Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı işlər davam etdirilir

 

Bölgələrdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər ümumi inkişafa əhəmiyyətli töhfələr verir

İnkişafın milli modelini yaradan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və davamlı xarakter daşıyır. Müasir çağırışlara uyğun yeni nəsil islahatların həyata keçirilməsi bütün sahələrin inkişafını təmin etməklə yanaşı, yeni perspektivlər yaradır. Digər tərəfdən, Azərbaycanın iqtisadi potensialını artıran və dayanıqlı inkişafa töhfə verən mühüm amillərdən biri müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının və layihələrin uğurla həyata keçirilməsidir.

Müxtəlif sahələri əhatə edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrindən biri də respublikamızda mükəmməl infrastruktur təminatının yaradılmasıdır. Bu baxımdan, yol infrastrukturunun yenilənməsi yönündə ardıcıl və məqsədyönlü tədbirlər geniş vüsət alıb. Ayrı-ayrı rayonların timsalında bu istiqamətdə görülən işlər ümumi inkişafa əhəmiyyətli töhfələr verib. Bir sözlə, regionlarda da avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı işlər davam etdirilir. Yeri gəlmişkən, Ucar rayonunda kəndlərarası avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Vətəndaşların sosial rifah halına müsbət təsir göstərən və bölgələrin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir. Sözügedən yol hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Bu işlər 310 min kvadratmetr sahəni əhatə edəcək. Yolboyu çiyinlərin 12 santimetr qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 poqonmetr metal boruların, həmçinin müxtəlif diametrli 840 poqonmetr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub. Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağının, 162 ədəd yol nişanının və 523 ədəd siqnal dirəyinin quraşdırılması, 93 kilometr uzunluğunda xətlənmə işlərinin aparılması planlaşdırılır. 31 kilometr uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şərait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

Lerik rayonunun Piran-Hamarat-Vjaker avtomobil yolu da yenidən qurulur. Yolun 20 kilometrlik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 kilometrlik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklü olmaqla yenidən inşa edilir. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilir. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir. Bu işlərin həcmi 350 min kubmetrdən artıqdır. Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan layihəyə uyğun olaraq yolboyu avtoqreyderlə 22,5 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 460 poqonmetr uzunluğunda suötürücü metal və dəmir-beton boruların quraşdırılması və izolyasiyası, boru başlıqlarının dəmir-betonla tikintisi işləri də aparılır. Yolu profilə salmaq məqsədilə 65 min kubmetr həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri də aparılacaq. Yol əsasının alt layının tikintisinin 20 santimetr hündürlükdə qum-çınqıl, üst layının tikintisinin isə 16 santimetr hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılması nəzərdə tutulub. Yol əsasının tikintisi 178 min kvadratmetr sahəni əhatə edəcək. Bunun ardınca isə yolun asfaltlanması işlərinə başlanacaq. Əlaqələndirici bitum səpilməklə 120 min kvadratmetr sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənəcək. Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd kilometr göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq, 20 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq. Qeyd edək ki, yerli əhəmiyyətli Piran-Hamarat-Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Tovuzda isə strateji əhəmiyyətə malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu və Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yolları yenidən qurulur. Yolun 18 kilometr uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişir. Layihəyə uyğun olaraq torpaq yatağının normativ eninin alınması üçün genişləndirilir, genişləndirilmiş ərazilərə yolboyu yararlı material tökülərək qrunt yayılır və kipləşdirilir, yeni yol yatağı inşa olunur. Bu işlər 60 min kubmetrdən çox həcmdə icra olunur. Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yolboyu avtoqreyderlə 26 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 poqonmetr uzunluğunda suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri görüləcək. Yol əsasının alt layının tikintisi 20 santimetr hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 santimetr hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılacaq. Yol əsasının tikintisi 182 min kvadratmetr sahəni əhatə edəcək. Bunun ardınca isə yolun asfaltlanması işlərinə start veriləcək. Əlaqələndirici bitum səpilməklə 100 min kvadratmetrdən çox sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənəcək. Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılır. Burada yolların ümumi uzunluğu 15 kilometr təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişir. Yolun yararsız qruntunun qazılıb kənarlaşdırılması və V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilir. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli süxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılır. Ümumilikdə bu işlərin həcmi 53 min kubmetr təşkil edir. Tikinti norma və standartlarına uyğun olaraq yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18,5 min poqonmetr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 poqonmetr uzunluğunda dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır. Layihəyə əsasən, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün yollar boyu 110 min kvadratmetrdən çox sahədə 2 laydan ibarət və 28 santimetr hündürlüyündə yol əsasının tikintisi nəzərdə tutulub. Bunun ardınca isə düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Yanıqlı, Sofular və Saladinli kəndlərinə giriş yollarının 60 min kvadratmetrdən çox sahəsində isə yol geyiminin 12 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi aparılacaq. Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi, 1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq. Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Bütövlükdə, regionlarda yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Bölgələrdə respublika əhəmiyyətli yolların yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter daşıyır, regionlarda sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 14 iyun.- S.7.