Bölgələrdə
tütün sahələri genişləndirilir
Regionlarda yerli sahibkarların ixrac potensialı
yüksək olan bu sahəyə marağı ildən-ilə
artmaqdadır
Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı istiqamətində atılan addımlar artıq
öz bəhrəsini verməkdədir. Belə ki, bu müstəvidə
kənd təsərrüfatının bir sıra sahələrinin
yenidən dirçəldilməsi yönündə
mühüm işlər görülür.
Vurğulanmalıdır ki, ötən dövrlərdə
işə salınan ixracın səmərəli təşviq
mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri
tədbirlərlə dəstəklənir. Həyata
keçirilən bu və ya digər tədbirlər sahibkarların
ixracyönümlü məhsul istehsalına
marağını da artırır. Bu isə idxalı
azaltmaqla yanaşı ixrac qabiliyyətinin də artmasında
mühüm rol oynayır. Təsadüfi deyil ki, bunun nəticəsində
ölkədən ixrac olunan məhsulların strukturunda aqrar
sektorun çəkisi əhəmiyyətli dərəcədə
artıb. Eləcə də regionlarda görülən işlər
bir daha aqrar sahənin mühüm gəlirli bir sahəyə
çevrildiyini, insanların kənd təsərrüfatına
marağının artdığını deməyə əsas
verir.
Vurğulayaq ki, ölkə
Prezidentinin tapşırıq və tövsiyələri ilə
yenidən dirçəldilən kənd təsərrüfatı
sahələrindən biri də
tütünçülükdür. Ölkəmizin
ayrı-ayrı bölgələrində
tütünçülük sahəsində tarixən
yaxşı ənənələr formalaşsa da, müəyyən
bir dövr ərzində tütünçülük yaddan
çıxmışdı. Bununla belə artıq bir
neçə ildir ki, bu gəlirli sahənin şöhrətinin
geri qaytarılması üçün əməli tədbirlər
görülməkdədir. Qeyd edilməlidir ki,
tütünçülük respublikamızda əsasən
Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılsa da,
hazırda bu areal daha da genişlənməkdədir. Bir
sıra rayonlarda tütün sahələri ötən ilə
nisbətən genişlənib. Bunun bir səbəbi də
sahibkarlara göstərilən diqqət və qayğı, eləcə
də tütün məhsullarının şirkətlər tərəfindən
öncədən müqavilə əsasında
alınmasıdır. Yəni, artıq təsərrüfat
sahibləri öz məhsullarını satmaq problemi ilə
qarşılaşmırlar. Hazırda respublikamızda
tütünün əkini ilə bir sıra şirkətlər
məşğul olur. Bu şirkətlər məhsul
istehsalçıları ilə müqavilə bağlayaraq
ayrı-ayrı regionlarda tütün əkini həyata
keçirir. Bundan başqa regionlarda tütün əkilən
sahələr də ildən-ilə artmaqdadır.
Yeri gəlmişkən, bu il Balakən rayonunun
təsərrüfatlarında 535 hektar sahədə
tütün əkilməsi nəzərdə tutulur. Hazırda
təsərrüfatlarda tütün əkini kampaniyası
mütəşəkkil davam etdirilir. Fermerlər sahələrə
tütün şitili köçürüblər.
Tütün əkininə min nəfərdən çox
mövsümi işçi cəlb olunub. Balakənli fermerlər
bu il “Virciniya” növlü ətirli tütünün
yetişdirilməsinə daha çox maraq göstərirlər.
Cari mövsümdə rayonda 500 hektar sahədə bu növdən
olan tütünün əkilməsi nəzərdə tutulur.
Keçən il isə fermerlər 241 hektar sahədə
“Virciniya” növlü tütün yetişdiriblər. Bu
növ tütünün əsas üstünlüyü
ondadır ki, sahələrdən yığılan
yaşıl kütlə qurudulmaq üçün birbaşa
emal məntəqəsinə gətirilir və qurutma
kameralarına yerləşdirilir. Yerli tütün sortları
isə istehsalçıların özləri tərəfindən
xüsusi iynə vasitəsilə ipə düzülməklə
qurudulur.
Tütün istehsalçılarının
işini asanlaşdırmaq üçün hazırda rayonun Hənifə
kəndində tütün istehsalı və emalı məntəqəsinin
yaradılması istiqamətində iş aparılır. Məntəqədə 540 ton istehsal gücü olan
60 ədəd tütünqurutma kamerası
quraşdırılır. Ötən il balakənli fermerlər
yetişdirdikləri “Virciniya” növlü yaşıl
tütün kütləsini qurutmaq üçün Zaqatala
rayonunda fəaliyyət göstərən emal məntəqəsinə
təhvil verirdilər. Bu isə əlavə vaxt itkisinə
səbəb olurdu.
Bu il Qazax rayonunun təsərrüfatlarında
da 60 hektar sahədə tütün əkilməsi nəzərdə
tutulur. Hazırda təsərrüfatlarda tütün əkini
kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər
sahələrə tütün şitili əkiblər və bəzi
ərazilərdə bu fəaliyyət
yekunlaşdırılıb. Qeyd edək ki, kənd təsərrüfatının
gəlirli sahələrindən olduğundan fermerlərin
tütün əkininə marağı ilbəil
artmaqdadır. Belə ki, ötən il 50 hektar sahədə
tütün əkən fermerlər cari ildə sahələri
genişləndirərək 60 hektara çatdırmağı
planlaşdırıblar. Bu məqsədlə Cəfərli kəndində
1000 kvadratmetr sahədə hazırlanmış istixanalarda
kifayət qədər şitil yetişdirilib. Kosalar kəndində
32 hektarda tütün əkilməsi nəzərdə tutulub.
Artıq 28 hektarda əkin başa çatıb.
Ötən il 50 hektar sahədə tütün
becərən qazaxlı fermerlər 80 ton quru tütün
istehsal ediblər.
Qax rayonunun təsərrüfatlarında
tütün əkini yekunlaşdırılır. Cari
mövsümdə rayonda 620 hektar sahədə tütün əkilməsi
nəzərdə tutulub. Fermerlər may ayının sonuna qədər
594 hektar sahəyə “Virciniya” növlü ətirli, 15 hektara
yerli tütün sortları olmaqla, ümumilikdə, 609 hektar
sahəyə tütün şitilləri
köçürüblər.
Vurğulayaq ki, ötən il qaxlı fermerlər
606 hektar sahədə tütün yetişdirib, 810 ton quru
tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki
illə müqayisədə 2,5 dəfə artıb.
Ölkəmizdə
ixracyönümlü və ənənəvi sahələrin
dirçəldilməsi ilə bağlı həyata
keçirilən tədbirlər çərçivəsində
Qəbələ rayonunda da tütünçülüyün
inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. 10
illik fasilədən sonra Qəbələdə artıq
3-cü ildir tütün əkilir. Ötən il rayonda 70
hektar sahədə tütün əkən fermerlər dövlət
dəstəyindən ruhlanaraq bu il əkin sahələrini daha
da genişləndiriblər. Aprel ayından tütün əkininə
başlayan kəndlilər bu günədək 60 hektar sahəyə
şitil köçürüblər. Tütün rayonun
Mamaylı, Şamılı, Kiçik Əmili və Ziring kəndlərində
əkilib. Fermerlər bu il 75 hektar sahədə tütün əkmək
üçün hazırlıq işləri görüblər.
Rayonda məhsul istehsalçıları əkin
zamanı yerli şəraitə
uyğunlaşdırılmış “İmmunium-558” və
“Berley” sortundan olan tütün növünə
üstünlük verirlər. Bu növ tütün bitkilərinə
düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan
yaşıl kütlə halında 35-40 ton, quru halda isə
3,5-4 ton məhsul götürmək mümkündür. Fermerlər
əkin prosesindən əvvəl Şəkidə fəaliyyət
göstərən “Azəri” tütün müəssisəsi
ilə məhsulun alqı-satqısı barədə
müqavilə bağlayıb.
Qeyd edək ki, rayonda 4 fermer tərəfindən
tütünün əkilməsi, onun becərilməsi və məhsulun
toplanılması prosesinə, ümumilikdə, 160-dan çox
yerli sakin cəlb olunur. Bu da kənd sakinlərinin məşğulluğunun
təmin edilməsinə, dolanışıq şəraitinin
yaxşılaşmasına müsbət təsir edir. Ötən
il Qəbələdə 70 hektar tütün sahəsindən
115 ton məhsul tədarük olunub.
İsmayıllı rayonunda da may
ayının sonuna olan məlumata görə, 22 hektar sahədə
tütün əkilib. Ölkəmizdə həyata
keçirilən aqrar islahatlar, qeyri-neft sektorunun
inkişafına göstərilən dövlət dəstəyi
son illər İsmayıllıda kənd təsərrüfatının
bir sıra sahələrinin, o cümlədən
tütünçülüyün inkişafına
güclü təkan verib. Ötən il beş
yaşayış məntəqəsində 15 hektarda
tütün əkilmişdisə və sahələrdən 27
tondan çox qurudulmuş tütün istehsal olunmuşdusa,
cari mövsümdə əkin sahələri 22 hektara
çatdırılıb. Tütün əkilən inzibati ərazi
dairələrinin sayı isə doqquza çatıb. Ən
çox əkin Topçu və Qalınçaq kəndlərinin
ərazilərində aparılıb. Belə ki, bu kəndlərin
hər birində torpaq mülkiyyətçiləri 4 hektarda
tütün əkiblər.
Zaqatala rayonunun təsərrüfatlarında isə
artıq tütün əkini kampaniyası müvəffəqiyyətlə
başa çatıb. Cari mövsümdə rayonda 750,3 hektar
sahədə tütün əkilib. Zaqatalalı fermerlər bu
il 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9
hektar sahədə isə yerli tütün sortları
yetişdirəcəklər. Cari mövsümdə rayonda quru
tütün istehsalının 1000 tona çatacağı
proqnozlaşdırılır.
Ənənəvi sahələrdən olan
tütünçülüyün inkişaf etdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər kənd
əhalisinin məşğulluğunun təmin olunmasına da
müsbət təsir göstərir. Belə ki, bu il Zaqatala
rayonunda tütün əkini və becərilməsi işlərinə
2300 nəfərə yaxın kənd sakini cəlb olunub.
Yengiyan kəndindən olan fermer Telman Həsrətov
rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı
üç ildir ki, tütünçülüklə məşğul
olur. 2016-cı ildə bu təsərrüfatda ilk dəfə
65 hektar sahədə tütün yetişdirilib, 700 ton
yaşıl tütün kütləsi istehsal edilib. Prezident İlham Əliyevin kənd təsərrüfatının
ixracyönümlü məhsullarının istehsalının
artırılması ilə bağlı tapşırıq və
tövsiyələrini nəzərə alaraq, fermer ötən
il tütün əkini sahələrini genişləndirərək
110 hektara çatdırıb. Ötənilki
mövsüm təsərrüfata məxsus əkin sahələrindən
980 ton yaşıl tütün kütləsi tədarük
edilib. Mövsüm ərzində təsərrüfatda
tütün becərilməsi ilə 50 nəfərədək
işçi məşğul olub.
Telman Həsrətov bildirib ki, bu il təsərrüfatda
115 hektar sahədə tütün əkini həyata
keçirilib. Havalar əlverişli keçərsə,
tütün sahələrindən 1100-1200 ton yaşıl
kütlə götürməyi planlaşdırırıq.
Xatırladaq ki, 2017-ci ildə zaqatalalı
fermerlər 891 ton quru tütün istehsal ediblər. Məhsul
istehsalı əvvəlki illə müqayisədə 363 ton
artıb. Ötən il Zaqatala rayonundan xaricə tütün
ixrac edilməsi nəticəsində ölkəmizə 12
milyon dollar və ya 20 milyon manata yaxın vəsait daxil olub.
Oğuz rayonunun təsərrüfatlarında da
tütün əkini başa çatıb. Cari mövsümdə
rayonda tütün əkini sahələri əvvəlki illə
müqayisədə 60 hektar artırılaraq 250 hektara
çatdırılıb. Oğuzlu fermerlər bu il 180 hektar
sahədə “Virciniya” növlü ətirli, 70 hektarda isə
yerli tütün sortları yetişdirirlər. Hazırda təsərrüfatlarda
tütün əkinlərinə aqrotexniki qulluq işləri
görülür.
Qeyd edək ki, rayonun təbii iqlim şəraiti
tütünçülüyün inkişaf etdirilməsinə
imkan verir. Dövlət tərəfindən
tütünçülüyün inkişafına göstərilən
diqqət və qayğı, subsidiyaların ayrılması,
güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin
göstərilməsi kənd əhalisinin bu gəlirli sahəyə
marağını xeyli artırıb.
Rayonun Bucaq kəndindən olan fermer Rəftar
Əhmədli tütünçülüklə ötən
ildən məşğul olur. Fermer 2017-ci ildə ilk dəfə
43 hektar sahədə tütün yetişdirib, 44 tona yaxın
quru tütün istehsal edib. İstehsalçı bu il
tütün əkini sahələrini 2 hektar genişləndirərək
45 hektara çatdırıb. Fermer cari mövsümdə 50
ton quru tütün istehsal etməyi planlaşdırır. Rəftar Əhmədli bildirib ki,
tütünçülük gəlirli sahədir və
dövlətimizin başçısının kənd təsərrüfatının
ixrac potensialı yüksək olan sahələrinin inkişaf
etdirilməsi ilə bağlı verdiyi tövsiyələri nəzərə
alaraq, gələcəkdə əkin sahələrini
daha da genişləndirməyi düşünür.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 13 iyun.- S.7.