Regionlarda
barama tədarükünə uğurla start verilib
2018-ci ildə
ölkə üzrə təqribən 400 ton barama tədarük
edilməsi proqnozlaşdırılıb
Son illərdə
Azərbaycanın bölgələrində aqrar sektorda gəlirli
sahələrdən biri kimi ipəkçiliyin və onun zəruri
xammal bazası olan baramaçılığın
inkişafına böyük diqqət göstərilir. Bu məqsədlə zəruri infrastruktur qurulur, yem
bazası möhkəmləndirilir, təşviq və
kümçülərə dəstək tədbirləri
gücləndirilir. Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasında ipəkçiliyin
inkişafına dövlət dəstəyi haqqında”
2016-cı il 15 sentyabr tarixli 2337 saylı və “İpəkçiliyin
və fındıqçılığın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” 2016-cı
il 16 noyabr tarixli 2442 saylı sərəncamları bu sahənin
potensial imkanlarından səmərəli istifadə edilməsinə,
barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun
artırılmasına və sosial rifahının daha da
yaxşılaşdırılmasına şərait
yaradıb. Bundan başqa, Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2017-ci il 19 may tarixli 2893 saylı və
“İpəkçiliyin inkişafına dövlət dəstəyinin
davam etdirilməsi ilə bağlı tədbirlər
haqqında” 2017-ci il 6 oktyabr tarixli 3286 saylı sərəncamlarına
uyğun olaraq, Qax Damazlıq İpəkçilik
Stansiyasının bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması, habelə tut (çəkil) tinglərinin və
barama toxumlarının tədarük edilməsi və məhsul
istehsalçılarına əvəzsiz verilməsi məqsədi
ilə maliyyə vəsaiti ayrılıb.
Prezident İlham Əliyevin
27 noyabr 2017-ci il tarixli müvafiq Sərəncamına
əsasən “Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın təsdiqlənməsi isə
ölkədə ipəkçiliyin və
baramaçılığın inkişafına daha geniş
perspektivlər açıb. Bütövlükdə,
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində
ölkədə 2025-ci ilə qədər barama
istehsalının 6 min tona çatdırılması nəzərdə
tutulub.
Həyata
keçirilən bu və ya digər tədbirlər, həmçinin
barama istehsalı ilə məşğul olan şəxslərə
emal müəssisələrinə təhvil verdikləri
baramanın hər kiloqramına görə 5 manat məbləğində
subsidiyanın ayrılması bu sahəyə böyük maraq
yaradıb. Davamlı dövlət
qayğısının nəticəsi olaraq regionlarda barama
istehsalı ilbəil artır. Əgər 2016-cı ildə
respublika üzrə 70,7 ton yaş barama tədarük
edilmişdisə, 2017-ci ildə bu rəqəm 245,2 tona
çatıb. 2018-ci ildə ölkə üzrə
təqribən 400 ton barama tədarük edilməsi proqnozlaşdırılıb.
Qax rayonunda cari ildə
barama tədarükünü 25 tona çatdırmaq
qarşıya hədəf qoyulub
Baramaçılıq
ənənələrinin geniş yayıldığı Qax
rayonunda barama bəsləmə mövsümü uğurla
keçib. Bir neçə gün bundan əvvəl
rayonun kəndlərində barama tədarükünə başlanılıb.
Artıq Qax
Damazlıq İpəkçilik Stansiyasında yaradılan qəbul
məntəqəsinə təxminən 4 ton yaş barama təhvil
verilib.
Stansiyanın direktoru Əkrəm
Fətəliyevin məlumatına əsasən, bu il rayonda barama istehsalının ötən illə
müqayisədə 2 dəfə artırılaraq 25 tona
çatdırılması qarşıya hədəf qoyulub. Cari mövsümdə barama
yetişdirilməsi ilə əlaqədar 315 istehsalçı
ilə müqavilə bağlanılıb, onlara 624 qutu, yəni
11 kiloqram 856 qram ipəkqurdu paylanılıb.
Qax
Damazlıq İpəkçilik Stansiyasının bərpası
və əlavə istehsal sahələrinin yaradılması
istiqamətində işlər isə yekunlaşmaq üzrədir.
Stansiyanın ərazisində inşa edilən
bina və yardımçı tikililərdə hazırda son
tamamlama işləri görülür.
Tikinti işlərini həyata
keçirən “Azəraqrartikinti” ASC-nin iş
icraçısı Xaləddin Bəşirov bildirib ki, hibrid və
elit barama toxumlarının yetişdirilməsi, həmçinin
ipəkqurdu ailələrinin yemlənməsi üçün
nəzərdə tutulan binalarda hazırda bəzək işləri
görülür. İnzibati binanın tikintisi
də tamamlanmaq üzrədir. Ərazidə inşa edilən
yardımçı tikililərin, o cümlədən qazanxana
binasının, 100 və 50 kubmetrlik yanğın əleyhinə
və içməli su hovuzlarının, çirkab su
anbarının tikintisi başa çatıb. Stansiyada
yeni transformator quraşdırılıb, tikintisi başa
çatan binalar şəbəkəyə qoşulub. Hazırda stansiyanın ərazisində artezian quyusu
qazılır, həyətində abadlıq işləri
görülür.
Eyni
zamanda, stansiyada Çin Xalq Respublikasından gətirilmiş
texnoloji avadanlığın quraşdırılmasına da
başlanılıb. Quraşdırma
işləri çinli mütəxəssislərin
iştirakı ilə həyata keçirilir. Hazırda tikinti meydançasında 150-dək
işçi çalışır. Tikinti
işlərinin iyunun sonunadək başa
çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki,
stansiyanın bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqla təchizatı
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına
uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən,
Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə
istehsal sahələrinin yaradılması və ən
müasir avadanlıqla təchiz olunması üçün
Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait
ayrılıb. Stansiya müasir standartlara
uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu
toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər
stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları
yetişdiriləcək.
Ayrı-ayrı bölgələrdə
barama tədarükünün ilk günlərində məhsuldarlıq
yüksək olub
Respublikanın
iri kənd təsərrüfatı rayonlarından olan Sabirabadda
da gəlirli sahə olan baramaçılığa
böyük maraq var. Fermerlər bildirirlər ki, dövlət
baramaçılığın inkişafına həm siyasi,
həm də maddi dəstək tədbirləri göstərir.
Bu qayğıdan bəhrələnməklə
qısa müddətdə kifayət qədər böyük
məbləğdə gəlir əldə etmək mümkündür.
Cari ildə rayonda baramaçılıqla məşğul
olan fermerlərin, ailə təsərrüfatlarının
sayı əhəmiyyətli dərəcədə artıb.
Ötən il Sabirabadda cəmi 56 ailə
barama istehsalı ilə məşğul olmuşdu. Cari mövsümdə isə 169 kümçü ilə
müqavilə bağlanılıb. Kümçülər
heç bir vəsait ödəmədən ipəkqurdu toxumu
ilə təmin olunublar.
Qeyd edək ki, ötən
il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 15 ton məhsul istehsal
etmək nəzərdə tutulub və bunun üçün
kümçülərə 338 qutu (6422 qram) ipəkqurdu toxumu
paylanılıb.
Bir
neçə gündür ki, sabirabadlı kümçülər
bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun
tədarükünə başlayıblar. Qısa
müddətdə “Şəki İpək” ASC-yə 895
kiloqram barama təhvil verilib. Məhsul tədarükündə
rayonun Nizami, Şəhriyar və Qaralar kəndinin
kümçüləri fərqlənirlər.
Kürdəmir
rayonunda iyunun 1-dən barama tədarükünə
başlanılıb. Kümçülər
artıq bir aydan bir qədər çox müddətdə
çəkdikləri zəhmətin bəhrəsini
görürlər. Rayon İcra Hakimiyyətindən bildirilib ki,
yetişdirilən məhsul kənd təsərrüfatı
idarəsində “Şəki İpək” ASC-nin nümayəndələri
tərəfindən qəbul edilir.
Cari mövsümdə
rayonda 25 yaşayış məntəqəsini əhatə
etməklə 195 ailəyə 520 (9880 qr)
qutu ipəkqurdu toxumu paylanılıb. Qaramahmudlu, Carlı,
Yenikənd, Köhünlü, Sovla, Qarasaqqal, Qocalı və digər kəndlərdən
olan kümçülər yüksək peşəkarlıqla
daha çox barama yetişdiriblər. Bütövlükdə
bu il rayonda 20,8 ton barama tədarükü
gözlənilir.
Göyçay rayonunda
barama tədarükünə iyunun 5-də start
verilib. Rayon Kənd Təsərrüfatı İdarəsindən
bildiriblər ki, aprelin 29-da Qax Damazlıq İpəkçilik
Stansiyasından inkubasiya olunmuş 5940 qram (312 qutu) ipəkqurdu
toxumu Göyçaya gətirilərək 108
kümçüyə paylanılıb. Bu da əvvəlki ildəkindən
4000 qram, yəni 2,5 dəfə çoxdur.
Kəndlilər keyfiyyətli barama məhsulu əldə
etmək üçün ötən dövrdə ipəkqurdlarını
lazımi qədər tut yarpağı ilə təmin ediblər.
İyunun 4-də rayonda ipəkqurdlarının
bəslənmə prosesi başa çatıb. Rayonun Alpoud, İnçə, Çərəkə,
Bığır və Cəyirli kəndlərindən olan
kümçülər barama tədarükünə
başlayıblar və ilk gündə 350 kiloqram məhsul tədarük
edərək, müqaviləyə əsasən “Şəki
İpək” ASC-nin nümayəndələrinə təhvil
veriblər. Bu il rayonda 15 ton barama tədarükü
gözlənilir. Ötən il isə Göyçaya 1900 qram (100 qutu) ipəkqurdu
toxumu gətirilərək 44 kümçüyə paylanmış
və 5293 kiloqram barama istehsal olunmuşdu.
Artıq
bir neçə gündür ki, Ağcabədi rayonunda barama tədarükü
davam edir. İndiyədək
kümçülərin yetişdirdikləri 4 tondan çox
məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri
tərəfindən qəbul edilib.
Ağcabədi rayon
İcra Hakimiyyətinin məlumatına əsasən, bu il
rayonun 41 yaşayış məntəqəsində 502 ailə
tərəfindən 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu bəslənilib.
Cari mövsümdə Ağcabədidə 30
tondan artıq barama tədarükü gözlənilir.
Lənkəran rayonunda
baramaçılıqla bağlı ənənələr
dirçəldilir
Göstərilən
hərtərəfli dövlət qayğısı regionlarda
baramaçılıqla məşğul olan fermerlərin
sayının artmasına və bu gəlirli sahənin əhatə
dairəsinin genişlənməsinə müsbət təsir
göstərir. Artıq baramaçılıq cənub bölgəsində
yerləşən Lənkəran rayonuna da qayıdıb.
Burada da baramaçılıqla bağlı ənənələr
dirçəldilir. Rayonda fəaliyyət göstərən
“Yaşıl çay” fermer təsərrüfatında barama
istehsalı məqsədilə 2016-cı ildə Çin Xalq
Respublikasından gətirilən tut tinglərindən ibarət
bağ salınıb. Bu il isə təsərrüfatda
müasir yapon-Çin texnologiyası əsasında kümxana
tikilərək istifadəyə verilib. Kümxanada
kümçülərin işini asanlaşdırmaq
üçün müasir tikililər
quraşdırılıb. Bina istilik və
rütubət rejimini ölçmək üçün
cihazlarla təmin olunub.
Mayın 4-də fermer təsərrüfatına
16 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli
kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə
İrandan 1500 metr xüsusi tor gətirilib və barama saxlanan rəflərə
qoyulub.
Görülən aqrotexniki tədbirlər
öz bəhrəsini verib. Bir aydan sonra təsərrüfatda yaş
barama tədarükünə başlanılıb. Tədarük edilən barama “Şəki İpək”
ASC-yə təhvil veriləcək.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 8 iyun.- S.7.