Bölgələrdə taxıl biçini uğurla davam edir
Regionlarda bu il
arpa və buğda təsərrüfatlarında
məhsuldarlığın daha da artacağı gözlənilir
Ölkəmizdə həyata keçirilən
uğurlu iqtisadi siyasət digər sahələrdə
olduğu kimi, kənd təsərrüfatının
inkişafında da əsaslı nailiyyətlərin
qazanılmasını şərtləndirib. 2004-cü
ildən başlayaraq uğurla
həyata keçirilən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
proqramları bu gün
ölkəmizdə aqrar sahənin
inkişafının yeni mərhələyə
qədəm qoymasını təmin edib. Bu məqsədlə bölgələrimizdə
əsaslı tədbirlər görülür,
yeni əkin sahələri salınır. Bunun nəticəsidir ki,
artıq ölkəmizin bir sıra
rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Kənd
təsərrüfatının ayrı-ayrı sahələrində
əldə olunan uğurlu
nəticələr bu gün
həm ölkəmizin ərzaq təhlükəsizliyinin təminində,
həm də ekoloji təmiz məhsulların
yetişdirilməsində əsaslı rol
oynayır. Ölkəmizdə kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişafı üçün fermerlərə göstərilən
dəstək də öz sözünü
deyir. Məhz bu dəstək
nəticəsində aqrar sahə dinamik inkişaf edir.
Prezident
İlham Əliyev Goranboy
rayonunda “Region
Agropark”ın açılışındakı
çıxışında bildirib ki, Azərbaycanda prioritet
sahələrdən olan kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən
siyasət ən müasir texnologiyalar
və elmi əsaslar üzərində
aparılacaq.
Aqroparkda məhsuldarlığın çox yüksək olduğunu
qeyd edən dövlətimizin
başçısı deyib: “Arpada hektardan məhsuldarlıq
50 sentnerdir, hesab edirəm
ki, buğda da ən azı bu qədər
olmalıdır. Yəni burada ən müasir texnologiyalar tətbiq
olunur, o cümlədən
müasir suvarma
texnologiyaları, pivot suvarma
sistemləri quraşdırılır. Bu
sistemlərin tətbiqi Azərbaycanda geniş
vüsət alacaq. Bu
məqsədlə artıq bu sistemlərin
istehsalı ölkəmizdə təşkil edilibdir
ki, xaricdən asılılıq
azalsın və xaricə valyuta getməsin”.
“Beləliklə,
aqroparkların yaradılması və fəaliyyəti nəticəsində
ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə
bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac
imkanlarımız genişlənəcək. Çünki
burada yetişdiriləcək məhsullar
ixracyönümlü məhsullardır.
Ölkəmizdə kənd təsərrüfatı ilə
bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına
böyük diqqət göstərilir. Azərbaycanda
kənd təsərrüfatı prioritet
sahələrdən biridir. Bundan sonra biz
bu siyasəti ancaq ən
müasir texnologiyalar
və elmi əsaslar üzərində
aparacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 45
aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq.
Bütövlükdə bu gün
Azərbaycanda aqroparkların yaradılmasının geniş vüsət aldığını
diqqətə çatdıran dövlətimizin
başçısı deyib: “Nəzərdə
tutulan 45 aqroparkdan
4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy
rayonunda. Mən dördünün
də açılışında şəxsən iştirak etmişəm. Bu,
bir daha onu göstərir ki,
dövlət bu məsələlərə
çox böyük
diqqət göstərir və dəstək verir.
Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min
hektara bərabərdir. Bax
bu qədər torpaq
istifadəsiz qalmışdı. İndi
isə tezliklə bu 45 aqroparkın
yaradılması nəticəsində kənd təsərrüfatı
məhsullarımızın istehsalı böyük
dərəcədə artacaq. Beləliklə,
ölkə qarşısında duran əsas
vəzifələrdən biri - ərzaq təhlükəsizliyi
məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq”.
Qeyd edək ki, bölgələrdə hazırda taxıl biçini uğurla davam edir. Məsələn,
cari mövsümdə Oğuz
rayonunda 16 min 795 hektar taxıl sahəsinin məhsulunun
biçilməsi nəzərdə tutulur.
Taxıl əkinlərinin 12 min 230
hektarını buğda, 4 min
565 hektarını arpa sahələri təşkil
edir. Artıq rayonun təsərrüfatlarında
arpa biçininə start
verilib. Qısa müddətdə 1000 hektara yaxın sahənin arpası biçilib, 2 min 740 ton məhsul tədarük olunub.
Hər hektardan orta məhsuldarlıq
27,4 sentner təşkil edir.
Rayon üzrə taxıl biçininə
50 ədəd kombayn, həmçinin
lazımi qədər digər texnika vasitələri
cəlb edilib.
Saatlı rayonunda da
taxılçılıq əsas təsərrüfat sahələrindən
biridir. Son illər rayonda bu sahənin
inkişafına xüsusi diqqət yetirilir, əkin sahələri genişləndirilir,
məhsuldarlıq ilbəil artır. Aqrar
sahənin inkişafına göstərilən dövlət dəstəyindən
bəhrələnən saatlılı əkinçilər
ötən ilin payızında cari ilin məhsulu üçün 22 min 150 hektar sahədə taxıl əkiblər. Bunun 3 min 296 hektarını arpa,
18 min 854 hektarını isə buğda sahələri təşkil edir. Ötən il hər hektar taxıl sahəsindən 41,7 sentner məhsul götürən fermerlər bu il də sahələrdə
bol məhsul yetişdiriblər. Biçin kampaniyasına mütəşəkkil
başlayan əkinçilər qısa
müddətdə arpa
yığımını başa
çatdırıblar.
Rayon statistika idarəsindən bildiriblər ki, biçin
aparılmış 3 min 288 hektar arpa sahəsindən
11 min 475 ton məhsul götürülüb. Hazırda buğda sahələrinin məhsulu
yığılır. Biçin
aparılmış 3 min 510 hektar sahədən 15 min
58 ton məhsul götürülüb.
Buğda sahələrinin məhsuldarlığı
orta hesabla 42,9 sentnerə
çatır ki, bu da ötən ildəkindən 1,2 sentner çoxdur. Rayon üzrə ən yüksək nəticəni
isə Əliəhmədli kənd fermer təsərrüfatının
rəhbəri Xanhüseyn Əhmədov
qazanıb. Torpaq mülkiyyətçisi əkdiyi
120 hektar taxıl sahəsinin hər
hektarından 47,5 sentner məhsul götürür.
Əlverişsiz
keçən hava şəraitinin törətdiyi
çətinliklərə baxmayaraq,
Kürdəmir rayonunda da
taxıl biçini sürətlə davam edir və artıq 15 min 133 hektar zəminin məhsulu
yığılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, hazırda hər gün zəmilərə
100-ə yaxın kombayn
çıxarılır. Qeyd edək ki, cari mövsümdə
bölgədə 45 min 40 hektar
sahədə taxıl yetişdirilib. Bunun 16 min 72 hektarı buğda, 28 min 968
hektarı arpadır. Hələlik arpa zəmilərinin
məhsulu yığılır. Orta məhsuldarlıq hazırda 30,2 sentner
təşkil edir ki, bu da ötənilki
göstəricidən artıqdır. Ən çox
taxıl əkilən Karrar, Qarasaqqal, Qarasu, Ərəbqubalı,
Muradxan və bir
sıra digər ərazi vahidlərində biçin
kampaniyası daha mütəşəkkil
aparılır və bu yerlərdə
fermerlər və fiziki şəxslər
yüksək məhsuldarlığa nail olurlar.
Yevlax rayonunda isə taxıl biçininin
mütəşəkkil keçirilməsi və optimal müddətdə başa
çatdırılması üçün
bütün qüvvələr səfərbər
edilib. Rayon kənd təsərrüfatı
idarəsindən bildiriblər ki, bu günədək 4675 hektar
sahədə arpa, 1838 hektar
sahədə buğda biçilib,
18 min 22 ton məhsul tədarük
edilib. Hər hektardan orta məhsuldarlıq buğda
sahələrində 29,2 sentner, arpa sahələrində isə 27 sentnerdir. Hazırda rayonda
taxıl biçini sürətlə davam edir. Qeyd
edək ki, cari ilin məhsulu üçün
Yevlax rayonunda 10 min 565 hektar sahədə
taxıl becərilib. Bunun 5779 hektarı buğda, 4786 hektarı arpa
zəmiləridir.
Cari
mövsümdə Zaqatala rayonunda
da 10 min 933 hektarda taxıl yetişdirilib.
Taxıl əkinlərinin 7 min 581
hektarını buğda, 3 min
352 hektarını arpa sahələri təşkil
edir. Rayonun təsərrüfatlarında
bir neçə gündür
arpa biçininə başlanılıb.
Qısa müddətdə 1000 hektardan çox sahənin məhsulu
yığılıb, zəmilərdən 2 min
786 ton arpa tədarük
olunub. Hələlik hər hektardan orta məhsuldarlıq
27 sentner təşkil edir.
Hazırda sahələrdə 20 ədəd taxılbiçən
kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq. Rayonda barama tədarükü də davam
edir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə
25,5 tona yaxın yaş
barama təhvil veriblər. Cari
mövsümdə rayonda barama
istehsalının 40 tondan çox
olacağı gözlənilir.
Samux rayonunda isə bu ilin məhsulu üçün
10 min 639 hektar sahədə
taxıl biçini aparılacaq. Samux rayon statistika
idarəsindən verilən məlumata görə, rayon üzrə əkilmiş taxıl sahələrindən
6 min 570 hektarı buğda,
4 min 69 hektarı isə arpadır.
Artıq iyunun 4-dən taxıl
biçininə başlanılıb. Bununla
bağlı olaraq təsərrüfatlara
kifayət qədər texnika cəlb edilib. Hazırda 853 hektar
taxıl sahəsindən 2 min 634 ton məhsul yığılıb. Sahələr
üzrə məhsuldarlıq hər hektardan
30,9 sentner təşkil edir.
Son günlər respublikanın qərb ərazisində
havanın yağmurlu keçməsi
taxıl biçinini bir
qədər ləngitsə də, sahələrdən bu il üçün
bol məhsul gözlənilir.
Respublikanın
ən iri taxılçılıq
rayonlarından olan Şəkidə də
bir neçə gündür
arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Kiçik
Dəhnə, Şəkikənd, Cəyirli, Bolludərə, Suçma kəndlərinin ərazilərindəki
təsərrüfatlarda ilk günlər
3,5 min hektara yaxın
sahənin arpası biçilib, 10 min 577 ton məhsul tədarük
olunub. Hər hektardan
orta məhsuldarlıq 30,4 sentner
təşkil edir.
Cari
mövsümdə rayonda 67 min 121 hektar taxıl sahəsinin
məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin
45 min 115 hektarı buğda,
22 min 6 hektarı isə arpa
sahələridir. Biçin kampaniyasına 100-dən çox
taxılbiçən kombayn, 300-dək yük maşını, traktor
və qoşqu, həmçinin xeyli sayda küləşpresləyən
aqreqat və digər texnika
cəlb olunub. Şəkili fermerlər builki mövsümdə taxıl sahələrindən
225 min ton məhsul
götürməyi qarşılarına məqsəd qoyublar.
Onu da qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan
Laçın rayonundan olan
məcburi köçkünlər də arpa
biçinini başa
çatdırıblar. Zəmilərdən 2213 ton məhsul əldə edilib.
Laçın rayon kənd təsərrüfatı
idarəsindən bildiriblər ki, məcburi
köçkünlər Taxtakörpü ərazisində
1249,6 hektar sahədə taxıl əkiblər.
Bunun 91 hektarı buğda,
1017 hektarı dənlik arpa, 141,6
hektarı xəsil arpadır. Hazırda buğda
biçini davam edir. Bütün qüvvələr
bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər
edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində
məskunlaşan laçınlı məcburi
köçkünlər əsasən
taxılçılıq və heyvandarlıqla məşğul
olurlar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2018.- 21 iyun.- S.7.