Regionlarda meyvəçiliyin inkişafı istiqamətində əsaslı tədbirlər görülür

 

   Mütəxəssislər bu il bağlarda məhsuldarlığın yüksək olacağını bildirirlər

 

    Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər məhsul əkinini və yığımını artırmaqdadır. Ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar uğurlu nəticələr verir. Eləcə də həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür.

    Vurğulamaq lazımdır ki, hər zaman meyvəçilik üzrə seçilən regionlardan olan şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığının yüksək olacağı gözlənilir.    Belə ki, Qubada yeni salınan ərik bağlarında Avropa ölkələrindən gətirilən yeni sortların əkilməsinə üstünlük verilir. Yeni salınan bağlarda əriyin “Milord”, “Serpa”, “Viva” və başqa sortları becərilir. Bu növ ərik ağacları iki ildən sonra bol məhsul verməyə başlayır. Yeni ərik növləri iyulda deyil, avqust ayında yetişir. Qeyd edək ki, rayonda uzun illər bağlarda ənənəvi ərik sortları becərilsə də, məhsuldarlıq aşağı olub. Fermerlər bildirirlər ki, ənənəvi sort ərik ağacları yaz aylarında tez-tez rast gəlinən qeyri-sabit hava şəraitinə uyğunlaşa bilmir. Ağacların çiçəkləmə dövründə havalar soyusa və ya duman olsa, bütün meyvə məhv olur. Həmin il ağaclarda məhsul yetişmir. Son illər isə bu, adi hala çevrilib. Ona görə də çox təsərrüfatçı ərik bağlarını şaftalı, alma, fındıq və digər meyvələrlə əvəzlədi. Biz isə problemdən çıxış yolu kimi Avropadan gətirilən yeni ərik növlərinə üstünlük verdik. Bu ağaclar yerli şəraitə tez uyğunlaşır. Qeyd edək ki, şimal regionunda 269 hektar ərik bağı var. Bunun 160 hektarı Qubanın payına düşür.

    Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov da bildirib ki, ənənəvi ərik sortları olan   “Qırmızıyanaq”, “Şalax”, “Parnas” və “Badamı” ləziz dadı ilə fərqlənsə də, qeyri-sabit hava şəraitinə davamlı deyil. Buna görə də yeni salınan intensiv bağlarda əriyin Avropadan gətirilən yeni sortları əkilib. İlkin müşahidələr göstərir ki, yeni əkilən tinglər yerli iqlimə tam uyğundur. Bu səbəbdən də son bir neçə ildə bağbanlar bu ərik sortlarına maraq göstərirlər. Mədət Qurbanovun sözlərinə görə, şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq. Xüsusilə ərik və şaftalı bağlarında bol meyvə gözlənilir.

    Xaçmazlı sahibkarlar isə may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Qeyd edək ki, iyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.

    Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayırlar.

    Rayonun Qaraçay-cek kəndindən olan təsərrüfatçı Tural Əhmədov bildirir ki, son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.

    Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.

    Salyan rayonunun qəsəbə və kəndlərindəki istixanaların şəbəkəsi isə ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar-pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olurlar. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərərək yüksək mənfəət götürürlər.

    Rayonda istixana şəraitində faraş tərəvəz yetişdirilməsi ilə məşhur olan 70 nəfərdən çox fermer fəaliyyət göstərir. Onlar hər il yüz tonlarla məhsul istehsal edərək daxili və xarici bazarlara çıxarırlar. Ötən il rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 130 hektar sahəsi olan 410 istixana kompleksində 4 min 430 ton xiyar, 13 min 895 ton isə pomidor yetişdirilib. Cari ildə isə rayon üzrə mövcud olan 449 istixananın 447-də tərəvəz yetişdirilib və bu günə kimi 11 min 246 ton məhsul tədarük olunub.

    Mülkiyyətçilər istehsal etdikləri tərəvəzi yüksək qiymətə satdıqları və məhsula olan tələbatın çoxluğunu nəzərə alaraq əldə etdikləri gəlir hesabına hər il yeni-yeni istixana kompleksləri tikib istifadəyə verirlər. Ötən il rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla 8 müasirtipli istixana kompleksi yaradılıb.     Kürsəngi kəndi ərazisində isə 50 hektar sahədə yeni istixana kompleksi tikilib.

     Rayonun Qarabağlı kənd sakini, fermer Abbas Həsənov bildirib ki, istixana şəraitində yetişdirilən tərəvəz ən çox qış və yaz aylarında bazara çıxarıldığından həm qiyməti yüksək olur, həm də yaxşı satılır. O deyib: “Bu sahə ilə məşğul olduğum 5 il ərzində elə bir il olmayıb ki, yetişdirdiyim tərəvəzin satışında çətinlik çəkim. Həmişə alıcım olub. Ötən il 1,2 hektar sahədən 250 ton məhsul yetişdirib satdım. Bu il sahəni genişləndirərək 2,5 hektara çatdırmışam. Bu günə kimi istixanadan 480 ton məhsul istehsal edib bazarlara göndərmişəm. Hələ sahədə xeyli məhsul var və bundan sonra daha 30-40 ton məhsul tədarük edə biləcəyəm”. Sifarişçilərin məhsula olan tələbatını nəzərə alaraq gələcəkdə istixananın ərazisini 3-3,5 hektara çatdırmaq fikrindədir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının gücləndirilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.

    Vurğulayaq ki, bölgələrimizdə həm də yazlıq əkin işləri uğurla aparılır. Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri uğurla davam etdirilir. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Bu günədək 8078,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bunun 3300 hektarı pambıq, 859 hektarı şəkər çuğunduru, 1434,9 hektarı dən üçün günəbaxan, 1014,7 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 487,4 hektarı kartof, 107 hektarı dən üçün qarğıdalı, 31,7 hektarı noxud, 5 hektarı darı, 18 hektarı soya, 7,9 hektarı lobya, 812,2 hektarı yem bitkiləri, 1 hektarı bostan bitkiləridir.

    Tərtər rayonunda arpa biçininə də start verilib. 4010,7 hektarda arpa becərən tərtərli torpaq mülkiyyətçiləri 27 hektar sahədə biçin aparıblar. Sahələrdən 100,4 ton məhsul toplanıb.    Hər hektardan məhsuldarlıq 37,2 sentnerdir.

     Bu il Balakən rayonunda yazlıq bitkilərin əkin sahəsi əvvəlki illə müqayisədə 421 hektar və ya 3,7 faiz artırılaraq 11 min 935 hektara çatdırılıb. Qurumdan bildiriblər ki, fermerlər cari mövsümdə 535 hektar, yəni əvvəlki ildəkindən 7 hektar çox sahədə tütün yetişdirəcəklər. Balakənli fermerlərin qarğıdalı əkininə də marağı ildən-ilə artır. Belə ki, cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılaraq 7 min 40 hektara çatdırılıb. Tərəvəz əkini sahəsində isə 9 faizlik artım qeydə alınıb. Kartof, lobya, bostan bitkiləri və çoxillik yoncanın əkin sahələri də ötən ilə nisbətən artırılıb.

     Ağdam rayonunda da fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Bu günədək 63 hektar sahədə qarğıdalı, 2663,8 hektar sahədə pambıq, 3 hektarda dən üçün günəbaxan, 351 hektarda kartof, 4567,2 hektarda tərəvəz, 119 hektarda bostan bitkiləri, 533 hektarda şəkər çuğunduru, 1569,5 hektarda yem bitkiləri əkilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 2149,5 hektar və ya 27,8 faiz, o cümlədən yem bitkiləri 52,8 faiz, tərəvəz  21 faiz, kartof 0,9 faiz, bostan 4,4 faiz artıb.

     Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lənkəran bölgəsinə dəstək verəcək. Belə ki, Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir. Lənkəran rayonu qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Avropa İttifaqının həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzindədir.

     Avropa İttifaqı standartlarına və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq və Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması məqsədilə Aİ Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.

    Bu tədbirlərin meyvə və tərəvəzlərin bazaryönümlü istehsalına töhfə verəcəyi, eləcə də həmin sahədə biznes mühitini yaxşılaşdıracağı və nəticədə Lənkəran rayonunun vətəndaşlarına mənfəət gətirəcəyi gözlənilir. Aİ kənd və rayonların inkişafına dair yeni dəstək paketinin qəbul olunması, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacib bir çox sahələrdə əməkdaşlığı gücləndirmək istəyini bildirir.

 

 

   Pərviz SADAYOĞLU

 

   Yeni Azərbaycan.- 2018.- 9 iyun.- S.7.