Bakıda
“Bilik və innovasiya
iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans
keçirilib
İyunun 5-də Bakıda
Heydər Əliyev Mərkəzində Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil
Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
(ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə
əməkdaşlığı ilə “Bilik və innovasiya
iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi”
mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir
ki, tədbirdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, ali məktəblərin
rektorları, beynəlxalq təşkilatların rəhbərləri
və nümayəndələri, elm və təhsil ictimaiyyətinin
təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikası Əqli
Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran
İmanov ÜƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini
yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın
uğurlu nəticələrindən söz açıb. Bildirilib ki,
hazırda ölkəmizdə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi
və ÜƏMT-in birgə hazırladığı “Universitet və elmi-tədqiqat institutlarında
əqli mülkiyyət siyasəti üçün
milli layihə” həyata keçirilir.
Bu layihə
ölkəmizdə elmi-tədqiqat nəticələrinin
kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi,
yaradılan yüksək texnologiyaların iqtisadiyyatda
tətbiqi üçün əlverişli
şəraitin yaradılması və iqtisadi
səmərəsinin artırılması məqsədlərinə
xidmət edir. Bununla
bağlı 2017-ci ildə Birgə Bəyannamə
imzalanıb. Qeyd olunan məsələlərə
aid 2016-2017-ci illərdə ÜƏMT ilə
birgə əməkdaşlıqda üç
beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli mülkiyyət siyasəti
ilə bağlı tanınmış beynəlxalq ekspertlər
tərəfindən lazımi kömək göstərilib,
mütəxəssis hazırlığı
aparılıb. Buradakı sərgidə əməkdaşlığın
bəhrəsi kimi startapların və
spinautların fəaliyyətlərinin nəticələri nümayiş etdirilir.
F.Qarrinin “gələcəkdə
texnologiyalar tərəfindən əqli
mülkiyyətin beynəlxalq arxitekturası və
formasının getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır” fikrini xatırladan K.İmanov
deyib ki, bununla da texnologiyaların əqli
mülkiyyətin mövcud
landşaftına kardinal təsirini və öz
növbəsində, əqli mülkiyyətin buna
qarşı çıxmamasını, əksinə, ona uyğunlaşmasını
vurğulayırıq. Bu da
F.Qarrinin öncədən gördüyü
əqli mülkiyyətin gələcək təkamülünün
konturlarını müəyyənləşdirir. Məhz bu səbəblərdən
F.Qarrinin əqli mülkiyyətin rolunun yenidən dərk edilməsi barədə
fikirlərinə qoşulur və dəstəkləyirik.
Əqli mülkiyyətin dəyişmiş rolu
onun fəaliyyətinin yeni
konteksti və ona
münasibətdə bizim
düşüncə tərzimizin dəyişməsi Azərbaycan
üçün çox
aktualdır. Çünki Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu-innovativ inkişafa qədəm qoyur.
Qeyri-neft
sektorunu inkişaf
etdirən, diversifikasiyanı uğurla aparan və “Made in Azerbaijan” brendini təşviq edən dövlətimiz
qısa müddətdə böhran vəziyyətini
arxada qoyub, hazırda
ölkədə iqtisadi artımlı dinamika müşahidə olunur,
qeyri-neft sektorunda cari ilin dörd
ayında 11 faiz irəliləyiş var və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan
rəqabətqabiliyyətliliyə görə dünyada
bir sıra inkişaf etmiş ölkələri üstələyərək
35-ci yeri tutur.
Yaşadığımız
“biliklər cəmiyyətində”, texnologiyaların
sıçrayışı dövründə və rəqəmsal
innovasiyaların “rəqəmsal imperativ”
zamanında innovativ inkişaf
tədqiqatların nəticəsində əldə edilən
biliklərin və texnologiyaların, investisiyaların və əqli
mülkiyyətin yaratdığı insan
kapitalının ekosistemidir. Prezident
İlham Əliyevin sözləri ilə
desək, “müasir dünya
sivilizasiyasının tərəqqisində insan
kapitalı və intellekt yeni
keyfiyyət amili kimi həlledici
əhəmiyyət daşıyır. Hər bir
dövləti rifah və yüksəlişə
aparan yol elm və innovasiyalara əsaslanan
inkişafdan keçir”.
K.İmanov deyib ki, qarşımızda duran
vəzifələri də, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda
vurğuladığı kimi, “gələcəyimiz
- innovasiyalar, texnologiyalar,
yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”
fikri ilə izah etmək
olar. Bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən
başlayaraq, yuxarı-orta gəlirli
ölkələr sırasındadır. Davos
İqtisadi Forumunun
2018-ci il üçün
“İnklüziv inkişaf
indeksi”nə əsasən, ölkəmiz inkişaf
edən ölkələr arasında üçüncü
yeri tutur.
Ölkə
miqyasında aparılan islahatlar əqli
mülkiyyət sahəsinə müsbət təsirini göstərir.
Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin
qorunması” alt göstəricisi üzrə
Azərbaycan 37-ci yeri tutur.
Bununla da Azərbaycan
2016-2017-ci illərlə müqayisədə “Əqli
mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək,
MDB ölkələri sırasında lider
mövqeyini möhkəmləndirib.
Ölkəmizin
kreativ iqtisadiyyatının (müəlliflik
və əlaqəli hüquqlara əsaslanan
sənayemiz) ÜDM-dəki payı beş
faizi ötüb,
dünyanın orta səviyyəsindədir,
hətta bir sıra inkişaf
etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı
görülən tədbirlər nəticəsində 2005-ci
illə müqayisədə piratçılığın səviyyəsi
müxtəlif sahələrdə 20-30 faiz
aşağı düşüb.
Prezident İlham Əliyevin uğurlu
xarici siyasəti və dəstəyi nəticəsində
Azərbaycan əqli mülkiyyət sahəsində fəal
beynəlxalq əməkdaşlıq aparır, müəlliflik
və oxşar hüquqlar
sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfli konvensiya və sazişlərdə iştirak
edir. Hazırda ÜƏMT-in müəlliflik
hüququna aid iki yeni müqaviləsinə
- Mərakeş və Pekin müqavilələrinə
qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti
ilə bağlı üç sazişə
qoşulmaq planlaşdırılır.
Vurğulanıb
ki, Azərbaycan ÜƏMT-in rəhbər
orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram
və Büdcə Komitəsində təmsil olunur.
Azərbaycanın nümayəndəsi - Əqli Mülkiyyət
Agentliyi İdarə Heyətinin sədri K.İmanov “ÜƏMT-in Müəlliflik hüququna dair Müqaviləsi”
Assambleyasının vitse-prezidenti seçilib.
ÜƏMT
ilə əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Azərbaycan
Respublikası Hökuməti ilə bu qurum arasında Əməkdaşlıq
Proqramı, 2014-cü ildə əməkdaşlıq
haqqında anlaşma memorandumu
və hazırda yenilənmiş memorandum
imzalanıb.
Dövlətimizin
başçısının səyləri nəticəsində
Azərbaycanın əqli mülkiyyətə aid
zəngin milli qanunvericilik
bazası formalaşıb. Buraya bilavasitə
əqli mülkiyyəti qoruyan səkkiz qanun və məcəllənin müvafiq
müddəaları, əqli mülkiyyət
hüquqlarını dolayısı ilə qoruyan
iki qanun və əqli
mülkiyyət hüquqlarının qorunmasına istinad olunan 12 qanun daxildir. MDB məkanında
analoqu olmayan “Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə” və Avropada ilk olan
“Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması” haqqında qanunlar xüsusilə qeyd
edilməlidir.
Prezident İlham
Əliyevin təsdiq etdiyi “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında əqli mülkiyyət prioritet
istiqamət kimi qəbul edilib
və sənədə bu sahənin
inkişafı ilə bağlı səkkiz tədbir daxil edilib.
Ölkə
Prezidentinin 2018-ci il 20
aprel tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyi yaradılıb.
Dövlət
başçısının apardığı institusional islahatlara uyğun olaraq təsis edilmiş Əqli Mülkiyyət Agentliyinin qarşısında duran
vəzifələr Prezident İlham Əliyevin innovasiyalı inkişafla bağlı yürütdüyü
iqtisadi islahatlar siyasəti
ilə formalaşdırılır və əqli mülkiyyətin
bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət göstərməsini əhatə
edir. Həmin vəzifələrin
icrası üç amil
nəzərə alınmaqla, həyata keçirilir:
ali təhsil və elm
sistemində radikal transformasiya
nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin
kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və
transferinin ön plana çevrilməsi; kiçik
və orta sahibkarlığın (KOS) iqtisadi rolunun və innovasiya imkanlarının
artırılması, burada əqli
mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların
stimullaşdırılması; əqli
mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun
dəyişmiş rolunun nəzərə
alınması, sərvətlərin yaranma
mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual
kapitala yönəlməsi və investisiya axınlarının əqli
mülkiyyətə istiqamətlənməsi.
Qeyd olunanlarla
bağlı bir sıra tədbirlər, o cümlədən Azərbaycanın
uzunmüddətli Əqli mülkiyyət Strategiyasının
hazırlanması; İxtiraçılara dəstək
məqsədilə beynəlxalq patent
qeydiyyatı PCT sisteminin təşviqi və
dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi,
həmçinin patent alınmasını
sadələşdirən Patent hüququ Müqaviləsinə (PLT)
qoşulması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzinin
yaradılması; Universitetlər, elmi-tədqiqat
institutlarında və KOS subyektlərində IP ofislərin
yaradılması, onların texnologiyaların kommersiyalaşma
ofislərinə (TKO) çevrilməsi; Elm və sənaye
arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin
keyfiyyətcə artması və tətbiqi xarakter
daşıması üçün
Texnologiyaların transfer Mərkəzləri
və Əqli mülkiyyət hüquqlarının
Kommersiyalaşdırılması Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyi nəzdində yaradılması; “Made in Azerbaijan” brendinin təşviqi,
“Əmtəə nişanlarının beynəlxalq
qeydiyyatına dair Madrid
Sazişi” çərçivəsində
qorunan yerli əmtəə
nişanlarının xərclərinin qismən dövlət
hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi
toxunan xalçalarımız üzərində
Azərbaycana aid loqonun
ilmələrlə toxunmasına dəstək verilməsi və
qeydiyyata alınması; Rəqəmli
şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan
obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi həyata keçirilməlidir.
K.İmanov ÜƏMT-in baş direktoru F.Qarriyə,
Avrasiya Patent Təşkilatının
prezidenti xanım Saule
Tlevlessovaya keçirilən konfranslara dəstək göstərdiklərinə
görə təşəkkürümü bildirib,
iştirakçılara uğurlar
arzulayıb.
Tədbirdə
çıxış edən F.Qarri
Bakıya səfərinin əhəmiyyətindən, Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi
ilə faydalı və səmərəli əməkdaşlıqdan
danışıb, iki qurum
arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini
vurğulayıb.
ÜƏMT-in
baş direktoru deyib ki, son
on ildə əqli mülkiyyətə qlobal səviyyədə diqqət və maraq artmaqdadır. Dünyanın
müxtəlif ölkələrində əqli mülkiyyət
fəaliyyətinin tətbiqi iqtisadiyyatın inkişafı ilə
bağlıdır. Ötən il əmtəə
nişanları ilə əlaqədar iki milyona yaxın ərizə verilib.
İnnovasiya və əqli mülkiyyətin
coğrafiyası da dəyişməkdədir.
Asiya qitəsi intellektual
əqli mülkiyyət ərizələrinin əsas mənbəyinə
çevrilib. Qlobal səviyyədə
60 faizdən çox ərizə Asiya ölkələrindən daxil
olub. Beynəlxalq patent
ərizələrinin 49 faizi Asiya qitəsindən gəlir. Strateji
mövqeyə malik Azərbaycan kimi ölkələr üçün
bu çox vacib göstəricidir. Əqli mülkiyyətin
fəaliyyət göstərdiyi texnoloji əsas
dəyişib. Xüsusi əhəmiyyətli
ekosistemlərin yaradılmasında universitetlərin rolu böyükdür. Çox şadıq ki, Azərbaycanda
bu sahədə birgə layihə həyata
keçirilir. Universitetlər və tədqiqat
institutları dəyişikliklərin əsası və bilik mənbəyidir. Onlar
biliklərin iqtisadiyyatda elmi
tədqiqi baxımında elm və texnologiya arasında körpü
rolunu oynayır. Bunun üçün müxtəlif siyasətlər
və tədqiqatların dəstəklənməsi
lazımdır. Tədqiqat institutları və universitetlərin
inkişafı uğurlu innovasiya
sistemi üçün
vacibdir.
Azərbaycan Milli Elmlər Akademiyasinin prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkədə elm
siyasətini, o cümlədən
uzunmüddətli elmi tədqiqat işlərini
AMEA həyata keçirir, rəqabətə
davamlı innovasiya iqtisadiyyatının
formalaşmasında bu təşkilatın
rolu böyükdür. Dünya
təcrübəsində elm-biznes əməkdaşlığının
xüsusi əhəmiyyət verildiyi məqamlardan biri də
elmi-tədqiqat institutlarının tərkibində
texnoparkların yaradılmasıdır. Dövlətimizin
başçısının 2016-cı il
8 noyabr tarixli müvafiq Sərəncamı ilə
yaradılan “AMEA Yüksək Texnologiyalar
Parkı” bu istiqamətdə atılan çox vacib addımlardan
biridir. Elm-biznes əməkdaşlığının
formalaşdırılması istiqamətində real işlər görən AMEA və onun nəzdində yaradılan Yüksək Texnologiyalar Parkı qısa müddətdə
bir sıra işləri uğurla
həyata keçirib.
Təhsil
naziri Ceyhun Bayramov vurğulayıb ki,
uğurlu inkişafın təməlində
bilikyönümlü cəmiyyətin və
rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla
tamamlanması dayanır. Yaşadığımız
bilik və innovasiya
iqtisadiyyatı dövründə davamlı və hərtərəfli
inkişafın təmin edilməsində elm
və təhsilin rolu əhəmiyyətli
dərəcədə artmaqdadır. İnnovasiya
prosesi yeniliklərin yaradılmasından başlayaraq bu yeniliklərin
mənimsənilməsi və bazara
çıxarılmasınadək olan
bütün mərhələlərdə
əqli mülkiyyətin iştirakını özündə
ehtiva edir. Prezident İlham Əliyev
tərəfindən uğurla həyata
keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik
iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya
arasında səmərəli əlaqələrin
yaradılmasıdır.
Qeyd edilib
ki, ali təhsil müəssisələrinin
tədqiqat və innovasiya mərkəzləri
kimi inkişaf etdirilməsi,
universitetlərin elmi və elmi-texniki fəaliyyətinin nəticələrinin
kommersiyalaşdırılması isə yüksək elmi potensialı tələb edir.
Hazırda universitetlərdə və elmi
təşkilatlarda ümumilikdə 33 mindən çox
alim elmi tədqiqatlarla
məşğul olur ki,
onlardan da 35 faizi fəlsəfə doktoru,
səkkiz faizi isə elmlər doktorudur. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki
illərlə müqayisədə 75 faiz
artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son dörd ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son üç ildə
artım dinamikasına görə Azərbaycan regionda
birinci yerə çıxıb. 2017-ci ildə
nəşrlərin sayı üzrə ən yüksək
göstərici qeydə alınıb, ilkin
təhlillərə əsasən, 1.118 elmi
tədqiqat işinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin
payına düşüb.
Avrasiya Patent
Təşkilatının prezidenti
xanım Saule Tlevlessova
diqqətə çatdırıb ki, Azərbaycan
bu qurumun səkkiz
üzvündən biridir. Ötən il təşkilata müvafiq
sahə üzrə 37 ərizə daxil olub. Bu qurumun
iyirmi illik fəaliyyəti
dövründə ümumilikdə 320 ərizə verilib, 240 ixtira qeydə
alınıb. Azərbaycandan hazırda 7300 patent
dəstəklənir. Ölkədən daxil
olan ərizələrin 80 faizi
elmi müəssisələrin,
akademiyaların və institutların payına düşür.
Sonra tədbir
iştirakçıları universitetlər tərəfindən
yaradılmış startaplar və
onların nailiyyətlərini əks etdirən sərgi ilə
tanış olublar.
Beynəlxalq
konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal
dəyər zəncirləri: İqtisadiyyat
innovasiyanın faydalarından necə yararlana
bilər?” mövzusunda regional
seminar təşkil olunub.
Bir sıra
ölkələrdən tanınmış ekspertlərin iştirak etdikləri seminarda
“Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
“Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” (ÜƏMT-in 2017
hesabatına giriş), “İnnovasiya
və enerji” və digər mövzularda məruzələr dinlənilib. Mövzular
ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Yeni
Azərbaycan.- 2018.- 6 iyun.- S.5.