Azərbaycanın bölgələrində əhalinin təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılır

 

Müvafiq Dövlət proqramları çərçivəsində nəinki şəhər və rayon mərkəzlərində, hətta ucqar kəndlərdə belə yeni qaz kəmərləri çəkilir, elektrik yarımstansiyaları qurulur

Ölkəmizdə son 15 ildə həyata keçirilən siyasət, reallaşdırılan islahatlar bütün sahələrin inkişafını təmin edib. Heç şübhəsiz bu fonda bölgələrin hərtərəfli inkişafı xüsusi olaraq önə çəkilməlidir. Məlum olduğu kimi, qəbul edilmiş Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını dəyişməkdədir. İnfrastrukturdan söz düşmüşkən vurğulayaq ki, bu gün ölkəmizdə bütün bölgələrdə fasiləsiz elektrik enerjisi ilə təminat, keyfiyyətli qazlaşdırma vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm rola malikdir. Bu səbəbdəndir ki, regionlarımızda istər qazlaşma, istər elektrik enerjisinin təminatı, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində işlər davamlı xarakter daşıyır. Məhz həyata keçirilən siyasət nəticəsində bu gün bölgələrimizdə qazlaşdırma və elektrik təminatı artıq ən yüksək səviyyədədir.

Beləliklə, qeyd etdiyimiz kimi, son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkədə bu istiqamətdə işlərin həyata keçirilməsi üçün dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilir. Məhz bunun nəticəsində 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Cari ildə regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya yeni hədəflər qoyulub. Məlum olduğu kimi, Prezident İlham Əliyev 5 mart 2018-ci il tarixində “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ilin sonunadək ölkədə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub. Sərəncama əsasən bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100,0 (yüz) milyon manat vəsait ayrılıb.

Yeri gəlmişkən, bu ilin ilk beş ayında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb ki, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 132 821-ə çatıb.

Eləcə də, “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-may ayları ərzində hüquqifiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 241 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 11575 ailə yaşayır.

Bununla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğacların yenisi ilə əvəz olunması, yeni qaz kəmərləri çəkilməsi və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyicilərinin yeniləri ilə əvəz edilməsi istiqamətində əsaslı işlər görür. Belə ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci ilin yanvar-may ayları ərzində 811 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 97,9 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 31 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

O cümlədən, “Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. Cari ilin beş ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 93 227 müraciət daxil olubbu müraciətlərin icrası tam təmin olunub.

Bir sözlə, yuxarıda sadalananlar, həmçinin bu ilin iyun ayı ərzində görülən işlər də deməyə əsas verir ki, ölkəmizdə bölgələrin qazlaşdırılması istiqamətində aparılan uğurlu fəaliyyət davam etməkdədir. Bu barədə faktlara keçməzdən öncə bildirək ki, bu gün Azərbaycan regionda ən çox qazlaşdırma aparan dövlətlərdən sayılır. Belə ki, hətta ucqar kəndlərdə, qəsəbələrdə belə vətəndaşlarımızın mavi yanacaqla təmin edilməsi prioritetə çevrilib. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları daha bir qəsəbənin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Qəsəbədə qaz xətlərinin çəkilişinə may ayında start verilib. Qəsəbənin qazla təmin olunması üçün 2700 metr uzunluğunda daşıyıcı, 3200 metr uzunluğunda paylayıcı xətlər çəkilib. Rəngləmə və beton işləri yekunlaşıb. Sayğacların quraşdırılması işləri başa çatdıqdan sonra qəsəbə “mavi yanacaqla təmin ediləcək.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun daha iki kəndinin də ilk dəfə “mavi yanacaqla təmin olunması üçün işlərə başlanılıb. Dağlıq ərazidə yerləşən Qorğan kəndinin qazlaşdırılması işlərinə bu ilin may ayından start verilib. Kəndin qazla təmin olunması üçün 13 min 500 metrə yaxın müxtəlif diametrli poladpolietilen borulardan istifadə ediləcək. Ötən müddət ərzində işlərin mütləq hissəsi görülüb. Kənddə hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılır. İşlərin tam yekunlaşmasından sonra yaşayış məntəqəsində 118 abonentin ilk dəfə “mavi yanacaqla təmin edilməsi nəzərdə tutulub. Qeyd edək ki, rayonun Qorğan kəndində aparılan işlər yekunlaşdıqdan sonra Sumağa qazmalar kəndində qaz xəttinin çəkilişinə başlanılacaq.

Bu arada, Azərbaycan Prezidentinin “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işlərinin yekunlaşdırılması da nəzərdə tutulur. İlkin mərhələdə 10 kənddən altısında tikinti-quraşdırma prosesinə start verilib. Hazırda Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Qubanın Ərməki, Güney məhəllə, yaşayış məntəqələrində işlər davam edir. Bu kəndlərdə, ümumilikdə, 1535 abonent var ki, görülən tədbirlər nəticəsində onların mavi yanacaqla təmin edilməsi də planlaşdırılır.

Yeri gəlmişkən, yuxarıda da vurğuladığımız kimi əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı da diqqət mərkəzindədir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi kimi “Azərişıq” ASC də vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi alması üçün bütün gücünü səfərbər edir. Vətəndaşlara keyfiyyətli xidmət etmək bu qurumda da əsas prioritetlərdən sayılır. Vurğulayaq ki, “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında da artıma səbəb olub. Hansı ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlaryük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir. Ümumilikdə isə may ayı ərzində “AzərişıqASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb müvafiq sənədin verilməsi, əhali istehlakçısının adının dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının adının dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) 13 minə yaxın müraciət olunub. “Azərişıq” ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.

Beləliklə, regionlarda da vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılır. Vurğuladığımız kimi, dinamik inkişafa malik Azərbaycan dövlətində aparılan düşünülmüş siyasət bütün sahələrin paralel inkişafını təmin edib. 2004-cü ildən həyata keçirilən və hazırda üçüncü mərhələsi icra olunan Dövlət proqramları sayəsində regionların inkişaf dinamikası əldə etməsi, yüksək abadlıq-quruculuq işlərinin görülməsi, yeni infrastrukturun qurulması bölgələrin simasını da dəyişməkdədir. Bu gün regionlarımızda elektrik enerjisi ilə təminat yüksək səviyyədədir. Hətta ucqar kəndlərdə belə fasiləsiz elektrik təminatı həyata keçirilir.

Son 15 ildə regionlarda çoxlu sayda yeni generasiya obyektlərinin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Bəhs olunan dövrdə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində 30 elektrik stansiyası tikməyə nail olub.

Prezident İlham Əliyevin iyun ayında Goranboy rayonuna səfəri zamanı “Dəliməmmədli” yarımstansiyasının da açılışı olub. Ölkə Prezidenti yarımstansiyanın açılışında iştirak edib. Qeyd edilməlidir ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluqAzadhava xətti üzərində olan 35/10 kilovoltluqAzad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub. “Dəliməmmədli” yarımstansiyasında qısaqapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlarhava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.

Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Kürəkçay” yarımstansiyası barədə də məlumat verilib. Bildirilməlidir ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosialistehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən “Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli İdarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə “Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir.

Göründüyü kimi, ölkəmizin regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirlərinin ardıcıl icrası sakinlərin sosial məsələlərinin həlli istiqamətində görülən tədbirlərdən biridir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradır. Hazırda bölgələrdəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən fərqlənir. Bu sahədə tətbiq olunan yeniliklər və energetika sahəsində həyata keçirilən layihələr bütövlükdə regionların sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın qarşılanmasında da mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün əsl mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. “Azərişıq” regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin köklü şəkildə inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür.

Bundan başqa, Mərkəzi Aran rayonlarında elektrik xətlərində yenidənqurma işləri davam etdirilir. Rayonlarda yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir, transformatorlarsayğaclar dəyişdirilir. Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ciddi işlər görülüb və hazırda da görülməkdədir.

Belə ki, hazırda Tərtər rayonunda 110/35/6 kv-luq “Tərtər”, Ağdaş rayonunda isə 110/35/10 kv-luqAğdaş” yarımstansiyası tikilərək tam yenidən qurulur və hazırda sözügedən ərazilərdə ciddi aparılır.

Mingəçevir Elektrik Şəbəkəsinin xidməti ərazisində isə 35/6 kV-luqYeni Mingəçevir” yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamandaYeni Mingəçevir” yarımstansiyasını qidalandırmaq üçün yüksək gərginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa, şəhər istiqamətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri başa çatmaq üzrədir.

Yevlax rayonunda daYeni Mingəçevir” yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq, Yenicə, Aşağı Salambad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabellərlə əvəz olunubbu ərazilərdə 43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi) quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə yenidən qurulub və hal-hazırda bu işlər Kövər kəndində davam etdirilir.

Bərdə rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsi 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş köhnə sayğaclar yenisi ilə dəyişdirilib. Hal-hazırda Xanərəb kəndinin 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılır.

Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilib. Hazırda Qarayazı kəndində 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılır.

Goranboy rayonunun Abbasqulular kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri hazırda davam edir.

Ucar Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində 0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilib. Türkəçi kəndində isə hava xətləri tamamilə ÖİN kabellərlə əvəzlənib. Hazırda Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar küçəsində 0.4 kv-luq hava xətlərinin ÖİN kabellərlə əvəz olunması işləri aparılır.

Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin bir hissəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində də aparılıb və yeni KTM-lər quraşdırılıb.

Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq, Yeni Şıxımlı, Çərtəyəz kəndlərində və şəhərətrafı ərazilərdə hava xətləri də yenidən qurulub və hazırda Sor-Sor kəndində 10 və 0.4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılır.

Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 0.4 kv-luq hava xətləri yenidən qurulur. Ötən aylar ərzində isə Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğclarla əvəzlənib.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2018.- 28 iyun.- S.7