“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil
İyulun 18-də IDEA İctimai Birliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Təhsil Nazirliyinin və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə start verilib. İyulun 20-dək davam edəcək
düşərgəyə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən 60-dək məktəbli
qatılıb.
“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin
əsas məqsədi
ceyranların reintroduksiya
edildiyi ərazilərdə,
o cümlədən onların
məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ
barədə maarifləndirməkdir. Düşərgənin gedişində iştirakçılar
ceyranların həyat
tərzi, yayıldığı
ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcəklər. Uşaqlar, həmçinin
müxtəlif ekoloji tədqiqatların aparılmasında,
viktorina və müsabiqələrdə iştirak
edəcək, İqor
Bışnyovun rejissorluğu
ilə çəkilən
“Azərbaycan. Ceyranların xilası” adlı sənədli filmi izləyəcəklər.
Düşərgə müddətində gənclərin
Qax rayonunda ceyranların reintroduksiya edildiyi ərazilərə,
həmçinin Ləkit
kəndində yerləşən,
2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə
edilən və “Mamırlı” şəlaləsi
adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası
təşkil ediləcək.
Gənclərlə birgə Qum kəndində
yerləşən meşəlik
ərazidə və Ərdəva çayında
bəzi ekoloji oyunlar təşkil olunacaq və tədqiqatlar aparılacaq.
Düşərgənin yekununda iştirakçılara
sertifikatlar və xatirə hədiyyələri
təqdim olunacaq.
“Ceyranların Qafqazda
tarixən məskunlaşdıqları ərazilərə
qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev
Fondu tərəfindən başlanan
və hazırda IDEA İctimai Birliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və
WWF Azərbaycan nümayəndəliyinin birgə
əməkdaşlığı
çərçivəsində uğurla
icra olunmaqdadır. Bu
illər ərzində 150 başdan
artıq ceyran Şirvan
Milli Parkından Azərbaycanda və Gürcüstanda tarixən
məskunlaşdıqları ərazilərə reintrodiksiya edilib və
onların daimi monitorinqi
və mühafizə işləri həyata
keçirilməkdədir. Proqram
ceyranların sayının artırılması və
mühafizəsinə yönəlsə də, onun
əsas istiqamətlərindən biri
də ictimaiyyət arasında maarifləndirilmənin
artırılmasıdır. Bu
məqsədlə məktəblilər üçün
təşkil olunan bu cür yay
düşərgələri mühüm
əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu
fəaliyyətin nəticəsində hazırda Azərbaycan
Respublikasında ceyran
populyasiyasının sayının 7 min başa qədər olduğu
müəyyən edilib.
IDEA İctimai Birliyi, Ümumdünya
Təbiəti Mühafizə Fondunun (WWF)
Azərbaycan nümayəndəliyi və Azərbaycan
Respublikası Təhsil Nazirliyi
tərəfindən ətraf mühit
və biomüxtəliflik mövzusunda
düşərgələr mütəmadi əsaslarla
2014-cü ildən etibarən hər il
təşkil olunur. Bu
müddət ərzində düşərgələrdə
İsmayıllı, Salyan, Neftçala,
Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad,
Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik
rayonlarından olan ümumilikdə
500-dən çox məktəbli iştirak edib.
Yeni Azərbaycan.-
2018.- 19 iyul.- S.7