Məmmədağa
Sərdarovun elmi və ədəbi
yaradıcılığına həsr edilmiş
tədbir keçirilib
AMEA Fəlsəfə İnstitutu və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə institutun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Məmmədağa Sərdarovun elmi və ədəbi yaradıcılığına həsr edilmiş görüş keçirilib. Qusar rayonunun Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Fəlsəfə İnstitutunun bir qrup alimi və rayon ictimaiyyətının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə M.Sərdarovun müəllifi və redaktoru olduğu əsərlərin sərgisi ilə tanış olub. Sonra Məmmədağa Sərdarovun həyat və əmək fəaliyyətinin çoxtərəfli istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyası Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək M.Sərdarovun fəaliyyəti haqqında geniş məlumat verib.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli cıxış edərək ziyalı, ictimai xadim Məmmədağa Sərdarovun elmi fəaliyyətinin bir sıra məqamlarına toxunub. İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru professor Əlikram Tağıyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru, şöbə müdiri Həbib Hüseynov, aparıcı elmi işci, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov, Bakı Slavyan Universitetinin dosenti Arzuman Əmirov, Azərbaycan Yazıcılar Birliyinin şöbə müdiri Məlahət Qəmbərova və Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurəhmanova çıxış edərək ömrünün müdriklik çağını yaşayan ziyalının çoxşaxəli fəaliyyəti haqqında fikirlərini bölüşüb, onun həyat yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar.
Sonda Məmmədağa Sərdarov institutun rəhbərliyinə və Qusar rayon İcra Hakimiyyətinə, habelə tədbirin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını ifadə edib.
Yeni Azərbaycan.- 2018.- 18 iyul.- S.7.