Azərbaycanda yol infrastrukturunun yenidən qurulması işi uğurla davam edir

 

Bunun nəticəsində regionlarda yeni yollar, körpülər tikilərək əhalinin istifadəsinə verilir

 

Məlum olduğu kimi, Azərbaycanda bütün səhələrdə, o cümlədən yol infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Prezident İlham Əliyevin müvafiq Sərəncam və göstərişlərinə uyğun olaraq kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması işləri həyata keçirilir.

Bir sözlə, ölkəmizdə yol infrastrukturunun inkişafı daim dövlət başçısının diqqət mərkəzindədir. Ardıcıl olaraq bu məqsədlə sərəncamların imzalanması bunu bir daha təsdiqləyir. Belə ki, iyunun 20-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”. Sözügedən Sərəncamla Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında isə qeyd olunur ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon (on üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Bundan başqa, dövlət başçısı iyunun 22-də Balakən rayonunun Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamda qeyd olunur ki, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

 

Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

 

Ümumiyyətlə, hazırda ölkəmizin bir çox bölgələrində yol infrastrukturunun yenidən qurulması ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Qobustan-Poladlı avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlarına uyğun deyildir. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa, texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunur. Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılacaq. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edəcək.

Layihə çərçivəsində 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni borunun quraşdırılması da nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.

Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhainin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 

Göyçayda selin dağıtdığı avtomobil körpüsünün yanaşma yolu bərpa edilib

 

Onu da bildirək ki, Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün yanaşma yolunun bərpası istiqamətində görülən işlər başa çatdırılıb. Yanaşma yolunun bərpası işləri yekunlaşaraq körpü avtonəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və Agentliyin rəhbər şəxsləri, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, ölkə əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən körpünün yanaşma yolunun selin təsiri nəticəsində dağılması nəticəsində külli miqdarda maddi ziyan dəyib, yolun bağlanması səbəbindən insanlar çox əziyyət çəkiblər. Çıxışlar zamanı körpünün qısa vaxtda yenidən bərpa edilməsinə və əhalinin istifadəsinə verilməsinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq bildirilib. Qeyd edilib ki, sel nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün yanaşma yolunun 30 metrlik hissəsi dağılmış, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanmış, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.

İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti briqadası və ağır texnikaları körpünün yenidən bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb. Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan monolit dəmir-beton istinad divarı qurulub, ərazi torpaq bərkitmə işləri görülüb. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bu günədək əraziyə təxminən 20 min kubmetrdən artıq torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb. Körpünün yanaşma yolunun bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilib.

Hazırda körpünün alt hissəsində, dayaqlarda və ətrafında əlavə bərkitmə-bərpa işləri davam etdirilir, yeni monolit-beton istinad divarları inşa edilir. Bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq işlər tərtib olunmuş qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, körpünün yanaşma yolu dağıldığı üçün iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedirlər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə də Dövlət Agentliyi tərəfindən elə həmin gün təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.

 

Cəyirli-Alpout avtomobil yolunun yenidən qurulması işi uğurla davam edir

 

Yeri gəlmişkən, yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrdən biri də 23.3 km uzunluğa malik Göyçay rayonunda yerləşən Cəyirli-Alpout avtomobil yoludur. Cəyirli-Alpout avtomobil yolunda uzun illər əsaslı təmir işləri aparılmadığından yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradırdı. Yolun müəyyən hissələrində yol yatağının təbii faktorların təsirindən aşınaraq eni orta hesabla 0.85 m azalıb, çiyin hissələr standartlardan aşağı düşərək yeyilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 3-cü texniki dərəcəyə uyun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır.

Yolun 8.6 km-lik hissəsinin frezlənməsinə və ikiqat örtüyün tikintisinə, qalan hissələrdə isə ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə 41.5 min kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir. Yolun 8.6 km-lik hissəsində yol örtüyünün 60 min kv.m asfalt-betondan ibarət hissəsinin frezlənməsi işləri aparılıb. Ardınca əlaqələndirici bitum səpilməklə örtüyün alt və üst layının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır. 12 sm qalınlıqda asfalt-beton örtük 60 min kv.m sahəyə döşənir. Yolun qalan 14.7 km-lik hissəsində isə əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 190 min kv.m sahədə icra olunur. Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bu işlər isə 100 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Çiyin hissələrin 116.5 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.

Bundan başqa, tikinti işləri zamanı yol boyu 60 nöqtədə birləşmələrdən daxil olan avtonəqliyyat vasitələrinin təkərlərinin təmizlənməsi üçün 20 metr uzunluqda hissəsinin asfalt-betondan inşası aparılacaq, yaşayış məntəqələrindən keçən hissələrdə piyada səkiləri yararsız vəziyyətə düşdüyündən 600 m uzunluğunda yeni piyada səkiləri inşa olunacaq, kənarlarına yeni səki daşları düzüləcək.

Layihə çərçivəsində suötürücü boruların başlıq hissələri yuyularaq dağılmış və bəzi borular yararsız vəziyyətə düşmüşdür. Bu üzdən 25 ədəd 325 p.metr mövcud yararsız vəziyyətə düşmüş boruların sökülməsi, əvəzinə isə müxtəlif diametrli 286 p.metr uzunluğunda 22 ədəd yeni dəmir-beton boruların quraşdırılması və 39 p.metr uzunluğunda 3 ədəd dördbucaqlı su keçidlərinin inşası işləri aparılacaq. Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün 70 ədəd yol nişanı və məlumatverici lövhə, 46 ədəd km göstərici və 760 ədəd siqnal dirəyi quraşdırılacaq, 5 ədəd avtobus dayanacağı inşa olunacaq.

Görülən işlər 21 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaratmış olacaq.

 

Yenidən qurulan yollar sırasında Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yolları da var

 

Ölkəmizdə sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri də geniş vüsət alıb. Gədəbəy rayonunda bu çərçivədə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün 17.5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılıb.

Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdə uzunluğu 223 paqon-metr olan müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı suötürücü boruların başlıqları dəmir-betonla təmir olunub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpü hər iki tərəfdən 1.2 metr genişləndirilib, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər quraşdırılıb və avtoqreyderlə tələb olunan yerlərdə küvetlər açılıb.

Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının asfalt-beton qarışığı ilə tikintisi işlərinə başlanılıb. Artıq yolun 13 km-lik hissəsinin alt layının asfalt-betonla tikintisi yekunlaşdırılıb, digər hissələrdə isə davam etdirilir. Ümumilikdə yolun 120 min kv.m sahəsinə 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Analoji işlər 2.9 km-lik Qoşabulaq-Sarıtala və 6.1 km-lik Çanaqçı-Haçaqaya avtomobil yollarında da aparılır. Burda yolların çınqıl örtüklü olması nəzərdə tutulub. Sözügedən yollarda torpaq yatağının IV texniki dərəcəyə uyğun 10 metr təşkil edən normativ eninin alınması üçün zəruri olan yerlərdə yararsız qrunt qazılır, yararlı karxana çınqılı tökülərək genişləndirilir və kipləşdirilir, avtoqreyderlə profilə salınır, çiyinlər bərkidilir. Bundan başqa, yollar boyu 6 yerdə uzunluğu 82 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlarda optimal qum-çınqıl materialı ilə tikintisi işləri də aparılır. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 km yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11.5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşınması asanlaşacaq.

 

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur

 

Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur. Uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub. Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu işlər çərçivəsində əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınmaqla yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılıb.

Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi və 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işləri də aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yol boyu iri dənəli asfalt-beton qarışığından alt layının tikintisi işləri artıq tam olaraq yekunlaşdırılıb. Hazırda xırda dənəli asfalt-beton qarışığından yolun üst layının tikintisi işləri aparılır. Bunun ardınca hərəkətin normal təşkili üçün yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Bir sözlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşların respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq. Beləliklə, ölkəmizin regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir. Bu ilin sonuna qədər bölgələrdə xeyli kəndləri birləşdirəcək ən müasir standartlara cavab verən yollar istifadəyə veriləcək.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2018.- 28 iyun.- S.7.