Regionlarda yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi işləri uğurla davam edir

 

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində 26 yaşayış məntəqəsi təbii qazla təmin olunub

Son 15 ildə Azərbaycanın mənzərəsi ölkənin bütün regionlarının tarazlı şəkildə inkişaf etdirilməsi ilə səciyyələnib. Respublikada 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkədə yeni müsbət reallıqlar yaranıb. Ölkənin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, kəndlərin, qəsəbələrin siması yenilənir. Son illərdə bölgələrin maliyyə təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Əlamətdar haldır ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Bundan başqa, yerlərdə yaradılan müəssisələr, həmçinin aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi regionlarda iqtisadi aktivliyi artırıb. Nəticədə, bölgələrdən əmək qabiliyyətli insanların paytaxt Bakıya və digər iri şəhərlərə axınının qarşısı alınıb.

Bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması infrastruktur quruculuğuna yaxşı nümunədir

Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkədə bu önəmli strateji sosial layihənin həyata keçirilməsinə dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilir. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Cari ildə regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya yeni hədəflər qoyulub. Məlum olduğu kimi, Prezident İlham Əliyev 5 mart 2018-ci il tarixində “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ilin sonunadək ölkədə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub. Sərəncama əsasən bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100,0 (yüz) milyon manat vəsait ayrılıb.

Abonentlərin sayı 2 126 910-a çatıb

2018-ci ilin yanvar-aprel ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 31 062 yeni abonent qeydiyyata alınıb ki, bunun da 19 717-si Bakı, Abşeron və Sumqayıt, 11 345-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılmasının mühüm rolu olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 126 910-a çatıb.

Onu da qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci ilin yanvar-aprel ayları ərzində 775,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 78,7 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Xaçmaz rayonunun iki kəndinə təbii qaz verilib

Qeyd etdiyimiz kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Belə ki, mayın 17-də Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 321 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində, eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Göyçay rayonunun Lək-Çıplaq və Çərəkə kəndləri təbii qazla təmin edilib

May ayı ərzində Göyçay rayonunun Lək-Çıplaq və Çərəkə kəndlərinə də təbii qaz verilib. Bu hadisə kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1370 abonenti olan Lək-Çıplaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 518 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 131 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

920 abonenti olan Çərəkə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 535 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 86 489 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib. Burada da hər bir mənzil sayğac və fərdi tənzimləyici ilə təmin olunub.

Görülən işlərlə yanaşı, regionların 2018-ci ildə qazlaşdırılması proqramı üzrə Göyçay rayonunun ümumilikdə 306 fərdi evi olan Kürdşaban və Şəkili kəndlərinin qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub.

Ağstafa rayonunun Böyük Kəsik kəndinə də təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, Ağstafa rayonunun Böyük Kəsik kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 340 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 238 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 20 463 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, bütün tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 1 iyun.- S.7.