vest Milk” MMC, “Murovdağ” Kəndli Fermer Təsərrüfatı, Heyvandarlıq və Yemçilik Müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 155 müasir istixana qurulub, onların da ümumi sahəsi 75 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8 min tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Həmin məhsulların çox hissəsi MDB ölkələrinə ixrac edilir.
2018-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi və mədəni həyatında uğurlu nəticələr qazanılıb. İqtisadiyyatın bütün sahələri üzrə məhsul istehsalının həcmi 139.5 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.3 milyon manat çoxdur. İlin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının həcmi 67799.8 min manat, sənayedə məhsul buraxılışının həcmi 12298.1 min manat, ticarətdə isə 38698 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9.6, sənayedə 100.8, ticarətdə 6.6 faiz artım müşahidə edilib. Hesabat dövründə rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyaların ümumi həcmi 18 milyon 416 min manata çatıb. Altı ay ərzində 1 milyon 388 min manatlıq əsaslı fondlar istifadəyə verilib.
İlin birinci yarısında 830 hektar sahədə bostan, 458 hektar sahədə tərəvəz, 1120 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1300 hektar sahədə pambıq, 460 hektar sahədə yonca, 117 hektar sahədə şəkər çuğunduru, 20 hektar sahədə soya, 65 hektar sahədə paxlalı bitkilər, 7 hektar sahədə darı və 7 hektar sahədə sorqo olmaqla cəmi 6457 hektar sahədə yazlıq əkin aparılıb. Hesabat gününə kimi sahələrdən 3186 ton tərəvəz, 1761 ton bostan məhsulları, 2188 ton meyvə, 495 ton kartof istehsal olunub ki, bu da ötən il ilə müqayisədə bostan məhsulları istehsalı 321 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 3 ton çoxdur.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2018.- 18 iyul.- S.7