Regionlarda taxıl biçini uğurla davam edir
Mütəxəssislər
bu il məhsuldarlığın daha
yüksək olacağını proqnozlaşdırırlar
Ölkəmizdə həyata keçirilən uğurlu
iqtisadi siyasət digər sahələrdə olduğu kimi, kənd
təsərrüfatının inkişafında da əsaslı
nailiyyətlərin qazanılmasını şərtləndirib. 2004-cü ildən
başlayaraq uğurla həyata keçirilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu
gün ölkəmizdə aqrar sahənin inkişafının
yeni mərhələyə qədəm qoymasını təmin
edib. Bu məqsədlə bölgələrimizdə
əsaslı tədbirlər görülür, yeni əkin sahələri
salınır. Bunun nəticəsidir ki,
artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq
yüksək səviyyədədir.
Kənd təsərrüfatının
ayrı-ayrı sahələrində əldə olunan
uğurlu nəticələr bu gün həm ölkəmizin ərzaq
təhlükəsizliyinin təminində, həm də ekoloji
təmiz məhsulların yetişdirilməsində əsaslı
rol oynayır. Ölkəmizdə kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişafı
üçün fermerlərə göstərilən dəstək
də öz sözünü deyir. Məhz
bu dəstək nəticəsində aqrar sahə dinamik
inkişaf edir.
Bu günlərdə
Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın
açılışındakı
çıxışında bildirib ki, Azərbaycanda prioritet
sahələrdən olan kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən
siyasət ən müasir texnologiyalar və elmi əsaslar
üzərində aparılacaq. Aqroparkda məhsuldarlığın
çox yüksək olduğunu qeyd edən dövlətimizin
başçısı deyib: “Arpada hektardan məhsuldarlıq
50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər
olmalıdır. Yəni burada ən müasir texnologiyalar tətbiq
olunur, o cümlədən müasir suvarma texnologiyaları,
pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş
vüsət alacaq. Bu məqsədlə
artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil
edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə
valyuta getməsin”.
“Beləliklə,
aqroparkların yaradılması və fəaliyyəti nəticəsində
ərzaq təhlükəsizliyi məsələləri öz
həllini tapacaq, işsizliyin azaldılması ilə
bağlı əlavə addımlar atılacaq, yerli istehsal
inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək.
Çünki burada yetişdiriləcək məhsullar
ixracyönümlü məhsullardır. Ölkəmizdə
kənd təsərrüfatı ilə bağlı siyasətimiz
uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına
böyük diqqət göstərilir. Azərbaycanda kənd
təsərrüfatı prioritet sahələrdən biridir.
Bundan sonra biz bu siyasəti ancaq ən müasir
texnologiyalar və elmi əsaslar üzərində
aparacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev
qeyd edib ki, Azərbaycanda 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq.
Bütövlükdə bu gün Azərbaycanda aqroparkların
yaradılmasının geniş vüsət
aldığını diqqətə çatdıran dövlətimizin
başçısı deyib: “Nəzərdə tutulan 45
aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir,
Cəlilabad və bu gün Goranboy rayonunda. Mən
dördünün də açılışında şəxsən
iştirak etmişəm. Bu, bir daha onu
göstərir ki, dövlət bu məsələlərə
çox böyük diqqət göstərir və dəstək
verir. Bu 45 aqroparkın yaradılmasına 1,4
milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir.
Bax bu qədər torpaq istifadəsiz
qalmışdı. İndi isə tezliklə
bu 45 aqroparkın yaradılması nəticəsində kənd
təsərrüfatı məhsullarımızın
istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran
əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi
məsələsi öz həllini tapacaq və biz idxaldan
asılılığımızı daha da
azaldacağıq”.
Artıq
bölgələrdə arpa biçininə
başlanılıb. Cəbhə bölgəsində
yerləşən Füzuli rayonunda taxıl biçininin
mütəşəkkil keçirilməsi və optimal
müddətdə başa çatdırılması
üçün bütün qüvvələr səfərbər
edilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu
günədək 1488 hektar arpa zəmisində biçin
aparılıb, 4435 ton məhsul tədarük edilib. Hazırda rayonda taxıl biçini uğurla davam
edir. Mütəxəssislər əvvəlki illərdə
olduğu kimi, bu il də rayonda 100 min tondan
artıq taxıl istehsal ediləcəyini
proqnozlaşdırırlar. Qeyd edək ki, cari
ilin məhsulu üçün rayonda 36 min 419 hektarda taxıl
yetişdirilib. Bu, əvvəlki illə
müqayisədə 339 hektar çoxdur. Zəmilərin
28 min 394 hektarı buğda, 8025 hektarı isə arpadır.
Ağsu
rayonunda da bir neçə gündür ki, taxıl biçini
kampaniyasına başlanılıb. Hazırda
dağətəyi və düzən ərazilərin məhsulu
yığılır. Cari ilin məhsulu
üçün 32 min 323,8 hektarda taxıl
yetişdirilib. İlkin olaraq arpa biçilir.
Zəmilərə hər gün 35-38 kombayn
çıxarılır. Hazırda hər
yerdə bu mühüm strateji məhsulun tez və itkisiz
yığılması üçün bütün qüvvələr
səfərbər edilib. Son vaxtlar əlverişsiz
keçən hava şəraitinin törətdiyi çətinliklərə
baxmayaraq, əldə olunan nəticələr fermerləri və
fiziki şəxsləri qane edir. Belə
ki, hər hektardan orta hesabla 29 sentner arpa
götürülür. Bu da ötənilki
göstəricidən 6 sentner çoxdur. Bir
sıra ərazilərdə, o cümlədən
Padarqışlaq, Kəndoba, Cəlayir, Ərəbmehdibəy
və sair yerlərdə məhsuldarlıq daha yüksəkdir.
Mütəxəssislər buğda zəmilərindən
daha yüksək məhsuldarlıq əldə
olunacağını söyləyirlər.
Saatlı
rayonunun fərdi fermer təsərrüfatlarında da taxıl
biçininə başlanılıb və qısa müddətdə
2 min 449 hektar sahənin məhsulu yığılıb.
Hər hektarın məhsuldarlığı orta hesabla 32,8 sentner olur. Rayon
Statistika İdarəsindən bildiriblər ki, ötən
ilin payızında Saatlıda 22 min 150 hektar sahədə
taxıl əkilib. Bunun 3 min 296 hektarı arpa, 18 min 854
hektarı isə buğdadır. Ötən təsərrüfat
ilində hər hektar taxıl sahəsindən 40,6 sentner məhsul götürən torpaq
mülkiyyətçiləri cari ildə bu nəticəni daha
da artırmaq üçün sahələrə nümunəvi
qulluq göstərib, bitki üzvi və mineral gübrələrlə
təmin olunub, digər zəruri tədbirlər həyata
keçirilib. Nəticədə, taxıl sahələrində
bol məhsul yetişib.
Bir neçə
gündür ki, zəmilərdə məhsul
yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində
aparılır. Kampaniyanı vaxtında
başa çatdırmaq üçün bütün qüvvələr
səfərbər olunub. Bu məqsədlə
sahələrə 45-ə yaxın kombayn, 150-dən çox
maşın və mexanizm çıxarılıb. İşin yaxşı təşkili nəticəsində
hər gün 100-110 hektar sahənin məhsulu
yığılır. Mütəxəssislərin fikrincə,
bu il rayonda təxminən 88 min ton məhsul
istehsal etmək mümkün olacaq.
Kürdəmirdə isə
cari mövsümdə 45,4 min hektarda
taxıl yetişdirilib və son günlərdə hava şəraitinin
törətdiyi çətinliklərə baxmayaraq, məhsul
yığımı kampaniyası davam etdirilir. Taxıl
sahələrinin 28 min 968 hektarı arpa, qalanı isə
buğdadır. İlkin olaraq arpa biçilir və az vaxtda 2820 hektarın məhsulu yığılıb.
Hələlik hər hektardan orta hesabla 27,8
sentner arpa götürülür ki, bu da ötən ildəki
göstəricidən 6 sentner çoxdur. Rayonun bir sıra ərazilərində,
o cümlədən Köhünlü, Sığırlı,
Şilyan, Qarasu və digər icra nümayəndəliklərində
daha yüksək məhsuldarlığa nail olunur.
Qeyd edək
ki, hazırda hər gün zəmilərə 35 kombayn
çıxarılır. Biçinin
vaxtında və itkisiz aparılması üçün
kombaynların sayının 100-ə
çatdırılması istiqamətində tədbirlər
görülür.
Yevlax
rayonunda da taxılçılıqla məşğul olan
fermerlər arpa biçininə başlayıblar. Torpaq
mülkiyyətçiləri cari ilin məhsulu
üçün 10 min 565 hektarda taxıl, o cümlədən
5779 hektarda buğda, 4786 min hektarda arpa becəriblər. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə
həyata keçirilməsi sayəsində zəmilərdə
bol məhsul yetişib.
Taxıl
biçininin mütəşəkkil keçirilməsi və
optimal müddətdə başa çatdırılması,
biçin zamanı təhlükəsizlik tədbirləri ilə
bağlı hazırlıq işləri görülüb,
texnika saz vəziyyətə gətirilib. Biçin
kampaniyasına 30-dək taxılbiçən kombayn, habelə
xeyli sayda küləş presləyən, taxıl təmizləyən,
nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb
edilib. Ümumilikdə, mütəxəssislər bu il rayonda 30 min tondan çox taxıl istehsal
olunacağını proqnozlaşdırırlar.
Onu da
vurğulayaq ki, taxıl biçinindən sonra taxıl sahələrinin
yandırılması hallarına qarşı maarifləndirici
tədbirlər görülsə də, bir çox torpaq
mülkiyyətçisi və fermerlər sahələrin
yandırılmasının torpağa nə dərəcədə
ziyan vurmasından xəbərsizdirlər. Kənd Təsərrüfatı
Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran
Cümşüdov bildirib ki, torpağın flora və
faunası bitki qalıqlarını parçalayaraq
torpağın münbitliyinin artmasına, qida maddələrinin
mübadiləsinə səbəb olur, torpağın
strukturunu yaxşılaşdırır və suyun torpaqda daha
asan hərəkət etməsinə, nəmliyin toplanmasına
imkan verir. Taxıl sahələrinin biçindən
sonra yandırılması isə torpaqdakı üzvi maddələrin
itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə,
bütövlükdə torpaq münbitliyinin kəskin surətdə
azalmasına gətirib çıxarır.
Samanın
yandırılması nəticəsində torpağın həyat
qabiliyyəti pisləşir, milyon illər ərzində
formalaşmış faydalı mikroorqanizmlər məhv olur
ki, onun da bərpası üçün əlavə resurslar və
uzun müddət lazımdır.
“Bir hektar sahədə
samanın yandırılması nəticəsində 40-50
kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium
elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək
üçün torpağın hər hektarına 10-15 ton
üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda,
biçindən sonra taxıl sahələrinin yandırılması
növbəti ildə həmin sahədə becəriləcək
bitkilərin məhsuldarlığının 20-30 faiz
azalmasına səbəb olur”, - deyə İmran
Cümşüdov bildirib.
Şöbə
müdiri qeyd edib ki, arpa və buğda biçini zamanı
müasir kombaynlardan istifadə etməklə saman doğranaraq
mulça şəklində sahəyə səpilməli və
ya biçindən dərhal sonra saman yandırılmadan sahədən
daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor
və ya kompleks gübrələr verilərək şum və
ya 10-12 santimetr diskləmə, eləcə də sıfır
torpaq becərməsi aparılmalı, torpaq səpin
üçün hazırlanmalı və aralıq bitkilərin
toxumlarının səpinləri həyata keçirilməlidir.
Kövşənlikdə
birbaşa səpinin aparılması zamanı torpaq strukturunun
minimum pozulması və onun səthinin bitki qalıqları ilə
örtülməsi nəticəsində torpaqqoruyucu qat
yaranır ki, bu da su və külək eroziyasının
qarşısını alır, torpaqda nəmliyin
toplanmasına və saxlanmasına imkan verir, alaq
otlarının inkişafına mane olur, torpaq mikroflorası
aktivləşir və bütün bunlar torpaq münbitliyinin
artmasına və kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının yüksəldilməsinə gətirib
çıxardır.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 7 iyun.- S.7.