Regionlarda
sahibkarlara güzəştli kreditlərin verilməsi davam edir
Bunun nəticəsində
bölgələrdə xeyli sayda yeni müəssisələr
yaradılır
Bu gün öz inkişafına görə
regionun lider dövləti olan Azərbaycanda həyata
keçirilən siyasət istər regional layihələrin,
istərsə də müvafiq Dövlət
proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli
inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin
konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir.
Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə
düşər ki, 2004-cü ildən etibarən böyük
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları Azərbaycanın
bütün bölgələrinin inkişafına təkan
verib. Ümumiyyətlə, son 15 ildə
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində bölgələrdə
böyük layihələr reallaşdırılıb.
Regionların sosial-iqtisadi
inkişafından söz açarkən onu da qeyd etmək
yerinə düşər ki, bu prosesdə dövlətlə
yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, ötən
müddət ərzində ölkəmizdə sahibkarlara
göstərilən dövlət dəstəyi, öz növbəsində,
regionların inkişafında da mühüm rol oynayıb.
Belə ki, göstərilən dövlət dəstəyi
nəticəsində sahibkarlar həm ümumilikdə ölkəmizin,
həm də ayrı-ayrı regionların sosial-iqtisadi
inkişafı istiqamətində həyata keçirilən
işlərdə yaxından iştirak edirlər. Məlumat
üçün bildirək ki, son 15 ildə layihələrinin
ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən
çox sahibkara dövlət tərəfindən 2 milyard
manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən
istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması ölkəmizdə 154 mindən
çox yeni iş yerinin açılması imkanı
yaradıb. Öz növbəsində bu ilin
birinci rübündə də sahibkarlara güzəştli
kreditlərin verilməsi uğurla davam edib və hazırda da
bu istiqamətdə işlər davam etməkdədir.
Bu barədə konkret faktlara keçməzdən
öncə bildirək ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dünya ölkələrinin
qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi,
müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal,
emal, infrastruktur sahələrinin yaradılması istiqamətində
verdiyi tapşırıqların icrasını təmin etmək
məqsədilə sahibkarlığın təşviqi,
sahibkarların iqtisadi fəallığının daha da
artırılması və maliyyə təminatının
yaxşılaşdırılması, idxalı əvəz edəcək
məhsulların istehsalı və qeyri-neft ixracının
artırılması istiqamətində İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və
ardıcıl tədbirləri davam etdirir. Onu da xatırladaq
ki, bu ilin birinci rübü ərzində İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
müvəkkil kredit təşkilatları vasitəsilə
ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin
maliyyəşdirilməsi üçün 135 sahibkarlıq
subyektinə 50 milyon manat dövlətin güzəştli
kreditləri verilib.
Qeyd edək ki, özəl bölmədə
investisiya layihələrinin maliyyələşdirmə
mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi
sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə
maliyyə resurslarına çıxışının təmin
olunması və rəqabət mühitinin yaradılmasıdır.
Beləliklə, İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun iyunun 21-də
Ağstafa rayonunda keçirdiyi işgüzar forumda müvəkkil
kredit təşkilatları vasitəsilə Gəncə-Qazax
iqtisadi rayonunda fəaliyyət göstərən 34 sahibkara 423
min manat güzəştli kredit verilib. İqtisadiyyat
Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər
heyvandarlıq, quşçuluq, kartofçuluq,
üzümçülük və s. sahələrin
inkişafına yönəldiləcək. Bu kreditlərdən
istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması hesabına 40-dan çox yeni
iş yerinin açılması imkanı yaranacaq. İndiyədək
Ağstafa rayonundan olan 596 sahibkara 8,4 milyon
manat güzəştli kredit ayrılıb.
İşgüzar forum çərçivəsində
sahibkarlarla müzakirələr aparılıb, Ağstafa
rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin
maliyyələşdirilməsi, iri taxılçılıq,
kartofçuluq, üzümçülük,
arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının,
çörək istehsalı və süd emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələri
və metodiki materiallar təqdim olunub.
Tədbirdə Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru vəzifəsinin
icraçısı Arif Vəliməmmədov fondun özəl
bölmənin inkişafında, xüsusən də regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər barədə
məlumat verib. Ümumilikdə,
bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Gəncə-Qazax
iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin 6800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə
258,5 milyon manat güzəştli kredit
verilib. Tədbir çərçivəsində
Ağstafada dövlətin güzəştli krediti ayrılan
tikinti materialları istehsalı müəssisəsində
aparılan işlərə baxış keçirilib. Müəssisə ildə 142 min kvadratmetr dam
örtükləri və 44 min kvadratmetr fasad kərpici istehsal
gücünə malik olacaq.
Qeyd edək ki, son illər müasir
texnologiyaların tətbiqinə əsaslanan 28 tikinti
materiallarının istehsalı müəssisəsinə 90,2 milyon manat dövlətin güzəştli
krediti verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun Ağcabədi rayonunda keçirdiyi
işgüzar forumda isə Aran iqtisadi rayonunda fəaliyyət
göstərən 36 sahibkara 776,6 min manat güzəştli
kredit verilib. Kreditlər əsasən heyvandarlıq,
pambıqçılıq, süd emalı və s. sahələrin
inkişafına yönəldiləcək. Bu kreditlərdən
istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması 60-dan çox yeni iş yerinin
açılması imkanı yaradacaq. Sahibkarlığın
güzəştli kreditləşdirilməsi məsələlərinə
dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi
potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik,
cins heyvandarlıq, intensiv bağçılıq və iri
fermer təsərrüfatlarının,
“ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz
emalı müəssisələrinin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib, kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin bütünlüklə dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini
icra edən Arif Vəliməmmədov fondun fəaliyyəti,
Ağcabədidə verilmiş güzəştli kreditlər
hesabına həyata keçirilən layihələr barədə
məlumat verib. Bildirilib ki,
indiyədək Ağcabədidən olan 1412 sahibkara 72,6 milyon
manat güzəştli kredit verilib, digər sahələrlə
yanaşı, istixana, quşçuluq təsərrüfatlarının,
heyvandarlıq kompleksinin, yem dəyirmanının
yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Ümumilikdə, bu tədbirdə verilən
kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin 13800-dək
investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində
Ağcabədidə güzəştli kredit ayrılan və
5000 hektar sahədə yaradılan aqroparkda aparılan işlərə
baxış keçirilib. Aqroparkda 1215 hektar sahədə müasir
suvarma sistemi qurulub, 1000 hektardan çox sahədə soya əkilib.
Burada bitki yağlarının istehsalı
zavodunun yaradılması da nəzərdə tutulur. Aqroparkın bu ilin sonunda istifadəyə verilməsi
planlaşdırılır.
Onu da bildirək ki, Abşeron iqtisadi
rayonunda da fəaliyyət göstərən sahibkarlıq
subyektlərinə 7,1 milyon manat güzəştli
kredit verilib. Verilən kreditlər istixana
kompleksinin yaradılması, heyvandarlıq və başqa sahələrin
inkişafına yönəldiləcək. Bu kreditlərin
reallaşdırılması hesabına 150-dək yeni iş
yeri açılacaq. Güzəştli kreditlər
sahibkarlara İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən Xızıda keçirilən
işgüzar forum çərçivəsində təqdim
olunub.
Forumda Xızı rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab
olunan arıçılıq, istixana, intensiv
bağçılıq və iri fermer təsərrüfatlarının,
şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin,
kənd turizmi və hotelin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib, kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib. Tədbirdə sahibkarlara nümunəvi
layihələr və metodiki materiallar paylanılıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin maarifləndirilməsi və
investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini
davam etdirir. Fondun
icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov
qeyd edib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara
39,2 milyon manat güzəştli kredit verilib. Digər
sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə
əsaslanan istixana, quşçuluq təsərrüfatlarının,
heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin
yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Ümumilikdə, bu tədbirdə təqdim olunan kreditlər də
daxil olmaqla, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 1245 investisiya layihəsinin maliyyələşdirilməsinə
389,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində
Xızıda dövlətin güzəştli krediti
ayrılan 20 hektar ərazidə müasir istixana kompleksində
aparılan son tamamlama işlərinə baxış
keçirilib. Son illər
ümumi dəyəri 476,7 milyon manat, ildə 100 min ton tərəvəz
məhsulları istehsal etmək gücündə olan 62
müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat
güzəştli kredit verilib. Bundan başqa,
ümumi dəyəri 620 milyon manat olan istixana komplekslərinin
yaradılması üzrə 51 layihəyə investisiya təşviqi
sənədi verilib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 23 iyun.- S.7.